“Kamil” film studiyası.
-Çox sağ olun.-Zakir qapını bağlar-bağlamaz titrəyən əlləri ilə zərfi açmağa çalışdı. Zərfi kənardan ehmalca cırıb içindəki qatlanmış kağızı açdı və oxumağa başladı:
“ Hörmətli,Abbasov Zakir. Sizin bizim studiyaya təqdim etdiyiniz ssenari heyətimiz və baş redaktorumuz tərəfindən çox bəyənilib. Sizin ssenariyə film çəkməyi planlaşdırırıq. Bu məsələ ilə bağlı sizi öz studiyamıza dəvət edirik. Hörmətlə: “Kamil” film studiyasının baş meneceri.Nəbiyev H.”
Zakir yerində donub qalmışdı. Gözləri misralarda dəfələrcə dolaşırdı. Yox. Bu ola bilməz. bu yuxudur yəqin ki. Yəqin ki, bu Zakirin intiharından sonrakı həyatı idi. Allah onun arzularını bu həyatda olmasa da o biri həyatda gerçəkləşdirmişdi. Bəlkə də Zakir ayağının altından stulu çəkib, intihar etmişdi. Və qapını açan da elə onun cismi deyil, ruhu olmuşdu. Bəs o oğlan? Zərfi gətirən o oğlan heç də ruha bənzəmirdi. Yox. Yox. Bu yuxu deyil. Nə də o biri həyat. Bu elə bu həyatda baş verənlərdir. Və bu kağızda yazılanlar onu deyir ki, Zakir nəhayət ki, ən böyük arzusunu reallaşdıra bildi. O, intihar etmədi. onun xəyallar aləmi qalib gəldi. Onun romantikası qələbə çaldı. Zakir ağlamağa başladı. Ağlayırdı. Gülürdü. Ağlayırdı. Uşaqlar kimi hönkür-hönkür ağlayırdı. Titrəyən əlləri ilə Allaha səcdə edərək ağlayırdı:
-Çox sağ ol,Allahım. Sənə minnətdaram. Bilirdim. Bilirdim ki, məni sevirsən. Allahım, bu möcüzədir. Çooooooxxx sağ olllllll!-Zakir ağlayırdı. O çox kövrək insan idi. Adicə televizorda bir uşağın ağladığını görsə, o da uşaq kimi bu uşağa qoşulub onunla birgə ağlayardı. Ancaq indi onun axıtdığı göz yaşları sevinc göz yaşları idi. O sevincindən yerində dayana bilmir və dəlilər kimi otaqda o tərəf-bu tərəfə dolaşırdı. Ağlayırdı. Allahına minnətdarlığını bildirirdi. Hərdən qəhqəhə çəkib gülürdü. Sevinc göz yaşları axırdı...
Kaş ki bütün göz yaşları ancaq sevgidən və sevincdən olsa...
***
Hamı onu “Güldürən adam” deyə çağırırdı. Hər kəs artıq onun əsl adını belə unutmuşdu.
Isgəndər internatda böyümüşdü. Heç vaxt ailəsi haqda heç bir məlumat eşitməmişdi. Bilmirdi valideynləri kimdir? Onu atıblar yoxsa hansı fəlakətdəsə həlak olublar? Qardaşı ya da bacısı varmı? Heç nə bilmirdi. Gözünü dünyaya açanda və dünyanı dərk etməyə başlayandan ətrafında eyni yaşıd uşaqları və müəllimələri görmüşdü. O heç bilmirdi İsgəndər adını ona kim vermişdi? Xatırladığı tək şey -onu bu adla çağırırdılar. Uşaqlıqda ağlayarkən müəllimləri onu belə sakitləşdirirdilər:-Heç bilirsən sənin adın kimin adından götürülüb? Böyük Makedoniyalı hökmdarın adından. Heç hömdar da adi bir şeyə görə ağlayar? Yəqin ondandır ki, o gündən sonra İsgəndərin göz yaşlarını heç kim görmədi. bircə Allahdan başqa...
