ÜÇÜNCÜ FƏSİL IMAM (ə)-IN HƏYATININ SON SƏHIFƏSI–IBADƏT MEHRABINDA ŞƏHADƏT
Nəhrəvan müharibəsindən sonra Əli (ə) Kufəyə qayıtdı. Amma Nəhrəvanda tövbə edən xəvaricdən bir neçəsi yenidən müxalifətə başlayıb fitnə-fəsad törətməyə başladılar. Imam (ə) xəbər göndərərək onları asayişə dəvət etdi, mərkəzi hökumətlə müxalifətdən qorxutdu, amma onların düz yola gələcəklərindən ümidsiz olduqda o tüğyançı və fitnə-fəsad törədənləri var-qüvvəsi ilə tar-mar etdi. Onların bəziləri ölüb-yaralandı, bəziləri isə qaçıb canlarını qurtardılar.
Xəvaric fərarilərindən biri Murad qəbiləsindən olan Əbdürrəhman ibni Mülcəm idi. Xəvaric fərariləri Məkkəni özlərinə sığınacaq yeri seçmişdilər. Bir gecə onlardan üçü: Əbdürrəhman ibni Mülcəm Muradi, Bərk ibni Əbdüllah Təmimi və Əmr ibni Bəkr Təmimi bir yerə yığışaraq o zamanın mövcud vəziyyətini araşdırıb, qan axıdılmasının və daxili müharibələrin səbəblərini təhlil etdilər, Nəhrəvanda öz öldürülənlərini yad etdilər, nəhayət bu nəticəyə gəldilər ki, bu qan axıdılması və qardaş qırğınının səbəbkarı Əli, Müaviyə və Əmr Asdır, əgər bu üç nəfər aradan götürülsə, müsəlmanlar öz vəzifələrini dərk edib öz istəkləri ilə bir xəlifə seçəcəklər. Sonra bir-biri ilə əhd-peyman bağladılar ki, hər biri o üç nəfərdən birini öldürsün, sonra bərk-bərk and içməklə bu peymanı qüvvətləndirdilər. Ibni Mülcəm Əli (ə)-ı, Əmr ibni Bəkr Əmr Ası, Bərk ibni Əbdüllah da Müaviyəni öldürməyi qərara aldı. Beləliklə, bu məkrli tədbir gizli şəkildə Məkkədə töküldü.320 Hər üçü öz işini eyni vaxtda həyata keçirsinlər deyə, bu iş üçün mübarək Ramazan ayının 19-cu gecəsini təyin etdilər. Hər biri öz məmuriyyətini yerinə yetirmək üçün nəzərdə tutduqları şəhərə yola düşdülər. Əmr ibni Bəkr Əmr Ası öldürmək üçün Misrə, Bərk ibni Əbdüllah Müaviyəni öldürmək üçün Şama, Ibni Mülcəm də Əli (ə)-ı öldürmək üçün Kufəyə yola düşdü.321
Bərk ibni Əbdüllah Şamda məscidə getdi və müəyyən olunmuş gecədə birinci cərgədə namaza durdu. Müaviyə səcdədə olanda ona hücum etdi. Iztirablı olduğuna görə özünü itirdi, zərbəni yaxşı vura bilmədi. Zərbə Müaviyənin başına yox, buduna dəyib onu şiddətlə yaraladı. Onu dərhal evinə aparıb yatağa saldılar. Bərki Müaviyənin yanına gətirəndə ondan soruşdu:–Hansı cürətlə belə bir iş gördün?!
Dedi:–Əmir məni bağışlasa, ona şad bir xəbəri müjdə verərəm!
Müaviyə dedi:–Nə müjdəsi?
Bərk dedi:–Mənim dostlarımdan biri bu gecə Əlini öldürmüşdür. Əgər inanmırsansa, bu xəbər sənə çatana kimi məni saxla və əgər öldürülməmiş olsa, mən söz verirəm ki, gedib onu öldürər, sonra yenidən bura qayıdaram.
Müaviyə onu, Əli (ə)-ın qətlə yetirilməsi xəbəri çatana qədər saxladı, bu xəbər yəqin olduqda onu buraxdı. Bir rəvayətə görə də elə həmin vaxt onu öldürdü.322 Təbiblər Müaviyənin yarasını müayinə edəndən sonra dedilər: "Əgər əmir övlad istəməzsə, onu dava-dərmanla müalicə etmək olar, əks halda yara dağlanmalıdır." Müaviyə dağlanmaqdan qorxub nəslinin kəsilməsinə razı oldu, dedi:–"Yəzid və Əbdüllah mənim üçün kifayətdir."323
Əmr ibni Bəkr də Misrə gedib həmin gecə məsciddə birinci cərgədə namaza durdu. Təsadüfən həmin gecə Əmr Asın şiddətli qızdırması var idi, yorğunluqdan məscidə gələ bilməmişdi. O, camaat namazını qılmaq üçün Xaricə ibni Hənifəni məscidə göndərmişdi.324 Əmr ibni Bəkr Əmr Asın yerinə onu öldürdü və onun Əmr As olmadığını başa düşəndə dedi:–"Mən Əmr Ası öldürmək istədim, Allah isə Xaricəni."
Əbdürrəhman ibni Mülcəm Muradi 40-cı ilin Şəban ayının 20-də Kufəyə gəldi. Yazırlar ki, Əli (ə) onun gəlişindən agah olduqda buyurdu: "Çatdımı?! Həqiqətdə ondan başqa mənim öhdəmə bir şey qalmamışdır və indi də onun vaxtıdır!"
Ibni Mülcəm bir ay Əşəs ibni Qeysin evində qaldı. Bu müddət ərzində hər gün qılıncını itiləyir, qətl üçün hazırlaşırdı. Orada xəvaricdən olan Qutam adlı bir qızla qarşılaşdı və ona aşiq oldu. Məsudinin nəql etdiyinə görə Qutam Ibni Mülcəmin əmiqızısı idi, onun atası və qardaşı Nəhrəvanda öldürülmüşdü. Qutam Kufənin ən gözəl qızlarından biri idi. Ibni Mülcəm onu gördükdə hər şeyi unutdu və rəsmi şəkildə ona elçiliyə getdi.325
Qutam dedi:–Mən tam məmnuniyyətlə sənə ərə getməyə razıyam, bu şərtlə ki, mənim mehriyyəmi öz istədiyim kimi verəsən.
Əbdürrəhman dedi:–Məqsədin nədir?
Qutam aşiqin təslim olduğunu gördükdə mehriyyənin miqdarını ağırlaşdırıb dedi:–Min dirhəm pul, bir qulam, bir kəniz və Əliyyibni Əbi Talibin qətli.
Ibni Mülcəm dedi:–Güman etmirəm ki, həm məni istəyəsən, həm də Əlini qətlə yetirməyi mənə təklif edəsən!
Qutam dedi:–Çalış, onu qəfildən öldürəsən. Əgər onu öldürsən, hər ikimiz intiqamımızı almış olarıq, gözəl həyat sürərik. Əgər bu yolda öldürülsən, axirət əcri və Allahın sənin üçün zəxirə etdiyi şeylər bu dünya nemətlərindən daha yaxşıdır.
Ibni Mülcəm dedi:–Bil ki, mən Kufəyə yalnız bu iş üçün gəlmişəm!326
Şair Qutamın mehriyyəsi haqda bir şer qoşmuşdur, onun tərcüməsi belədir:
Dostları ilə paylaş: |