Sevgi Tilsimi
(Mistik povest)
-Sevgi pərisi, sən yenə burdasan?
-Hə.
-Səni başqa harda görmək olar ki? Ancaq universitetlərin binalarının başında.-Xöşbəxtlik pərisi deyinməyə başladı.-De görüm, indi kimləri gözaltı eləmisən?
-Məgər tələbəlik sevgisindən gözəl sevgi var? Mənə burda olmaq çox xoşdur. Bu sevənlərə baxmaq, onların qəlbində yanan eşq alovunu görmək...Ah, necə də romantikdir...
-Yaxşı. Yaxşı. Yenə başlama. De görüm, bu dəfə hədəfin kimlərdir? Kimlərə atacaqsan oxunu?
-Bax, orada dayanan oğlanı görürsən?-sevgi pərisi əli ilə universitetin həyətində tələbə dostları ilə söhbət edən bir oğlanı göstərdi.
-O ağ köynəkli oğlanı deyirsən?
-Hə. onu deyirəm.
-Nə olub ki o oğlana?
-Bilirsən, çoxdandır o oğlanı izləyirəm. O oğlan bax o tərəfdə dayanan qızı sevir.-sevgi pərisi əli ilə həyətin digər tərəfində dayanıb, qızlarla söhbət edən qızı göstərdi.
-Əlində kitab olan qızı deyirsən?
-Hə.Hə. onu deyirəm.
-Qəşəng qızdır.
-Hə. bax sənə göstərdiyim oğlan o qızı sevir. Sevir ancaq sevgisini etiraf edə bilmir. Qorxur ki, qız onu pərt edər. Oğlan çox yaxşı oğlandır. Ürəyi təmizdir. Həm də romantikdir. Mənimsə romantik insanlardan xoşum gəlir. Ona görə də qərara aldım ki, o oğlana kömək etməliyəm.
-Neyləyəcəksən ki?
-Bax. Bunları görürsən? -sevgi pərisi çiynindən asdığı yayı və oxlarla dolu qabı göstərdi.-Bunlardan birini o qıza atacağam. Sevgi oxu onun ürəyinə dəyən kimi o da o oğlanı sevəcək. Beləliklə, yeni bir sevgi yaranacaq. Yaşasın. Yeni sevgi yarananda elə çox sevinirəm ki. Qəlbi boş insanları görəndə ürəyim ağrıyır. Axı sevgisiz həyatın nə mənası.
-Hə. elədir. Bəs o qız kimisə sevmir? Birdən sevdiyi başqa birisi olar. Qaş düzəltmək istəyən yerdə, vurub göz çıxardarsan ha.
-Yox. Qorxma. O qızın istədiyi heç kim yoxdur. Ona görə də rahatlıqla oxu ata bilərəm.
-Onda gərək mən də öz sehrli tozumdan istifadə edim. Axı sevgi olan yerdə həmişə xöşbəxtlik olur.
-Hə. düz deyirsən. ondandır ki, biz səninlə yaxın dostuq. Nəsə. Başımı qatma. Tənəffüs qurtarmamış bu işi həll etməliyəm.
Sevgi pərisi fəxrlə ox qabından bir ox götürdü. Ehtiyatla oxu yayda yerləşdirib, gözü ilə istiqaməti dəqiqləşdirdi. Hədəfi dəqiqləşdirəndən sonra yayı çəkib, oxu buraxdı. Elə bu an qızın əlindəki kitab yerə düşdü. Qız kitabı götürmək üçün aşağı əyiləndə ox onun arxasında dayanan qıza dəydi. Sevgi pərisi gördüyü mənzərə qarşısında donub qaldı.
-Vayyyy. Mən neylədim?
-Hə. deyəsən, səhv adama dəydi.-Xöşbəxtlik pərisi də şokda idi.
-Sevgi pərisi, tez yanıma gəl!-kənardan səs gəldi.
-Deyəsən baş pəri səni çağırır. işin əngəldir.-xöşbəxtlik pərisi təəssüflə başını yellədi.
***
Bura pərilərin toplaşdığı və söhbət etdiyi yer idi. Hər tərəf ağappaq buludlarla əhatə olunmuşdu. Bütün pərilərin bir başçı pərisi vardı. Pərilər bu başçı pərinin göstərişlərini yerinə yetirər,onunla məsləhətləşərdilər. Sevgi pərisi pərilər məkanına gələndə bütün pərilərin burada toplaşdığını gördü. Deyəsən, iş ciddi idi. Bütün pərilər burada idi –Dostluq pərisi, Ədalət pərisi, humanist pəri,Gülüş pərisi və başqa pərilər. Sevgi pərisi qorxa-qorxa baş pərinin yanına getdi.
-Məni çağırmısınız?
-Hə, sevgi pərisi. Gəl.-baş pəri hirsli idi.
-Bilirəm. səhv iş görmüşəm. ama inanın ki, bunu bilərəkdən etmədim. Sadəcə o qızın kitabı yerə düşməsəydi və qız aşağı əyilməsəydi, ox o qıza dəyəcəkdi. Inanın ki, mənim pis bir fikrim yox idi.-Sevgi pərisi yazıq-yazıq baş pəriyə baxdı.
-Bilirəm ki, sənin pis niyyətin yoxdur. Sadəcə bir iş görməmişdən əvvəl gərək mənimlə məsləhətləşərdin. Sənsə sənə verilən oxları lazım oldu-olmadı işlədirsən. axı bu insan hissləridir. Axı bu hiss çox müqəddəsdir. Belə ciddi işlərə səthi yanaşmaq olmaz.
-Bilirəm.
-Yaxşı. Olan olub. İndi əsas odur ki, bu sevgi tilsimini pozmaq lazımdır. Bunun üçün gərək sən mənim dediklərimə əməl edəsən.
-Baş üstə. Nə desəniz onu edəcəm.
-Əvvəlcə oxun dəydiyi qızı tapıb, ona hər şeyi danışmalısan. Ona başa sal ki, bu səhvən olub.
-Baş üstə.
-Hə...Bir də al bu kağızı.-baş pəri sevgi pərisinə bir kağız parçası uzatdı.
-Bu nədir?
-Burada sevgi tilsimini pozmaq üçün şərtlər var. Bunlara əməl edib, sevgi tilsimini pozacaq məlhəm hazırlayacaqsan.və bu məlhəmi həmin qıza verib, içməyini deyəcəksən. qız içəndən sonra sevgi tilsimi pozulacaq və hər şey əvvəlki kimi olacaq.
Sevgi pərisi kağızda yazılanları bir –bir oxudu. Oxuduqca heyrətdən göz bəbəkləri genişlənirdi.
-Mən bütün bunları etməliyəm? axı bu şərtlər çox ağırdır.
-Hələ hər şey bununla bitmir.
-Doğrudan?
-Hələ səni səhv ürəyə sevgi saldığın üçün cəza gözləyir.
-Nə cəzası?
-Hələ dediklərimi elə. Sonra baxarıq.
-Baş üstə-sevgi pərisi dərindən ah çəkdi.
***
Tənəffüs idi. Aysu universitetin dəhlizində, pəncərə qabağında dayanmış, universitetin həyətinə baxırdı.Hər tənəffüsdə o, bu pəncərə qarşısına gələr və bu pəncərədən həyətə baxırdı. Çünki çox vaxt o bu pəncərədən həyətdə dostu ilə oturan sevdiyi oğlana baxardı. Bəzən bu tənəffüsün heç bitməyini istəmirdi. Uzaqdan da olsa ona saatlarca baxmaq istəyirdi. Elvin onun gizli tələbəlik sevgisi idi. Qəlbində gizli saxladığı, hər dəfə qarşılaşarkən baxışlarını qaçıran, ancaq uzaqdan ona saatlarca baxan bir sevgi idi. Aysu romantik və melonxolik bir qız idi. Ürəyindəkiləri dilə gətirməkdən çəkinir və gizli saxlamağı üstün tuturdu. Sevgi pərisinin atdığı ox Aysuya dəymişdi.
-Bağışlayın...
Aysu geri çevriləndə qarşısında balaca, şirin, məsum baxışlı bir qızın dayandığını gördü.
-Buyurun. Nəsə lazım idi?-Aysu təəccüblə qıza nəzər saldı. Bu qız da başqa qızlar kimi idi. Ama sanki onda nəsə qeyri-adi bir şey vardı. Gözlərinə baxarkən insan özünü qəribə hiss edirdi. Sanki bu dünyada deyil, başqa, sehrli bir dünyadasanmış kimi...
-Şey...Heç bilmirəm necə deyim...-sevgi pərisi sözə necə başlayacağını bilmədi.-Mən...Sənə səhvən sevgi oxu dəyib.
-Nə?-Aysu təəccüblə pəriyə baxdı.-Mənə heç bir ox dəyməyib.
-Yox. Dəyib. Daha doğrusu, dəyib. Ama sən bilmirsən. çünki bu oxlar görünməzdir.
-Ay qız, nə danışırsan? Dəli olmusan? Nə ox? Nə sevgi? Axı sən kimsən?
-Mən sevgi pərisiyəm. hər gün sizin universitetin damından sizə baxıram. Mən sevən insanların qəlbinə öz sevgi oxlarımı atıram. Elə bilirsən kimisə sevəndə bu öz-özünə baş verir? Xeyr. Əgər mənim sevgi oxlarım olmasa heç bir sevgi yarana bilməz.
-Doğrudan? Mən də inoplanetyanam. Ama insanlar arasında qəribə görünməyim deyə insan cildinə girmişəm.-Aysu bərkdən güldü.
-Mən zarafat etmirəm. mən ciddi deyirəm. mən pəriyəm. sevgi pərisi.
Sevgi pərisi qızın baxışlarındakı inamsızlıq ifadəsinin dəyişmədiyini görüb qıza əsas məsələni danışmağı qərara aldı.
-Nəsə... Sözüm odur ki, sizin patokda bir oğlan var. Adı Kənandır.
-Hə. var. Nə olub ki?
-Bax o Kənanın sevgi oxu səhvən sənə dəyib. Yəni sən artıq onu sevməyə başlayacaqsan.
-Ay qız, nə danışırsan? Yoxsa səni Kənan göndərib? Ona de ki, mənim sevdiyim oğlan var.
-Bilirəm. adı Elvindir.
-Nə?Sən hardan bilirsən?-Aysunu həyəcandan isti tər basdı. Axı onun bu gizli sevgisini yaxın rəfiqəsi Humaydan başqa heç kim bilmirdi.
