PEYĞƏMBƏRLİYƏ SEÇİLMƏ
Zərdüştilik mənbələrində qeyd olunur ki, o, cavanlığının ilk çağlarından çox
istedadlı, dərin ağıllı və dərrakəli bir şəxs olmuş, öz həmyaşıdlarından çox
fərqlənmişdir. Belə ki, o, ilk baxışda hamının diqqətini özünə cəlb edirmiş; mehriban
və incə xüsusiyyətlərə malik olmuş, 15 yaşında din tə'limlərini öyrənməyə başlamış
və öz müəlliminin əlindən kəştini almışdır; o zamandan e'tibarən “mubəd” ünvanı
ilə öz dini-mə'nəvi həyatını davam etdirmişdir. Zərdüşt ilk əvvəllərdən öz zamanında
geniş yayılmış bə'zi əqidələrə qarşı müxalifətçilik edərmiş. O cümlədən qeyd olunur
ki, o, bir gün bir dəstə alimin yanına gəlib soruşdu: “İnsanın ruhi sakitliyinə və
aramlığına səbəb olan ən yaxşı əməl nədir?” Cavabında dedilər: “Acları doyurmaq,
heyvanlara yem vermək, od yandırmaq, su və huma şirəsi səpmək, divlərə pərəstiş
etmək. Zərdüşt bu cavab barəsində bir qədər düşündükdən sonra deyir: “Əvvəldəki
dörd iş layiqli əməllərdir; ədalətli insanlara yaraşan və bəyənilən məsələlərdir, qəbul
oluna bilər. Amma divlərə pərəstiş etmək çox çətindir. Behişt insanları ondan
bizardır.
Zərdüşt cavanlıq illərində öz ata-ana yurdunu tərk edərək dağlara sığındı. Yeddi il
müddətində mağarada sakit mühitdə tənha yaşadı. Otuz yaşında müşahidə etdiyi
qeyri-adi işlərdən başa düşdü ki, pak olmaq və peyğəmbərlik məqamına yüksəlmək
üçün Ahura Məzdanın hüzuruna çağırılmışdır. Bundan sonra səkkiz il müddətində
kəşf və şühud aləmində müqərrəb mələklərlə (Əmşasepəndan) söhbətlər etdi, hər
birindən bir həqiqəti öyrəndi və öz qəlbini saflaşdırıb nurani etdi. Bu müddətdən
sonra daha on il Ahura Məzdaya pərəstiş etməyə məşğul oldu və sonra öz dini
təbliğatına və də'vətə başladı. Uzun illər keçdi, lakin heç kəs ona iman gətirmədi.
Deyirlər ki, o, bu müddət ərzində vəzifənin çətinliyinə və camaatın etdiyi əzab-
əziyyətlərə görə bir neçə dəfə şeytani vəsvəsələrə düçar oldu və hətta Məzdaya
ibadətdən əl çəkmək fikrinə düşdü. Amma yenə də öz əqidəsində möhkəm qaldı və
cavabında dedi: “Xeyir! Mən yaxşı və düzgün dindən
168
əl çəkməyəcəyəm. Hətta canımı alsalar və bədən üzvlərimi bir-birindən ayırsalar da
Məzdaya pərəstiş etməkdən üz döndərməyəcəyəm.”
On il sə'y və fəaliyyətlərdən sonra əmi oğlusunu öz dininə gətirə bildi. Onun
əmioğlusu Bəlx hakimi Viştasibin sarayında böyük hörmət sahibi idi və Zərdüşt
onun vasitəsi ilə sarayın daxilinə yol tapa bildi. Zərdüşt bir müddət sarayda öz dinini
Viştasibə təbliğ etməyə başladı. Firdosinin «Şahnamə» əsərində Qoştasib adı ilə
qeyd olunan Viştasib pak qəlbli mö'min və gözəl fitrətli bir insan idi; nəhayət
Zərdüştün dəvəti ilə onun dinini qəbul etdi. Viştasib Zərdüştün dəvətini qəbul
etdikdən sonra bu ayinin genişlənib yayılması üçün şərait yarandı. Çünki onun iman
gətirməsinin ardınca sair saray ə'yan-əşrafları və əmirlər də Zərdüştə iman gətirib
onun dinini qəbul etdilər. Bundan sonra artıq bu din kütləvi şəkildə genişlənib
yayılmağa başladı.
Tarixi məlumatlara əsasən, qohumluq münasibətlərinin bərqərar edilməsi də bu
yeni dinin genişlənib yayılması və bünövrəsinin möhkəmlənməsində çox tə'sirli
olmuşdur. Viştasibin müşaviri Fəraşauştra öz qızını Zərdüştə ərə verdi; Viştasibin
baş vəziri Camnasıpa Zərdüştün qızı ilə evləndi. Bu qohumluq əlaqələri sayəsində
Zərdüşt, padşahlıq sülaləsində xüsusi bir məqam kəsb etdi. Belə ki, hökumətin siyasi
hərəkatları bundan sonra dini rəng aldı və hətta Zərdüştün həyatının son iyirmi ilində
Viştasiblə turanlıların arasında baş verən iki müharibə müqəddəs Zərdüşt
müharibələri adı ilə tanındı; Zərdüştiliyin müqəddəs kitablarında bu haqda
danışılmışdır. Bu iki müharibə Viştasibin qələbəsi ilə sona çatdı, amma ikinci
müharibədə turanlılar Bəlx şəhərini dağıdıb qarət etdilər; Turan əsgərlərindən biri
Zərdüştü bir atəşgahda - atəş mehrabının qarşısında ibadətlə məşğul olan zaman
tapıb qətlə yetirdi. Beləliklə, Zərdüşt yetmiş yeddi yaşında turanlıların əli ilə
öldürüldü.
* * *
Təəssüflər olsun ki, Zərdüşt dininin araşdırılmasına məxsus olan tarixi mənbələrin
çoxunda hadisələr və həqiqətlər əfsanələrlə qarışdırılmışdır; tədqiqatçılar da öz
mətləblərini belə mənbələrdən iqtibas edir və onlar real gerçəklikləri əfsanələrdən
ayırmağa müvəffəq olmamışlar. Buna görə də Zərdüştün həyatı və onun necə
peyğəmbərliyə seçilməsi, öz təlimlərini İranda necə yayması haqda qəti bir nəzər
vermək olmur. Amma qətiyyətlə demək olar ki, Zərdüşt təkallahlı bir din gətirən
peyğəmbər olmuşdur və bu ayinlər də sonradan sair tövhidçi (islamdan başqa) dinlər
kimi şirk və təhriflərə mə'ruz qalmışdır.
Gələn dərsdə Zərdüştiliyin qədim ayinlərdən nə dərəcədə tə'sirlənməsi, tövhid
əsasında qurulmasını izah etmək və sair əqidə üsullarını aydınlaşdırmaq üçün onun
əqidə və tə'limlərini araşdıracağıq.
|