FƏSADIN KÖKÜNÜN KƏSILMƏSI
Imam (ə) xəvariclə mülayim münasibətdə idi, onlara buyurduğu sözlərində dostluq yaradan və hidayətedici xəbərdarlıqlardan başqa bir şey eşidilmədi. Həzrət onlarla, özünün inadkar və sözəbaxmayan övladını yola gətirmək istəyən bir ata kimi rəftar edirdi; onların maaşlarını beytül-maldan verir, məsciddə və onun ətrafında yaratdıqları iğtişaşlara etina etmir və çalışırdı ki, onları ram etməklə vəhdəti bir daha cəmiyyətə qaytarsın, Şamdakı əsl xəvaricin kökünü kəssin. Siffeyndəki əhdnamə də Imam (ə)-a bu səlahiyyəti vermişdi. Çünki müqavilədə qeyd edilmişdi ki, əgər həkəmeyn Quran və Peyğəmbər (s)-in sünnəsinin əksinə olaraq qəzavət etsələr, Imam (ə) əvvəlki mövqeyində qalacaqdır.279
Imam (ə) Müaviyə ilə yenidən müharibəyə başlamağın Siffeyn əhdnaməsinə zidd olmadığını, elə ona müvafiq olaraq müharibəni başlayıb düşməni məhv etməyin zəruri olduğunu camaata başa salmaq üçün çoxlu çıxışlar etdi. Onların birində buyurdu: "Biz onlarla şərt bağlamışdıq ki, ədalət əsasında qəzavət edələr, haqqa əməl edələr. Hər iki qazi də öz zülmkar qəzavətlərindən qabaq, bizim qoyduğumuz şərti qəbul etmişdilər. Indi isə haqq ilə müxalifət etmiş, batil hökm çıxarmışlar. Haqq bizimlədir və fitnə odunu söndürmək üçün cihadı əvvəldən başlamalıyıq."280
Imam (ə) və onun dostları "xəbis şəcərənin" kökünü kəsməkdən, fəsadı aradan qaldırmaqdan başqa bir şey fikirləşmirdilər. Amma gözlənilmədən hadisələrin gedişi bu fikirlərin tam əksinə olaraq dəyişildi, Müaviyə ilə deyil, xəvariclə müharibə etmək qəti bir məsələyə çevrildi.
Imam (ə)-ın bu barədə qəti qərara gəlməsinin səbəblərini aşağıdakılardan başa düşmək olar:
1. Imam (ə)-a xəbər çatdı ki, xəvaric Əbdüllah ibni Vəhəb Rasibinin evində yığışaraq "əmr be məruf və nəhy əz münkər" adı ilə silahlı qiyam etməyi qərara almış, bu məqsədlə Bəsrədəki həmfikirlərinə məktub yazaraq onları da təcili olaraq xəvaricin düşərgəsinə–"Xeybər"in kənarındakı Nəhrəvana dəvət etmişlər, Bəsrə xəvaricləri də öz hazırlıqlarını bildirmişlər.281
2. Dumətül-cəndəl məhkəməsində tam həyasızlıqla Imam (ə)-ı öz qanuni məqamından çıxarmış, Müaviyəni onun yerinə seçmişdilər. Bu da Imam (ə)-ı, bu barədə ümumxalq fikrini aydınlaşdırmağa məcbur etdi. Buna görə də Imam (ə) Kufədə minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra buyurdu: "Agah və xeyirxah bir insanla müxalifət etmək peşmançılığa, həsrətə səbəb olar. Mənim həm həkəmiyyət məsələsində, həm də bu iki nəfərin qəzavəti barəsində rəyim mənfi idi, lakin siz mənim rəyimi qəbul etmədiniz və o iki nəfərin hakim olmasını qəbul etdiniz. Onlar öz əhdlərini pozaraq Quranın öldürdüyü şeyi diriltdilər, diriltdiyi şeyi isə öldürdülər; öz nəfsani istəklərinə tabe oldular, dəllil və höccət olmadan rəy verdilər. Buna görə də Allah, Onun Peyğəmbəri və möminlər hər iki hakimdən bezardırlar. Cihada, Şama tərəf hərəkət etməyə hazırlaşın və bazar ertəsi günü Nüxeylə düşərgəsində bir yerə yığışın. Allaha and olsun, mən bunlarla (şamlılarla), hərçənd özümdən başqa heç kim olmasa belə, vuruşacağam."