-Mən sənə dedim axı. Mən sevgi pərisiyəm. qəlblərdə olan bütün sevgilərdən xəbərim var. Iş burasındadır ki, Kənan başqa bir qızı sevir. Əslində mənim atdığım ox həmin qıza dəyməli idi. Ancaq necə oldusa sənə dəydi. Və sən bu sevginin tilsiminə düşdün. Artıq qeyri-ixtiyarı Kənanı sevməyə başlayacaqsan. Bağışla, bilirəm bu mənim səhlənkarlığım ucbatından baş verdi. Ama çalışıb, bu tilsimi pozacam. Səndən bir xahişim, sadəcə səbr et. Mənim hazırlayacağım məlhəmi içmədən heç kimə bu barədə söz demə.
Aysu sevgi pərisinə dəli adamlara baxdığı kimi baxırdı. Onun sözlərini anlamaqda çətinlik çəkirdi. Sevgi pərisi Aysunu işin necə ciddi olduğuna inandıra bilmədiyi üçün dərindən təəssüflə ah çəkdi:
-Yaxşı. Səni qınamıram. Mən də sənin yerində olsam bu deyilənlərə inanmazdım. Ama zaman keçdikcə mənə inanacaqsan.
-Aysu!
Aysu geri çevrildi. Gələn Humay idi.
-Hə,Humay.
-Neyləyirsən burda? Yoxsa yenə pəncərədən ona baxırsan...-Humay eyham vurdu.
-Yox. Qızla danışıram.
-Hansı qızla?
-Dee...-Aysu istədi sevgi pərisini göstərsin. Ancaq qarşısında heç kim yox idi. Aysu bir anlıq çaşqınlıq içində ətrafına baxdı. Gözləri nə qədər axtarsa da,onu tapa bilmədi.
-Bayaq burda bir qız vardı...-Aysunun təəccübdən səsi titrədi.
-Hansı qız? Mən gələndə heç kim yox idi.
Aysu hələ də təəccüb içində donub qalmışdı. Humay əlini rəfiqəsinin alnına qoydu.
-Aysu, sən yaxşısan? Niyə rəngin qaçıb? Nə baş verib?
-O...-Aysu istədi birdən birə peyda olan və qəflətən gözdən itən qız haqqında rəfiqəsinə desin. Ancaq sevgi pərisinin sözlərini xatırlayıb susdu. “Bu barədə heç kimə demə!”.
-Heç nə...Heç nə olmayıb. Zəng vuruldu. Gəl gedək. Sonra müəllimə bizi danlayar...
***
Aysu evə gedərkən yol boyunca bu gün başına gələn müəmmalı hadisəni təhlil etməyə çalışdı: Kim idi o qız? Necə oldu ki, birdən birə qeyb oldu? sanki bir ruh kimi qeyb oldu. axı o mənim Elvinə olan hisslərimi hardan bilir? Bəlkə Elvin hiss edib mənim ona olan sevgimi. Qız göndərib ki, mənim ağzımdan söz alıb, şübhələrini dəqiqləşdirsin. Bəs yaxşı, onda Kənanın bu məsələyə nə aidiyyatı var? Axı mənim onunla indiyə qədərə heç əməlli başlı ünsiyyətim də olmayıb. Bu lap qarışıq məsələdir. Guya mən Kənanı sevməyə başlayacam. Hah. Mən heç vaxt onu sevmərəm.-Aysu bir az düşündükdən sonra-Yox. Qəti. Mən onu heç vaxt sevə bilmərəm. o mənim tipim deyil. O, pis uşağa oxşamır. Ancaq çətin ki, ona qarşı nəsə hiss edəm. mən onu sevirəm. Elvini...-Aysunun üzündə təbəssüm yarandı. Sonra dərindən ah çəkdi.-Mənim gizli tələbə sevgim...
Sevgi pərisi baş pərinin ona verdiyi kağızı açıb orada yazılanları oxumağa başladı. Tilsimi pozacaq məlhəmi əldə etmək üçün şərtlərin ağır olduğunu görüb,dodağını büzdü.
-Axı mən bunları necə edəcəm...Öz də təkbaşına...Offf...Ama tez-gec bir yerdən başlamaq lazımdır...
Sevgi pərisi kağızda yazılan birinci şərti oxudu. Ancaq başa düşə bilmədi. baş pərinin yanına qalxdı.
-Olar?
-Gəl sevgi pərisi..-Baş pəri ağ buluddan ibarət oturacağında oturmuş dizinə qədər uzanan gümüş rəngli saçını darayırdı. O necə də məlahətli və gözəl idi. Ümumiyyətlə bütün pərilər gözəl idi. Onların gümüş rəngli saçları və mavi gözləri vardı.
-Sizə burada yazılan birinci şərt barəsində soruşmaq istəyirdim. Düzünü desəm, dəqiq anlaya bilmədim.
-Hə,onu deyirsən? orada yazılıb ki, sən sorğu keçirməlisən. 1000 insandan, yəni 1000 nəfər sevgili arasında sorğu keçirməlisən.
-Onlardan nə soruşmalıyam ki?
-Onlardan sevginin nə olduğunu və onlar üçün nə ifadə etdiyini soruşmalısan. Və yanındakı insanın,yəni sevgilisinin onun üçün nə ifadə etdiyini və niyə məhz onu seçdiyini. Və cavabları mənə gətirəcəksən.
-Axı bizə icazə verilmir ki, insanlar arasında olaq. Ya da insanların gözünə görünək.
-Hərdən olar. Həm sən səhv bir sevgi yaratmısan. Ona görə də sənə icazə verilir ki, insanlar arasında olub,sənə verilən tapşırığı yerinə yetirəsən. başa düşdün?
-Hə. düşdüm.-Sevgi pərisi baş pəriyə təzim edib,oradan uzaqlaşdı. Indi o siyahıdakı birinci tapşırığı yerinə yetirməli idi.
Sevgi pərisi insanları çox sevirdi. O, payız fəslini də çox sevirdi. Yağan yağışı, əsən küləyi, buludlu havanı, hərdən buludların arasından özünü göstərməyə çalışan günəşi də çox sevirdi. Axı o sevgi pərisi idi. O, bu həyatdakı hər şeyi çox sevirdi. O, yağışın altında sevgilisini gözləyən, ya da yağışın altında öz gödəkcəsini çıxarıb, qıza verən insanlara baxmaqdan xüsusi zövq alırdı. O, sevgi dolu bütün mənzərələrə baxmağı çox sevirdi. Axı o sevgi pərisi idi. Onu sevgi yaşadırdı. Harda sevgi vardısa, o da orada idi. Indi isə o belə insanlara gözə görünmədən deyil, insan kimi baxacaqdı. Insana çevrilmək ona qəribə gəlirdi. Çünki insan olarkən o artıq insanların qəlblərindəki o sevgi adlanan hissi sezə bilmirdi. Onların qəlbinin içini görə bilmirdi. Ancaq tapşırığı yerinə yetirmək üçün o bunu etməli idi. Sevgi pərisi əlində ağ kağızlardan ibarət papka və qələm, tanıdığı, əvvəllər pəri kimi gəzdiyi bütün yerləri gəzdi. əvvəllər pəri kimi dolaşdığı bu yollar indi ona necə də uzun və yorucu gəlirdi. Onun hətta insanlara yazığı gəldi. Quş kimi uçmaq varkən ayaqla getmək ona ağır gəlirdi. O öyrəşmişdi istədiyi yerə anında gedib çatmağa. Indi isə o bu yolları ayaqla getməli idi. Sevgi pərisi Bakının insanlarla, xüsusilə də gənclərlə dolu olan bütün küçələrində gəzdi. O, insanları çox sevsə də, onlara daima kənardan pəri kimi baxmağa alışmışdı. Insanlarla ünsiyyət ona müşkül məsələ kimi görünürdü. çünki verəcəyi sual çoxlarının təəccübünə səbəb ola bilərdi. Bəziləri ona ağlını itirmiş kimi də baxa bilərdilər. Ancaq sevgi pərisi qərarında qəti idi. O, bu tapşırığı yerinə yetirəcəkdi. O, indi tamam fərqli görkəmdə idi. Adı insanlardan fərqlənməsin deyə, o, gümüş saçlarını qara saçlara, mavi gözlərini qara gözlərlə dəyişmişdi. əynində də ağ uzun libas deyil, adi cins şalvar və qəhvəyi rəngdə gödəkcə vardı. Hava buludlu idi. Həmişəki Bakı küləyi onun üzünə tökülmüş qısa telləri ilə rəqs edirdi. Sevgi pərisi əvvəlcə bu küləyin yaratdığı soyuğu və havadakı şaxtanı hiss etmədi. çünki pərilər üçün fərqi yoxdur hansı fəsildir, insanı sümüyünə kimi donduran boranlı qış yoxsa insanı tərlədən qızmar yay. Onlar üçün həmişə yaz havası idi. Mülayım və ilıq. Ancaq indi o insan idi deyə havanın soyuğunu bütün ruhuyla hiss edirdi. Bir azdan əlləri üşüməyə başladı.
-Kaş ki əlcək götürsəydim özümlə...
Ancaq onu narahat edən bu deyildi. O ilk insanı necə tapacağını və ona bu sualı necə verəcəyini düşünürdü. Bir müddət ətrafına göz gəzdirdikdən sonra əl-ələ tutub gəzişən bir qızla oğlanı gördü. Sevgi pərisinin gözləri sevincdən parladı. Onun ən xoşladığı mənzərə bu mənzərə idi. Qısa tərəddüddən sonra onlara yaxınlaşdı. əlindəki anket vərəqəsini və qələmə önə çəkərək xüsusi bir duruşla sevgililərə baxdı.
-Salam.-özünəməxsus şirin təbəssümlə gülümsədi.-
-Salam-oğlan cavab verdi.
-Bağışlayın olar sizə sual verim?
-Buyurun.-oğlan qalın səslə cavab verdi. Qız tərs-tərs sevgi pərisini süzürdü.
-Mən bilmək istərdim ki...Yəni sualım budur ki...-sevgi pərisinin dili topuq vurdu.
-Sevgi sizin üçün nə deməkdir?
-Nə?-oğlan qaşlarını çataraq üzünü turşutdu.
-Siz yəqin ki sevgilisiniz.
-Hə. sevgiliyik.-qız oğlanın yerinə cavab verdi.-bundan sizə nə?
-Yox. Deyəsən siz məni düzgün başa düşmədiniz. Mən sorğu keçirirəm. sualım isə budur.-sevgi pərisi həyəcandan sualları unutduğu üçün əlində tutduğu kağıza baxıb,fasilə vermədən oxumağa başladı
-Sevgi sizin üçün nədir? O sizin üçün nə əhəmiyyət kəsb edir? Sevgilinizi nəyə görə sevirsiniz? Onu məhz hansı xüsusiyyətlərinə görə sevirsiniz?-sevgi pərisi başını kağızdan qaldırıb sevgililərə baxdı. Qızla oğlan emosiyasız şəkildə sevgi pərisinə baxırdılar.
