"Ölüm üçün kəmərini möhkəm bağla, çünki ölüm sənin görüşünə gələcək,
Ölümdən, sənə doğru gəldiyi vaxt ah-fəryad etmə."337
Imam (ə) məscidə daxil olub namaza başladı, təkbir deyib qiraətdən sonra səcdəyə getdi. Bu zaman ibni Mülcəm fəryad çəkib, "Hökm yalnız Allahındır, sənin üçün deyildir, ya Əli!" deyərək zəhərli qılıncla Əli (ə)-ın mübarək başına zərbə vurdu. Təsadüfən bu zərbə elə əvvəllər Əmr ibni Əbdüvüddün vurduğu yerə endi və o həzrətin başını alnına qədər yardı.338
Mərhum Şeyx Tusi "Əmali" kitabında başqa bir hədisdə Imam Riza (ə)-dan, o da əziz ata-babalarından, onlar da Imam Səccad (ə)-dan nəql etmişlər ki, "Ibni Mülcəm Əli (ə)-ın mübarək başını səcdə halında zərbətləmişdir."339
Məşhur şiə təfsirçisi Əbul Fütuh Razi öz təfsirində yazır: "Ibni Mülcəm Əli (ə)-ı vuranda o həzrət namazın birinci rəkətində "Ənbiya" surəsindən on bir ayə tilavət etmişdi."340
Məşhur sünnü alimi Sibt ibni Covzi yazır: "Imam mehraba daxil olduqda, bir neçə nəfər ona hücum etdi, onların içindən Ibni Mülcəm (qılıncla) ona bir zərbə vurdu və dərhal öz yoldaşları ilə qaçdı."341
Mehrabda Əli (ə)-ın başından qan axıb mübarək saqqalını qızartdı. Bu halda o həzrət buyururdu: "Kəbənin Allahına and olsun ki, nicat tapdım! (Sonra bu ayəni tilavət etdi:) "Sizi torpaqdan yaratdıq, ona da qaytaracağıq və yenidən ondan (dirildib) çıxaracağıq."342
Əli (ə)-a zərbə dəyəndə fəryad edib dedi:–"Tutun onu!" Hamı Ibni Mülcəmin ardınca qaçdı, hər kəs ona yaxınlaşırdısa, onu qılıncla vururdu. Axırda Qəsəm Ibni Abbas irəli atılıb onu qucağına aldı və yerə çırpdı. Onu Əli (ə)-ın yanına apardılar. Həzrət dedi:–Mülcəmin oğlu!
Dedi:–Bəli!
Həzrət onu tanıyandan sonra oğlu Həsənə buyurdu:–Düşməndən muğayat ol, onun qarnını doyuzdur, bəndini möhkəm bağla. Əgər ölsəm, onu mənim yanıma göndər, Allahımın yanında onunla höcətləşim. Yox, əgər sağ qalsam, ya onu bağışlayar, ya da qisas alaram.343
Həsənlə Hüseyn Bəni-Haşim cavanları ilə birlikdə Əli (ə)-ı kilimin arasına qoyub evə gətirdilər. Sonra Ibni Mülcəmi bir daha o həzrətin yanına apardılar. Əmirəl-möminin (ə) ona baxıb buyurdu:–Əgər mən ölsəm, məni öldürdüyü kimi, onu da öldürün, yox əgər sağ qalsam, onunla nə edəcəyimi özüm bilərəm.
Ibni Mülcəm dedi:–Mən bu qılıncı min dirhəmə almışam, min dirhəm də verib ona zəhər yedirtmişəm. Əgər mənə xəyanət etsə, Allah onu həlak etsin!344
Ümmü Külsüm ona dedi:–Ey Allahın düşməni, Əmirəl-möminini öldürdünmü?!
O məlun dedi:–Əmirəl-möminini yox, sənin atanı öldürmüşəm!
Ümmü Külsüm dedi:–Inşallah, atam bu yaradan şəfa tapar!
