Nofəl ibni Füzalə deyir: Imam (ə)-ın həyatının axır günlərində Cödə Məxzumi daşdan bir taxt düzəltdi, Imam (ə) yun köynək geymiş olan halda onun üstünə çıxdı, qılıncının bağı və başmaqlarının qaytanı xurma lifindən idi, alnı səcdənin çoxluğundan qabar bağlamışdı. O həzrət söhbətə başlayıb buyurdu: "Allaha şükürlər olsun ki, bəndələrin və dünya işlərinin aqibəti Ona tərəfdir. Böyük ehsanlarına, aydın dəlillərinə və (daim) artan kərəminə görə Ona həmd edirik. Ey camaat, mən peyğəmbərlərin öyüd-nəsihətlərini sizin aranızda yaydım, onların canişinlərinin gələcək nəsillərə çatdırdıqlarını da sizə çatdırdım. Sizi şallağımla ədəbləndirdim, amma ibrət almadınız. Sizi təşviqedici sözlərlə irəli sövq etdim, lakin bir-birinizə yaxınlaşmadınız. Sizi and verirəm Allaha, məndən qeyri bir imamı gözləyirsinizmi ki, yolu sizin üçün düzəltsin, sizi haqq yola aparsın?! Qanları Siffeyndə tökülən qardaşlarımız ziyan etməmişlər, çünki belə günləri görmədilər ki, qəm-qüssə dolu camı başlarına çəksinlər və (insanı mənən əzən) bu cür həyatın çirkablı suyundan içsinlər. Allaha and olsun, onlar Allahla görüşə yol tapmışlar, Allah da onların əcr və savablarını kamil etmiş, Özünün əmin-amanlıq diyarında onlara yer vermişdir! Hara getdi mənim haqq yolunda qədəm götürüb elə o yolda da can verən qardaşlarım?! Hardadır Əmmar?! Haradadır ibni Qeyhan?! Haradadır Zuşşəhadəteyn?! Haradadır onlara və onların qardaşlarına oxşayan, öz əzm və niyyətlərində iradəli olanlar?!"
Nofəl deyir: Imam (ə) bu zaman əlini saqqalına çəkib hönkür-hönkür ağladı, sonra buyurdu: "Əfsus, o qardaşlarıma ki, Quranı oxuyub onu möhkəmləndirdilər, onun fərizələrində fikirləşib, onları canlandırdılar, sünnələri dirildib bidətləri öldürdülər, düşmənlə cihad etməyə dəvət olunduqda müsbət cavab verdilər, öz rəhbərlərinə etimad və ona itaət etdilər!" Sonra uca səslə fəryad edib dedi:–"Ey Allah bəndələri, cihada gedin! Mən bu gün qoşun yığıram, hər kəs cihad meydanına getmək istəyirsə, hərəkət üçün hazır olsun."319
Imam (ə)-ın bu həyəcanlı sözləri iraqlıların ölmüş qəlblərini elə diriltdi ki, az müddət ərzində Allah yolunda cihad etmək və düşmənlə vuruşmaq üçün qırx min nəfər Siffeynə yığışdı. Imam (ə) öz oğlu və Əbu Əyyub Ənsari üçün bayraq düzəltdi, hər biri on min nəfərlə hərəkət etmək üçün hazırlaşdı, başqa səhabələr üçün də bayraq düzəltdi və hər birini bir dəstənin başında hərəkətə hazırladı. Amma əfsuslar olsun ki, həmin həftə sona çatmamış Əbdürrəhman ibni Mülcəmin (Allah ona lənət etsin!) qılıncı ilə şəhadətə çatdı. Imam (ə)-ın şəhadət xəbəri Kufənin kənarında olan döyüşçülərə çatdıqda hamısı çobanlarını itirən və canavar tərəfindən təqib olunan qoyunlar kimi Kufəyə axışdılar. Indi isə Imam (ə)-ın həyatının son səhifəsini vərəqləyirik.
Dostları ilə paylaş: |