-Bilirəm. bu bir az qəribə anket sorğusudur. Ama biz qloballaşan dünyamızda müasir dövrün insanları arasında baş verən sevgi adlandırılan hisslərin mahiyyətini və bu hissin insanlar üçün nə kəsb etdiyini araşdırmaq və onu keçmiş dövrün sevgisi ilə müqayisə edərək, texnologiyanın inkişaf etdiyi bu dövrün sevgisinin nədən ibarət olduğunu aydınlaşdırmaq istəyirik. Buna görə də bu sualları sizə verərək müasir dövrün gənclərinin sevgi haqqında fikirlərini ümumiləşdirərək bundan bir nəticə çıxarmaq istəyirik
Sevgi pərisi əmin idi ki, o, çox gözəl nitqlə çıxış edərək bu sorğunun əsl mahiyyətini bu sevən cütlüyə başa sala bilmişdir. Ancaq sevgililərin hələ də ona təəccüblə baxmasından və simalarındakı yaranmış ifadədən sevgi pərisi anladı ki,o, əslində heç nəyi izah edə bilməmişdir. Yenidən sevimli görünməyə çalışaraq gülümsədi.
-Deyəsən yenə izah edə bilmədim.
-Ay qız, çəkil yolumuzdan-qız əsəbi halda əli ilə sevgi pərisini yana çəkdi.-bu soyuq havada bizi yolun ortasında tutub saxlamısan. Get o suallarını başqasına ver.- Oğlan susurdu. Ancaq görünürdü ki, o da qızın dedikləri ilə razıdır.
-Məgər siz sevgili deyilsiniz?
-Hə. sevgiliyik. Nə olsun ki?
-Əgər siz cavab vermək istəmirsinizsə bəs onda kimdən soruşum?
-Ay bacım, get işinlə məşğul ol.-oğlan mədəni görünməyə çalışırdı.
-Mənim işim elə budur da. Sevənlərdən sevginin nə olduğunu soruşmaq. Heç olmasa bir sualıma cavab verin. Siz yanınızdakı qızı nəyə görə sevirsiniz? Yəni onda nə gördünüz ki,onu sevdiyinizi anladınız?
-Aaazzz, sən nə demək istəyirsən?-qız gözlərini bərəldərək xüsusi intonasiya ilə dedi.-Mən eybəcərəm ki, ona bu sualı verirsən? necə yəni, niyə səni seçdi?
-Yox. Siz səhv başa düşdünüz.-sevgi pərisi insanlarla danışmağın bu qədər çətin olduğunu bilmirdi. O doluxsundu. Ancaq yenə də özünə toxtaqlıq verib işin əsl mahiyyətini anlatmaq istədi. ancaq deyəsən bu müşkül məsələ idi. ən yaxşısı oradan tezliklə uzaqlaşmaq idi. Çünki bir az daha qalsaydı qız onun saçını yolub əlinə verəcəkdi.
-Çox sağ olun. Sağ olun-deyərək sevgi pərisi dərhal onlardan uzaqlaşdı.
-Görəsən, insanlar niyə bu qədər aqressivdirlər? Mən ki onlara pis bir sual vermədim.-sevgi pərisi məyus olmuşdu. Qarşısına çıxan ilk insanlar elə də yaxşı təəssürat buraxmadı onda.-Görəsən insanların hamısı belədir? Əgər hamısı belədirsə,onda mən necə min ədəd cavab toplaya biləcəm? yox. Məncə, sadəcə bəxtim gətirmədi. növbəti cavab verənlərim daha yaxşı olacaq. ən azından mən belə ümid edirəm.-sevgi pərisi parkdakı boş skamyaların birində oturdu. Məyus halda ətrafına göz gəzdirdi. Elə bu zaman parkın içi ilə iki cavan oğlan keçirdi.
-Aha növbəti sorğu hədəflərim...-sevgi pərisi skamyadan qalxıb oğlanlara tərəf irəlilədi.
-Salam...Sizə sual vermək olar?-sevgi pərisi gülümsədi.
-Əlbəttə olar.-oğlanlardab biri cavab verdi.
-Biz sorğu keçiririk. Sualımız isə budur.Sizcə sevgi nə deməkdir?
-Sevgi?-oğlan diqqətlə sevgi pərisinə baxaraq mənalı-mənalı dodağının altında güldü.-Sevgi mənim üçün çox şey deməkdir.
Sevgi pərisi sevindi. Nəhayət ki o ilk cavabını kağıza qeyd etdi.-Daha dəqiq açıqlaya bilərsiniz? Yəni nə deməkdir?
-Mənim üçün o gözlər deməkdir..
-Hansı gözlər?-sevgi pərisi təəccüblə oğlana baxdı. Sonra ötəri digər oğlana da baxdı. O biri oğlan da dodaqaltı gülürdü.
-Bilmirəm. məsələn sizin gözləriniz...
-Mən ciddiyəm.-sevgi pərisi əlindən oyuncağı alınmış uşaqlar kimi qəzəblə oğlana baxdı.
-Mən də ciddiyəm. sizin telefon nömrəniz var? Əgər demək istəmirsinizsə mən sizə özümünkünü verə bilərəm.
-Mən sizin telefon nömrənizi neyləyim? Mənə əsas lazımdır ki, siz mənim suallarıma cavab verəsiniz.
-Burda, bu soyuq havada, yolun ortasında yaxşı deyil. Istəsəniz başqa vaxt görüşərik. Mən sizin suallarınıza cavab verərəm.
Oğlanın xüsusi intonasiya ilə son cümləsindəki sözləri uzatmasından bəlli oldu ki, oğlanın məqsədi başqadır. ən yaxşısı oradan uzaqlaşmaq.
-AAAA,bax, gəmiii.-Sevgi pərisi əlini uzağa tərəf göstərdi. Oğlanlar geri çevrilib sevgi pərisinin göstərdiyi istiqamətə baxdılar. Ama heç nə yox idi. Yenidən çevriləndə sevgi pərisini görmədilər.
-AAA,qız hara oldu?-oğlanlar çaşqınlıq içində ətraflarına baxdılar...
Sevgi pərisi ümidi üzülmüş halda irəliləyirdi. bu soyuq havada ilk cəhdləri uğursuz olmuşdu. Ağır –ağır addımlayarkən içində həmin oxu səhv atdığına görə özünü dəfələrcə danlayırdı.
-Bir oxun zibilinə düşdük. Axı mən haradan biləydim ki, insanlar sevgiyə bu qədər etinasız və lağlağı baxırlar. Nə yaxşı idi, pəri olduğum vaxtlar. Mən ancaq qəlbində əsl sevgi olan insanların əhatəsində olurdum. Elə bilirdim ki, dünyada nə qədər insan varsa, hamısı əsl sevginin və sevgi hisslərinin nə demək olduğunu bilirlər. Elə bilirdim ki, hamı duyğusaldır, romantikdir. Insanları sevirlər. Halbuki ilk qarşılaşdığım insanlardan bəlli oldu ki, dünyada sevgidən və sevgi hisslərindən məhrum nə qədər insanlar var. Bir sevgi pərisi olaraq, bunlar məni çox məyus edir. Istəməzdim insanlar bu hisslərdən məhrum olsunlar. Axı insanı mənən saflaşdıran bu duyğulardır. Görəsən sonra kimlərə rast gələcəm? düzü pəri olduğum vaxtlar üçün çox darıxdım. Heyf deyildi...İstədiyim yerdə oturub sevənlərə kənardan baxırdım. onların qəlblərinin içindəki saf sevgini görmək məni həvəsləndirirdi.insan olmaq və belə dünyada yaşamaq nə çətindir. Ama mən əminəm ki, insan olaraq da, mən o sevənləri tapıb, suallarıma cavab tapacam.
Sevgi pərisi dənizkənarında nə qədər addımladığını və neçə müddətə addımladığını bilmədi. o artıq insanlara yaxınlaşmağa və onlara sual verməyə çəkinirdi. Ancaq ona verilən tapşırığı yerinə yetirməli idi. Həm atalar 3 dən deyib. Bəlkə bu dəfə normal cavab ala bildi. Gözü kənarda dayanıb, dənizə baxan qıza sataşdı. Bu qız təxminən 23-24 yaşlarında olardı. Uzunboylu, gözəl biçimli, xoş görünümlü bir qız idi. Sevgi pərisi özündə cəsarət toplayıb qıza yaxınlaşdı.
-Çox yaxşı qıza oxşayır. Həm də qızdır. ən azından mənə ilişməz.-sevgi pərisi gülümsəyərək:
-Salam-dedi.
Qız çevrilib sevgi pərisini bir xeyli süzəndən sonra dodağının altından mızıldandı.
-Salam.
-Xanım,olar sizdən bir sual soruşum. Daha doğrusu 3-4 sual.
-Soruş,görək.-qız elə bil yuxulu idi.
-Biz ümumi insanlar arasında sorğu keçirik. Ilk sualım budur ki, sevgi sizin üçün nə deməkdir?
Arada sükut yarandı. Qız gözlərini dənizin asta-asta dalğalanan ləpələrinə dikdi. Sonra sevgi pərisinə çevrilərək soruşdu:
-Nə qəribə sual verirsən? belə də sorğu olar? Sonrakı sualların nədən ibarətdir?
-2-ci sualım, sevgi sizin üçün nə əhəmiyyət kəsb edir? Daha sonra...Sevdiyiniz insanı hansı xüsusiyyətlərinə görə sevirsiniz? Və...nəyə görə sevirsiniz?
-Mütləq cavab verməliyəm?
-Əgər istəsəniz-sevgi pərisi bu dəfə də məyus oldu. deyəsən bu gün o bir normal insanlar rastlaşmayacaqdı.
-Yaxşı, cavab verim də. Neyləyək ki? Bu da sənin işindir. Çörək pulun bundan çıxır.
-Hə.-sevgi pərisini gözlərinə işıq gəldi. Cəld qələmi yazmaq vəziyyətinə salıb, qızın ağzından çıxacaq kəlmələri gözlədi.
-Cavab verəcəm. ama axırıncı sualdan başlayacam.
-Eyb etməz.
