Qanunun nöqsanları 1.Qanun insanın mövqeyi ilə həmişə uyğunlaşmır
Qanunun birinci nöqsan və çatışmamazlığı budur ki, qanun insanın mövqeyi və onun mənziləti ilə uyğunlaşmır. Çünki insanın Allah dərgahında malik olduğu yüksək məqamı yol vermir ki, onun həyata keçirdiyi hər bir fəaliyyət növü sonradan tərtib olunmuş müəyyən qayda-qanunlar sistemi vasitəsilə uyğunlaşdırılsın. Yəni insan qanun fövqündədir və Quran insana daha artıq qiymət və hörmət qoyur. Bunun izahı belədir ki, qanun insanı zülm və təcavüzdən qorumaq üçün müəyyən olunmuşdur. Quranda bəyan olunmuşdur ki, insan Allahın xəlifəsidir və insana çox qiymət və əzəmət verilmişdir. Əgər insan özünü yüksək məqam və mərhələlərə, bir sözlə desək özünü kamala yetirərsə onda şübhəsiz ki, ona qanun lazım olmayacaq. Çünki insanın əxlaqı, əzəməti və kamilliyi yüksək mərhələlərə çatdıqda o zülm, təcavüz və bu kimi pis işlərə əl atmaz. Belə olduqda insan üçün heç bir qanun lazım deyil.
Sosioloqların tədqiqatına əsasən qanunun insanlar arasında çoxalmasının səbəbi məhz insanların əxlaqi cəhətdən tənəzzül və uçuruma yuvarlanmaları olmuşdur. Əgər insanlar əxlaq cəhətdən uçuruma tərəf getməsəydilər və tənəzzülə tərəf addım atmasaydılar onlar üçün qanun çoxalmazdı. Nəticə alırıq ki, insanlar arasında qanunun çoxluğu onların əxlaqi cəhətdən tənəzzülü səbəb olmuşdur. Quranda insanlar üçün müəyyən olunan qanunların səbəbi də məhz insanların tənəzzülə doğru getməyinin qarşısını olmaqdır. Məsələn, “Ənam” surəsinin 151-ci ayəsinə nəzər salaq. Allah-təala bu ayədə belə buyurur:
وَلاَ تَقْتُلُواْ أَوْلاَدَكُم مِّنْ إمْلاَقٍ
“Kasıblıq üzündən öz uşaqlarınızı öldürməyin.”
Bu ayə Allahın insanlar üçün təyin etdiyi qanunlardan biridir. Bu bir daha sübut edir ki, bəzən insan əxlaq cəhətdən tənəzzülə uğradığına görə Allah onun üçün qanun təyin edir. Çünki insanlar zaman-zaman yollarını azmış, pozğunçuluğa yol vermiş, və əxlaqi nöqteyi-nəzərdən çox zəif olmuşlar. Cahiliyyət dövründə ərəblərin əxlaq cəhətdən zəif olmaları onları o dərəcəyə gətirib çıxarmışdı ki, öz övladlarını kasıblıq üzündən öldürər və ya cahillik üzündən öz qızlarını diri-diri torpağa basdırardılar. Bu kimi proseslər insanın tənəzzülünə açıq-aydın bir sübutdur. Ümumiyyətlə insan tənəzzülə doğru hərəkət edərkən onu azğınlıqdan çəkindirmək üçün qanun təyin olunur. Allah-təala yenə həmin ayədə buyurur:
وَلاَ تَقْرَبُواْ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ
“Açıq və gizli pis işlərə yaxın düşməyin”1
Bu ayə bir daha sübut edir ki, bəşər övladında insaniyyət tənəzzülə uğramışdır. Əgər onlarda insaniyyət tənəzzül etməsəydi onlar üçün qanun təyin olunmazdı. Əgər insan yer üzündə Allahın xəlifəsi olsa, yəni Allahın sifətlərini özündə təcəssüm etdirərsə, bu zaman ona qanun lazım olmayacaq. Buna əsasən də Qurana qanun kitabı deməyə ixtiyarımız yoxdur. Çünki, Quran sırf qanun kitabı deyildir. Quranda insanın şəxsiyyət və mövqeyinə ehtiram olsun deyə qanun barədə az ayə nazil olmuşdur. Başqa bir ifadə ilə desək Quran insana qanun təyin etmək üçün yox, insanı hidayət etmək üçün nazil olmuşdur. Qurana nəzər saldıqda qanun barədə az ayə nazil olduğunu müşahidə edirik. Quranda təxminin 600 ayə qanun barədə nazil olmuşdur. Lakin insan əxlaqına dair 4000-dən çox ayə vardır. Əslində Quran insanın tərəqqi və inkişafı üçün nazil olmuşdur. Quranda qanun barədə ayələrin az nazil olması isə insanın hörmət və ehtiramına görədir. Əgər insanın əxlaqı gözəl olarsa, tərəqqi taparsa və cinayət törətməzsə ona qanun gərək deyildir. Çünki qanun əxlaqsızlıqların, cinayətlərin və s. qarşısını almaq üçün təyin olunur.
