Sevgi Naminə
***
-Mən özümü çox pis hiss edirəm- qadın titrəyən əlləri ilə qarşısına qoyulmuş stəkanı götürüb, 1-2 qurtum su içdi. Stəkanı yerinə qoyub, həyəcanlı eyni zamanda əsəbi halda davam etdi:
-Qonşular deyir ki, bir –iki dəfə səni çağırmışıq, ama eşitməmisən. Deyirlər, yolda gedəndə guya öz-özümə danışırmışam.
Çinarə diqqətlə pasiyentinə baxır və əlindəki qələmlə kağıza nəsə cızma-qara edirdi.
-Üstəlik bu qarabasmalar...Ən çox gecələr sıxıntılı oluram. Ürəyim ən çox gecələr sıxılır. Yuxular görürəm. qarmaqarışıq yuxular...
Çinarə diqqətlə qadının hərəkətlərini və üzündəki mimikanı izləyir, cızma-qarasına davam edirdi.
-Yuxulardan yorğun oyanıram. Elə bil ağır yük daşımışam. Beynim çox yorulur. Artıq tab gətirə bilmirəm həyata...-qadın ağlamağa başladı.
Çinarə bir anlıq gözlərini qadından çəkib, bayaqdandır cızma-qara etdiyi kağıza baxdı. Gördükləri qarşısında ani şok keçirdi. Üzünü qadına tutub dedi:
-Olar sabah gələsiniz? Bu gün özümü elə də yaxşı hiss etmirəm...
-Olar. –qadın narazı baxışlarla ayağa qalxdı.
-Sizə vaxtı qəbul otağında deyəcəklər.
-Yaxşı, sağ olun- deyib, qadın birdən nə baş verdiyini anlamadan təəccüblü baxışlarla otağı tərk etdi.
Çinarə telefonun dəstəyini götürərək, düyməyə basdı.
-Mehri, bu gün heç kimi qəbul etmə.
-Yaxşı, Çinarə xanım.- dəstəyin o başından nazik qız səsi eşidildi.
Çinarə əlləri ilə üzünü tutdu. Bayaq cızma-qara etdiyi kağıza baxdı və ağlamağa başladı. Kağızada qırıq-qırıq cümlələr və çarpaz xəttlər çəkilmişdi:
“ Hər şey bitdi....Biz ayrılırıq...Mən və O....Əbədi sevgi yox imiş...Yox bundan sonrası...”
***
Çinarə özəl klinikaların birində ailə münasibətləri və problemləri üzrə məsləhətçi-psixoloq kimi işləyirdi. Çinarə neçə-neçə ailələr tanımış, neçə ailələri dağılmaqdan xilas etmişdi. O, insanları dinləyir, həftə ərzində keçirdiyi seanslarda ailə münasibətləri haqqında danışırdı. Hər kəsin bir vəzifəsi var bu həyatda. Və onun da vəzifəsi ailələri xilas etmək idi.
Çinarə indiyə qədər çox ailələri dağılmaqdan xilas edə bilsə də, öz ailəsi bu təhlükə ilə üzləşəndə , onu xilas etməkdə çətinlik çəkirdi. Necə də asan imiş məsləhət vermək.
Necə də asan görünürmüş münasibətlər sözlərdə. Nəzəriyyəyə görə hər şey superdir. Ailənin dağılmağı üçün heç bir tutarlı əsas yoxdur. Ama təcrübəyə gələndə hər şey sıfırdır. Indi onun ailəsi dağılır, həyat yoldaşını itirmək təhlükəsi ilə üz-üzədir. Ancaq heç nə edə bilmir. Indiyə qədər dediyi mühazirələr, keçirdiyi seanslar, oxuduğu kitablar –heç biri onun köməyinə çata bilmir.
Çinarə dərin sükut çökən otağında ətrafına baxdı. Otaqda hər şey sakitləşdirici tərzdə dizayn edilmişdi. Ağ rəngli divarlar, ağ və mavi tüldən pərdələr, bəyaz mebel, mavi aksesuarlar, bənövşəyi və çəhrayı rəngli çiçəklərdən ibarət otaq dibçəkləri, otağın sağ küncündəki iri güzgü, sol küncündəki “Heç nə mümkünsüz deyil!” , “Həmişə həyata yeni səhifədən başlamaq olar!” , “Heç vaxt gec deyil!” sözləri yazılmış plakatlar...
Çinarə indi anladı ki, əgər insanın qəlbində sıxıntı varsa, nə interyer, nə dizayn, nə rənglər, nə gözəlliklər –heç biri insanın gözünə görünmür! Dünyanın ən gözəl varlığı ilə ən çirkin varlığı arasında heç bir fərq olmur!
-Səfeh psixoloqlar!
Çinarə qəzəblə güzgüdəki əksinə baxdı. Güzgüdəki qadın da ona qəzəblə baxırdı.
-Biz ayrılırıq! –Çinarə dedi.
-Səbəb? –güzgüdəki qadın soruşdu.
Çinarə bir anlıq susdu.
-Səbəb yoxdur. O, sadəcə artıq mənlə bir yerdə yaşamaq istəmir.
-Bəs sən?
-Hisslərimə əmin deyiləm. bilirəm ki, əgər insan getmək istəyirsə, onu saxlamaq olmaz. və o, getmək istəyir...
-Niyə? həyatında başqa birisi var?
-Bilmirəm...Yəqin ki yox. Mən onu yaxşı tanıyıram. O, sadəcə özü ilə tək qalmaq istəyir. Əvvələr də belə hallar olurdu. O, özünə qapanırdı, saatlarla otağından çıxmırdı, mənimlə danışmırdı. Ama bu tez də keçib gedirdi. Ama bu dəfə...