-İstədiyim adamı ona görə sevirdim ki, onu sevdiyimi sanırdım. Ama onunla keçirdiyim ilk gecədən sonra o mənə etiraf etdi ki, onun mənə qarşı hiss etdikləri sadəcə ehtiras hissləri imiş. Daha sonra...Onu məni ən çətin anımda tək qoyduğu üçün onu “sevirəm”. hamilə olduğumu biləndə mənə “niyə qorunmadın? Elə bilirsən bununla özünü mənə soxuşdura biləcəksən?” dediyi üçün çox “sevirəm”. uşağı saldırmaq üçün xəstəxanaya gedərkən həkimlər mənə “sən əslində fahişəsən” düşüncələriylə baxanda sevdim onu. Məni bu hallara salan insanı çox həm də lap çox “sevirəm”. keçək növbəti suala...Sevgi mənim üçün heç nə kəsb etmir. Çünki sevgi yoxdur. Olmadığı üçün də onun haqda heç nə deyə bilmərəm. nəhayət axırıncı sual..Sevgi mənim üçün bu deməkdir-qız çantasından balaca şəffaf şüşə qabı çıxartdı. Şüşənin içində ağ rəngdə təbaşır qırıntılarına bənzər toz vardı.-Bax bu. Mənim sevgim də sevgilim də budur. Ha hah ha.-qız gülməyə başladı.
Sevgi pərisi donub qalmışdı. Yəni, həqiqətənmi vəziyyət bu qədər bərbad idi? Yəni həqiqətənmi,insanlar bu qədər duyğusuzlaşmışdılar. Sevgi pərisi təşəkkürünü bildirib,qızdan uzaqlaşdı. əslində isə qızın dediklərinin heç birini qeyd etmədi. doğrudanmı, dünyada bu qədər bədbəxt insan vardı? Yoxsa sadəcə bu gün sevgi pərisinin bəxti gətirmirdi.havadakı buludlar seyrəlməyə başlamışdı. Buludların arasından günəş özünü göstərməyə çalışırdı. Sevgi pərisi bu gün eşitdiklərindən və gördüklərindən çox məyus olmuşdu. O elə zənn edirdi ki, bir gün ona bəs edəcək ki, o 1000 ədəd cavab toplasın. Ancaq bu gün o heç bir cavab da qeyd etməmişdi ağ kağıza. Deyəsən min cavab toplamaq hələ çox sürəcəkdi. Axı zaman çox azdır. Keçən hər gündə Aysuya edilmiş tilsim daha çıx öz qüvvəsini göstərəcək. Sevgi pərisi nə olursa olsun, bu cavabları toplamalı idi...
Bu iki həftə çəksə də, sevgi pərisi nəhayət ki, cavabları toplaya bildi. Cavablar isə müxtəlif idi:
-Sevgi mənim üçün vətəndir
Sevgi mənim üçün sevdiyim insanla bir yerdə olmaqdır.
-Sevgi mənim üçün açılan səhərlərdir.
-Sevgi mənim üçün ərimin mənə şoppinq etmək üçün verdiyi puldur.
-Sevgi mənim üçün aldığım məvacıbdir.
-Sevgi mənim üçün pəncərə qonşumdur.
-Sevgi məni üçün xalam qızıdır.
-Sevgi mənim xəyallarımdakı qəhrəmandır...
Onların arasında maraqlıları, təəccüblüləri və hətta təəssüf ediləsiləri də var idi. Ama əsas o idi ki, sevgi pərisi birinci tapşırığın öhdəsindən gəlmişdi.
-Buyurun baş pəri, bu cavablar.-sevgi pərisi həm yorğun görünürdü, həm də sevincli.
-Afərin sənə. nəhayət ki, bu tapşırığın öhdəsindən gəldin. Yorğun görünürsən.
-Hə. heç soruşmayın. Bu insanlarla danışmaq nə çətin şey imiş.
-Sırada səni ikinci tapşırıq gözləyir.
-Hə bilirəm-sevgi pərisinin üzündəki təbəssüm yox oldu.
***
Sevgi pərisi nəhayət ki, sevimli məkanında idi. Ancaq bu dəfə də pəri olaraq deyil, insan olaraq burada dayanmışdı. Tənəffüs idi. Universitetin dəhlizi tələbələrlə dolu idi. Bu vaxt ərzində həyətə düşən kim, aclığını yatırtmaq üçün bufetə gedən kim...Sevgi pərisi isə dəhlizdəki pəncərələrdən birinin qarşısında dayanmış, pəncərədən universitetin həyətinə baxırdı. Bu dəfə o tələbələrin qəlbinin içini görə bilmədiyindən sadəcə kənardan baxaraq kimin kimi sevdiyini, kimin kimə rəğbət bəslədiyini təxmin etməyə çalışırdı. Başı tələbələrə baxmağa elə qarışmışdı ki, onu arxadan səsləyən insanı hiss etmədi. birdən arxadan çiyninə kiminsə toxunduğunu hiss etdi. Geri çevrildi. Bu Aysu idi. O qəzəbli görünürdü.
-Sən neyləmisən mənə? özümü tanıya bilmirəm. de görüm neyləmisən mənə?
-Gördün? Sən də mənim dediklərimə inanmırdın.-sevgi pərisi özündən razı halda gözlərini süzdürdü.
-Bura bax. Mənə nə eləmisən bilmirəm. ama mən artıq onu düşünməyə başlamışam. Kənanı. Heç özüm də bilmirəm niyə? ama dərsdə fikrim həmişə onun yanında olur. Onu düşünmək istəmirəm. ama onu düşünürəm. bu dəhşətdir. Bu qorxuncdur. Mən öz qəlbimə hökm edə bilmirəm. beynim mənim sözümə baxmır. Hiss edirəm ki, getdikcə Kənana daha çox bağlanıram. Artıq Elvini düşünə bilmirəm. onu görəndə məndə heç bir həyəcan yaranmır. Ürəyim bərk döyünmür. Həyəcanlanmıram. Onu görmək üçün ürəyim can atmır. Mən dəyişmişəm. mən özümü tanıya bilmirəm. neyləmisən mənə? hə?-Aysu sevgi pərisinin çiynindən tutub, xəfifcə silkələdi.-Tez ol, məni əvvəlki vəziyyətimə gətir. Mən Kənanı yox,Elvini düşünmək istəyirəm. başa düşdün?
-Bilirəm. bilirəm, mən də elə buna görə çalışıram. Bütün günümü sənin sevgi tilsimini pozmağa sərf edirəm. heç bilirsən, necə çətindir mənə?
-Bilmirəm, nə edirsən et, ama tez ol. Məni əvvəlki vəziyyətimə qaytar.
-Yaxşı.Əsəbləşmə.-sevgi pərisi şirin görünməyə çalışaraq, gülümsədi.-Sən bir az da səbr elə. Söz verirəm məlhəmi alan kimi sənə gətirəcəm...
-Səni düz 1 həftədir axtarırdım.-Aysu bir az sakitləşmişdi.-Yaxşı ki, səni gördüm.
-İndi inandın ki, mən sevgi pərisiyəm?
-Hə. inandım. Məni bu tilsimdən qurtarsan lap inanacam sənə.
-Yaxşı. Mən də elə bunun üstündə çalışıram...
***
Qaranlıq otaq. Stolüstü lampanın saçdığı zəif işıq. Nərmin dəftərçəsini qucaqlayaraq için-için ağlayırdı. Göz yaşları damla –damla yanaöından süzülürdü... dəftərçəsini açıb yazdığı qaraladığı vərəqlərin arasından bir ağ vərəq tapıb yazmağa başladı. Yazdıqca ağlayırdı...
Həsən kişi bu gün səhər işə getmək üçün dayanacaqda avtobus gözləyirdi. birdən balaca, şirin bir qız ona yaxınlaşdı. Özünəməxsus məsum təbəssümlə:
-Sabahınız xeyir.-dedi.
-Salam.-Həsən təəccüblə qıza baxdı. Bu qızda sanki qeyri-adi bir sehr vardı. Insan onun gözlərinə baxanda özünü qəribə hiss edirdi. Sanki bambaşqa bir dünyadasanmış kimi...
-Sizinlə bir az danışmaq olar?
-Nə barədə?-Həsən kişi hələ də təəccüb içində idi.
-Sizin qızınız barədə.
-Nə olub,mənim qızıma?-Həsən həyəcanlandı.
-Narahat olmayın. Qızınıza heç nə olmayıb. Ama siz həyatınızdakı bir şeyləri dəyişməsəniz sonra çoox gec ola bilər.
-Nə? nə danışırsan? Səni başa düşə bilmirəm.
-Sizin qızınız çox əzab çəkir. Və bu əzabın səbəbkarı sizsiniz. Siz onun həyatını, ümidlərini, arzularını,xəyallarını məhv edirsiniz. Siz onun gələcəyini məhv edirsiniz.
-Sən nə danışırsan? Sən kimsən?
-Mən desəm ki, bir pəriyəm. yəqin ki mənə inanmazsınız. Ona görə də özümü təqdim etməyin mənası yoxdur. Sadəcə onu demək istəyirəm ki,qızınız hər gün ağlayır. O çox əzab çəkir. O sevgisizlikdən yorulub. O sizin ailənizdəki laqeydsizliyinizdən yorulub. Sizin onun ümidlərini məhv etməyinizə heç bir haqqınız yoxdur.
-Ay qız, sən nə danışırsan? Sən mənim qızımı hardan tanıyırsan? Bunları sənə o deyib?
-Yox. O, mənə heç nə deməyib. O, məni tanımır.Onun heç nədən xəbəri yoxdur. Sizin ailənizdəki davranışlarınız onu çox məyus edir. O çox həssas qızdır. Sizə əhəmiyyətsiz görünən məsələlər onun qəlbində və yaddaşında silinməz iz qoyur. Sizin nifrətlə işlətdiyiniz hər bir söz, baxdığınız hər nifrət və qəzəb dolu baxışlar onun bir ümidini öldürür. Siz onun həyatını məhv edirsiniz. Siz onun içindəki şahzadənin və “mehriban ailə”nin məhv olmasına səbəb olursunuz. O artıq heç nəyə inanmır.
-Mən səni başa düşə bilmirəm. axı sən onu tanımırsansa bunları hardan bilirsən?
-Əminəm bu barədə düşünmək üçün çox vaxtınız olacaq. Xahiş edirəm, onun qəlbindəki sevgini öldürməyin. O hələ çox gəncdir. Onun xəyal dünyasını bu qədər öldürməyin. Mənim kim olduğum o qədər önəmli deyil. əsas odur ki, gec olmadan qızınızın ümidlərini ona geri qaytarın. Bilirəm, indi siz məni anlamağa çalışırsınız. Və heç nə anlaya bilmirsiniz. Ama bir azdan hər şey sizə aydın olacaq. Bu gün işdə boş vaxtınız olanda bu barədə düşünün. Öz ailəniz barədə düşünün. Hə bir də...-Sevgi pərisi əlində bürüşdürdüyü kağız parçasını Həsən kişiyə uzatdı.-Bunu sizin qızınız yazıb. Oxuyun onu. Inanıram ki, bu sizə nəyisə deyəcək...