3. Imam (ə) dayanmadan Kufədən çıxıb Siffeynə getməyi qərar aldı. Onun dostlarından bəziləri dedilər ki, yaxşı olardı ki, bizdən ayrılan xəvaricləri də cihada dəvət edəsən. Buna görə də Imam (ə) xəvaricin başçılarına belə bir məktub yazdı: "Əmr As və Əbu Musa xətaya yol vermiş, Allahın Kitabı ilə müxalifət etmiş və həvayi-nəfsə tabe olmuşlar. Onlar nə sünnəyə əməl etmişlər, nə də Qurana. Allah, Onun Rəsulu və möminlər onların əməlindən bezardırlar. Mənim məktubum sizə çatan kimi gəlin, hər ikimizin düşmənlərinə tərəf gedək."
4. Imam (ə)-ın məktubu onların ruhiyyələrində azacıq belə olsun, təsir buraxmadı və bu təklifi rədd etdilər. Imam (ə) onlardan məyus olduqda qərara aldı ki, onların cihadda iştirak edəcəklərini gözləməsin, öz ixtiyarında olan, yaxud toplaya biləcəyi qoşunla Siffeynə tərəf hərəkət etsin. Bəsrənin hakimi Ibni Abbasa bir məktub yazaraq ondan kömək istədi. Məktub ona çatanda onu camaata oxudu, lakin Əhnəfin başçılıq etdiyi min beş yüz nəfərdən başqa müsbət cavab verən olmadı. Ibni Abbas könüllülərin azlığından təəssüfləndi, böyük bir yığıncaqda çıxış edib dedi:–"Əmirəl-möminindən mənə bir məktub gəlmişdir. O, məktubda mənə əmr etmişdir ki, qoşun yığıb cihadda iştirak etmək üçün onun yanına göndərim. Mən bu barədə fərman verdim, amma cihadda iştirak etmək üçün yalnız min beş yüz nəfər hazırlaşdı, halbuki dövlət divanında altmış min nəfərin adı vardır. Təcili olaraq hərəkətə başlayın və bəhanə gətirməyin. Hər kəs öz imamının çağırışına etinasızlıq etsə, bərk peşman olacaq. Mən Əbül-Əsvədə əmr etmişəm ki, sizin hərəkət proqramınızı tərtib etsin."
Əbül-Əsvəd və başqalarının göstərdiyi səylər nəticəsində yalnız min səkkiz yüz nəfər əvvəlkilərə qoşuldu və üç min iki yüz nəfərdən ibarət olan qoşun Kufəyə yola düşdü. Imam (ə) Bəsrə qoşununun sayının azlığından fikrə daldı, kufəlilərin arasında çıxış edib buyurdu: "Ey Kufə əhli! Siz haqq işində mənim qardaşlarım və köməkçilərimsiniz. Mən sizin köməyinizlə haqqa arxa çevirənləri məhv edərəm. Ümidvaram ki, siz haqq keşikçiləri, bu yolda möhkəm və sabitqədəm olasınız. Bilin ki, Bəsrə əhalisindən yalnız üç min iki yüz nəfər köməyə gəlmişlər. Sizə vacibdir ki, sədaqətlə kömək edəsiniz. Rəislər və qəbilələr öz qohum-əqrəbalarına yazsınlar, döyüş qüdrəti olanları bu müharibəyə dəvət etsinlər."
Səd ibni Qeys Həmdani, Ədi ibni Hatəm, Hücr ibni Ədi kimilər və sair qəbilə ağsaqqalları bu fərmana itaət edib öz qəbilələrinə məktub yazdılar. Beləliklə qırx min nəfər döyüşçü on yeddi min cavan və səkkiz min qulamla birlikdə Kufəyə gəldilər, Bəsrə qoşunu da onlara qoşuldu. Böyük bir ordu Imam (ə)-ın bayrağı altında birləşdi. Bəziləri Müaviyə ilə vuruşmazdan öncə xəvaricin işinin xətm edilməsinə israr edirdilər. Imam (ə) buyurdu: "Onları boşlayın, və yer üzündə zülmkar şahlar olmaq, möminləri qul etmək istəyənlərin sorağına gedin!"
Bu vaxt hər tərəfdən səslər ucaldı: "Bizi hara məsləhət görürsənsə, ora da apar! Hamımızın qəlbimiz bir nəfərin qəlbi kimidir və yalnız sənə kömək etmək üçün döyünür!"
5. Belə həssas bir vəziyyətdə xəbər çatdı ki, xəvaric çayın sahilində Əbdüllah ibni Xubbabın başını kəsmiş, bununla da kifayətlənməyib onun arvadını da öldürmüş və bətnindəki uşağı çıxarıb onun da başını kəsmişlər. Ibni Qüteybə "Əl-imamətu vəs-siyasət" kitabında yazır:
Xəvaric Əbdüllah ilə qarşılaşanda ondan soruşdular:–Kimsən?