Tarixlərdə yazılmışdır ki, İskəndər Zül-qərneyn şəhərlərin birinə daxil olanda gördü ki, evlərin, dükanların qapıları möhkəm bağlanılmayıb və qapılarında da qapıçı yoxdur. Yəni qapılarına açar-qıfılı vurmayıblar. Təəccüblənərək bir qoca kişidən bunun sirrini soruşdu. Qoca kişi ona dedi: Qapı və qapıçı oğru üçündür. Əksinə bu şahardə hamı bir-birinin malını qoruyur və heç kəs xəyanətkarlıq etmir. Ona görə də bizim evlərimizin qapılarına qıfıl vurmağa ehtiyac yoxdur.
Allah-təala “Hədid” surəsinin 17-ci ayəsində buyurur:
اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا...
“(Ey insanlar!) Bilin ki, Allah torpağı öldürdükdən sonra yenidən ona can verir...”
İmam Sadiq(ə) bu ayəni belə təfsir etmişdir. Bu ayə mənim övladım İmam Zaman(ə.c)-in barəsində nazil olmuşdur.
قَالَ الصادق(ع): يملع الله الأرض قسطا و عدلا بعد ما ملئت ظلما و جورا
Yer üzü zülm və ədalətsizliklə dolduğu zaman Allah-təala İmam Məhdini(ə.c) göndərməklə yer üzünü ədalət və haqqla dolduracaq.
İmam Zaman(ə.c) bir zaman zühur edib ölən torpağı (yeri) dirildəcək. Yəni zülmlə dolu olan yer ölü, ədalətlə dolan yer isə diridir.
Həzrət Əli(ə) İmam Zaman(ə.c)-in zühuru haqda haqqında belə buyurur:
قَالَ على(ع): لَو قَدْ قامَ قَائِمُنَا لَأَنْزَلَتِ السَّمَاءُ قَطْرَهَا وَ لَأَخْرَجَتِ الْأَرْضُ نَبَاتَهَا وَ ذَهَبَتِ الشَّحْنَاءُ مِنْ قُلُوبِ الْعِبَادِ وَاصْطَلَحَتِ السَّبَاعُ وَ الْبَهائِمُ حَتَّى تُمْشِى الْمَرْأَةُ بَيْنَ الْعِراقِ اِلَى الشَّامِ لا تَضَعُ قَدَمَيْهَا إِلاّ عَلَى النَّبَاتِ وَ عَلَى رَأْسِهَا زَنْبِيهَا لا يَحْيجُها سَبْعَ وَلا تَخافُهُ
“İmam Məhdi(ə.c) zühur edib yer üzünü ədalətlə dolduracaq. O zaman göy öz yağışını yağdıracaq və yer öz bitkilərini yetişdirəcək, insanların qəlbindən bütün çirkinliklər, kin küdurət və paxıllıqlar təmizlənəcək. Vəhşi heyvanlarla əhlilləşmiş heyvanlar bir yerdə olduqda bir-birinə təcavüz etməyəcəklər. (İmam zühur etdikdən sonra) bir qadın İraqdan Şama səfər etsə belə heç kəs hətta bir heyvan da olsa belə ona yaxın düşməyəcək.1
Beləliklə Quran insanları hidayət etmək üçün nazil olmuşdur. Əgər hamı hidayət olarsa və cinayətkarlığa əl atmazsa, daha insana qanuna ehtiyac olmayacaq. Əlbəttə bu mətləb əxlaqi və ürfani bir mətləbdir. Yəni insana qanun lazımdır, lakin insanın qiymət və hörməti qanundan daha da üstündür. Qanunun insanı bütün hallarda idarə və islah edə bilməməsinin birinci nöqsanı onun insanı mövqeyi ilə uyğunlaşmamasıdır.