Çinarə bir anlıq susdu. 3 gün bundan əvvəl onunla etdiyi söhbəti xatırladı:
-Bir müddət ayrı qalsaq yaxşıdır...
Çinarə “ Nə qədər müddət?” deyə soruşmadı. Bilirdi ki, bu sual onu əsəbləşdirəcək.
-Yaxşı.- cavabı bu oldu.
-Ev axtarıram. Tapandan sonra əşyalarımı götürəcəm.
-Mən də bu evdə qalmaq istəmirəm.-Çinarə asta səslə dedi.-Mən də ayrı evə çıxacam.
-Özün bilərsən. ama mən burada olmayacam.
-Hara gedirsən ki? –Çinarə bu sualın cavabına hazır olmadığını anladı.
-Sinqapura...
-Ora niyə?
-İşlə bağlı...Daha doğrusu, mən bu təklifi seçdim. Bir az buralardan uzaqlaşmağa ehtiyacım var...
-Başa düşürəm- sanki quyunun dibindən səs gəldi.
O, gözlərini qaldırıb, Çinarəyə baxdı. Çinarə baxışlarını başqa səmtə istiqamətləndirdi. Bilirdi ki, ona baxsa ürəyi bütün gün əzab verəcək. O, isə yeniyetmə emosiyanal qız
kimi deyil, yetkin, ağıllı qadın kimi davranmalı idi. Əri ayrılmaq istədiyini deyir. Və Çinarə bunu normal qarşılamalıdır. Axı Çinarə bu ifadəni çox işlətmişdi:
“-İnsanları sərbəst buraxmaq lazımdır. Insan azaddır!”
Indi neyləsin? Qarşısında dayanan insanın boynuna sarılsın və ağlasın? Aciz görünməzmi? Bəs bu nəyi dəyişəcək? Onsuz da o, qərarını verib. Çinarəyə sadəcə bunu dəstəkləmək qalır. Axı o, ona söz vermişdi ki, hər nə olursa olsun, onun qərarlarına həmişə hörmət edəcək və dəstəkləyəcək. Budur! Verilən vədləri sübut etməyin əsl məqamıdır. Soyuqqanlı olmaq, emosiyanal davranmamaq. Insanların azad qərarına müdaxilə etməmək...”
Çinarə bir anlıq gözlərini açdı. Qarşısındakı qadın yenidən peyda oldu.
-Ama bu dəfə o, gedəcəyini dedi. Axı mən neyləyə bilərdim?
-Məgər psixoloq deyilsən?-güzgüdəki qadın ona hirslə sual verdi: -Neçə-neçə ailələri dağılmaqdan xilas etmisən. bəs niyə özünün ailəsini qurtara bilmirsən? işəyaramazsan sən! Zibilsən! zibil! Zibil! Zibil!
Çinarə ağlamağa başladı. Güzgüdəki də ağlamağa başladı. Iki qadın dayanmış ağlayırdı. Biri ailələri xilas edən psixoloq, digəri isə ailəsi dağılmaq üzrə olan çarəsiz qadın..
***
Çinarə qapını açanda dəhlizdə əşya çantasını gördü.
-Nurlan?-ətrafa boylandı.
Nurlan otaqdan çıxdı. dəhlizdə qarşı-qarşıya dayandılar.
-Bunlar nədir?-Çinarə çantaları göstərdi.
-Gedirəm- Nurlan Çinarəyə baxdı.
-Elə bu gün?
-Hə. Elə indi...
Dəhlizə sükut çökdü.
-Yaxşı. Di onda sağ ol –Nurlan Çinarəni qucaqladı. Qapını açıb, əşya çantalarını götürüb çıxdı. Çinarə yerində donub qalmışdı. Bir anlıq zənn etdi ki, zaman dayanıb, damarlarında axan qan dayanıb, ağciyərlər fəaliyyətini dayandırıb. Beyin bütün sistemi ilə birdəfəlik çökdü. Ama bir şey bərk-bərk vurur, özünü ora-bura vurur.
-Açın qapıları! Mən buradan çıxmaq istəyirəm. Açın qapıları! Xilas edin məni!!!
Qəlb...Qəlb nədir? Qəlb çirkli qanı venadan alır, aortaya ötürür, qanı təmizləyərək arteriyalara ötürür. Vəssalam! Axı kim deyir ki, insan qəlbi ilə sevir? Axı qəlb niyə bütün bu işlərə vasitəçi hesab olunur? Kim çıxardıb bu şayiəni? Axı niyə hər şeyi, bütün günahları qəlbin üstünə atırlar? Kim deyir ki, qəlb günahkardır? Hər şey beyində başlayır və beyində bitir. Əbəs yerə qəlbi ittiham etmək lazım deyil!
***
1-ci gün.
-
O getdi. O, getmək istəyirdi və getdi. Ağlamaq ya da xatirələrlə yaşamaq lazım
deyil!
-Əminsən? –Çinarənin yaxın rəfiqəsi Aytəkin şübhəli baxışlarla rəfiqəsinə baxdı.
-Əlbəttə -Çinarə gülümsədi. –Həyat davam edir. Bir bax ətrafımıza, səncə bu qədər gözəlliklər varkən mən depresiyaya düşəcəm? axı mən psixoloqam. –Çinarə gülümsədi. və acgözlüklə havanı ciyərlərinə çəkdi. –İnsanlar azaddır. Əgər münasibətlər dəyərini itiribsə, onu zorla davam etdirməyin mənası yoxdur!
-Bəs boşanma məsələsi?