O tək idi. Bir çox tək uşaqlar kimi. Özünü bu dünyada qəribə hiss edirdi. Çox vaxt ona qayğı göstərən tərbiyəçilərdən “Mən kiməm? Necə olub ki,mən yaranmışam?” sualına belə cavab alırdı: “Sən göydən zənbillə yerə enmisən. Allah səni bizə göndərib” ama İsgəndər böyüdükcə, özünü və ətrafı dərk etməyə başladıqca daha çox,özünün zənbillə yerə endiyinə yox, kiminsə tərəfindən atıldığına inanırdı. 18 yaşına kimi ev bildiyi internatda qalan İsgəndər artıq yeni və müstəqil,eyni zamanda çətin həyata başlamalı oldu. İsgəndər yumoristik bir insan idi. Insanları,xüsusilə də uşaqları güldürməyi yaxşı bacarırdı. Və o bir çox yaşıdlarından fərqli olaraq pis yola qurşanmadı. Restoranlarda , məclislərdə “kloun” kimi “şou” göstərməyə başladı. Bir çox klounlardan fərqli olaraq o səsini eybəcər hala salmırdı. Şit-şit hərəkətlərlə ucuz gülüş yaratmırdı. Onun çox şirin və sevimli siması vardı. Adama yovuşan, suyuşirin bir oğlan idi. Çox mehriban və gülərüz idi. Heç kim onu qəmli ya da qaşqabaqlı görməzdi. Uşaqları çox sevirdi. Əlavə pulu olan kimi onlara konfetdən, şokoladdan nəsə alıb verirdi. Onu ən çox sevindirən şey uşaqarın simasındakı məsum təbəssüm idi. O uşaqları sevindərməyi xoşlayırdı. Heç vaxt uşaqların ağlamağını istəmirdi. Çox vaxt ayrıldığı internata gedər uşaqlara təmənnasız şoular göstərərdi. Onları güldürərdi. əgər bir uşağın üzü gülürdüsə, bir anlıq yetim olduğunu unudub, öz uşaqsı dünyasında sevinirdisə bu İsgəndər üçün əvəzedilməz bir xöşbəxtlik idi. O bacardıqca uşaqları güldürürdü. Çünki istəmirdi uşaqlar ağlasın. Çünki internatda yaşayarkən çox şahid olmuşdu uşaqların göz yaşlarına. Çox gecələr şirin yuxusundan onunla bir otaqda yatan uşaqların -Ana! Ana! Deyə qışqırıb ağlamalarına oyanmışdı. Artıq o illər geri qalmışdı. Gözlərin qapıya dikildiyi, hər laylada anasını xəyallarında təsəvvür etdiyi illər...İndi onun 40 yaşı vardı. Artıq 4-5 yaşlı uşaq deyildi. Ancaq o həyatında həmişə ana qayğısına ehtiyac duyurdu. O sevgini həmişə hiss etməyi arzulayırdı. O tək deyildi. Yaşadığı məhəllənin qonşuları, uşaqlar onu çox sevirdi. Hamı onun yumşaq ürəyinə, səmimiyyətinə, sevgi dolu gözlərinə yaxından bələd idi. Ancaq heç kim bilmirdi ki, o taxta qapılardan düzəldilmiş kiçik daxmasında hər gecə uşaqtək göz yaşları tökür. Hər kəs axşam öz evinə, öz ailəsinə toplaşır. Isti yuvalarında birgə həyat keçirirlər. O isə tək yaşayırdı. Indiyə qədər evlənməmişdi də. Hər axşam soyuq evində gödəkcəsinə qısılaraq otağın bir küncünə qısılardı. Yaxşı ki hərdənbir məhəllənin uşaqları onu yoluxmağa gələr,onun maraqlı söhbətlərinə qulaq asardılar. Isgəndər həyatı sevirdi. Həyat eşqi ilə dolu bir insan idi. Insanları sevirdi. Heç vaxt üzünü görmədiyi ana-atasını sevirdi. Hər gecə gözlərini bəzən ulduzlu bəzən buludlu səmaya tutaraq Allahı ilə söhbət edərdi. Ona yuxularından, arzularından, xəyallarından danışardı. Onun bir istəyi vardı: Kaş ki biləydi kimlərin uşağıdır? Kaş biləydi qardaşı ya da bacısı varmı? Heç olmasa ona doğma ona qohum olan, onunla eyni qanı daşıyan birisi varmı bu həyatda? Yəni həqiqətənmi o kimlərə və hara mənsub olduğunu bilmədən köçəcək bu dünyadan? Axı o heç nə istəmirdi. Nə pul, nə şan-şöhrət . sadəcə ailəsini istəyirdi. az da olsa, yarımçıq da olsa, ailəsi haqda məlumat almaq istəyirdi. bəlkə də sabah ya da birisigün elə bu daxmadaca son nəfəsini verəcəkdi. Axı onun həyatdan heç bir gözləntisi yox idi. Sadəcə ailəsini istəyirdi. əgər bir gün möcüzə baş verib, o valideynləri ilə qarşılassa, onlardan heç nə soruşmayacaq. Onları “Niyə məni atdınız?” deyə ittiham etməyəcək. Onlardan bu illər ərzində axıtdığı göz yaşlarının hesabını soruşmayacaq. Heç nə etməyəcək...Sadəcə onları bərk-bərk qucaqlayacaq. Onları necə çox sevdiyini deyəcək. Onları qucaqlayacaq və yenə də qucaqlayacaq. Həsrətində olduğu anasının atasının qoxusunu içinə çəkəcək. Onun buna o qədər ehtiyacı vardı ki...40 yaşı vardı. Artıq özü valideyn olacaq yaşda idi. Ancaq o həmişə özünü ana-ata qayğısına möhtac uşaq kimi hiss edirdi.