2. Qanun xəlvətlikdə insanı
hidayət etmir
Qanun insanı bütün hallarda islah edə bilmir. Çünki qanunun bir sıra çatışmamazlıqları vardır. Mümkündür insan aşkarda qanuna riayət etsin. Lakin xəlvətdə qanun onu idarə və islah edə bilmir. Ümumiyyətlə cinayətlərin və zülmlərin çoxu xəlvətdə və gizlicə törədilir. Heç kəs açıq-aşkar insan öldürüb, oğurluq və s. günahları etmir. Belə cinayətlərin demək olar ki, hamısı gizlicə törədilir. İnsan polisin və ya nəzarətçinin qorxusundan aşkara ctnayət edə bilmir. Amam xəlvətlikdə isə insan istədiyi cinayəti törədir. Odur ki, qanun insanı yalnız aşkarda idarə və islah edə bilir. Buna görə də insanın bütün hallarda hidayət olunması üçün ona qəlbində imanın olması lazımdır. Əgər insan Allah-təalanın ona həm aşkarda, həm də gizlində nəzarət etdiyini başa düşərsə onda heç zaman günah və cinayətlərə əl atmaz. Allah təala insanın həm aşkar həm də gizlində etdiyi bütün əməllərindən xəbərdardır.
Allah-təala “Ələq” surəsinin 14-cü ayəsində buyurur:
أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَى
“Məgər (insan) bilmir ki, Allah onun bütün əməllərini görür?”
Əgər insan Allahın onun bütün əməllərindən xəbərdar olduğunu düşünsə, heç vaxt günah etməz və heç bir cinayətə əl atmaz. Belə bir əqidə sahibi olan insan hər bir halda idarə və islah oluna bilər.
Ayətullah ustad Məzahiri buyurur ki, biz Əllamə Təba-Təbainin hüzurunda idik. Ondan bizi moizə və nəsihət etməsini xahiş etdikdə o həmin ayəni bizə oxudu. “Məgər (insan) bilmir ki, Allah onun bütün əməllərini görür?”
Ayətullah ustad Məzahiri buyurur: Biz başqa bir yerdə olanda, Əllamə Təba-Təbainin məhzərinə getmişdik. Orada da ondan bizə moizə və nəsihət etməsini xahiş etdikdə, o bizə “Tövbə” surəsinin 105-ci ayəsini oxudu:
وَقُلِ اعْمَلُواْ فَسَيَرَى اللّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتُرَدُّونَ إِلَى عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
“De “(Ey insanlar, bilin!) Allah, Onun Peyğəmbəri və möminlər (imamlar) əməllərinizi görürlər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir.”
Ümumiyyətlə Allah, Onun Peyğəmbəri və imamlar insanın həm bütün əməllərini görürlər, həm də insanın hansı niyyətlə əməl etməsindən xəbərdardılar. Əgər Peyğəmbər və imamlar bizim əməllərimizdən xəbərdar olmasalar qiyamət günü bizim əməllərimizə necə şahid ola bilərlər? Aydın bir məsələdir ki, qiyamət günü bizim əməllərimizə şahid duran kəslər əməl və niyyətlərimizdən xəbərdar olanlardır. Allah təala bu barədə belə buyurur:
وَكَذَلِكَ جَعَلْنَاكُمْ أُمَّةً وَسَطًا لِّتَكُونُواْ شُهَدَاء عَلَى النَّاسِ وَيَكُونَ الرَّسُولُ عَلَيْكُمْ شَهِيدًا...
“(Ey müsəlmanlar!) Beləliklə də, sizi orta (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər(s) də sizə şahid olsun...”1
Bu ayələrdən açıq-aydın məlum olur ki, Peyğəmbər və o həzrətin bizə vəsiyyət etdiyi imamlar insanların bütün əməllərindən və niyyətlərindən xəbərdardır və qiyamət günü bütün insanların əməllərinə şahid olacaqlar.