-O barədə heç nə demədi. mən də soruşmadım. Yəqin ki, istəsəydi deyərdi. Qarson hesabı gətirin.-Çinarə durmadan ətrafına təbəssüm paylayırdı. Və rəfiqəsi əmin idi ki, bu təbəssüm heç də yaxşı əlamət deyil. Bu, sadəcə özünüaldatmadır. Bu, sadəcə ətrafı aldatmaq üçün sifətə taxılan maskadır. Bu, sadəcə tufandan əvvəlki sakitlikdir.
-Gəl şəhəri gəzək. Təzə “şopinq sentr” açılıb. Şopinq –qadınların ən böyük dərmanıdır.-deyib, Çinarə hesabı ödəyib, ayağa qalxdı. Aytəkin də qətiyyətsiz addımlarla onu izlədi...
2-ci gün.
Çinarə yeni mənzilinə köçmüşdü artıq. Əşyalarını yerbəyer etmiş, elə 2-ci gündən təzə evinə öyrəşmişdi. Səhər idi. Çinarə yuxudan durar-durmaz radionu yandırdı və DJ qızın enerjili səsi bütün evə yayıldı:
-Sabahınız xeyir, İnsanlar! Sabahın xeyir, Bakı! Gününüz xoş və uğurlarla bol olsun. Həyatı sevin. Açılan hər səhəri sevin! Necə ki mən sizi sevirəm. sizi gözəl və dinamik bir mahnı ilə baş-başa buraxıram.
Mahnı səslənməyə başladı. Ifaçı ilə bərabər, Çinarə də musiqini dodağının altında mızıldanmağa başladı. Dəhlizdəki güzgüyə yaxınlaşdı və təbəssümlə özünə baxdı:
-Yeni səhifə! Həmişə yeni səhifəyə başlamaq olar. Əgər həyatında nələrsə yolunda getmirsə, nələrsə sənə acı verirsə, sadəcə yeni səhifəyə başlamaq lazımdır. Kimisə atmaq, kiməsə nifrət etmək lazım deyil. Sadəcə yeni səhifəyə başlamaq lazımdır. Onsuz da yeni səhifə ağappaqdır. Orada heç kim və heç nə olmayacaq. Deməli, Salam, yeni həyat!
Çinarə gülümsədi. o, bu sözləri hər gün özünə təlqin etməyi psixoterapiyadan öyrənmişdi: Əgər pis düşünərsənsə, onda bu sənin həyatını pis yöndə istiqamətləndirəcək. Ona görə də həmişə müsbət düşünmək lazımdır. Çünki müsbət düşüncələr səni müsbət istiqamətə aparır. Çinarə bütün bunları yaxşı bilirdi. Axı o, bütün bunların içində idi. Onun işi bu idi: Ümidsizlərə ümid vermək...
-Sabahınız xeyir, Çinarə xanım- onu işdə ilk Mehri qarşıladı.
-Sabahınız xeyir –Çinarə gülümsədi: -Pasiyentlərimi yanıma göndərin.
-Yaxşı, Çinarə xanım.
“Həyat davam edir. Mən də davam etməliyəm. insanların mənim köməyimə ehtiyacı var. Və mən kömək etməliyəm”-Çinarə durmadan eyni sözləri təkrar edirdi...
3-cü gün.
-Hhhhaaaaaahhaaahaaa....Haaahhhaaahhhaaa..-Çinarə bərkdən gülürdü.
Psixoterapiyada xöşbəxt hiss etmək üçün atılan addımlardan biri: komedik şeylərə baxmaq!
Bu gün işdən çıxarkən Çinarə “komedik stand up show” dvd-si almışdı. Indi durmadan gülür, aldığı cipsi və meyvə şirəsindən içir, yeyir, və gülürdü...
Birdən telefon zəng çaldı. Zəng vuran anası idi. Çinarə telefonun ekranında anasının adını görüncə gözlərindən təbəssüm qaçdı.
-Alo?
-Çinarə? Haradasan sən?
-Şeyyy...Nə olub ki?
-Sizə gəlmişik. Nə qədər qapını döyürəm, açan yoxdur. Sən hardasan?
-Mən? mən evdə deyiləm?
-Bəs hardasan? Nurlan haradadır?
-Nurlan????
Qəlb. Yenə bu qəlb. Yenə bərk döyüntülər. NURLAN. 6 hərf. 2 sait və 4 samitdən ibarət 6 hərfli söz. NURLAN. Görəsən, kimdir bu Nurlan? Niyə qəlb bu sözə bu qədər kəskin reaksiya verdi? Niyə bu zibilə qalmış qəlb belə bərk döyünür? Niyə? mən yeni səhifəyə başlamışam. Həyat çox gözəldir və mən xöşbəxtəm! NURLAN! Qəlb! NURLAN! NURLAN! Qəlb! Zibil Qəlb! Yox, hər şey yaxşıdır. Mən superəm. hər şey superdir. Nurlan getdi. Bu həyatın sonu deyil. Yeni həyat başlayır. Həyat davam edir. Zibilə qalsın! Axı bu qəlb niyə belə bərk döyünür? Zibilə qalsın! Niyə bu qədər söz, bu qədər təlqin, bu qədər terapiya təsir etmir bu qəlbə? Axı bu psixoterapiyada vacibdir və işə yarayır. Zibilə qalsın! Heç bir işə yaramır. Qəlb! Bu zibil qəlb!
-Alo, Çinarə? Yaxşısan? Çinarə, haradasan sən?
-Ana...Biz ayrılmışıq...