Bu gecə o yenə köhnə parçası çoxdan yırtılmış kreslosunda pencəyinə bürünərək yuxuya getmişdi. O ancaq yuxuda xoşbəxt idi. Çünki ancaq bu zaman o xəyalında canlandırdığı ana atası ilə bir yerdə olurdu. O yuxuda ana dediyi qadını qucaqlayır, onun sinəsinə sığınırdı. O hər gecə bu yuxuları görmək üçün Allaha yalvarırdı. Və bu gecə o yenə həmin yuxunu görürdü. Anası yaşıl ağacların əhatəsində idi. əlində həsir zənbil vardı. Nərdivanı qocaman ağacların birinə dirədi. çıxıb ağacdan meyvə dərəcəkdi. İsgəndər isə kənardan dayanmış anasına baxırdı. Nədənsə bu gözəl səhnədə o qonaq qismində iştirak edirdi. Kənardan anasına baxırdı. Onun necə də mülayım, nurlu siması vardı. Daima gülümsəyirdi.
-İsgəndər! İsgəndər!
Isgəndər sanki bu anı gözləyirmiş kimi bütün qüvvəsi ilə anasına doğru qaçdı. Anası ağacdan dərdiyi meyvəni İsgəndərə uzadaraq mehribancasına gülümsədi:
-Al,İsgəndər. Gör nə gözəl almadır. Al. Bunu sənə dərmişəm.
Isgəndər anasını ona uzatdığı almanı alıb, diqqətlə baxdı. Doğrudan da necə də gözəl alma idi. Iri, qırmızı, lətli bir alma idi.
-Ye oğlum, inşallah hər şey yaxşı olacaq.
-Nəyi nəzərdə tutursan,ana?
-.....
Isgəndər gözlərini açdı. Səhər idi. Bir müddət gözlərini bir nöqtəyə zilləyərək gördüyü yuxunu yozmağa çalışırdı. Çalışdıqca o yuxunun təsirindən çıxmaq istəmirdi. Axı o çox az hallarda ailəsini yuxuda görürdü.
Isgəndər divardakı saata baxdı. əl-üzünü yuduqdan sonra təmiz hava almaq üçün heç yemək yemədən bayıra çıxdı. Ilıq noyabr havası var idi bayırda. Isgəndər gözlərini qıyaraq səmaya baxdı və gülümsədi. bu gülüşlə sanki o Allahı ilə salamlaşır, bu gecə gördüyü yuxuya görə Allaha minnətdarlığını bildirirdi. əlini cibinə salaraq məhlənin tozlu küçəsi ilə addımlamağa başladı. ətraf sakitlik içində idi. İsgəndər hər səhər onunla bir vaxtda oyanan və dükanını açan Səməd kişini gördü.
-Salam,Səməd.
-Oooo,Sabahın xeyir,İsgəndər. Necəsən?
-Yaxşı. Sən necəsən?
-Yaxşıyam.
Hər ikisi də dükana keçdilər.
-Təzə çörəyin var?
-Hə. elə 10 dəqiqə olmaz ki gəlib. Verim?
-Hə.-İsgəndər cibindən 30 qəpik çıxardı.
-Vallah bizim uşaqların dilindən düşmürsən. səni elə çox istəyirlər ki..Hər bazarı səbirsizliklə gözləyirlər. Onlara göstərdiyin şouları elə çox sevirlər ki..
-Hmm...-İsgəndər hələ də gördüyü yuxunun təsirində idi.Əliindəki 30 qəpiyi Səməd kişiyə uzadanda Səməd əli ilə geri itələdi:
-Vallah almaram. Atamın goru üçün almaram. Sən hər bazar bizim uşaqları əyləndirirsən. sənin sayəndə uşaqlar sevinirlər.