Həsən kağızı əlinə aldı. Açıb oxumaq istədi. ama avtobus gəlmişdi deyə çevrilib avtobusun nömrəsinə baxdı. Tərəddüd içində getsinmi yoxsa qalıb bu qızdan nə demək istədiyini soruşsunmu deyə bir anlıq çaşqın halda dayandı. Sonra yenidən çevriləndə o qızı görmədi. təəccüblə ətrafına baxdı. Qız bircə saniyənin içində qeyb olmuşdu. Həsən əlindəki kağızı paltosunun cibinə qoyub,cəld avtobusa mindi.
Həsən kişi 16 il idi ki evli idi. Sevərək evlənmişdi. Rayonda qonşu qızını görmüş,ona vurulmuşdu. Elçi göndərib onunla evlənmişdi. Təyinatla Bakıya işləməyə gəlmişdi. O vaxtdandır Bakıda Müəssisələrin birində işləyirdi. Əvvəllər hər şey çox yaxşı idi. Ancaq zaman keçdikcə davalar, yalanlar, qəlbi qıran sözlər yavaş-yavaş bu ailənin sevgisini tükətdi. Həsənin ilk uşağı dünyaya gələndə o necə də sevinirdi. Onun adını
da özü qoymuşdu:Nərmin. Nərmin onun həyat sevinci, gözünün işığı idi. Indi isə o qızından necə də uzaq idi.
Həsən fikirli halda iş masasının arxasında əyləşmişdi. Hələ də bu gün səhər dayanacaqda qarşısında dayanan və birdən qeyb olan qızın dediklərini beynində təhlil etməyə çalışırdı. Birdən yadına avtobusa minməmişdən əvvəl tələsik paltosunun cibinə qoyduğu kağızı xatrladı. Cəld ayağa qalxıb asılqandan asılan paltosunun cibini axtardı. əlini salıb kağızı çıxartdı. Bürüşmüş kağızı ehmalca açdı. Eynəyini taxıb diqqətlə oxumağa başladı. Kağızda 3 bənddən ibarət bir şer yazılmışdı:
Nə qədər uzağıq bir-birimizdən
Illərin nifrəti toplandı ürəyimizdə
Ya sakitlik olacaq sevgisiz baxışlarda
Ya da tikanlı sözlərlə yenə qəlb qırılacaq
Nifrət ancaq hökm etdi bizim ailəmizə
Sevgi çoxdan küsüb getmişdi evimizdən
Bizi birləşdirən qalmamışdı heç nə
3 nəfər yad insan bir ev daxilində
Hisslər,duyğular məhv olmuşdu ürəklərdə
Sevgisizliyin təzminatını kim ödəyəcək?
Biz bir ailəyik,hamı bizi belə bilir.
Əslində hərəmiz bir otaqda...Bax bu dəhşət idi!
Həsənin baxışları kağızda yazılan sətirlərdə dondu. Beynində bir səs səslənirdi: “Bunu sizin qızınız yazıb.” Həsən düşünürdü. Beynində müxtəlif suallar dolaşırdı. Axı harda səhv buraxmışdı? Niyə onun qızı bu qədər pessimistik bir şer yazmışdı. Nərmin sakit təbiətli, tərbiyəli bir qız idi. O heç vaxt atasına, ailəsinə qarşı artıq-əskik bir hərəkət etməmişdi. Həsən heç vaxt ağlına belə gətirməzdi ki, Nərmin belə düşünə bilər. Demək ki, hər şeyi qəlbində gizli saxlayırmış. Göz yaşlarını qəlbinə axıdırmış. Həsən peşman olmuşdu. 16 illik ailə həyatını film kimi səhifə-səhifə xatırladı. Indi anladı. Düz 8 ildir ki, o qızı ilə heç oturub əməlli başlı söhbət etməyib. Sadəcə onun məktəb qiymətləri ilə maraqlanıb. Onun məktəb həyatındakı uğurlara şahid olub. Müəllimlərin Nərmini necə ağıllı və çalışqan şagird olduğunu eşidib. Qızının daxilən necə tənha olduğunu və əzab çəkdiyini hiss etməyib. “axı mən yaxşı atayam”-deyə düşünürdü həmişə. “Heç vaxt qızımın üstünə qışqırmamışam. Heç vaxt evdə dava salmamışam. O nə istəyib, onu da etmişəm. bəs niyə mənim qızım belə bir şer yazıb?” həsən bu haqda çox düşündü. Çox götür-qoy etdi. Əvvəl qızını qınadı. Onu naşükür adlandırdı. Ancaq sonradan anladı. Doğrudan da son illər ərzində Nərmin çox sakit və qayğılı olmuşdu. Atasına gülümsəsə də, gözlərindəki kədər və sevgisizlik sezilirdi. “Görəsən, daha nələr yazıb?”-Həsən düşündü. Öz hərəkətlərini təhlil etməyə başladı. Düzdür, o, heç vaxt bir kobudluq etməmişdi. Arada bir davalar olurdu. Ancaq elə də şiddətli deyildi. Bəs nə idi Nərmini belə məyus edən? Həsən indi anladı. O, neçə illər idi ki, ailəsilə söhbət etmirdi. Işdən gələn kimi yeməyini yeyər və sakitcə kresloda əyləşib televizora baxardı. Və evi dərin bir sükut bürüyərdi. Nərminin anası günün çox hissəsini mətbəxdə keçirər, Nərmin isə otağına çəkilib dərslərini hazırlayardı. Neçə illər idi ki, bu belə idi. Evdə heç bir söhbət, ünsiyyət olmazdı. Bu evin mühiti Nərminə də təsir etmişdi. O, təbiətən özünəqapalı, melonxolik bir qız idi. Sakit idi deyə heç kim onun nələr hiss etdiyini, nə düşündüyünü bilmirdi. Həsən başını əlləri arasında gizlətdi. Gözlərini yumdu. Düşündü. Düşündü və yenə də düşündü. O, artıq neçə il idi ki, öz xanımı ilə də danışmırdı. Niyə bu qədər özgələşmişdilər? Niyə bu qədər yad olmuşdular? Axı onların yaxşı günləri də olmuşdu. Bəs nə zaman və niyə bu hala gəlmişdilər? Bəlkə doğrudan da, bütün bunların səbəbkarı Həsən elə özü idi. Öz ailəsində yadlaşmanı elə özü yaratmışdı. Həsən düşündükcə, çıxış yolunu axtardıqca öz səhvlərini dərk etməyə başlayırdı. Vaxt idi. Ziyanın yarısından da dönmək xeyirdir. Həsən öz ailəsini geri qazanmalı idi. Elə bu gün evə gedəndə qızını qucaqlayıb onu necə çox sevdiyini deyəcək. Onunla söhbət edəcək. Həyat yoldaşını çağırıb onunla əvvəlki münasibətlərini bərpa edəcək. Axı bu gözəl dünyada sevgi adlanan məfhum varsa, nifrətlə yaşamaq nəyə lazım....
Nərmin qapının arxasında dayanmış,üzündə təbəssüm vardı. Nəhayət ki, uzun illərdən sonra atası ona gülümsəmişdi. Onun təbəssümü Nərminin ölən ümidlərini yenidən diriltmişdi. Indi onun atası ilə anası bir yerdə oturmuş söhbət edirdilər. Nərminə yəqin ki, bundan gözəl hədiyyə ola bilməzdi. O pəncərəyə yaxınlaşıb üzünü göyə tutdu. Ürəyində Allahı ilə danışdı.
“Çox sağ ol, Allahım. Nəhayət ki, sən mənim göz yaşlarımı gördün və arzularımı eşitdin. Mən səni və həyatı çox sevirəm...”
***
Nərgiz çox gözəl,eyni zamanda çox ağıllı qız idi. Açıq restoranların birində oturmuş, rəfiqəsini gözləyirdi. bir azdan rəfiqəsi gələcək və onlar bir yerdə mağazaları gəzib alış-veriş edəcəkdilər. Nərgiz universiteti yenicə bitirmişdi. Bitirdikdən sonra atası onu iş yoldaşının oğlu ilə nişanlamışdı. Onlar tanınmış adlı-sanlı ailədən idilər. Nərgiz barmağındakı nişan üzüyünə baxdı. Brilliant qaşlarla bəzədilmiş, yüksək karatlı qızıl bir üzük. Yəqin çox qız bu üzüyü barmağnda daşımaq istərdi. Ancaq nədənsə Nərgiz bu üzüyə baxarkən üzü gülmürdü. əksinə onun çöhrəsində məyus ifadə yaranırdı. O nişanlısını sevmirdi. Ama onunla nişanlı idi. Və bir aydan sonra onlar evlənəcəkdilər. Görəsən niyə Nərgiz istəməsə də bu evliliyə razı olmuşdu?birincisi, oğlan çox yaraşıqlı və imkanlı ziyalı bir ailədən idi. O bankda işləyirdi. və öz şəxsi maşını vardı. Ikincisi, o atasının iş yoldaşının oğlu idi. Üçüncüsü, Nərgizin ailəsi bu evliliyi hər şeydən çox istəyirdi. çünki hər iki ailə bir-birini yaxşı tanıyırdı. Ama əsas bir şey vardı. Bu iki gənc bir-birilərini sevmirdilər. Onlar valideynlərinə qarşı çıxmamaq üçün bu nişana razı olmuşdular. Ancaq oğlanın da qızın da sevdiyi vardı.
Nərgiz onun qarşısında kiminsə oturduğunu hiss etdi. Rəfiqəsinin gəldiyini zənn edərək gülümsəyərək başını qaldırdı. Ancaq qarşısında başqa birisinin oturduğunu görüb təəccübləndi. Bu balaca şirin bir qız uşağı idi. Nərgiz özünü qəribə hiss etdi. Bir anlıq baxışları qızın sehrli gözlərində donub qaldı.
-Sən kimsən?-Nərgiz qeyri-ixtiyarı soruşdu.
-Bilirəm ki, rəfiqəni gözləyirsən. ama indi o yolda tıxacda qalıb. Bir azdan gələcək. Istərdim o gələnə kimi səninlə bir az söhbət edim.
-Nə barədə?
-Sənan barədə.
-Nə?-elə bil Nərgizin bədənindən cərəyan keçdi.-Sənan?-Nərgizin bir anlıq gözləri doldu.-Sən kimsən? Sənanı hardan tanıyırsan?