***
Cəmi 3 gün...Anesteziyanın təsiri cəmi 3 gün çəkdi. 3-cü gündən sonra Çinarənin keyimiş ruhunun yaraları ağrımağa başladı. O, öz iradəsinin gücünə çox əmin idi və sevinirdi ki, Nurlandan ayrılmağını güclü iradəsi ilə, elə də çox zərər –ziyan olmadan , üstündən ötüb keçə bilib. Ama sən demə, bütün bunlar sadəcə anesteziyanın təsirindən baş verən hissiyyatsızlıq imiş. Yaraların keyiməsi azaldıqca, hisslər bir –bir üzə çıxırdı və bu acı ən çox da qəlbdə hiss olunurdu. Çinarə hələ indi anlayırdı ki, bu keyiləşmə -gələcəkdəki dəhşətli acının aldadıcı vasitəsidir. Çinarə hələ indi hiss edirdi ki, o, həyatında nəyisə -çox vacib bir şeyi itirib. O, hisslərindən birini itirib. O, orqanlarından birini itirib. O, damarlarından birini itirib- ürəyə qan daşıyan damarlarından, kapilyarlarından birini...Və indi bu kapilyara görə, ürək çox əzab çəkir. Ona hava çatmır. Hava çatır ama oksigen çatmır. Oksigen çatır ama o, içəridə qalır,
oradan çıxmır. Və ürək nə dayana bilir, nə də normal fəaliyyətini bərpa edə bilir. Ona görə də dayanmadan sıxılır, ama açılmır, ama sıxılır və heç cür rahatlıq tapa bilmir. Bu astma xəstəsinin boğulması kimidir. Bu şəkər xəstəliyində insulinin çatışmaması kimidir. Yaşayırsan ama bu yaşamamağa bərabərdir. Ölmürsən, ama bu ölümdən bətərdir. Daim narkoz altındasan...
-Bir düz əməlli danış görək, nə olub? –Çinarənin anası Zümrüd əsəbi halda, qızının sakit halda çay hazırlamasına baxırdı. Çinarənin böyük bacısı Kəmalə də burada idi. Onlar Çinarənin yeni kiralədiyi mənzildə idilər və indi Çinarədən bütün bu baş verənlərlə bağlı bir izahat gözləyirdilər. Çinarə isə bütün bu olanların əksinə olaraq, çox sakit və təmkinli görünürdü. axı o, psixoloq idi və belə məqamlarda özünü necə aparmaq, daxili sakitliyi necə tənzimləmək lzamdır –bunları yaxşı bilirdi.
-Ay Çinarə, bacı qurban, axı bu necə oldu? –Kəmalə qayğı göstərərcəsinə Çinarənin çiyninə toxundu.
-Heç...O, sadəcə bir müddət ayrı qalmaq istədiyini dedi. –Çinarə yuxusuz idi. Ona görə də səsi boğuq və yorğun çıxırdı.
-Axı hara getdi? –Zümrüd Çinarənin bu sakit halından artıq qıcıqlanmağa başladı.
-Sinqapura.
-Niyə ki?
-İşlə bağlı...
-Bəlkə işlə bağlı deyil? Bəlkə o, sənə yalan danışır. Bəlkə həyatında başqa bir qadın var.
-Ana, xahiş edirəm, yenə başlama.
-Nə başlama? Nurlan səni heç nə demədən atıb gedib. Sən də deyirsən ki, başlama.
-Ana, xahiş edirəm, bütün gecəni yatmamışam. Əsəblərim çox gərgindir.
-Bacı qurban, de görüm, axır vaxtlar aranızda nəsə pis bir şey olub?
-Bilmirəm.-Çinarə çayı stəkanlara süzüb, anasının və bacısının qarşısına qoydu. Özü də rəngli multikli fincanını götürüb, iki əli ilə fincanı qucaqladı: -Son zamanlar hiss edirdim ki, nəsə soyuqluq var onda. “Yəqin işdən yorğun gəlir” deyə düşünürdüm. Yenə özünə qapanmışdı. Otağına girəndə əsəbiləşirdi. Hiss edirdim ki, nəsə olacaq. Ama qorxurdum...Qorxurdum ki...
Çinarə cümləni tamamlaya bilmədi. evi bir anlıq dərin sükut bürüdü.
-Boşanacaqsınız?-Kəmalə sükutu pozdu.
-Bilmirəm. bu haqda heç nə demədi. sadəcə “Ayrılaq” dedi. “Mən Sinqapura gedəcəm” dedi. Mən də o evdən çıxdım. Onun xatirələri ilə dolu olan bir evdə onsuz yaşamaq çox çətin olardı. Yəqin ki...
-Bu necə məsulliyyətsiz adamdır! –Zümrüd yenidən coşdu. –Məs sənə əvvəldən demişdim ki, o adamdan ailə adamı çıxmaz. O, məsulliyyətsizin biridir. Ağlına nə əsdisə, onu edir. O, heç kimi vecinə almayan, özünəvurğunun biridir. Mən demişdim ki, evlənmə onunla. Axı mən demişdim ki...
-Ana! –Kəmalə anasına göz ağartdı. –İndi bunların yeri deyil. Olan olub.
-Bəs nəyin yeridir? Düz deyirəm də. Mən vaxtilə demişdim ki, o oğlanla evlənməsin.
Ama Çinarənin harada psix var, o xoşuna gəlir. Harada özünəqapalı adam var, ona vurulur.
-Ana, sənə icazə vermirəm ki, Nurlan haqqında belə danışasan! –Çinarə sanki qəfil yuxudan ayıldı. –Mən tək onu sevmişəm, sevirəm və sevəcəm də. Bu, sadəcə ailə həyatımızda yaranan müvəqqəti sıxıntıdır. Və mən əminəm ki, sonda sevgi qalib gələcək. Ona sadəcə vaxt lazımdır.