-Yox,Səməd. Al! Sən də iş adamısan. Sən də ailə dolandırırsan.-İsgəndər çox məğrur və mərd insan idi. O, indiyə qədər heç kimdən borc almamışdı ya da kiməsə borclu qalmamışdı. Isgəndər əlindəki qəpikləri dükandakı taxta stolun üstünə qoydu. Çıxmaq istəyəndə yenidən geri çevrildi:
-Bilmirsən, yuxuda alma görmək nə deməkdir?
-Yuxuda alma görmüsən?-Səməd heyrət içində gözlərini bərəltdi.
-Hə. Öz də çox qəşəng alma idi.
-Alma görmək çox yaxşıdır. Alma arzu deməkdir. Deməli nə arzulamısansa o, yerinə yetəcək.
-Arzu?-İsgəndər bir anlıq öz içində öz-özünə sual verdi:-Axı mənim nə arzum var ki?
Isgəndər Səməd kişi ilə sağollaşıb daxmasına doğru addımlamağa başladı. Birdən cibindəki telefonu zəif səslə oxumağa başladı. Isgəndər cibindən telefonunu götürüb ekrana baxdı. Zəng edən onun işlədiyi restoranın adminstratoru Emin idi.
-Alo,Emin?
-Alo,Sabahın xeyir,İsgəndər. Necəsən? səni oyatmadım ki?
-Yox. Çoxdan oyanmışam. Nəsə olub?
-Yox, heç nə olmayıb. Sadəcə bu günkü banket təxirə salınıb. Zəng vurdum ki, xəbərin olsun. Bir də əziyyət çəkib gəlməyəsən-hamı İsgəndərin xətrini çox istəyirdi.
-Yaxşı. Gəlmərəm.-İsgəndər bir anlıq məyus olsa da, sonradan bu fürsətdən necə yararlanacağını düşündü. Bəlkə bu gün o çoxdandır getmədiyi Kazım dayısıgilə getsin. Ya da kitab mağazasına baş çəkib oxuduqlarını qaytarsın. Isgəndərin beynində müxtəlif fikirlər dolaşdı. Ancaq nədənsə evinə çatanda qərarı qətiləşdi. Bu gün o heç yerə getməyəcəkdi. Iiçində qəribə bir hiss qaldırmışdı. Sanki bu gün ona kimsə qonaq gələcəkdi. Və o da bu qonağı gözləyirmiş kimi evə qapanmışdı. Səhər yeməyini yedikdən sonra televizoru yandırıb kanalları durmadan çevirərək bir az başını televizorla qatdı. Sonra kişik tumboçkanın rəfindən kağız və karandaşını götürərək şəkil çəkməyə başladı. Heç bilmirdi nə çəkirdi. Ama karandaşı kağız parçasından ayırandan sonra gördü ki iri bir alma şəkli çəkib. Görəsən niyə? birdən səhər Səmədin dediyi sözlər yadına düşdü:”Alma arzu deməkdir. Deməli nə arzulamısansa yerinə yetəcək”... görəsən,İsgəndərin ən böyük arzusu nə idi? Birdən qapı döyüldü. Isgəndər bir anlıq çaşqınlıq içində dayandı. Ürəyi bərk döyünməyə başladı. Axı niyə? axı onun qapısı tez-tez döyülürdü. Məhəllədəki uşaqlar, yaşıdları, qocalar,qonşular...Ama bu dəfə İsgəndər xüsusi həyəcanla qapını açdı. Qarşısında təxminən 37-38 yaşlı bir qadın dayanmışdı.
-Salam.-Qadın nəzakətlə salamlaşdı.
-Salam.-İsgəndər hələ də çaşqın halda qadına baxırdı.
-İsgəndər bəyin evi buradır?
-İsgəndər bəyin evi bura deyil,İsgəndərin evi buradır.
-Hə?-qadının gözlərində sevinc qığılcımı yarandı.
-İçəri keçmək olar?
-Əlbəttə.-İsgəndər utanaraq qadını divarları nəmdən qabarmış, köhnə,nimdaş bir –iki əşyası olan evinə dəvətə etdi. Qadın içəri keçərək gözucu ətrafa nəzər saldı. Sonra üzünü İsgəndərə tutaraq mehribancasına gülümsədi:
-Deməli, İsgəndər sənsən...
-Bəli.
-Mən....Heç bilmirəm sözə necə başlayım....
