207. Bə’zi adamlar sperma xaric olan kanalı tibbi cərrahiyyə yolu ilə bağlayırlar. Cinsi yaxınlıq vaxtı yapışqan su xaric olursa, bu suyun sperma hökmü varmı? Bu kimi şəxslərin möhtəlim olması necədir?
Cavab: Söylənilən tibbi cərrahlıq yolu ilə kanalın bağlanması spermanın xaric olmamasına səbəb olmaz. Sperma olmasa da belə, bu maye adi surətdə onların bədənindən xaric olur və cənabətə səbəb olur. Əgər şəkk etsə, cənabət üçün qeyd olunan üç əlamət varsa onun sperma olmasına hökm verilir.
208: Ağ rəngdə yapışqan bir su insandan xaric olub; Ehtimal vardır ki, bu maye sperma olsun. Qusul vacibdirmi?
Cavab: Xeyr. Spermaya oxşasa da, onda qeyd olunan nişanələr olmasa və bədəndən xaric olmasına yəqinlik tapılmasa vacib deyil.
209: Xəstəlik səbəbindən bir şəxsdən ixtiyarsız sperma xaric olur; bu vəziyyət qusula səbəb olurmu?
Cavab: Bəli. Qusula səbəb olar.
Sual 210: Bir şəxsin yumurtalarından iynə vasitəsi ilə sperma çəkiblər. Kərək qusl etsin?
Cavab: Verilən suala əsasən sperma öz kanalından xaric olmadığından qusulun vacib olması şübhəlidir. Amma ehtiyat yaxşıdır. Qusl edəndən sonra namaz üçün dəstəmaz da alsın.
Sual 211: Yuxudan oyanan bir şəxs öz paltarında spermaya oxşar bir rütubət görür. Cənabətə səbəb olan bir yuxu da görməmişdir. Onun vəzifəsi nədir?
Cavab: Əgər o rütuətin sperma olmasına və ondan xaric olmasına yəqinliyi varsa, gərək qusl etsin. Əks halda bir bir şey lazım deyil.
Sual 212: Cənabətli olmasını ehtimal edən bir şəxs qusl etməlidirmi?
Cavab: Şəkk və ehtimalla qusl vacib olmur. Yəqinlik və arxayın olmaq əsasdır.
Sual 213. Qadın və əri namaz üçün qusl etməyə çatmayacaqlarını bilsələr ya etməyə bir maneə yaransa və ya onlardan biri qusl edə bilməsə namaz vaxtının daxil olmasından əvvəl yaxınlıq etmələri düzgündürmü?
Cavab: Əgər təyəmmüm edə bilsələr, hər iki halda maneəsi yoxdur. Amma vaxt daxil olubsa və təyəmmümə imkan yoxdursa, yaxınlıq etmək düzgün deyildir.
CƏNABƏTİN HÖKMLƏRİ
Sual 214. Cənabətli şəxsin üstündə Qur’anın olmasının (və ya onu cibində gəzdirməsinin) maneəsi var, ya yox?
Cavab: Maneəsi yoxdur.
Sual 215. Cənabətli və heyzli olanların Kumeyl duasını oxumaları düzgündürmü?
Cavab: Maneəsi yoxdur. Amma ehtiyata əsasən duada olan Qur’anın mübarək ayəsini (əfə mən kanə muminən kə mən kanə fasiqən) oxumasınlar. Çünki, bu ayə Qur’anın (Əlif-lam Səcdə) surəsinin ayələrindəndir.
Sual 216. Qur’an ayəsi yazılan səhifənin üzərinə vərəq və plastik çəkilmişdir. Yazılan Qur’an ayəsi aydınlıqla görünür. Cənabətli və dəstəmazsız şəxs onun üzərinə əl vursa hökmü nədir?
Cavab: Maneəsi yoxdur.
Sual 217. Cənabətli və heyzli şəxslər İmamzadələrin hərəminin ziyarətinə gedə bilərlərmi?
Cavab: Heç bir maneəsi yoxdur.
Sual 218. Haramdan cənabətli olan bir şəxs qusl edən zaman haramdan bu işin olduğunu niyyət etməlidirmi?
Cavab: Xeyr, lazım deyil.
QUSULUN NECƏLİYİ
Sual 219. Hamamda təzyiqlə axan duşun altında irtimasi qusl etmək olarmı?
Cavab: İrtimasi quslda su bir dəfəyə bütün bədəni tutmalıdır. Duş altında bu iş çətindir.
Sual 220. Qusulda bədənə əl çəkmək lazımdırmı?
Cavab: Əl çəkmək lazım deyil, əgər su qusl niyyəti ilə bütün bədənə çatsa, kifayətdir.
Sual 221. Cənabət quslunda bir şəxs əvvəl sağ tərəfi başdan ayağa qədər yuyub, sonra sol tərəfi yumuşdur. Onun quslu səhihdirmi?
