INTIZAR, YOXSA HƏRƏKƏT?!
Imam (ə)-ın bütün sərkərdələri və o həzrətin tutduğu yolunun aşiqləri Müaviyəni aradan götürməyin vacibliyində yekdil fikirdə idilər. Lakin Əbdüllah ibni Məsud kimi bir neçə səhabənin xüsusi nəzəri var idi. (Gələcəkdə onların da nəzərlərini qeyd edəcəyik.)
Imam (ə)-ın etimadlı və sadiq dostlarından olan Ədi ibni Hatəm, Zeyd ibni Hüseyn kimilər bu məsələni məktublaşma və müzakirə yolu ilə həll etmək üçün vaxtı bir az da təxirə salmaq istəyirdilər. Buna görə də Ədi Imam (ə)-a dedi: Əgər məsləhət görürsünüzsə, bir az səbir edin və onlara möhlət verin, qoy məktublar çatsın və sizin nümayəndələriniz onlarla müzakirə etsinlər. Əgər haqq sözü qəbul etsələr, hidayət olunarlar. Bu halda sülh hər iki tərəf üçün yaxşıdır. Amma əgər öz inadkarlıqlarını davam etdirsələr, onda bizi onlara tərəf göndər.
Amma onların müqabilində Əli (ə)-ın əksər sərkərdələri sürətlə Şama tərəf hərəkət etmək istəyirdilər. Onlardan Yəzid ibni Qeys, Zeyd ibni Nəzr, Əbdüllah ibni Bədil və Əmr ibni Həmiq (bu ikisi böyük səhabələrdən idilər), Hücr ibni Ədi, (məşhur tabelərdən) daha çox israr edir və öz fikirlərini bildirəndə elə məsələləri açıqlayırdılar ki, onların fikirlərinin düzgün olduğu məlum olurdu. Məsələn, Əbdüllah ibni Bədil deyirdi ki, onlar iki əsasa görə bizimlə vuruşmaq istəyirlər:
1-Onlar müsəlmanların arasında ədalət və bərabərliyin bərqərar olunmasını istəmirlər, mənsəbdə və beytül-malda ayrı-seçkiliyin qorunub saxlanmasına çalışırlar. Əllərində olan məqamı, mənsəbi, ələ gətirdikləri şeyləri itirmək istəmirlər.
2-Müaviyə Əli (ə)-a necə beyət edə bilərdi, halbuki, Imam "Bədr" döyüşündə bir gündə onun qardaşını, dayısını və babasını öldürmüşdü. Allaha and olsun, nizələr onların başında sınmamış, qılınclar başlarını parçalamamış, polad əmudlar beyinlərini silkələməmiş təslim olacaqlarını əsla güman eləmirəm.
Əbdüllahın gətirdiyi dəlillərə diqqət yetirməklə aydın olur ki, hərəkətdə hər növ təxir düşmənin xeyrinə, Imam (ə)-ın zərərinədir. Buna görə də Imam (ə)-ın dostlarından olan Yəzid Ərci dedi: Mübarizə əhli tənbəlliyə və qəflətə yol verməz, əldə edilən qələbəni heç vaxt itirməz və qələbə barəsində "bu gün-sabah" edərək məsələni təxirə salmazlar.66
Dostları ilə paylaş: |