Əsl adı Konq-çiyu olan Konfusion miladdan əvvəl 551-ci ildə Lo (hazırkı Şantung) əyalətində dünyaya gəlmişdir. Üç yaşında atasını itirdiyindən anasına kömək etmək üçün uşaq çağlarından işləməyə məcbur olur. O, təhsildən də uzaqlaşmamış və böyük müvəffəqiyyətlər əldə etmişdir. 22 yaşında müəllimlik sənətini seçmiş, öz evini məktəbə çevirmiş və orada şagird hazırlamağa başlamışdır. Bu məktəb get-gedə genişlənmiş və Konfusion üç min şagird hazırlaya bilmişdir. Şagirdləri onu Konq-fotze (yə’ni müəllim Konq) adlandırırdılar. Həmin dövrlərdə Konfusion Lo əyalətində məhkəmə sədri tə’yin olunur və vergi yığımı ona tapşırılır. Gözəl idarəçiliyinə, sədaqətinə və düz işlədiyinə görə hər dəfə vəzifədə yüksəlmiş, nəticədə Lo hökumətində vəzir tə`yin olunmuş, sonra baş vəzir olmuşdur. Gözəl rəhbərliyi və bacarığı rəqiblərinin paxıllığına səbəb olduğundan, onu öz vəzifəsindən istefa verməyə məcbur etmişdilər.
Bir müddətdən sonra öz görkəmli şagirdlərindən bir neçəsi ilə rəsmi iş axtarmaq üçün Lo əyalətindən çıxır və 13 il Çinin digər şəhər və əyalətlərinə səfər edir. Amma hər yerdə ona mənfi cavab verilirdi. Qəbul edilməməsinin səbəbi onun qəbul etdiyi və əxlaqi me`yarlara riayətə əsaslanan idarəçilik və hakimiyyət prinsipinin hökmranların xoşuna gəlməməsi idi. Hətta Kuvanq şəhərində şübhəli bilinərək bir müddət həbsdə saxlanılır. Nəhayət miladdan əvvəl 484-cü ildə Lo hökumətində böyük rütbə sahibi olan şagirdi hörmətlə ondan doğma vətəninə qayıtmasını istəyir. Bu zaman Konfusion 60 yaşına çatmışdı. Buna görə də hər bir vəzifə və mənsəbdən imtina edir və ömrünün miladdan əvvəl 479-cu ilə qədər qalan hissəsini öz fəlsəfəsinin əxlaq və ideoloji əsaslarını toplayıb kitab halına salır.