Ibni Mülcəm yenə də həyasızlıqla dedi:–Görərik, onun üçün ağlar qalacaqsan! Ona elə bir zərbə vurmuşam ki, əgər onu dünya əhalisi arasında bölüşdürsələr, hamısını həlak edər.345
O həzrətə bir az süd gətirdilər, bir az içib buyurdu ki, o süddən məhbusa da aparsınlar və ona əziyyət verməsinlər. Imam (ə)-a zərbə dəyəndə Kufə təbibləri onun başı üstünə gəldilər. Onların içində ən mahir həkim Əsir ibni Əmr yaranı müalicə edirdi. O, yaranı görəndə dedi ki, bir qoyun kəsib döşünü isti-isti gətirsinlər. Sonra onun içindən bir damar çıxardıb yaranın içinə qoydu, sonra onu çıxarıb dedi:–Ya Əli, vəsiyyətini et. Çünki, bu zərbə beyinə çatmışdır, artıq müalicənin faydası yoxdur.
Bu vaxt Imam (ə) kağız-qələm istədi, sonra Həsən və Hüseynə xitabən öz vəsiyyətini yazdı. Bu vəsiyyətin o həzrətin iki oğlu–Həsənlə-Hüseyn (ə) üçün edilməsinə baxmayaraq, həqiqətdə dünyanın sonuna qədər olan bütün insanlar üçün örnəkdir. Bu vəsiyyəti mərhum Seyyid Rəzidən əvvəl və sonra yaşamış bir çox tarixçilər və mühəddislər mötəbər sənədlə qeyd etmişlər.346 Əlbəttə, vəsiyyətin əsli Seyyid Rəzinin "Nəhcül-Bəlağə"də qeyd etdiyindən çoxdur. Indi onun bir hissəsini burada qeyd edirik:
"Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz; dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin, haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün, zalımların düşməni və məzlumların dostu, himayəçisi olun."
***
"Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddinizin belə buyurduğunu eşitdim: "Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan əfzəldir."
***
"Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!"
***
"Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində sizin Peyğəmbəriniz (çoxlu) tövsiyələr etmişdir. O həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik."
***
"Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən qabağa keçə! Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur. Amandır, Allahın Evi (Kəbə) barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq."
***
"Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cahadı unutmayın! Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız. Əmr be məruf və nəhy əz münkəri tərk etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır."
Sonra buyurdu:–Ey Əbdül-Müttəlib övladları! Məbada siz mənim şəhadətimdən sonra "Əmirəl-möminin öldürüldü", deyə bəhanə edərək qolunuzu çırmalayıb müsəlmanları qanına qəltan edəsiniz!347 Bilin və agah olun ki, mənim qisasımı alanda yalnız qatili öldürməlisiniz. Əgər mən bu zərbə nəticəsində dünyadan getsəm, ona yalnız bir zərbə vurun ki, bir zərbə–bir zərbə müqabilində olsun. Məbada onun burun-qulağını kəsəsiniz! Mən Peyğəmbər (s)-in belə buyurduğunu eşitmişdim: "Hətta quduz iti belə, müslə etməkdən (burun-qulaq kəsməkdən) uzaq olun!"
Imam (ə)-ın övladları pərişan, boğazları qəm-qüssədən qəhərlənmiş halda oturub o həzrətin nəvazişli sözlərinə qulaq asırdılar. Imam (ə) bu vəsiyyətin axırında huşdan getdi, huşa gəlib gözlərini yenidən açanda buyurdu: "Ey Həsən, sənə bir-iki sözüm var. Bu gecə mənim ömrümün axır gecəsidir. Öldükdən sonra öz əlinlə mənə qüsl ver, kəfənə bük. Mənim kəfən və dəfn işlərimi özün şəxsən gör, cənazəmə namaz qılıb gecə qaranlığında Kufədən uzaqda, məxfi şəkildə torpağa tapşır, qoy heç kim ondan xəbərdar olmasın."
Əli (ə) iki gün sağ qaldıqdan sonra 40-cı ilin Ramazan ayının 21-ci gecəsində 63 yaşında dünyadan getdi. Onun əziz oğlu Imam Həsən (ə) öz əli ilə ona qüsl verdi, ona yeddi təkbirlə namaz qıldı, sonra buyurdu: "Bilin, Əli (ə)-dan sonra heç kimin cənazəsinə yeddi təkbir deyilməyəcəkdir."
Əli (ə) Kufədə, "Ğərra" adlı bir yerdə (indiki Nəcəf-Əşrəfdə) dəfn edildi. Xilafət dövrü 4 il 2 ay çəkdi.348
Dostları ilə paylaş: |