Buna əsasən də insan əgər Allahın, Onun peyğəmbərinin və imamların ona şahid olmasını başa düşərsə bütün günahlardan çəkinib öz qəlbini imanla doldurarsa, bu iman insanı bütün hallarda idarə və islah edə bilər. Yox əgər insanın qəlbində Allaha iman olmazsa heç bir qanun onu islah edə bilməz. İnsan gərək həm gizli həm də aşkarda günah etməkdən çəkinsin. Buna görə də insanın qəlbində imanın olması lazımdır. Rəvayət edilir ki, bir şəxs dəmirçinin yanına gəlir. O, dəmirçinin qızmar dəmiri əli ilə götürüb düzəltdiyini gördükdə təəccüblənir. Ondan bunun sirrini soruşur. Dəmirçi başına gələn əhvalatı onun üçün söyləyir: Aclıq dövrü idi. Bir gün mənim yanıma seyyidə bir qadın gəlib kasıblıq üzündən məndən kömək istədi və uşaqlarının neçə gün evdə ac olduqlarını mənə danışdı. Mən ona dedim ki, mən sənə kömək edərəm. Lakin gərək sən mənimlə zina edəsən. Qadın razılaşmayıb getdi. Bir neçə gündən sonra yenə gəlib mənə ağız açdı. Mən yenə ona mənimlə zina etməyi təklif etdim. O yenə də razı olmayıb getdi. Bu hadisənin üstündən bir neçə gün keçdikdən sonra həmin qadın əlacsız qalıb mənim yanıma gəldi və dedi: Mənim uşaqlarım az qalır ki, acından ölsün. Mən səninlə razılaşaram. Lakin bir şərtlə ki, gərək sən məni heç kəsin görmədiyi bir yerə aparasan. Mən onunla razılaşıb onu evimə apardım. Qapını bağlayıb ona yaxınlaşmaq istəyəndən gördüm ki, qorxudan qadının bütün bədəni əsir. Dedim: Niyə qorxursan? Burada ki, heç kəs bizi görmür? Qadın dedi: Bizim əməllərimizi Allah görür və bütün etdiklərimizə şahiddir.
Qadının bu sözü mənim ürəyimdə çox dərin bir təsir qoydu və mən onunla zina etməkdən çəkinib tövbə etdim. Ona bir miqdar pul, yemək verib yola salanda o məni belə dua etdi. “Allah səni dünya və axirətin odundan qorusun.” O gündən bəri mən qızmar dəmiri əlimlə götürürəm və ondan istədiyim şeyi düzəldirəm. Dəmirin istiliyi mənim əlimi yandırmır. Belə bilirəm ki, o seyyidə qadının mənim barəmdə dua etməsi Allah dərgahında müstəcab olmuşdur.
O qadının sözü ürəkdən çıxdığına görə dəmirçinin ürəyində də böyük təsir qoydu. orada Allaha həqiqi iman gətirdi. Dəmirçini xəlvətlikdə günahdan qoruyan qanun yox, Allaha olan imanı idi.
Buna əsaslanaraq deyirik ki, qanunun ikinci nöqsan və çatışmamazlığı insanı xəlvətlikdə idarə və islah edə bilməməsidir.
3. Qanun hamı üçün icra olunmur.
Qanunun üçüncü nöqsan və çatışmamazlığı budur ki, qanun heç də bütün insanlar üçün icra edilmir. Yəni bütün insanların hamısının qanuna riayət etməməsi və qanunun bütün insanların barəsində icra olunmaması özü bir nöqsandır. Məsələn, mümkündr ki, vəzifəli bir şəxs qanunsuz bir hərəkət etdiyi zaman onun üçün qanun icra edilməsin. Çünki heç kəs ona qorxudan bir söz deməyə cürət etmir. Lakin adi camaatdan bir nəfər müqəssirdisə o saat onun üçün qanun icra edərək onu zindana salırlar. Başqa bir misal: Məsələn, varlı bir şəxsin puluna görə onun böyük-böyük cinayətlərinin üstündən keçib onun üçün qanun icra etmirlər. Lakin kasıb bir şəxsin kiçik bir xətasına görə onu günahkar hesab edərək qanun icra edirlər. Bu da qanunun üçüncü nöqsanıdır.