Cavab: Verilən suala əsasən onun quslu batildir, çünki tərtibi quslda gərək əvvəl başı və boyunu qusl niyyəti ilə yusunlar, sonra sağ tərəfi daha sonra sol tərəfi yusunlar.
Sual 222. Bir şəxsin bədənində suyun dəriyə çatmasına bir maneə var imiş; bu maneə qusl zamanı yadından çıxmış, qusldan sonra isə maneə aradan getmişdir. Onun quslu səhihdirmi?
Cavab: Suala əsasən qusl zamanı həmin maneəyə diqqətsizlik etmişsə gərək quslunu təkrarlasın.
Sual 223. Bədən üzvlərindən birinə çəkilən rəngin suyun dəriyə çatıb-çatmamasında maneə yaratması haqqında şəkk edən şəxsin vəzifəsi nədir?
Cavab: Suyun dəriyə çatmasına arxayınlıq tapana qədər yoxlanış aparması lazımdır.
Sual 224. Rəngsaz bir şəxs əl və üzündən rəngin zərrələrini təmizləməkdə çətinlik çəkir. Dəstəmaz və quslda onun vəzifəsi nədir?
Cavab: Rəngin zərrələrini təmizləmək bir narahatçılıq və çətinlik yaradırsa, gərək cəbirə dəstəmazının göstərişinə əməl etsin (o halda dəstəmaz alsın). Ehtiyata görə təyəmmüm də etsin. Namazın vaxtı azdırsa və rəngi təmizləməyə fürsət olmasa, həmin göstərişə əməl etsin ki, namazı qəzaya getməsin. Bu cəhətə əsasən dəstəmaz və qusl arasında heç bir fərq yoxdur.
Sual 225. Yağlı əl və bədənlə dəstəmaz və qusl almağın hökmü nədir?
Cavab: Əgər bədənin dərisinə suyun çatmasına maneə yaradan yağın miqdarı çox olsa, qusl və dəstəmaz səhih deyildir. Gərək əvvəl yağlılığı təmizləsinlər, amma maneə olmasa, yə’ni yağlılıq az olsa, dəstəmaz və qusl səhihdir.
Sual 226. Qusl, dəstəmaz və təyəmmümdə üzüyü barmaqdan çıxarmaq lazımdırmı?
Cavab: Dəstəmaz və quslda su gərək üzüyün altına çatsın, üzüyü çıxartmaq lazım deyil. Amma təyəmmümdə çıxarmaq lazımdır.
Sual 227. İflic və şikəst bir şəxs qusl edə bilmədiyi üçün başqaları onu yuyundururlar; qusl üçün onun vəzifəsi nədir?
Cavab: Verilən suala əsasən başqa bir şəxs suyu onun başına, boynuna, sağ və sol tərəfinə töksün. İflic və şikəst adam da qusl niyyəti etsə kifayət edər.
Sual 228. Qusl niyyəti ilə hamama gedən bir şəxs bir gün sonra qusl edib-etməməsində şəkk etsə vəzifəsi nədir?
Cavab: Qıldığı namazlar səhihdir, amma sonrakı namazlar üçün qusl etsin.
Sual 229. Boynunda bir neçə quslu olan bir şəxs cənabət, heyz, məss-meyit quslu yerinə yetirməklə yanaşı cümə quslu da vermək istəyir. Onlara ayrı-ayrı niyyət və qusl etsin, ya heç bir fərqi yoxdur?
Cavab: Heç bir fərqi yoxdur. Onların hamısına bir niyyət edib qusl edə bilər.
Sual 230. Qusl əsnasında ondan sidik xaric olub-olmamasında şəkk edən şəxsin vəzifəsi nədir?
Cavab: Öz şəkkinə e’tina etməsin.
Sual 231. Dövlət idarələrinin hamamlarında qusl etməyin hökmü necədir?
Cavab: İdarə qanunlarının ziddinə olmasa maneəsi yoxdur.
Sual 232. Nadanlıq və qəflət üzündən mənzilimin boru, su qızdırıcı və su kranlarını qəsbi və haram pulla almışam. Xahiş edirəm buyurun: Onlardan istifadə edib, dəstəmaz və qusl almağın hökmü nədir?
Cavab: Verilən suala əsasən onları həmin haram və qəsbi pulla almısınız, haram iş görmüsünüz; gərək tez bir zamanda pul sahibinin razılığını əldə edəsiniz və onları (boru, kran və su qızdırıcı) qəsbi olmaqdan xaric edəsiniz. Borunun suyu mübah olduğundan qəsbi sayılmır, dəstəmaz və qusl almaq batil deyildir; su kranını açıb bağlamaqla haram iş görmüş olsınız da belə.