-İstədiyiniz yerdən başlayın.
-bir bilsəniz,mən sizi tapmaq üçün nə qədər əziyyət çəkmişəm. szi hər yerdən soruşmuşam. Nəhayət sizin adresinizi qaldığınız internatdan öyrənə bilmişəm. deyirlər,siz internata tez-tez gedib,uşaqları əyləndirirsiniz. Və ordan mənə dedilər sizin ünvanınızı.
Isgəndər təəccüb və maraq içində sakitcə qadına qulaq asırdı. Beynində artıq şübhələr yaranmağa başlamışdı. Görəsən bu qadın onu niyə axtarırmış? Niyə internatdan öyrənib?
-İsgəndər, mən axır ki səni tapdım.-qadını səsi titrədi.-Mən sənin bacınam,İsgəndər. Doğma bacın!
Isgəndər bir anlıq bütün bədəninin donduğunu hiss etdi. Canına isti tər gəldi. Nədənsə nə danışır, nə də bir hərəkət edirdi. Heykəl kimi qarşısında dayanan qadına baxırdı.Bacı? axı necə ola bilər? Hardan? Niyə? Niyə bu qədər il sonra?Necə? isgəndər xəyalında çox canlandırmışdı həmin səhnələri: atası-anası ilə,ya da bacı-qardaşı ilə qarşılaşdığı səhnələri. Qucaqlaşmaları, sarılmları, söhbət etmələri. O söz vermişdi ki, ona doğma olan bir insanı görən kimi onu qucaqlayacaq. Ancaq indi nədənsə heykəl kimi dayanmışdı. O artıq inanmırdı. Inanmır ki onun xəyalları bir gün gerçəkləşə bilər. Axı adı üstündə-XƏYAL idi sadəcə.
-Mən sənin bacınam,İsgəndər.-qadın təkrar etdi.
-Bu vaxta kimi harada idin?-İsgəndər qətiyyən bu sualı vermək istəmirdi.
-İsgəndər, mən sənin haqqında iki ilə yaxındır ki, bilirəm. bu vaxta kimi mənim sənin varlığından xəbərim olmayıb.
-Bəs anam? Atam?
-Bizim atamızla anamız...Yəni səninlə mənim atam bir qəzada həlak olub. Atamızın adı Rasim olub. Yük maşının şoferi işləyibmiş. Bir gün gecə vaxtı yolda yuxu tutub,ona görə də maşını başqa maşınla toqquşub. Və xəstəxanada can verib. Anam isə bu dərdə dözməyərək ürəkdən gedib. Biz yetim qalmışıq. Yəni sənlə mən. sonra bizi internata veriblər. Sənin 2 yaşın olardı. Mənsə 6 aylıq olmuşam. Xalam mən həm qız uşağı olduğuma görə həmdə çox balaca olduğuma görə məni öz himayəsinə götürüb. Sənə isə tez-tez baş çəkib. Sonra xalamın ailəsi Qazaxıstana köçməli olublar. Və əlaqə qırılıb.
-Yalan deyirsən. əgər xalam mənə baş çəksəydi internatın müdirəsi mənə deyərdi.
-Xalam özü tapşırıb ki deməsin.
-Niyə? neçə illərdir özümü göydən zənbillə yerə düşmüş kimi hiss etməyimə görə? Kimə və hara aid olduğumu bilməməyin əzabı ilə sürünməyə görə? Mən heç bilmirəm ki mənim əsl adım nədir?
-İsgəndərdir. Bu sənin öz adındır. 2 il bundan qabaq xalam ağır xəstəliyə tutuldu. Son nəfəsində məni yanına çağırıb bu həqiqətləri mənə dedi. Mən də ona sənin verdiyin sualları verdim. Onu qınadım. Ittiham elədim. Ancaq o yazıq qadın idi. Bizə baxmağa gücü yox idi. Ancaq məni götürüb saxlaya biləcəyini söylədi. düzdür, neçə illərdir o bizi bir-birmizdən ayırdı. Ancaq Allaha çox şükür ki, gec də olsa öz doğma qardaşımı tapdım. Bir bilsən mənə necə çətin idi. Hələ 6 yaşında olanda anladım ki, ana deyə çağırdığım insan mənim xalam imiş. Və 18 yaşım olar-olmaz istəmədiyim bir insana ərə getdim ki, xalamgilə yük olmayım. Ama tale üzümə güldü ki, həyat yoldaşım yaxşı insan çıxdı. Və mən səni tapdım.-Qadın ağlayırdı.
