Poeziya. Cənubi Azərbaycan məsələsini bütöv Azərbaycanın ən əsas siyasi məsələsi olduğunu bu mövzuda qələmə aldığı yazılarında dönə-dönə vurğulayan böyük filosof Asif Əfəndiyev də (Asif Ata) hələ keçən əsrin 80-ci illərində islamlaşmağı da, qərbləşməyi də millət üçün, elə ədəbiyyat üçün də zərərli sayır, özgələşmənin iki qütbü adlandırır, “İslam farslaşdırır, Qərb Avropalaşdırır” deyirdi və cənublu soydaşlarımızı-şair və yazıçılarımızı müasir Qərb siyasətinin əsl üzünü görməyə, mahiyyətini anlamağa çağırırdı. Düşünürük ki, bəlkə də bu tendensiv mahiyyəti anladığına görə də fars dilində yazan Rəsul Yunan, Ziba Kərbası, Rza Bərahani, Saleh Səccadi kimi soydaşlarımız bir sıra dəyərli əsərlər yaratmışlar ki, həmin əsərlərdə məhz milli kimliyə, soykökə qayıdış ruhu aydınca duyulur.
Rəsul Yunana görə, fransız, ingilis gözəlləri hamısı bir yanadı, türk gözəli bir yana... Şairin altını qırmızı xətlə cızdığı bu bir yanalıq, ayrıcalıq nədən ibarətdir?
Onlar məni yalnız şeirə yetirirlər,
Yalnız musiqiyə.
Ancaq sən məni evimə qaytarırsan!
Səni düşünəndə
Yağış Türk dilində yağır!(9.s.24)
Əslində, bir yanalıq, ayrıcalıq budur: Rəsul bəy türk gözəlini düşünəndə evinə-ocağına dönür, yer, göy, yollar, izlər, ətrafındakı hər şey sanki qulaqlarına türklüyünü pıçıldayır, hətta yağış belə Türk dilində yağır. “Səni düşünmək” şeirində isə bu düşüncə daha da dərinləşir və şairin səmimi etirafları türk gözəlinin onun həyatındakı önəmi duyurur:
Səni düşünmək
Həyata düşünməkdir.
Torpaq altında
Dar-düdük bir qəbirdə
Günəşə düşünməkdir.
Qarlı gecədə,
Qıfıllanmamış qapılara,
Qaçmağa düşünməkdir həbsxanada.
Səni düşünmək dəyərlidir,
Ən azı
Adamın qəlbindən
Bir bulaq coşar,
Bir at gələr orada su içər,
Bir quş gələr orada oxuyar... (9.s.5)
Nigar Xiyavinin şeirlərindəki öldürücü sarkazm, bəzən kinayəli gülüş, bəzən də incə yumorla növbələşən açıq-aşkar tənqidi durum oxucunu düşünməyə sövq edir... Nigarın adı həyata, siyasi basqılara, mənəvi sıxıntılara-vətəndə vətənsizliyə, ana dilinin buxovlanması-na qarşı kəskin etiraz nidaları Güney Azərbaycanda gizli, yaxud açıq şəkildə getməsindən asılı olmayaraq heç vaxt səngiməyən milli azadlıq hərəkatına güclü bir təkandır. Ancaq yazılarında əsasən obyektiv tənqidçi mövqeyini qoruyub saxlayan Nadir bəy Əzhərinin də dediyi “İmgə təsvir demək dəyil bəlkə neçə sözcekləri birbirilə özəl durumda ilgiləndir-məklə bir təsvir yaratmağdır (yenə də üslub səhvləri və... Nadir bəyin özünün də tərəfdarı olduğu Vahid Ədəbi dil yaratmağın zəruriliyi məsələsi-E.F.Ş)” istilahından yan keçərək yeni təfəkkürün işığında qələmə alınan “Qarabağ qurbağası” şeiri ədəbi mübahisələrə səbəb olmuş, şair Fikrət Qoca, eləcə də Rəsmiyyə Babayeva Nigar xanımı quzeyli soydaşlarının heysiyyətini alçaltmaqda-təhqir etməkdə suçlamışlar. Həmin şeirin çap versiyasını olduğu kimi verərək müəllifə ünvanlanmış tənqidi baxışlardan bəzi məqamlara aydınlıq gətirməyi məqsədəuyğun sayıram:
Dostları ilə paylaş: |