-Bəsdir, sən allah. Özünü bu nağıllarla aldatma. Özün də yaxşı bilirsən ki, sən özünü aldadırsan. Nə sevgi? Hansı sevgi? Gördük də sənin sevgini. Haradadır bəs indi?
Insanlar necə də qəddardırlar. Onlar sənin ən çətin anında ən zəif yerindən vururlar. Onlar qalibiyyətlərindən, haqlı çıxdıqlarını bilməyin sevincindən həzz alır. Fərqi yoxdur bu qalibiyyət onun ən yaxın məğlubiyyətidir ya da tənəzzülü. Təki onlar haqlı olduqlarını sübuta yetirsinlər. “Mən sənə demişdim” deməkdən xüsusi zövq alırlar. Öz qurbanının qanını içməkdən zövq alan manyak qatil kimi...
-Sevgi? –Çinarə sərt baxışlarla anasına baxdı. –Sən bilirsən nə olna şeydir Sevgi? Məgər sən onu görmüsən? atamla o vaxt evləndin, ona görə ki, bilirdin ki, atam Bakıda işləyir və siz evlənəndən sonra Bakıya köçəcəksiniz. Sənsə rayonda qalmaq istəmirdin, ona görə də atamı seçdin. Yəni məntiqlə evləndir. Və onu heç vaxt sevmədin. Sevgi nədir? Qadınlarla bir yerə toplaşanda ərlərindən qeybət etmək? Bumudur Sevgi? Illərlə bir dam altında bir-birinə nifrət edərək, fürsət düşən kimi nifrətini büruzə vermək. Bumudur ailə? Bir-birinə olmazın sözlər demək, qəlb qırmaq, nifrəti qusmaq, dalaşmaq... Bumudur Sevgi? Sonra da heç nə olmamış kimi bir yerdə yaşamağa davam etmək, qırıq qəlblərdə daxili nifrəti böyüdərək bir yerdə yaşamaq. Bu artistlikdir! Sevgi deyil. Və sən heç vaxt mənə deyə bilməzsən nə olna şeydir Sevgi. Çünki sən heç vaxt bilmədin nə olna şeydir Sevgi. Sən bu 30 ildə sevgini görmədin. Mənsə qısa da olsa, onu gördüm, onu hiss etdim, onu yaşadım. Ona görə də siz məni heç vaxt başa düşməyəcəksiniz. Siz – Sevgini görməyən, onun varlığından bixəbər insanlarsınız!
-Tərbiyəsizləşmə,Çinarə.-Zümrüd hiddətləndi.
-Bacım da heç vaxt ərini sevmədi, ana. Onu sevmədiyi insana ərə verdiniz. Niyə? çünki maşını, ayrıca evi var idi. Bax, sizin üçün sevgi budur: Əgər maşının və evi varsa sevmək olar. Ama özün gördün ki, heç də maşın və ev hər şey demək deyilmiş. Çox təəssüf ki, bacım da heç vaxt bilməyəcək nədir Sevgi. Nə demək olan şeydir sevdiyin insanı qucaqlamaq...
Kəmalə ağlamağa başladı.
Bəzi insanlar həqiqət qarşısında acizdirlər. Və onlar göz yaşı tökməklə kifayətlənirlər...
-Mənsə öz sevgimlə evləndim. Mənim 2-ci ruhumla. Sən heç bilirsən ruhun tamamlanmağı nə deməkdir? Sən heç bilirsən sevdiyin insanı qucaqlamaq nə deməkdir? Mən bunu yaşadım...
-Bəs hanı o?-Zümrüd əsəbində fısıldadı. –Bayaqdandır kimi müdafiə edirsən? hanı? Mən sənini yanında heç kimi görmürəm. hansı Sevgidən danışırsan, əgər o, səni səbəbsiz atıb gedibsə.
Sanki Çinarənin qəlbinə xəncər batırdılar. Onsuz da Çinarə indi elə bir vəziyyətdə idi ki, əl vursan çilik –çilik olub, ətrafa səpələnərdi. Bu sual onu mənən yüz yerə parçalayıb,
ətrafa səpələdi. və Çinarəyə uzun müddət lazım olacaqdı ki, ətrafdan hissələrini toplayıb, yenidən təzə bir Çinarə yaratsın.
-O gələcək. –inamsızlıqla dedi. –O, dəqiq “ boşanaq” demədi. Sadəcə...
-Çətin! –Zümrüd sanki intiqam alırdı. Sözlərinin qızını necə yaralayacağını bilsə də,içindəki qəzəbinin ölümcül zəhərindən bacardıqca istifadə edirdi: -O, getdi. Çətin ki bir də gəlsin! Çətin! Bu da sənin əbədi Sevgin!
Çinarə get-gedə yerə çökürdü. Zahirən ayaq üstə dimdik dayansa da, daxilən yerə çökmüşdü. Bir anlıq Nurlanın gülən gözləri gözlərinin önünə gəldi. Qəlbində zərrə qədər nifrət daşımayan ilahi məsumluğa malik gözləri...Çinarə də qeyri-ixtiyari gülümsədi...
Yazıq insanlar! Kaş həyatlarında bircə dəfə də olsa biləydilər ki nə olan şeydir Sevgi!
-Bilirsən Sevgi nədir?-Çinarə sakit səslə dedi. –Sevgi o, yanında olmasa da, onu yanında hiss etməyindir. Mən indi yanımda olmayan adamı müdafiə etmirəm. mən ürəyimdəki insanı müdafiə edirəm. mənim ürəyimi Sevgi ilə dolduran və orada zərrə qədər də olsa, nifrətə yer buraxmayan insanın...Siz heç vaxt bilməyəcəksiniz bu nə deməkdir!