-Sənin adın nədir?-İsgəndərin səsi titrədi.
-Dilarə.
-Bəs anamın?
-Afaq.
-Afaq...
-Bax, məndə onların şəkli də var.-qadın çantasından köhnəlib saralmış bir şəkil çıxardı.-Al.
Isgəndər titrəyən əlləri ilə alıb şəklə baxdı. Gözlərindən yaş sel kimi axmağa başladı.
-Bu odur. Bu odur.
-Kim?
-Yuxuda gördüyüm anam. Mən onu yuxularımda həmişə görürəm. deməli o mənim yuxularıma həmişə gəlibmiş. Deməli yuxularımda gördüyüm o qadın həqiqətən də mənim anammış.
Dilarə artıq hönkür-hönkür ağlayırdı.
-Bacı!!!
-Qardaşım. Canım qardaşım.
Bacı-qardaş qucaqlaşıb doyunca ağladılar...
“Güldürən adam” yenə daxmasında ağlayırdı. Ancaq bu dəfə axan göz yaşları tənhalığın deyil, sevinc göz yaşları idi. O artıq həyatda özünü tapmışdı. O,artıq tək deyildi. Onun ailəsi varmış. Onun ailəsi onu internata atmayıbmış. Onlar böyük bir sevginin evladları idilər...
***
Sevgi pərisi universitetin həyətində dayanmış Aysunu gözləyirdi. nəhayət dərsin bitdiyni bildirən zəng çalındı. Və universitetin qapısında tələbələr görünməyə başladı. Sevgi pərisi Aysini görcək ona tərəf qaçmağa başladı. Ancaq Aysu elə sürətlə addımlayırdı ki, sevgi pərisi ona çatınca təngənəfəs oldu.
-Sən burda neyləyirsən?-Aysu qarşısında sevgi pərisini görcək təəccübləndi.
-Məni görməyinə sevinmədin deyəsən.
-Hə. sevindim.-Aysu istəmədən gülümsədi.
-Sənə sevindirici bir xəbərim var.-Sevgi pərisinin gözləri sevincdən parıayırdı.
-Olar, sonra deyəsən. indi vaxtım yoxdur. Kursa gecikirəm.
-Sənin vaxtını almayacam. Sadəcə onu demək istəyirəm ki, bu tilsimi pozacaq dərmanı almağa çox az qalıb. Demək olar ki sadəcə bir iş. Və ondan sonra səni azad edəcəm bu sevgidən.-Sevgi pərisi çox inanırdı ki bu xəbər Aysunu sevindirəcək. Ancaq Aysu bu xəbəri elə də can-fəşanlıqla qarşılamadı. Bəlkə də indi o tələsirdi deyə, sevgi pərisinin bu xəbərinə laqeydliklə yanaşdı.
-Lap yaxşı.
-Bəlkə addımlarını bir az ləngidəsən. mən axı öyrəşməmişəm insan kimi bu qədər sürətlə yeriməyə.
Aysu bir anlıq dayandı.
-Səndən bir şey soruşum. Mənə son tapşırığı tamamlamaq üçün Kənanın göz yaşları lazımdır. Daha doğrusu sevincdən axan göz yaşları. Səncə Kənanı nə sevincdən ağlada bilər?
-Nə?-Aysu bir anlıq düşünməyə başladı. Axı o indi Kənanı daha yaxından, daha yaxşı tanıyırdı.-Bilmirəm. mən tələsirəm.-Aysu surətlə yeriməyə başladı. Sevgi pərisi isə çaşqın halda ondan uzaqlaşan Aysuya baxırdı. Görəsən Aysu özünü niyə belə qəribə aparırdı? Məgər bu tilsimin pozulmasını hər şeydən çox Aysu arzulamırdı?...
Aysu kursdan çıxanda yolun kənarında sevgi pərisinin onu gözlədiyini görüb ona tərəf addımladı.
-Sən bayaqdandır məni gözləyirdin?
-Hə.-sevgi pərisi küskün halda mızıldandı.
-Bağışla.-Aysunun sevgi pərisinə yazığı gəldi. Onlar asta addımlarla yeriməyə başladılar.
-Bilirsən, bütün məşğələ dövründə sənin verdiyin sual barəsində düşündüm.-Aysu asta və zəif səslə dilləndi.
-Deməli, mənə kömək edəcəksən?-Sevgi pərisinin üzündəki şirin təbəssüm yenidən peyda oldu.