Əbdüllah: –Allahın mömin bəndəsi!
Xəvaric:–Əli barəsində fikrin nədir?
Əbdüllah:–O, möminlərin əmiri, Allaha və Onun Rəsuluna iman gətirən ilk şəxsdir.
Xəvaric:–Adın nədir?
Əbdüllah:–Əbdüllah ibni Xubbab ibni Ərrət.
Xəvaric:–Sənin atan Peyğəmbərin səhabəsi idimi?
Əbdüllah:–Bəli.
Xəvaric:–Səni narahat etdikmi?
Əbdüllah:–Bəli!
Xəvaric:–Sənin atandan, atanın da Peyğəmbərdən nəql etdiyi hədisi bizim üçün söylə.
Əbdüllah:–Atam Peyğəmbərin belə buyurduğunu nəql edib: "Məndən sonra bir fitnə baş verəcəkdir, o fitnədə möminin qəlbi öləcək. Gecə imanlı halda yatacaq, gündüz isə kafir olacaqdır."
Xəvaric:–Məqsədimiz bu hədisi səndən eşitmək idi. Allaha and olsun, səni elə (faciəli şəkildə) öldürəcəyik ki, indiyə kimi heç kimi o cür öldürməmişik!
Bunu deyib onun əl-ayağını bağladılar və hamilə arvadı ilə birlikdə xurma ağacının altına gətirdilər. Bu vaxt ağacdan bir xurma düşdü. Xəvaricdən biri onu götürüb ağzına qoydu, onun həmfikirləri etiraz səslərini ucaltdılar: "Nə üçün camaatın malını, razılığı olmadan, yaxud pulunu vermədən yeyirsən?!"
O, dərhal xurmanı ağzından çıxarıb tulladı. Sonra xəvaricdən biri bir məsihinin oradan keçən donuzunu oxla vurub öldürdü. Bu vaxt başqaları etiraz edib dedilər ki, bu əməl yer üzündə fəsad salmaqdır! Buna görə də onun sahibini razı saldılar. Sonra Əbdüllahı əl-qolu bağlı halda çayın kənarına gətirib başını qoyun başı kimi kəsdilər, arvadını da öldürdülər, sonra onun qarnını yırtıb uşağını çıxartdılar və onun da başını kəsdilər. Yenə də kifayətlənməyib başqa üç nəfər arvadı da (onlardan biri səhabə idi) öldürdülər."282
Əbdüllahın atası Xubbab ibni Ərrət ilk müsəlmanlardan idi və ölənə kimi Qüreyşin ona verdiyi işkəncə izləri onun bədənində qalmışdı. O, Imam (ə) Siffeyndən qayıtmazdan əvvəl vəfat etdi. Imam (ə) qayıdandan sonra onun qəbri üstünə gedib rəhmət oxudu, onu təriflədi.
Mübərrəd "Kamil" kitabında Əbdüllahın faciəli şəkildə qətlə yetirilməsini yazaraq qeyd etmişdir ki, onun qatilini tutandan sonra o (qatil) dedi: "Mən sizdən istəyirəm ki, Quranın diriltdiyi şeyi dirildin, öldürdüyünü öldürün."
O, Əbdüllahın atasının Peyğəmbərdən nəql etdiyi hədisi qeyd edəndən sonra yazır: Xəvaric xurma ağacının meyvəsindən yemək üçün onun sahibinə təklif etdilər ki, onun pulunu alsın. O dedi ki, ağacımın meyvəsini sizə bağışladım, lakin onlar qəbul etməyib dedilər: "Onun pulunu hökmən almalısan!" Bu vaxt məsihi kişi fəryad edib dedi ki, "siz bir müsəlmanın qanını tökməkdən qorxmursunuz, amma xurma sahibi razı ola-ola onun meyvəsini yemək istəmirsiniz!"283
6. Əmirəl-möminin Əli (ə) Əbdüllahın qətlə yetirilməsindən xəbər tutduqda Haris ibni Mürrəni xəvaricin düşərgəsinə göndərdi ki, bu barədə düzgün bir xəbər gətirsin. Haris onların içinə gedəndə bütün islam və insaniyyət qanunlarının əksinə olaraq onu da tutub öldürdülər. Göndərilən elçinin öldürülməsi Imam (ə)-ı daha da təəssüfləndirdi. Bu zaman Imam (ə)-ın köməkçilərindən bir dəstə onun hüzuruna gəlib dedilər: "Qulağımızın dibində belə bir təhlükə ola-ola Şama tərəf gedib, arvad-uşaqlarımızı da onların (xəvaricin) içində qoymağımız düz bir işdirmi?!"
Dostları ilə paylaş: |