***
“ Sən gələcəksən, elə deyilmi? Sən gələcəksən və biz bizə və Sevgiyə inanmayan hər kəsə sübut edəcəyik ki, Əbədi Sevgi var! Yox, inanmırlar, qoy inanmasınlar. Onlara nəyisə sübut etmək məcburiyyətində deyiləm. Sadəcə gəl. Mənə görə. Axı mən yaşamalıyam. Mən yaşamaq üçün nəfəs almalıyam. Nəfəs almaq üçün mənə oksigen lazımdır. Və burada –sənsiz, oksigensiz yaşaya bilmirəm. boğuluram. Sevgiyə inamını itirmiş insanların qəlbləri ancaq karbon buraxır havaya. Burada oksigen çatışmır. Burada sən çatışmırsan. Sən gələcəksən, elə deyilmi?”
Saat 06: 45. hava hələ açılmayıb. Çinarə pəncərənin önündə, ona pay düşən şəhərin bir hissəsinə baxır. Tək-tük maşınlar keçib gedir. Kimsə yeyin addımlarla harasa tələsir. Meyvə -tərəvəz satılan mağazanın önündə süd məhsulları gətirən maşın dayanıb. Maşından orta yaşlı bir kişi düşdü və maşındakı məhsulları mağazaya daşımağa başladı.
Saat: 7:00. bu artıq neçənci gündür ki, Çinarə səhəri diri gözlərlə açır. O, artıq normal yuxu yatmır. Yuxusuzluqdan ən çox əziyyət çəkən gözləridir. Onlar şişib və qıpıqırmızıdır.
Saat 8:00. Çinarə işə getməlidir.
Saat: 8:05. O, artıq dayanacaqda avtobus gözləyir...
Işə gələrkən hər kəs onun bu halını təəccüblə qarşılayır. O, makyaj etməyib. Saçını səliqə ilə yığmayıb. Və kostyum geyinmək əvəzinə ( psixoloqlar adətən ağ köynək və boz və ya açıq qəhvəyi ətək geyinirlər) adi , idman üslubunda şalvar və üzərində qəribə şəkillər olan köynək geyinib. Ətrafındakı heç nəyə fikir vermir. “Salam” ların çoxuna cavab vermir, sualların çoxunu cavabsız qoyur. Və ən əsası da üzündəki təbəssüm
qeybə çəkilib. Həmişə parlaq, şabalıdı gözləriylə gülən qızın yerinə, yorğun həyatdan bezmiş qoca qadın gəlmişdi.
-Ay qız, bu nə geyimdir? –iş yoldaşı Könül otağa daxil olar-olmaz dedi: -Baş həkim görsə hirslənəcək.
Çinarə bir anlıq Könülə baxdı. Indi ona hər şey və hər kəs qıcıqlandırıcı gəlirdi. Hətta qarşısında dayanmış iş yoldaşı belə. Könül: daim hər kəsdə nöqsan axtaran, ancaq pisi görən, şübhələnməyə meylli və insanın zəhləsini tökən biri.
-Nə olub ki? –Çinarə geyindiyi paltara baxdı. –Məgər lüt gəlmişəm? onsuz da üstdən ağ xalat geyinirik. Altdan nə geyindiyimizin nə fərqi?
-Ay qız, yox e, elə demək istəmədim. Sənə nə olub e? Bu aralar nə deyirəm acığın tutur. Sadəcə dedim ki, baş həkimin acığı tutacaq.
-Baş həkim hirslənsə, mənə hirslənəcək. Sən narahat olma!
-Yaxşı, özün bilərsən. –Könül narazı baxışlarla otaqdan çıxdı. çinarə anladı ki, o, yuxusuzdur və bu səbəbdən əsəbidir və istəməyərək iş yoldaşına qarşı kobudluq etdi. Ancaq o, iş yoldaşınını arxasınca qaçaraq üzr istəmədi. buna onun gücü qalmamışdı.
“ Başqa vaxt səhvimi düzəldərəm” düşüncəsiylə otağının qapısını bağlayıb, güzgünün qarşısına keçdi. Və səhərki meditasiyaya başladı:
-Sən güclü olmalısan, Çinarə. Bu , sadəcə həyatın sınağıdır –güzgüdəki əksinə baxaraq sakit ama qəti səslə dedi: -O, əbədi olaraq getməyib. O, qayıdacaq. O, “boşanaq” demədi. o, sadəcə “ayrılaq” dedi. Onun vaxta ehtiyacı var. Onu tək özü ilə buraxmalıyam. Ona təzyiq göstərə bilmərəm. çox güman ki, onun həyatında heç bir qadın yoxdur. Əgər olsaydı, o, mənə bu haqda deyərdi. Axı biz bir-birimizə qarşı həmişə dürüst olmağı söz vermişik...
Çinarə gözlərini qapadı vı Nurlanla etdiyi söhbəti xatırladı...
-Nurlan.
-Bəli, psixoloq xanım.-Nurlan gülümsədi. onun necə də mehriban təbəssümü vardı. Gözləri, baxışları elə məsum, elə sevgi dolu idi ki, həmin baxışlar saf və sevgi dolu qəlbin göstəriciləri idi.
-Nurlan, əgər bir gün...
-Yenə başladıq şərt budaq cümlələri qurmağa..-Nurlan əli ilə Çinaərnin burnunu sıxdı.
-Nurlan, mən ciddiyəm.
-Hə, yaxşı. –Nurlan zarafatla guya özünə ciddi görkəm verdi.
