Malikin şəhid olması şamlıları sevindirmişdi, çünki onlar Siffeyn müharibəsindən etibarən ürəklərində ona qarşı kin bəsləyirdilər. Amma onun şəhadət xəbəri Əli (ə)-a çatanda uca səslə ağlayıb buyurdu: "Ey Malik, gərək sənin kimilərə növhə deyən arvadlar ağlasın! (Sonra buyurdu:) Malikin misli haradadır?!" Sonra minbərə çıxıb sözlərini belə başladı: "Biz Allahdanıq və Ona tərəf qayıdacağıq. Həmd-səna dünyaların Pərvərdigarı olan Allaha layiqdir. Pərvərdigara, mən Əştərin müsibətini Sənin yolunda hesab edirəm, çünki, onun ölümü ruzigarın böyük müsibətlərindəndir. Allah Malikə rəhmət etsin! O, öz əhdinə vəfa edib ömrünü sona çatdırdı və Pərvərdigarının görüşünə getdi. Biz Peyğəmbərdən sonra özümüzü hər bir müsibətə qarşı səbir etməyə hazırlamışdıq, bununla belə deyirik ki, Malikin müsibəti ən böyük müsibətlərdəndir."
Füzeyl deyir: "Malikin şəhadət xəbəri Əli (ə)-a çatanda onun hüzuruna getdim. Gördüm ki, ardıcıl olaraq təəssüflənib deyir: "Allah Malikə əcri-xeyir versin! Necə bir şəxsiyyət idi! Əgər Malik dağ olsaydı, misilsiz bir dağ idi və əgər daş olsaydı, möhkəm bir daş idi. Malik, Allaha and olsun, sənin ölümün bir dünyanı lərzəyə gətirdi, bir dünyanı isə sevindirdi. Malik kimilərə gərək novhəçi arvadlar ağlasın. Məgər Malikin tayı vardımı?" (O, sonra əlavə edib deyir:) Əli (ə) hey təəssüflənirdi, bir neçə gün qəm-qüssənin izi onun üzündə görünürdü."
Dostları ilə paylaş: |