-Mənim kim olmağım o qədər də önəmli deyil. Həm desəm də mənə inanmayacaqsan. Ona görə də sözə kəsə yoldan başlayıram. Sənə demək istəyirəm ki, sən böyük bir səhv iş görürsən. sən evlənməməlisən. yəni indi nişanlı olduğun oğlanla evlənməməlisən. çünki sən onu sevmirsən. heç o da səni sevmir. Siz bir-biriniz sevmirsiniz. Bəs onda niyə evlənirsiniz?
-Axı sən kimsən ki, mənim işlərimə qarışırsan? Səni Sənan göndərib?
-Yox. Məni heç kim göndərməyib. Sənan indi hərbi xidmətdədir. Kişi kimi vətənin keşiyindədir. Və səni düşünür. sən də onu düşünürsən.
-Yalan deyirsən. mən indi nişanlımdan başqa heç kimi düşünmürəm. bu nədir? Evlənməməyim üçün təxribatdır?
-Bəs onda niyə onun verdiyi gülü hələ də şkafında paltarlarının arasında gizlicə saxlayırsan? Niyə hər gecə gözlərini yumanda onunla keçirdiyin xoş xatirələri anırsan?
-Sən...Sən bunları hardan bilirsən?-Nərgizin həyəcandan dili topuq vurdu.-Sən kimsən? Falçısan? Cadugərsən?
-Yox. Mən nə falçıyam, nə də cadugər. Mən sevgi pərisiyəm. və bütün sevgilərdən xəbərdaram. Mənim hər şeydən xəbərim var. Sən onu sevirsən. Sənanı-sənin tələbəlik sevgini. Sənan çox yaxşı oğlandır. Sizi gözəl bir gələcək gözləyir. Ancaq sən onu gözləmək istəmirsən. sən varlı və rahat həyatı sevgiyə üstün tutrsan. Deməli, sən Sənanı sevməmisən. onunla sadəcə vaxt keçirmisən.
-Yalan deyirsən. mən Sənanı canımdan çox sevirəm.
-Bax..Gördün? özün etiraf etdin. Sən onu sevirsən. ancaq indiki evlilik sənə ən optimal çıxış yolu kimi görünür. Bir anlıq gözlərini yum. Və 10 il, 20 ildən sonra özünü kimin yanında təsəvvür edirsən? indiki nişanlınla yoxsa Sənanla?
Nərgiz çarəsiz adamlar kimi yazıq-yazıq sevgi pərisinə baxdı.
-Ola bilsin ki, sənin nişanlın yaxşı insandır. Ancaq o səni sevmir. O da gözlərini yumanda xəyalında başqa qızı canlandırır. Mənə inan. Mən insanların qəlbini görürəm. ola bilsin ki, siz evlənəcəksiniz. Kənardan ideal bir ailə kimi görünəcəksiniz. Ancaq daxildə çox əzab çəkəcəksən. gözün həmişə onu axtaracaq. “Görəsən,indi o, neyləyir? Hardadır?” düşüncəsiylə keçəcək ömrün. Niyə bunu edirsən? halbuki bir az gözləsən, sevdiyin insan hərbi xidmətdən gəlsə, iş tapsa, ondan sonra evlənsəniz olmazmı? Niyə evlənməyə bu qədər tələsirsən? 2 ildən sonra boşanmaq üçün? Sən axı onu sevmirsən...
-Sənin dediklərində həqiqət var. Ancaq başa düşə bilmirəm. niyə bütün bunları mənə deyirsən? axı sən kimsən?
-Mən? Dedim axı...Sevgi pərisi. Mən razı ola bilmərəm ki, gözümün qabağında bir sevgi beləcə məhv olsun. Düşün. Sonra gec ola bilər. Özünü sevgisizliyə məhkum etmə. Sevgin uğrunda mübarizə apar. Icazə vermə qəlbindəki sevgi məhv olsun.
-Nərgiz...
Nərgiz geri çevrildi. Bu onun rəfiqəsi idi.
-Bağışla, çox gözlətmədim ki? Tıxac var idi.
-Yox.-Nərgiz ayağa qalxıb rəfiqəsilə görüşdü.-Burda bir qızla söhbət edirdim.
-Hansı qızla?
-Burdakı...-Nərgiz əli ilə masadakı boş stulu göstərdi. Stulun boş olduğunu görcək, təəccüblə və həyəcanla ətrafına baxdı.-Hara getdi o qız?
-Hansı qız? Mən heç kimi görmürəm.
-O burda idi.-Nərgiz nə qədər baxdısa o qızı görə bilmədi. sonra beynində onun səsi səsləndi: “Mən sevgi pərisiyəm” ancaq bir pəri birdən-birə belə qeyb ola bilərdi. Nərgiz yaşadıqlarından şoka düşmüşdü. Həqiqətənmi onunla danışan adicə insan deyil, bir pəri idi? Axı insan olsa belə, bu qədər şeyi hardan bilirdi? Nərgizin düşüncələrini necə oxuya bilirdi? Onun qəlbini necə görə bilirdi?
-Hə. Nə olub? Getmirik şoppinqə?-Nərgizin rəfiqəsi gülümsədi.
-Məni bağışla, ama mən indi Orxana zəng vurmaq istəyirəm.
Nərgiz telefonunu əlinə alıb, Orxana zəng vurdu.
-Alo-Orxanın qalın, soyuq səsi eşidildi.
-Alo,Orxan. Salam...
-Salam.
-Mən səninlə danışmaq istəyirəm.
-Nə barədə?
-İkimiz barədə. Məncə biz evlənməməliyik...
Sevgi pərisi bir sevgini daha xilas etdiyi üçün sevinirdi....
***
Dərs qurtarmışdı. Aysu universitetin həyətindəki skamyada təkbaşına oturmuşdu. Birdən yanında kiminsə oturduğunu hiss etdi. Çevrilib yanında əyləşənə baxmasa da bunun sevgi pərisi olduğunu sezdi.
-Necəsən?-sevgi pərisi dilləndi.
-Belə də...-Aysu dərindən ah çəkdi.
-Özünü necə hiss edirsən?
-Bərbad.-Aysu yorğun halda cavab verdi.-Sənin sevgi tilsimin mənə çox əzab verir. Artıq hiss edirəm ki, dərslərdə fikrim ancaq onun yanında olur. Artıq onunla birlikdə olacağamız dərsləri səbirsizliklə gözləyirəm. onunla danışmaq üçün bəhanələr axtarmağa başlamışam. Bu gün tənəffüsdə ona yaxınlaşdım. Onunla elə belə danışmaq üçün ona “Dərsi oxuya bildin? Çox çətin idi.” Dedim. “Mənə bəzi yerlərini başa sala bilərsən?” dedim. “Hə” dedi. Və hövsələ ilə mənə izah verməyə başladı. əslində o dərsi ondan yaxşı bilirdim. Ancaq onunla daha yaxın olmaq üçün bəhanə gətirdim. Get-gedə özümü tanıya bilmirəm. artıq onunla daha çox ünsiyyətdə oluram. Onu yaxından tanıdıqca onu daha çox sevməyə başlayıram. Sən demə bizim bir çox xüsusiyyətlərimiz eyni imiş. Ama biirəm ki, bu sadəcə tilsimdir. Və səbirsizliklə gözləyirəm ki, sən o tilsimi pozan məlhəmi gətirəsən.
-Mən də elə bunun üstündə işləyirəm.
-Məgər siz pərilər üçün hər şey asan olmurmu? əgər pərisənsə niyə bir göz qırpımında bunu etmirsən?
-Mən pəri olsam da, baş pərinin əmrlərinə itaət etməliyəm. bir azca da səbr et.
-Səbr et deyə-deyə artıq 3 həftə keçib.
-Mən neyləyim axı? Heç bilmirsən o məlhəmi əldə etmək üçün nə qədər əzab çəkirəm. heç bilirsən dünyada sevgidən məhrum nə qədər insan var? 1000 nəfərə sevginin nə demək olduğunu izah etmək, onları səhv yoldan döndərmək asanddır? Hər birinə əsl sevginin nə olduğunu başa salınca yoruluram. Həm bunları bir pəri kimi deyil, bir insan kimi edirəm. bütün gücüm tükənir. Ama ən azından sevgini insanlarda yaşatmağa çalışıram. O qədər sevgisiz insanlar arasında 1000 nəfərə sevgi hisslərini qaytarmaq dənizdə bir damla kimidir. Ama ən azıdan az da olsa sevgini yaşatmağa çalışıram. Bütün var gücümlə tapşırığın öhdəsindən gəlməyə çalışıram. Sənsə burda oturub sevgidən şikayətlənirsən.
-Axı bilirəm ki, bu sevgi deyil, bu sadəcə tilsimdir. Tilsim pozulandan sonra hər şey əvvəlki kimi olacaq. Elə deyilmi?
-Hə. ona əmin ola bilərsən. ancaq bir tapşırıq daha qalıb. Onun da öhdəsindən gəlsəm, baş pəri həmin məlhəmi mənə verəcək. Mən də sənə verəcəm. sadəcə zaman..
-Neyləyək? Gözləyək də...Başqa çarəmiz nədir ki?
Hər ikisi yorğun halda skamyada əyləşmişdi. Biri cismən, digəri isə ruhən yorulmuşdu. Bir pəri idi, digəri bir insan. Onlar müxtəlif idilər. Ancaq onları bir şey birləşdirirdi:Sevgi tilsimi.
***
-Hə. sevgi pərisi. Sənin axırıncı tapşırığın qaldı.
-Hazıram,baş pəri.
-Bu dəfə tapşırıq daha çətindir.
-Mən artıq çətinliyə öyrəşmişəm.-sevgi pərisi özündən razı halda gözlərini süzdürdü.-Düzdür, insanlarla mənə çətindir. Ama maraqlıdır. Mən onları çox sevirəm. axı mən sevgi pərisiyəm.-sevgi pərisi gülümsədi.
-Hə. 3-cü tapşırığın bundan ibarətdir ki, insanların göz yaşlarını yığıb gətirəcəksən.
-Nəəə? Mən bunu necə edə bilərəm?
-Əsl çətinlik bu deyil. Əsas budur ki, bu göz yaşları kədər-qəm göz yaşları deyil, sevinc və sevgi göz yaşları olmalıdır.
-Bəs mən necə biləcəm ki, bu göz yaşları sevinc yoxsa kədər yaşlarıdır? Axı göz yaşı pərisi var. Və bizim elə pərilərlə heç bir əlaqəmiz yoxdur. Axı nəyə lazım göz yaşları? Biz ki sevgi, xöşbəxtlik, sevinc, sədaqət, dostluq pəriləriyik.