-Nurlan, əgər bir gün nəsə baş versə...
-Məsələn nə?
-Əgər bir gün məndən bezsən....İndi işdir də...Bəlkə bir gün məndən bezdin, ya da artıq mənlə bir yerdə yaşamaq istəmədiyini hiss etdin, ya da həyatında başqa birisi...
Çinarə cümləsini tamamlaya bilmədi. dili gəlmədi ya da cəsarəti çatmadı ki, cümləsini tamamlasın.
-Yəni, bir sözlə, əgər bir gün məndən ayrılmaq istəsən, bunu hərəkətlərinlə ya da soyuqluğunla hiss etdirmə. Birbaşa de. Yaxşı? De ki, filan –filan şeydir. Ona görə də mənimlə bir yerdə yaşamaq istəmirsən. xahiş edirəm, mənimlə həmişə dürüst ol. Mən bunu hiss etməmiş, sən bunu mənə de!
-Sən mənə inanırsan?
-Əlbəttə..
-Yox, əgər inansaydın bu sözləri deməzdin. Sənsə məni sevməmişdən əvvəl mənə inanmağı öyrənməlisən....Bir də ki, axı niyə belə şeylər haqda düşünürsən? bu özünəinamsızlığın büruzəsidir.-Nurlan Çinarənin dili ilə danışdı:-Məncə, siz psioxoloqa getməlisiniz...-o, güldü və Çinaərni qucaqladı.
-Heç nəyi düşünmə, Çinarə. Nə keçmişi, nə də gələcəyi. Sadəcə bu anı yaşa –indini! Səncə, insanlar niyə xöşbəxt ola bilmirlər? Çünki onlar xöşbəxt ikən belə, gələcəkdən qorxurlar ya da keçmişlə yaşayırlar. Insanlara xöşbəxt anı yaşamaqdansa, xöşbəxt anlarını qorxularına qurban verirlər.. İndi mən və sən –bir burdayıq, biryerdəyik, mən səni qucaqlayıram, sənsə məni. Sadəcə bunu düşün. Boş qorxularla beynini doldurma. Keçmişi xatırlamıram, gələcək isə məni maraqlandırmır. Mən bugün yaşayıram və bu günümə görə cavabdehəm. sabah, kim nə bilir nə olacaq? Sabahı düşünmə, Çinarə. Indi mən səninləyəm və səni dəli kimi sevirəm.
-Ama olsa, de, yaxşı? –Çinarə doluxsunmuşdu.
-Yaxşı, yaxşı, həyatıma başqa qadın girən kimi, deyəcəm- Nurlan gülümsədi...
Çinarə gözlərini açdı. Birdən güzgüdə öz baxışları ilə qarşılaşdı. Yorğun, ümidsiz, dərinliklərində əzab və qorxu daşıyan baxışlar...
Onun təbəssümü...mən onun təbəssümünüə vurulmuşdum. Onun təbəssümü...Lənətə gəlsin. Indi ona o qədər ehtiyacım var ki...Onun qayğıkeş baxışlarına o qədər ehtiyacım var ki...Onun qucağına o qədər ehtiyacım var ki...Haradasan, Nurlan? Mən daha bacarmıram...
Qapı döyüldü.
-Buyurun-Çinarə güzgüdən uzaqlaşdı.
-Olar? –içəri təxminən 40-45 yaşlarında bir qadın daxil oldu. yanında 15-16 yaşlı qız var idi.
-Buyurun- Çinarə onlara masanın önündəki kresloda yer göstərib, özü də stolun arxasına keçdi.
-Mən qızıma görə gəlmişəm. –qadın narahat halda dilləndi. Çinarə qeyri-ixtiyari qıza baxdı. Onu diqqətlə nəzərdən keçirib, qeydlər götürmək üçün əlinə qələm aldı.
-Buyurun danışın.
-Qızım abituriyentdir. Axır vaxtlar çox oxuyur deyə, yuxusuzluqdan əziyyət çəkir. Həm də çox həyəcan keçirir...
***
Telefon artıq 7-ci dəfə idi ki, xoş və sakit melodiyası ilə çalırdı. Çinarə isə telefonu açmaq istəmirdi. Donuq gözlərlə çarpayının yanındakı dolabın üstündəki titrəyən telefona baxırdı. Telefon susdu. Çinarə yatağında tərpənmirdi. Sadəcə baxırdı. Sonra telefon yenidən çalmağa başladı. Və yenə dolabın üstündə titrəyərək qəribə səs çıxarmağa başladı...
Bir azdan ev telefonunun səsi dəhlizdən gəldi. Çinarə heç bir səsə reaksiya vermirdi. Uzun çağırışlardan sonra hər iki telefon susdu. Və Çinarə gözlərini yumdu.
“Heç olmasa yuxuma gəl. Yalvarıram. Yuxuda da olsa, görüm səni...”
Ancaq qapının tıqqıltısına oyananda anladı ki, o, qarmaqarışıq yuxu görüb və bu qarmaqarışıqlıqda o yox idi. Sinif yoldaşları, uzaq qohumları, naməlum məkanlar, dağınıq sujetli hadisələr vardı, ama o, yox idi. Qapı isə hiddətlə döyülürdü. Çinarə bu səsə də reaksiya verə bilmirdi. Birdən sanki qəfildən ayıldı. “Bəlkə bu odur” ümidiylə çarpayısından sıçradı.
“ Bəlkə o, qayıdıb. Bəlkə ünvanımı anamgildən öyrənib. Bəs onda niyə mənə zəng vurmayıb? Bəlkə vurub. Səhv xatırlamıramsa, telefonum bayaq zəng çalmışdı. Əlbəttə, bu odur!”
