2-Imam (ə)-ın misilsiz şücaəti. Dünyada o həzrətin şücaətinin misli görünməmişdir. O həzrətin düşmənlərinin birinin dediyi kimi, Əli hansı pəhləvanla qarşılaşırdısa, torpağı onun qanı ilə suvarırdı. Bu şücaətlər sayəsində böyük pəhləvanların şəri Iraq ordusunun başı üstündən götürüldü, düşmənin canına qorxu düşdü və onların əksəriyyəti meydandan qaçdılar.
3-Imam(ə)-ın əsgərlərinin o həzrətin haqq olan imamət və xilafətinə, təqva və fəzilətinə olan sarsılmaz əqidə və inamları. Istər islam ümmətinin rəhbərliyinin Allah tərəfindən təyin olunmasını, istərsə də ənsar və mühacirin seçməsini əsas götürən haqq-ədalət tərəfdarları hamılıqla batilə qarşı vuruşmaq, zülmkarlara qarşı mübarizə etmək üçün Imam (ə)-ın bayrağı altına yığışmışdılar. Halbuki Müaviyənin əsgərlərinin vəziyyəti tamamilə başqa cür idi. Onların bəziləri "məzlum xəlifə"nin intiqamını almaq üçün, əksəriyyəti isə maddi qərəzlər və dünyəvi məqsədlər üçün Müaviyənin ətrafına yığışmışdılar, bəziləri isə Əli (ə)-a bəslədikləri qədim ədavətə görə Müaviyənin ardına düşmüşdülər.