-Axı mən sənə dedim, bu göz yaşları sevinc və sevgidən doğan göz yaşları olacaq. Və bir də...Kənanın da göz yaşları lazımdır mənə.
-Nə? bəs onu necə ağladacam? Axı mən onu yaxşı tanımıram. Bilmirəm onu nə sevincdən ağlada bilər? Işinizə qarışmaq kimi olmasın ama, sizcə də bu tapşırıq çətin deyilmi?
-Oxu mən səhv atmamışam. Sən atmısan.
-Bilirəm-sevgi pərisi küsən uşaqlar kimi üzünü turşutdu.-Yaxşı. Neyləyək...Ən azından bir təsəllim var ki, bu axırıncı tapşırıqdır. Aydaaa-sevgi pərisi barmağını dişlədi.-Hələ bundan sonra məni cəza da gözləyir!!! Əgər tapşırıqlar belədirsə, gör cəza necə ağır olacaq...Axı kim mənə deyirdi ki, o oxu atasan. Bundan sonra bir də sevgi oxlarını elə insan izdihamı içində atmayacam.-sevgi pərisi öz-özünə deyinə-deyinə baş pərinin məkanından uzaqlaşdı.
Baş pəri dodağının altında güldü...
***
Nəzakət adəti üzrə işdən gələn kimi heç yemək yemədən anasının çarpayısını dəyişmək üçün otağa keçdi.
-Necəsən,ana?
-Yaxşıyam.-Kəmalə xala yalan danışdı. Bütün gün ağrıdan inildəyirdi.ancaq qızını narahat etməmək üçün heç nə demədi. kəmalə artıq 4 il idi ki, yataq xəstəsi idi. Ayaqları tərpənmək funksiyasını çoxdan itirmişdi. Həm də bərk ağrı verirdi. Kəmaləyə qızı Nəzakətdən başqa heç kim baxmırdı. Aman-zaman iki uşağı vardı Kəmalə xalanın. Oğlu həbsdə idi. Qızının isə taleyi özünün taleyi kimi yaxşı gətirməmişdi. Nəzakətin əri bir zamanlar Rusiyaya işləmək adı ilə getmişdi. Orada özünün biznesi qurduqdan sonra və özünə rus “xanımı” tapandan sonra bəhanə ilə uşaqlarını da Rusiyaya aparmışdı. Nəzakətin 2 uşağı vardı: qızı Məlahət, oğlu Kamran. Nəzakət uşaqlarını çox əzab əziyyətlə böyütmüşdü. Özü çamaşırxanada işləyirdi. Əri Fikrət Rusiyada olarkən çox çətin günlər yaşamışdı Nəzakət. Ancaq çalışıb-vuruşaraq iki övladını böyüdüb, boya-başa çatdırmışdı. Nəzakət övlad dəlisi idi. Uşaqlarını canından çox sevirdi. Onlarla nəfəs alır, onlarla yaşayırdı. Nəzakət bütün ağır və keşməkeşli həyata uşaqlarına görə dözmüşdü. Ancaq o hardan biləydi ki, bir gün əri adlandırdığı adam onun uşaqlarını “müvəqqəti aparıram” adıyla birdəfəlik Rusiyaya aparacaq. Fikrət yayda uşaqları “istirahətə aparıram” bəhanəsiylə apardı və o zamandan sonra bir xəbər çıxmadı. Nəzakət çox ah-fəğan qopardı. Çox yerlərə müraciət etdi. Çoxu qınadı onu. Çoxu onun ərini günahlandırdı. Ancaq heç kim Nəzakətin acısını onun qədər hiss edə bilmədi. Nəzakət mübarizəsinin əbəs olduğunu görüb, əlini hər şeydən üzüb oturdu. Onun üçün artıq fərqi yox idi, Avqust ayından sonra hansı ay gəlir. Onun üçün fərqi yox idi, o indi hansı ildə yaşayır, hansı fəsildir indi... O, həyatdan küsmüşdü. O insanlardan küsmüşdü. Artıq 8 il idi ki,o hər gecə uşaqlarının şəklinə baxıb ağlamaqdan yorulmurdu. O, hər zəng olanda telefona “bəlkə onlardır” ümidiylə qaçmaqdan yorulmamışdı. Bu həyatda Nəzakətin bəxti elə də gətirməmişdi. Və onun bircə ümidi qalmışdı. Sadəcə bir ümid: Bəlkə o biri həyatda o övladlarını görə bildi.
-İndi yemək hazırlayaram-Nəzakət yorğun səslə dilləndi.
-Elə də ac deyiləm.-Kəmalədən xırıltılı səs çıxdı.
-Yox. Istəməsən də yeməlisən. yoxsa lap taqətdən düşərsən.-Nəzakət asta addımlarla mətbəxə keçdi. Mətbəxin həyətə baxan iri pəncərəsi vardı. Nəzakət artıq neçə il idi ki, bu pəncərədən həyətə baxmırdı. Ümumiyyətlə o heç nəyə baxmırdı. Nə payızda ağaclardan düşən xəzanlara , nə də qışda yağan qara. Ancaq bu dəfə o baxmalı olacaqdı. Nəzakət səhər tezdən bişirib hazır qoyduğu yemək qazanın qazın üstünə qoydu.
-Ana! Ana!-bir qız səsi eşidildi həyətdən.
Nəzakət dik atıldı. Bütün ruhu lərzəyə gəldi. Qulaqlarına inanmadı. Axı o, çox belə halla rastlaşmışdı. O çox vaxt elə zənn edirdi ki, kimsə onu çağırır. və çox vaxt bu səs onun uşaqlarının səsi olur. Nəzakət tərpənmirdi. Xülya olsa belə bu səsi eşitmək istəyirdi. gözlərini bir nöqtəyə dikmişdi.
-Ana! Ana!-bu dəfə bir oğlanın səsi eşidildi. Nəzakət bu dəfə daha çox həyəcanlandı. Yox bu dəfə xülya deyildi. Bu həqiqət idi. Səslər çox yaxından gəlirdi. Nəzakət artıq neçə illərdir silinməməkdən paslanmış pəncərəni əli ilə cəld silib həyətə baxdı. Gördüyü mənzərə qarşısında göz bəbəkləri iriləşdi.
-Məlahəəəttt!!! Kamraaaannnn!!!-Nəzakətdən elə bir fəryad qopdu ki...Bütün var gücüylə qaçıb həyətə çıxdı. Onlar burda idi. Qarşısında dayanmışdılar. Onlar burda idi. Nəzakət xəyal görmürdü. Bu həqiqət idi. Nəzakət bir anlıq heykəl kimi donub yerində qaldı. Sonra uşaqlarının üstünə qaçdı. Qollarını açıb ikisini də qollarının arasına aldı. Ana-bala bərk-bərk qucaqlaşdılar. Hər üçü də ağlayırdı. Dayanmadan ağlayırdılar. Balaca uşaqlar kimi ağlayırdılar. Ancaq bu göz yaşları sevinc göz yaşları idi. Bu göz yaşları 8 illik həsrətdən sonra qovuşmağın sevinci idi. Nəzakət durmadan qızının, oğlunun yanağından, alnından öpür, balalarından doya bilmirdi. Onları buraxmaq istəmirdi. Sanki buraxsa, bu yuxunun bitəcəyindən qorxurdu. Ancaq bu yuxu deyildi. Bunu Nəzakət həyətdə Fikrəti görəndə anladı. Axı Fikrət heç vaxt bu xəyallara və yuxulara aid deyildi. Nəzakətin üzündə ovuna hücum etməyə hazırlaşmış şirin qəzəbi ifadəsi yarandı. Indi o, hücum çəkməyə və şikarını əli ilə parçalamağa hazır idi. Ancaq o bunu etmədi. o bu hərəkəti etməyəcək qədər müdrik idi.
-Salam,Nəzakət-Fikrət neecə də qocalmışdı. Gözlərinin altı çuxurlaşmışdı. Arıqlayıb, rəngi-ruhu solmuşdu.
-Salam.-Nəzakət qəzəbdən danışa bilmirdi. Qəhər boğazında düyünləşmişdi. Gözlərini Fikrətdən çəkib yenidən uşaqlarına baxdı. Üzündə mehriban təbəssüm yarandı. O heç nə soruşmurdu. Heç nə danışmırdı. Sadəcə övladlarına baxırdı. O sual verməkdən, danışmaqdan, hətta tərpənməkdən də qorxurdu. O bu yuxuya inanmırdı. Göz yaşları sel kimi yanaqlarından süzülürdü....
-Bağışla məni ,Nəzakət. Sənə çox əzab vermişəm. sənə qarşı çox haqsızlıq etmişəm. ancaq Allah çox böyükdür. O da məni cəzalandırdı. Mən xəstəyəm, Nəzakət. Xərçəng xəstəliyi. 3 ay ömrüm qalıb. Rusiyada qala bilməzdim. Ona görə də uşaqlarımızı da gətirib gəldim. Bilirəm ki, bu mümkünsüzdür. Ancaq məni bağışlaya bilərsən? narahat olma, 3 aydan sonra mənim bu cismim artıq bu həyatda olmayacaq. Ancaq istəmirəm ki, o dünyaya bağışlanmayaraq gedim. Nəzakət, məni bağışlayacaqsan?-Fikrət çox peşman görünürdü. o çox dəyişmişdi. Əvvəlki əzazil, qəddar Fikrətdən əsər-əlamət qalmamışdı. O indi fərqli düşündürdü. 3 ay sonra öləcəyini bilmək onu qəflət yuxusundan oyatmışdı. Ona sadiq olan qayğıkeş xanımına qarşı necə rəhmsiz və ədalətsiz olduğunu dərk etmişdi. Görəsən niyə belədir? Niyə insanlar ölüm anında ya da öləcəyəni biləndə hər şeyi dərk etməyə başlayırlar. Niyə sevgi ya da mehribançılıq içində yaşamaq varkən insanlar bir-birilərinə həyatı zəhər edirlər. Axı bu qədər haqsızlığı və qəddarlığı nəyə görə və niyə edirlər? Axı öləndən sonra onlar özləri ilə ancaq etdiyi əməlləri aparırlar. Fikrət də bunu dərk etmişdi. Bir rus qadının eşqinə ailəsini atıb, rus qadının uşağı olmur deyə, uşaqları öz anasından bəhanəylə aldadaraq aparıb illərlə bir qadına, bir anaya zülm vermişdi. Bəs o göz yaşlarının hesabını necə verəcəkdi? Fikrəf çox peşman idi. O, bəlkə də həyatı boyunca qazandığı bütün var dövlətini verməyə hazır idi. Təki onu geriyə qaytarsınlar və o bu səhvi etməmiş olsun. Ancaq çox təəssüf ki, bunun üçün artıq gec idi. 8 il çəkdirdiyi acını 3 ay ərzində unutdurmaq və yaddaşlardan sildirmək mümkün deyildi. Ancaq Nəzakətin cavabı fərqli oldu.