Müaviyə Əbdülməliki Kufə şəhərinə vali göndərmişdi. Onun Kufədə vali olduğu zaman belə bir hadisə baş verdi. Bir kişinin borcu çox olduğundan tələbkarlar öz borclarının əvəzinə onun malını və evini əlindən almışdılar. O kişinin vəfalı bir həyat yoldaşı var idi. Ata anası ona ərindən boşanmasını dedikdə o onların sözünə qulaq asmayıb ərindən boşanmadı. Onun bu məsələsi o həddə çatmışdı ki, onları boşatmaq üçün Kufə valisi Əbdülməlikin yanına gətirdilər. O isə arvadın gözəlliyinə heyran olub ona vuruldu. Qadının ərinə onu boşamasını əmr etdi. Lakin kişi və onun həyat yoldaşı razı olmayıb Müaviyəyə şikayət etmək üçün Şam şəhərinə yollandılar. Onlar öz şikayətlərini Müaviyəyə bildirdilər. O kişinin həyat yoldaşı çox gözəl qadın olduğundan Müaviyənin də gözü ona düşdü. O, qadına dedi: Sən gərək ərindən boşanıb mənim arvadım olasan. Qadın Müaviyənin üzünə baxıb dedi: Mən öz ərimin bir tükünü belə sənin var-dövlətinə dəyişmərəm. Sonra kişi Müaviyəyə baxdı, əllərini göyə qaldırıb Allaha belə dua etdi: “İlahi, mən Kufə valisindən gəlib xəlifəyə şikayət etdim. Lakin xəlifə də mənimlə belə rəftar etdi. İndi mən öz şikayətimi kimə bildirim?
Müaviyənin gördüyü bu işi vəzifə cəhətdən kiçik olan bir şəxs etsəydi, onu tutub cəzalandırardılar. Lakin camaatın çoxu Müaviyədən qorxduğu üçün onun bu hərəkətinə görə heç kəs bir söz deməyə cürət etmirdi. Əgər Müaviyənin Allaha imanı olsaydı və Allahı öz başı üzərində ona nəzarət edən bilsəydi heç vaxt bu kimi cinayətlərə əl atmazdı. Müaviyənin imanı olmadığı üçün heç bir qanun və günah tanımaq istəmirdi.
Vəzifəli bir şəxs günah bir iş gördükdə və ya qanun pozuntusuna əl atdıqda heç kəs ona qorxudan bir söz deyə bilmir. Lakin adi camaatdan bir şəxs kiçik bir qanun pozuntusuna əl atdıqda tutub onun üçün qanun icra edərək onu azadlıqdan məhrum edirlər.
Ümumiyyətlə gərək insan harada olursa olsun, istər vəzifə başında, istərsə də adi halda gərək Allahın buyurduğu “Məgər (insan) bilmir ki, Allah onun bütün əməllərini görür?” xatirində olsun və bu ayəyə əməl edərək öz qəlbini imanla doldursun. Belə olduqda bu iman insanı bütün hallarda yəni insanın daxilində qərizələrin coşub daşdığı vaxtda belə onu idarə və islah edə bilər.
Buna əsasən təkcə qanun insanı idarə və islah etmək qüdrətində deyil. Əgər insanın qəlbində iman olmazsa qanun onu qərizələrin və ya vəzifəpərəstlik şəhvətinin insanın daxilində coşub daşdığı vaxt idarə və islah edə bilməz.
4. Qanun qəzəbli insanı idarə və
islah edə bilmr
Qanunun dördüncü nöqsan və çatışmamazlığı da budur ki, insan qəzəblənərkən qanun onu idarə və islah edə bilmir. Nümunə üçün Qurani-Kərimdən bir ayə qeyd edirəm.
Allah-təala “Məaric” surəsinin 1-ci ayəsində buyurur:
سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ
“Bir nəfər vaqe olacaq əzab istədi.”