-Hə...Kənan “Taekvando”ya gedir. Hərdən biz söhbət edəndə onun necə həvəslə bu idman növündən və etdiyi məşqlərdən danışdığının şahidi oluram. O, bu idman növü ilə ciddi məşğul olur. Və ən böyük arzularından biri ilk qələbəsini görməkdir. O indiyə qədər heç bir yarışmaya qatılmayıb. Ama 3 həftə bundan əvvəl Kənanın məşqçisi ona yarışa qatıla biləcəyini deyib. Bu Kənanı çox sevindirdi. O indi bu yarışa hazırlaşır. Yarış bu həftənin bazar günü keçiriləcək. əgər Kənan bu yarışda qalib gəlsə yəqin ki çox sevinər. Ağlamağını isə deyə bilmərəm. ama o çox mədəni və həssas insandır. Bir az da kövrəkdir. O çox yaxşı insandır...-Aysu dərindən ah çəkdi.
-Bilmirəm, ama onun haqqında danışanda çox həvəslə danışırsan. Və sanki....
-Sanki nə?-Aysu qaşlarını çatdı.
-Heç nə. heç nə. Sən Allah əsəbləşmə. Mənə kömək etdiyin üçün təşəkkürlərimi bildirirəm.
Arada sükut yarandı. Hər ikisi də bir müddət səssizcə addımladılar. Aysu çox fikirli görünürdü. gözlərində qayğı ilə yanaşı, bir qəm-kədər də sezilirdi.
-Kənanla vəziyyətiniz necədir?-sevgi pərisi Aysunu dərin fikirlərdən ayırdı.
-Normal. Arada fürsət düşən kimi söhbət edirik. O gün mənə çoxdandır axtardığım, baxmaq istədiyim filmin diskini tapıb gətirmişdi. O çox düşüncəli insandır. Təkcə mənə qarşı deyil, hamıya qarşı çox düşüncəlidir.-Aysunun gözləri gülürdü. Sevgi pərisinə bu ifadə çox tanış idi. O bilirdi ki bu gözlərdə çox böyük bir sevgi gizlənib.
-Hərdən onun sevdiyi qıza həsəd aparıram. Sən oxu atmaq istədiyin qızı deyirəm. görəsən, Kənan hələ də o qızı sevir? Sevirsə niyə bunu o qıza etiraf etmir?
-Bilmirəm niyə...
-Niyə bilmirsən? sən necə sevgi pərisisən? axı sevgi pərilərinin bütün sevgilərdən xəbəri olmalıdır.
-Məndə nə günah var ki. Tapşırıqları yerinə yetirmək üçün, gör, neçə müddətdir ki insan cildinə girirəm. belə olan halda insanların qəlbini görə bilmirəm. ama gözlərdən sezə bilirəm. indi sezdiyim kimi...
-Nəyi nəzərdə tutursan?
-Heç nə.-Sevgi pərisi susdu.
***
-Baş pəri! Baş pəri!
-Nə olub, sevgi pərisi?
-Baş pəri, nəhayət ki tapşırığı yerinə yetirdim.
-Kənanın göz yaşlarını gətirmisən?
-Əlbəttə. Bəxtim onda gətirdi ki, Kənan yarışda qalib gəldi. Və bu onun ilk uğuru olduğu üçün sevincdən ağladı. Yaşasın!!!-sevgi pərisi sevincindən yerində atılıb-düşürdü.
-Yaxşı. Madam ki, tapşırığı yerinə yetirdin. Al bu da sənin atdığın səhv oxun yaratdığı sevginin tilsimini pozacaq məlhəm!-Baş pəri əlindəki içi şəffaf maye dolu şüşəni sevgi pərisinə uzatdı.
-Ay daaa!-sevgi pərisini gözlərinə işıq gəldi.-Nəhayət ki. Mənə elə gəlirdi ki, bu gün heç vaxt gəlməyəcək.
-Ama bir şərt var.
-Eeee, yenə şərt?-Sevgi pərisi dodağını büzdü.-Nə şərt?
-Şərt budur ki, bu məlhəmi saat 12-ə kimi o qıza çatdırmalısan. O qız bu məlhəmi saat 12-ə kimi içməlidir.
Sevgi pərisi cəld saata baxdı. Dərindən ah çəkdi.
-Saat 12-ə hələ çox var.
-Mən gecə saat 12-ni nəzərdə tutmuram. Günorta 12-ni nəzərdə tuturam.
Sevgi pərisi yenidən təlaşla saata baxdı. Saat 11-10 u göstərirdi.