-Hə...-Nəzakətdən boğuq səs çıxdı. O, indi heç bir qəzəb, kin, nifrət hiss etmirdi. O Fikrətə niyə sualını verməyəcəkdi. Bütün bu illər ərzində axıtdığı göz yaşlarının hesabını istəməyəcəkdi. O, bunları düşünəcək qədər cılız deyildi. Onu indi düşündürən bir şey vardı:Uşaqları. O, uşaqlarını bərk-bərk qucaqlamışdı. O, indi sezdi. Payız fəsli idi. Və həyətdə ayağının altında xışıldayan xəzan vardı. Elə bil təbiətə yeni rəng gəlmişdi. Artıq ətraf ağ-qara görünmürdü.O, üzünü göyə tutdu. Və gözləri yaşlı olsa da gülürdü...
***
O, tənha idi. Çox tənha. Hamı onu tərk etmişdi. Ailəsi yanında deyildi. O əzab çəkirdi. O bu həyatda yaşamağı və mübarizə aparmağı bacarmırdı. O pis insan deyildi. Indiyə qədər heç kimə bir zərər yetirməmişdi. Kiminsə qəlbini qırmamışdı. O romantik, xəyalpərəst, özünəqapalı biri idi. O zəif iradəli idi. Onun ən böyük arzusu yazdığı ssenariyə film çəkmək idi. Ancaq bir çox arzuları kimi bu arzu da mümkünsüz bir arzu idi. Çünki onun film çəkmək üçün o qədər də imkanı yox idi. Müəllimlikdən aldığı məvaciblə özünü güclə dolandırırdı. Ancaq o xəyal qurmaqdan yorulmurdu.. O hər gecə çəkmək istədiyi filmi kino lenti kimi xəyalında canlandırırdı. Hətta baş qəhrəmanları, obrazları, səhnələri belə xəyalında yaratmışdı. Filmdən sonra alacağı mükafatı, məşhur olmağı, insanlar tərəfindən sevilməyi, alqış səsləri...Hər şey hər şey artıq xəyallarda baş vermişdi. Onu “Gic romantik” adlandıran insanlar, əsas da onun bu istəyini “səfehlik” adlandıran həyat yoldaşı kənardan dayanaraq ona heyranlıqla baxır və öz əri ilə fəxr edir. Ona inanmadığı və başa düşmədiyi üçün ürəyində peşmançılıq çəkir...
Ancaq bircə iş qalırdı. Bu xəyalları reallaşdırmaq. Ancaq artıq neçə illər idi ki, bu xəyal ancaq xəyal olaraq qalırdı. O yazdığı ssenariləri bir çox yerlərə göndərmişdi. Bəlkə kimsə bəyənər və film çəkər. Onun ən böyük arzusu idi bu. Ancaq heç bir cavab gəlməmişdi. Nə “Hə” cavabı, nə də “Yox” cavabı almamışdı. əvvəlcə hər gün bəlkə bir xəbər alar deyə, həyəcanla mailini yoxlayır, hər qapı döyülüşündə ona cavab gətirəcək poştalyonu gözləyirdi. ancaq nə e-mailə məktub gəlir, nə də qapını poçtalyon döyürdü. Qapını ancaq kommunal xərclərə görə döyürdülər. Hamı artıq onu unutmuşdu...
Zakir əlində tutduğu ipə diqqətlə baxırdı. Ev qaranlıq idi. Hava da qaranlıq idi. Sadəcə stolüstü lampanın zəif işığı vardı...Zakir 12 illik həyat yoldaşının uşaqları götürüb evdən gedərkən dediyi son sözləri xatırladı.
-Bəsdir daha. Mən bacarmıram. Sənin bu xəyalların axırda hamımızın axırına çıxacaq. Xəyallar qarın doyurmur. Pul qazanmaq lazımdır. Sənin tayların qaz vurub-qazan doldurur. Sənsə elə hey yazırsan. Nə vaxt görürəm yazırsan. Millət yazdıqlarından pul qazanır. Sən heç onu da bacarmırsan. Zəifsən sən. Acizsən. nə kişilik, nə də atalıq etməyə layiq deyilsən. mən atamın evinə gedirəm. bir də bu evə qayıtmayacam!!!
Və qapının çırpılışı...Nədənsə bu 12 illik evlilik həyatında Zakir ancaq bu səhnəni xatırlayır. Onu unuda bilmir. Bəlkə heç əzəldən evlənməyəydi. Bəlkə günah arvadındadır. Onu başa düşə bilmir. Bəlkə günah özündədir. Sadəcə yaşamağı bacarmır. Axı həyat yaşamağı bacaranlar üçündür. Zakir isə bacarmırdı. Ona görə də bu gün o bir qərar vermişdi. İntihar! O elə bu gün bu əzablara son qoyacaqdı. Əlində tutduğu qalın ipə baxırdı. Barmaqları arasında bərk-bərk sıxmışdı. Düşündü: “Ən yaxşısı elə budur. Heç kimdə günah yoxdur. Mən yaşamağı bacarmadım. Mən xəyallarımı gerçəkləşdirə bilmədim. Mən zəmanə insanı deyiləm. bu həyat mənə çox ağır gəlir. O mənim bütün ümidlərimi, arzularımı əlimdən aldı. Vaxtdır!”
Zakir stul qoyub, stulun üstünə çıxdı. əlində ipi dar qaz turbasına bağladı. əli ilə dartıb, ipin möhkəmliyini yoxladı. Ip möhkəm bağlanmışdı. Zakir beyni dumanlı turbadan asılan ipə baxırdı. Hər şey bura qədərmiş. Zakir tərəddüd edirdi. Axı həyat çox şirin idi. Onun arzularını əlindən alsa da çox gözəl idi. O, həyatı, insanları, təbiəti çox sevirdi. Ancaq həyat onu sevmirdi.
-Bağışla,Allahım. Bilirəm ki, intihar günahdır. Ancaq başqa çarəm yoxdur.
Zakir başını ipdən keçirdi.əlləri ilə ipi möhkəm tutdu. Qorxurdu. əlləri əsirdi. 37 illik həyatı bir anın içində film kimi gözlərinin önündən gəlib keçdi. Məktəb illəri, universitet illəri, kənddə işləmək arzusu ilə ucqar rayona getmək arzusu...Məşhur yazıçı olmaq arzusu...Xəyallarındakı şahzadəyə rast gəlmək arzusu...NƏ çox arzusu varmış. Ama o, nə ucqar kəndə getdi. Nə yazıçı oldu. nə də şahzadəsinə rast gəldi. Evin tək oğlu olduğuna görə valideynləri onu şəhərdən kənara buraxmadı. Elə valideynlərinin tapdığı qızla da evləndi. O həmişə başqalarının arzularını gerçəkləşdirdi. Öz arzularını isə heç vaxt reallaşdıra bilmədi. o,ilk şagirdlərini xatırladı. Necə də çox sevirdi onları. Ilk dərsə girişini. Ilk həyəcanı. Ilk yazdığı məqalənı. Ilk aldığı maaşı. Ilk aldığı maaşla aldığı kitabı. O indi dərk etdi. Onun nə qədər çox arzuları varmış. Bu qədər çox arzular bir ürəyə necə yerləşirmiş. Bəlkə də çox xəyalpərəst olmağı idi onun bədbəxtçiliyi. Kaş ki bir az realist olardı. Həyatın qanunları ilə yaşamağı bacarardı. Ancaq bu onun təbiəti idi. O heç vaxt Allaha üsyan etməzdi. O Allahını da çox sevirdi. O indi son qoyacağı həyatı da çox sevirdi. O, belə ölümü də arzulamırdı. O, arzulayırdı ki, ölümünün belə kiməsə xeyri olsun. Kiminsə həyatını xilas edəndə ölsün. Onun çox arzuları vardı. Çoxu da reallaşmamış arzular. Və indi o bu arzusunun da süqutu ilə qarşı-qarşıya idi...
Zakir ayağının altında dayanan stulu kənara itələməli idi. Ancaq Zakir heykəl kimi dayanmışdı. Ürəyində Allahdan bir möcüzə istəyirdi. axı o, çox nikbin bir insan idi. O, inanmırdı ki, insan taleyi belə bir sonluqla bitə bilər. Sonra Zakir ürəyində öz-özü ilə danışdı.
-Bəlkə elə bu mənim sonumdur. Axı bu həyatda intihar edən minlərcə insan var. Mən də onlardan biri. Görəsən Allah bütün belə sonluqlu insanları sevmir? Görəsən, o mənə də nifrət edir? Yəqin ki, belə imiş...
Zakir dərindən ah çəkdi. Vaxtdır. Zakir son dəfə dərindən nəfəs alıb, gözlərini yumdu.
Qapı döyüldü. Hə. qapı döyüldü. Zakir gözlərini dərhal açdı. Düşündü:
-Bu kim ola bilər ki? Çoxdandır ki, onun bu köhnə taxta qapısını heç kim döymürdü.
Zakir başını ipdən çıxarıb, stuldan aşağı endi. Bir anlıq sevindi ürəyində. Bütün var gücü ilə qapıya doğru irəlilədi. qapını açdı. Qapıda təxminən 20-22 yaşlı xüsusi geyimli, çiynində qovluqları və kağızları daşımaq üçün iri çanta asılmışdı.
-Abbasov Zakir?-oğlan ciddi səslə dilləndi.
-Bəli,Mənəm.-Zakirin həyəcandan ürəyi az qala yerindən çıxacaqdı. Bu “Express” xidmətinin işçisi idi. Zakirin gözləri güldü. O inanmırdı. Ama gülürdü. Onun ürəyində elə bu andaca minlərcə ümid yarandı. O elə zənn edirdi ki,onun ölən ümidləri bir də yenidən dirilə bilməz. ama sən demə yanılırmış. Bu qapıda dayanan uzun,arıq oğlan və onun əlində tutduğu ağ rəngli enli bir zərf onu yenidən həyata qaytardı.
-Bu sizə çatacaq.-oğlan əlindəki zərfi ona verdi.
-Bu nədir?-Zakir diqqətlə zərfin üstünə baxdı.ilk gözünə sataşan zərfin bir küncündə qara iri hərflərlə yazılan bu sözlər oldu:
Dostları ilə paylaş: |