Səhabələrdən və onların övladlarından bir qrupu Əli (ə)-a qoşulmadıqları halda, Müaviyə ilə də həmkarlıq etmədilər, müharibə dayandıqdan sonra da Müaviyənin dəvəti ilə Şama gəldilər. Onlardan Əbdüllah ibni Xübeyri, Əbdüllah ibni Öməri və Müğeyrə ibni Şöbəni göstərmək olar. Müaviyə Müğeyrəyə dedi:–Bu işdə mənə kömək et, həkəmlərin fikrini mənə xəbər ver.
Müğeyrə bu işi qəbul edərək Dumətül-cəndələ yola düşdü, qazilərin fikirlərini öyrənmək üçün onların hər biri ilə ayrılıqda görüşdü. Əvvəlcə Əbu Musaya dedi:–Bu çəkişmələrdən və qan axıdılmasından uzaq olan bir adam barəsində fikrin nədir?
Əbu Musa dedi:–Onlar ən yaxşı adamlardır! Onların çiyinləri qan yükündən azad, qarınları haram maldan təmizdir.
Sonra Əmr Asla görüşdü və ondan da həmin sualı soruşdu. Əmr As belə cavab verdi:–Bu işdən kənara çəkilənlər ən pis adamlardır; onlar nə haqqı tanımış, nə də batili inkar etmişlər.
Müğeyrə Şama qayıdıb Müaviyəyə dedi:–Mən hər ikisini eyni bir sözlə imtahan etdim. Əbu Musa Əlini xilafətdən çıxaracaq, bu hadisədə iştirak etməyən Əbdüllah ibni Öməri xilafətə seçəcək. Amma Əmr As sənin qədim dostundur. Camaat deyir ki, o, xilafəti özü üçün istəyir və səni özündən çox da ləyaqətli hesab etmir.232
Dostları ilə paylaş: |