Təfsir alimləri bu ayənin nazil olması barədə öz təfsir kitablarında Peyğəmbər(s) və imamlardan(ə) bir sıra hədis və rəvayətlər nəql etmişlər. O cümlədən bu ayənin barəsində belə bir rəvayəti nəql etmişlər. Qədir-xum hadisəsində həzrət Peyğəmbər(s) Əlinin(ə) əlindən tutub yuxarı qaldıraraq onu bütün müsəlmanlara imam təyin etdi. Nəzr ibn Haris İmam Əlinin(ə) müxaliflərindən biri idi. O qəzəbli və inadkar halda Peyğəmbərin(s) hüzuruna gəlib dedi: Ya Rəsuləllah, sən bizə namaz qılmağı əmr etdin, biz də qıldıq. Cihad elan etdin, cihad etdik. Oruc tutmağı əmr etdin, oruc da tutduq və s. İndi isə Əlini bizə imam təyin etməyin Allahın əmrilədir yoxsa sən özün belə istəyirsənn?
Peyğəmbər(s) buyurdu: Əlbəttə ki, Əli(ə) Allah tərəfindən insanlara imam seçilir.
Nəzr ibn Haris əllərini yuxarı qaldırıb Ənfal surəsinin 32-ci ayəsini oxudu.
اللَّهُمَّ إِن كَانَ هَـذَا هُوَ الْحَقَّ مِنْ عِندِكَ فَأَمْطِرْ عَلَيْنَا حِجَارَةً مِّنَ السَّمَاء أَوِ ائْتِنَا بِعَذَابٍ أَلِيمٍ
“Ey Allah! Əgər (Peyğəmbərin bu sözü) haqqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli əzab göndər!”
Bu ayə müşriklərin barəsində nazil olmuşdur. Müşriklər də İslamın haqq olmasına şəkk edib belə demişlər.
Nəzr bu duanı edən kimi, Allah təala bir quşun vasitəsilə onun başına xırda bir daş saldı. Daş onun başından girib dəvəsinin qarnının altından çıxdı və dəvəsi də özü də öldü.
Təfsir alimlərinin tədqiqatına əsasən Nəzr əzaba düçar olandan sonra Allah-təala “Məaric” surəsinin 1-ci ayəsini nazil etdi. “Bir nəfər vaqe olacaq əzab istədi.”
Mərhum Əllamə Əmini “Əl-ğədir” kitabında bu rəvayəti qeyd etdikdən sonra bunu təsdiq edən 30 nəfər sünni alimlərinin adlarını qeyd etmişdir.
Həm Quran ayələrindən, həm də Əllamə Əmininin qeyd etdiyi bu rəvayətdən məlum olur ki, insan qəzəbli olan halda qanun onu idarə və islah edə bilmir. Buna görə də insana gizli və aşkarda hidayət olunması üçün qanundan əlavə iman da lazımdır.
Qəzəb barədə hədislər
Qəzəb barədə Peyğəmbər və imamlardan bir çox hədislər nəql olunmuşdur. Və qəzəbin insanın təkamülə yetməsinə mane olan xətərli amillərdən biri olması bəyan olunmuşdur.
1.قَالَ عَلِىُّ(ع): اِيَّاكَ وَالْغَضَب فَأَوَّلُهُ جُنُون وَ آخِرُهُ نَدْمٌ
1. İmam Əli(ə) buyurur:“Qəzəbdən çəkin! Çünki qəzəbin əvvəli dəlilik, axırı isə peşmançılıqdır.”1
2.قَالَ عَلِىُّ(ع): مَنْ طَبايِع الْجُهّال التَّسَرُّعُ اِلى الْغَضَبِ فِى كُلِّ حَالٍ
2. O həzrət başqa bir hədisdə belə buyurur: “Hər bir hadisədə və hər bir halda qəzəblənmək üçün tələsmək cahillərin əlamətlərindəndir.”2
3.قَالَ عَلِىُّ(ع): اَلْغَضَبُ يُفْسِدُ الْأَلْبابَ وَ يُبْعِدُ مِنَ الصَّوابِ
