Müaviyənin Əli (ə)-la müxalifət edərək müharibə üçün qoşun yığmaqda ən böyük bəhanəsi Imam (ə)-ın Osmanın qatillərini himayə etməsi iddiası idi. Əvvəldə Osmanın qətlinin səbəbləri haqqında ətraflı şəkildə söhbət olundu. Burada araşdırılası məsələ budur ki, Osmanın evinə hücum edənlərin cəmiyyətdə malik olduqları mövqeyinə görə hətta Əli (ə) belə onları təhvil verməyə qadir deyildi. Düzdür ki, bir dəstə adam onun evini mühasirəyə aldı və başqa bir dəstə isə onu qətlə yetirdi, lakin xəlifənin əməvi valilərinin xalqa etdikləri zülmlər müqabilində sükut etməsi xalqı bu zülmlərdən xilas etmək məqsədilə xəlifəni öldürən bu dəstənin hörmətinin xalq içində daha da artmasına səbəb oldu. Buna görə də belə şəxslərin tutulub kiməsə təhvil verilməsi çox böyük çətinliklər yaradardı.
Çünki Əli (ə)-la döyüşmək çox da asan bir iş deyildi. Hətta Şamda yaşayan yəmənli zahid Əbu Müslüm Xovlani Müaviyənin Əli (ə)-la vuruşmaq üçün hazırlaşmasından agah olduqda Quran qarilərindən bir neçəsi ilə birlikdə onun yanına gedib soruşdu:–Nə üçün Əli ilə müharibə etmək istəyirsən, halbuki sən heç bir cəhətdən ona tay ola bilməzsən?! Səndə nə onun Peyğəmbər (s)-lə olan dostluğu var, nə onun islam yolunda göstərdiyi fədakarlıqlar və xidmətlər, nə onun hicrətdəki rolu, nə də onun Peyğəmbər (s)-lə olan qohumluğu yoxdur.
Müaviyə dedi:–Mən heç vaxt özümdə Əlinin fəzilətləri kimi bir fəzilətin olduğunu iddia etməmişəm, lakin sizdən soruşuram: Osmanın məzlumcasına öldürülməsini bilirsinizmi?
Dedilər:–Bəli.
Müaviyə dedi:–Əli gərək onların qatillərini bizə təhvil versin, biz də onlardan qisas alaq. Yalnız bu halda biz onunla müharibə etmərik.
Əbu Müslüm və onun həmfikirləri Müaviyədən Əli (ə)-a bir məktub yazmasını istədilər. Müaviyə bir məktub yazdı və Əbu Müslümə verdi ki, onu Imam (ə)-a çatdırsın. (Bu məktubun məzmununu və onun cavabını qeyd edəcəyik.) Əbu Müslüm Kufəyə gəldi və məktubu Əli (ə)-a verdi, sonra dedi:–Allaha and olsun! Sən elə bir işi öhdənə almısan ki, bu işin səndən başqasının əlində olmasını heç vaxt istəmərəm. Lakin Osman möhtərəm (toxunulmaz) bir müsəlman olduğu halda məzlumcasına öldürüldü. Gərək onun qatillərini bizə təhvil verəsən. Sən isə bizim əmir və rəhbərimizsən. Əgər bir kəs səninlə müxalifət etsə, onda əllərimiz sənə kömək, dillərimiz sənə şahiddir. Bu təqdirdə üzürlü olacaqsan.
Imam (ə) bir şey demədi, yalnız bu sözləri buyurdu:–Sabah gəl və məktubun cavabını al.
Sabahı gün Əbu Müslüm məktubun cavabını almaq üçün Imam (ə)-ın hüzuruna getdikdə gördü ki, başdan-ayağa silahlanmış böyük bir dəstə Kufə məscidinə yığışıb. Onların hamısı birlikdə belə şüar verirdilər: "Biz Osmanın qatilləriyik!"
Əbu Müslüm bu mənzərəni gördü, məktubun cavabını almaq üçün Imam (ə)-ın hüzuruna gedib dedi:–Bir dəstə silahlı adam gördüm. Onlar kimdirlər?
Imam (ə) buyurdu:–Nə gördün?
Dedi:–Bizə xəbər çatmışdı ki, sən Osmanın qatillərini bizə təhvil vermək istəyirsən. Halbuki bu gün bir dəstə silahlı adam bir yerə yığışıb şüar verərək deyirlər ki, "bizim hamımızın Osmanın qətlində əlimiz olub."
Əli (ə) buyurdu: "Allaha and olsun, bir an belə, onları təhvil vermək barədə qərara gəlməmişəm. Mən bu işi diqqətlə araşdırdıqda gördüm ki, onları sənə, yaxud səndən başqasına təhvil vermək əsla düzgün iş deyildir.55
Bu hadisə göstərirdi ki, Osmanın qatilləri o vaxt cəmiyyətdə yüksək bir məqama malik idilər və onların kiməsə təhlil verilməsi böyük qırğına səbəb olacaqdı.
Bu bir təbii iş idi və heç vaxt Imam (ə)-ın əmri ilə olmamışdı. Əks halda Imam (ə) Əbu Müslümə verdiyi cavabda bu işdən xəbərsiz olduğunu deməzdi. Bu sözün ağızdan-ağıza yayılması da Əbu Müslümün sadəliyi üzündən olmuşdu, çünki o öz məmuriyyətini camaat içərisində demişdi. Onun bu işi üçüncü xəlifənin təyin etdiyi valilərin zülmlərindən cana doyan və elə həmin səbəbə görə də onu qətlə yetirən qiyamçıları bir-biri ilə birləşdirib daha da müttəfiq etdi.
Imam (ə)-ın bu məsələni yoxladıqdan sonra "onları təhvil vermək məsləhət deyildir" - deməsinin səbəbi də bu idi ki, onların hər birinin barəsində hər hansı qərara gəlmək onların hamısını hərəkətə gətirəcəkdi. Bundan da əlavə, qisas hökmünün icra olunmasını tələb etmək Quran ayələrinə əsasən ölən adamın qəyyumuna (vəliyyid-dəmə) aiddir və o da Müaviyə deyil, Osmanın övladları idi. Müaviyə onunla çox uzaq qohum idi və Osmanın qətlini öz fitnəkarlıq məqsədləri üçün bəhanə etmişdi.
Dostları ilə paylaş: |