-Axı niyə günorta 12? Axı bütün sevgi nağıllarında gecə 12-də nəsə dəyişiklik olur. Bəs niyə indi günorta 12? Nəsə burda bir tərslik var. Heç cürə başa düşə bilmirəm.
-Mənimlə söz güləşdirincə, tələssən yaxşıdır. Saat 12-ə az qalıb. Əgər məlhəmi o qıza vaxtında çatdırmasan bütün əziyyətlərin puç olacaq.
-Nə?-sevgi pərisi soyuqda dayanıb insanlardan sevginin nə demək olduğunu söruşduğu günləri xatırladı. Sonra insanlara sevginin nə demək olduğunu izah etdiyi günlər...Sevincdən axan göz yaşlarını toplamaq. Həmin insanları axtarıb tapmaq...
-Yox. Yox. Nə olursa olsun.qoymaram ki əziyyətlərim puç olsun. Ama mən sevgi pərisiyəm. istədiyim yerə bircə saniyəyə belə gedə bilərəm. elə deyilmi?-sevgi pərisi şübhəli baxışlarla baş pəriyə baxdı.
-Yox. Iş burasındadır ki, sən bu işi də insan kimi etməlisən. yəni ayaqla, uçaraq deyil!
-Nə?-sevgi pərisi niyə? sualını da vermək istəyirdi. ancaq çox az vaxtının olduğunu bilib, var gücüylə universitetə üz qoydu.
-Ay sürücü bəy, tez ola bilməzsiniz?
Sevgi pərisinin müraciəti avtobusdakı hər kəsin gülməyinə səbəb oldu. saçını neçə illərdir bu sükan arxasında ağartmış şofer qalın səslə diləndi.
-Ay qız, 1ci dəfədir ki, bəyəm? Bakının nəyi də olmasa, həmişə tıxacı olur. Məgər yol boşdur, biz getmirik?
-Hə. 1-ci dəfədir-sevgi pərisi dodağının altında mızıldandı.-Yazıq insanlar...Yaşamaq necə də çətindir.
Sevgi pərisi avtobusdan düşər-düşməz , bütün qüvvəsi ilə universitetə doğru qaçmağa başladı. Avtobusda dəfələrlə qol saatına nəzər yetirməyinə baxmayaraq, yenidən həyəcanla qol saatına baxdı. Saat 11: 46-i göstərirdi. Deməli 14 dəqiqə qalmışdı. Bu 14 dəqiqə ərzində Sevgi pərisi Aysunu tapmalı və sehirli suyu ona içizdirməli idi. Sevgi pərisi indiyə qədər bu qədər çox həyəcan keçirməmişdi. O rahat pəri həyatına öyrəşmişdi. Ancaq indi bir insan taleyindən söhbət gedirdisə sevgi pərisi bu tapşırığı da müvəffəqiyyətlə yerinə yetirməli idi. Sevgi pərisi yaxşı ki əvvəllər bu universitetə dəfələrlə gəlmişdi. O artıq Aysunun oxuduğu fakültənin dekanlığının yerini, Aysunun qrupunun nömrəsini, onların dərs cədvəlinin harada yerləşdirildiyini bilirdi. Ona Aysunun indi hansı otaqda dərsdə olduğunu tapmaq elə də çətin olmadı. Ancaq iş burasında idi ki, dərs otağı 5-ci mərtəbədə yerləşirdi. Sevgi pərisi pilləkənləri qalxa-qalxa beynində zamanı hesablayırdı. 5-ə çıxanda o artıq təngənəfəslikdən dayana bilmirdi. Son dəfə dərindən nəfəs alaraq ayaqlarının sızıltısına məhəl vermədən otağın qapısına doğru yaxınlaşdı. Son dəfə yenidən qol saatına baxdı. Saat 11:50-ni göstərirdi. Deməli cəmi 10 dəqiqə qalıb. Yaxşı ki Aysunun hər şeydən xəbəri var idi. Və bu məlhəmi içizdirmək üçün sevgi pərisi uzun-uzadı izahat vermək məcburiyyətində qalmırdı. Ancaq bir problem vardı. Bəlkə Aysunun müəlliməsi icazə vermədi ki,Aysu çölə çıxsın. Bəs onda sevgi pərisi neyləyəcək? Yəqin ki heç kimə fikir vermədən şüşəni Aysuya verəcək. Ya da zorla onun ağzına dirəyərək sehirli suyu içizdirəcək. Başqa çarə qalmırdı...
Dostları ilə paylaş: |