3. İmam Əli(ə) buyurur: “Qəzəb insanın ağlını əlindən alar və insanı doğru yoldan uzaqlaşdırar.”3
4.قَالَ عَلِىُّ(ع): غَضَبُ الْعاقِل فِى فِعْلِهِ وَ غَضَبُ الْجاهِلُ فِى قَوْلِهِ
4. İmam Əli(ə) buyurur: “Ağıllı insan qəzəblənərkən öz qəzəbini əməli ilə, cahil insan isə qəzəbləndikdə öz qəzəbini ağzına gələn sözü danışmaqla sakitləşdirər.”4
5.قَالَ عَلِىُّ(ع): مِنْ اَفْضَلِ اَعْمالِ الْبِرُّ الْجُودِ فِى الْعُسْرِ وَالصِّدْقُ فِى الْغَضَبِ وَالْعَفْوِ عِنْدَالْقُدْرَةِ
5. İmam Əli(ə) buyurur: “Əməllərin ən gözəli kasıb olan halda səxavətli olmaqdan, qüdrətli olan halda güzəşti, qəzəbli halda isə sədaqətli olmaqdan ibarətdir.”1
6.قَالَ عَلِىُّ(ع): اَلْغَضَبُ نَارٌ مُؤْقَدَةٌ مَنْ كَظِمَهُ أَطْفَأَهَا وَ مَنْ اَطْلَقَهُ كَان أَوَّلُ مُحْتَرَقٍ بِها
6. İmam Əli(ə) buyurur: “Qəzəb yanar oddur. Qəzəbini sakitləşdirən şəxs o odu söndürən şəxs kimidir. Və öz qəzəbinə yiyə durmayan kəs bu odun içinə daxil olan birinci şəxsdir”2
İnsan qəzəblənərkən şeytan onu tez bir zamanda yoldan çıxara bilər. Odur ki, insan qəzəbləndiyi zaman özünü cilovlamağı bacarmalıdır.
7.عَنْ اِبْنِ عَبَّاسِ قَالَ: قَالَ نُوحُ(ع) لِإِبْلِيسَ فَأَخْبِرْنِى مَتَى تَكُونُ أَقْدَر عَلى اِبْنِ آدَم؟ قَالَ: عِنْدَ الْغَضَبِ
7. İbni Abbasdan qəzəb barədə belə bir rəvayət nəql olunmuşdur: “Nuh(ə) peyğəmbər Şeytandan soruşdu: “İnsanların qəlbinə girib onları yoldan çıxardığın ən münasib vaxt hansı vaxtdır. Şeytan dedi: Qəzəbləndikləri zaman.”3
8.قَال رَسُول الله(ص): اَلصَّرْعَةُ كُلُّ الصَّرْعَةِ اَلَّذِى يَغْضِب فَيَشْتَدُّ غَضَبَهُ وَ يَحْمُرَ وَجْهَهُ وَ يَقْشَعِرُّ شَعْرَهُ فَيَصْرَعُ غَضَبَهُ
8. Həzrət Peyğəmbər(s) buyurur: “Hamıdan güclü pəhlivan qəzəbdən üzünün qızardığı və tüklərinin biz-biz olduğu zaman qəzəbini yatıran və qəzəbinə qələbə çalan şəxsdir.”1
9.قَالَ عَلِىُّ(ع): أَعْظَمُ النَّاسِ سُلْطَانًا عَلَى نَفْسِهِ مَنْ قَمَعَ غَضَبَهُ وَ أَماتَ شَهْوَتَهُ
9. İmam Əli(ə) buyurur: “Öz nəfsinə hakim olan ən güclü şəxs qəzəbləndiyi zaman öz qəzəbini və günaha düşəcəyi zaman öz şəhvətini ram edən şəxsdir.”2
10.قَالَ عَلِىُّ(ع): أَعْدَى عَدُوٍّ لِلْمَرْءِ غَضَبُهُ وَ شَهْوَتُهُ فَمْنَ مَلَكَهَا عَلَتْ دَرَجَتُهُ وَ بَلَغَ غَايَتُهُ
10. İmam Əli(ə) buyurur: “İnsanın ən böyük düşməni onun şəhvət və qəzəbidir. Şəhvət və qəzəbinə qələbə çalan şəxs ucalar və hədəfinə yetişər.”
11.قَالَ رَسُول الله(ص): لَيْسَ الشَّدِيدُ الذِى يَغْلِبُ النَّاسَ إِنَّمَا الشَّدِيدُ الَّذِى غَلَبَ نَفْسَهُ عِنْدَ الْغَضَبِ
11. Həzrət Peyğəmbər(s) buyurur: “Camaata (yarış və döyüşlərdə) qələbə çalan şəxs güclü deyildir. Ən güclü şəxs qəzəbləndiyi halda qəzəbinə qalib olan (qəzəbini yatıran) şəxsdir.”1
Dostları ilə paylaş: |