Çinarənin beynindən yataq otağından qapıya qədər yüzlərcə fikir və ehtimal keçdi. Qapını açanda ümidləri çilik –çilik olub, ətrafa səpələndi.
-Ay qız, haradasan? –Zümrüd təlaş içində içəri daxil oldu. –Bayaqdandır neçə dəfə zəng vurmuşam, həm evə, həm mobilə. Niyə cavab vermirsən? düşünmürsən ki, mən narahat ola bilərəm?!
-Ana? –elə bil quyunun dibindən səs gəldi.
-Bu nə görkəmdir, Çinarə? Bu nə sir-sifətdir? Saçın –başın nə gündədir? Gözünün altı şişib. Niyə bu gündəsən?
Anasının sözləri Çinarəyə radio verilişi kimi gəlirdi. Sadəcə qulaq asmaq, sonra isə heç qulaq asmamaq. Çinarə yataq otağına keçib, dolabın üstündəki telefonu götürdü. Gələn zənglərə və mesajlara baxdı:
3 zəng və 3 mesaj –bacısı Kəmalədən.
2 zəng –anasından. (Zümrüd mesaj yaza bilmirdi)
1 zəng –atasından. ( atası başa düşürdü ki, birinci zəngə cavab verməyibsə, deməli, başqa zənglərə də cavab verməyəcək.)
1 zəng və 2 mesaj –rəfiqəsi Aytəkindən.
Bütün mesajların məzmunu eyni idi:
“Çinarə, telefonu aç. Narahatam səndən.”
-Başa düşmürəm, axı bu qədər zənglər , mesajlar nəyə lazımdır? Mən ölməmişəm.
-Ama ölüyə bərabərsən. –Zümrüd keçib, Çinarənin yanında oturdu.-Bu nə haldır? Səni bu qədər düşgün bilməzdim. Gedib, qoy cəhənnəmə getsin.
-Ana, xahiş edirəm, onun haqqında pis sözlər demə.
-Hələ də onu müdafiə edirsən? bu qədər olanlardan sonra?
-Heç nə olmayıb. Bu mənim şəxsi məsələmdir.
-Bəsdir, sən Allah. Artistlik eləmə. özünü güclü göstərməyə çalışırsan, ama necə zəif olduğunu və əzab çəkdiyini mən bilirəm. sən ana deyilsən. ona görə də heç vaxt məni başa düşməyəcəksən. ama mən anayam. Gözlərimin qarşısında qızımın şam kimi əriyib bitməsinə şahidlik edə bilmərəm. Dur, -Zümrüd qızının qolundan tutub, özünə tərəf çəkdi. –Dur, əl-üzünü yu! Makyaj elə. Qoca qadına oxşayırsan. Öz həyatını yaşa. Heç kimə görə depressiyaya düşmək lazım deyil. Dur, paltarını geyin, gedirik.
-Hara?
-Alış-verişə.
-İstəmirəm.
-Yaxşı, onda təzə restoran açılıb. Deyilənə görə, yeməkləri çox dadlıdır. Ora gedək.
-İstəmirəm.
-Yaxşı, onda Səmayə xalangilə gedək. Sən onu xoşlayırsan. Baməzə qadındır. Əminəm ki, sənin kefini açacaq.
-Ana, başa düşmürsən? heç nə istəmirəm. mənim üçün fərqi yoxdur. Mənim üçün heç nəyin fərqi yoxdur artıq. Bu məndə heç nəyi dəyişdirməyəcək!
-Bəsdir, Çinarə. Özünü lap uşaq kimi aparırsan. Ayıl! Özünə gəl!
-Ana, xahiş edirəm, tək qalmaq istəyirəm.
-Qoy o Nurlan əlimə keçsin...-Zümrüd fınxırdı.
Çinarə yorğun gözlərini bir nöqtəyə zilləmişdi. Sanki transda idi. Eyni sözləri təkraralayıb dururdu:
-Mən Nurlanı sevirəm. mən onu çox sevirəm. mən Nurlanı sevirəm. mən onu çox sevirəm.
-Çinarə, özünə gəl! Dəli olma! Axı sən psixoloqsan!
-Məgər psixoloqlar robotdur?-Çinarə gözünü zillədiyi nöqtədən çəkməyərək zırıldadı: -Məgər psixoloqların emosiyaları yoxdur? Məgər mən dəli ola bilmərəm?
-Sən zəifsən,Çinarə. Sən səfeh romantiksən. sən həmişə belə idi. Uşaqlıqdan belə idin. Nağıllarla yaşayırdın. Möcüzələrə inanırdın. Əbədi sevginin mövcudluğuna inanırdın. Ama gördün? Sonda mən deyən düz çıxdı. sevgi yoxdur! Üstəlik, əbədi sevgi heç yoxdur! Sadəcə ehtiras var kişilər üçün. O da sönəndən sonra atılırsan. ən yaxşısı, dünyaya uşaq gətir. Sevgini uşaqlarına ver. Mənim sevgim sizsiniz. Bu , min illərdir ki, belədir və belə də olacaq! Həyatın qanunları budur. Əbədi Sevgi deyilən bir şey yoxdur! Bəsdir, özünü aldatdın.
-Ana, indi səninlə danışmaq istəmirəm. bilirsən, niyə? sən ürəyimi sındırırsan. Onsuz da mən indi elə vəziyyətdəyəm ki, yüz yerə parçalanmışam. Onları bir az da sən parçalama. Qoy, heç olmasa, özümü toplamaq asan olsun...
***
“ Payızın ilk addımları...
Dostları ilə paylaş: |