ON DOQQUZUNCU FƏSİL SIFFEYN MÜHARIBƏSININ GEDIŞININ DƏYIŞILMƏSI
Imam (ə) 38-ci ilin Rəbiül-əvvəl ayının onunda, çərşənbə axşamı günü sübh çağı, hələ hava qaranlıq ikən sübh namazını öz köməkçiləri ilə qıldı. O həzrət Şam ordusunun bacarıqsızlığından və yorğunluğundan tamamilə agah idi və bilirdi ki, düşmən axırıncı səngərlərə tərəf geri çəkilmişdir və güclü bir hücum ilə Müaviyənin xeyməsini ələ keçirmək olar. Buna görə də Malik Əştərə göstəriş verdi ki, ordunu nizama salsın. Malik zirehli paltarda qoşunun içinə gəldi, öz nizəsinə söykənərək fəryad etdi: "Öz cərgələrinizi tərtibə salın!" Bir azdan hücum başlandı və döyüşün elə ilk anlarında düşmənin məğlubiyyət əlamətləri aşkar oldu və onlar meydandan qaçmağa başladılar. Bu vaxt Şam qoşunundan bir nəfər irəli çıxaraq Imam (ə)-la birbaşa müzakirə aparmaq istədi. Imam (ə) bu təklifi qəbul etdi, iki qoşunun arasında müzakirə başlandı. O kişi dedi ki, hər iki qoşun əvvəlki yerlərinə qayıtsın, Imam da Şamı Müaviyəyə versin. Imam (ə) onun bu təklifini eşidib təşəkkür etdi və dedi:–"Mən bu barədə uzun müddət fikirləşmişəm və özüm üçün iki çıxış yolu görmüşəm: ya itaətsizlik edənlərlə mübarizə, ya da Allaha və Onun Peyğəmbərinə nazil olanlara qarşı küfr etmək! Allah da Onun mülkündə üsyankarlıq və günah edilməsinə, başqalarının da bunların qarşısında sükut edərək əmr be mərufdan və nəhy əz münkərdən boyun qaçırmalarına heç vaxt razı olmaz. Buna görə də itaətsizlik edənlərlə mübarizə etməyi zəncirlə birgə olmaqdan yaxşı bildim."
O kişi Imam (ə)-ı qane etməkdən məyus oldu və "Hamımız Allaha məxsusuq və hamımız Ona tərəf qayıdacağıq" ayəsini oxuya-oxuya öz qoşununa tərəf qayıtdı.194
Tərəflər arasında amansız döyüşlər başlandı. Bu döyüşdə mümkün olan hər bir vasitədən istifadə olunurdu: Ox, daş, qılınc və nizə döyüşçülərin başlarına endirilirdi. Döyüş çərşənbə günü sübhə kimi davam etdi. Müaviyənin qoşunu o günün gecəsi ölülərin və yaralıların çoxluğundan it kimi ulaşırdı. Buna görə də tarixdə həmin gecə "Leylətül-hərir" (ulaşma gecəsi) adlanır.
Malik əsgərlərin içində gəzişərək deyirdi: "Qələbəyə bir ox uçuşundan çox qalmamışdır." (Və fəryad edirdi ki:) "Bir kəs varmı ki, öz canını Allaha satsın və bu yolda Əştər ilə birlikdə vuruşub ya qələbə çalsın, ya da Allaha qovuşsun?!"195
Imam (ə) bu həssas anlarda ordunun sərkərdə və nüfuzlu şəxsiyyətləri qarşısında çıxış edib buyurdu: "Ey camaat, görürsünüz ki, sizinlə düşmənin işi hara çatmışdır! Düşmən axır nəfəslərini çəkir. Işlərin başlanğıcı onun axırı ilə müqayisə olunar. Mən onları sübh çağı ilahi məhkəməyə çəkəcək, onların zillətli həyatlarına son qoyacağam."196
Müaviyə o həzrətin sözlərinin məzmunundan agah olduqa Əmr Asa dedi:–Sabah Əli müharibənin işini birdəfəlik xətm edəcəkdir. Indi nə etmək lazımdır?
Əmr As dedi:–Sənin əsgərlərin nə onun əsgərləri kimidir, nə də özün onun kimisən. O, din, əqidə və məram uğrunda vuruşur, sən isə başqa şey uğrunda vuruşursan. Sən yaşamaq istəyirsən, o isə şəhid olmaq. Iraq qoşunu sənin qələbəni özləri üçün qorxu bilirlər. Halbuki Şam ordusunun Əlinin qələbə çalmasında heç bir qorxuları yoxdur.
Müaviyə:–Bəs nə etməliyik?
Əmr As:–Elə bir təklif irəli sürək ki, qəbul etsələr də, etməsələr də ikitirəliyə və ixtilafa düçar olsunlar. Onları Allahın Kitabına dəvət et və de ki, səninlə onların arasında hökm etsin. Bu halda öz istəyinə nail olarsan. Bu fikir çoxdan mənim başımda dolanırdı, vaxtı gəlib çatmadığı üçün aşkar etmirdim.
Müaviyə öz həmkarının gözəl tədbirini bəyənib təşəkkür etdi, onu həyata keçirmək qərarına gəldi. Cümə axşamı günü, Rəbiül-əvvəlin on üçündə (başqa bir rəvayətə görə Səfərin on üçündə) Imam (ə)-ın ordusu tarixdə misli görünməmiş bir hiylə ilə qarşılaşdı. Əmr Asın şamlı tüğyançılara etdiyi xidmət əməvilərə doğrudan da yenidən həyat verdi. Şam ordusunun əsgərləri Əmr Asın göstərişi ilə Quranları nizələrin başına keçirib öz sıralarını Quranla bəzədilər. Böyük Dəməşq Quranını on nəfər nizə ucunda götürmüşdü. Bu vaxt hamısı bir səslə deyirdilər: "Bizimlə sizin aranızda hakim Allahın Kitabıdır."
Iraqlıların qulaqları bu səslərə doğru yönəldi, gözləri nizələrin başlarına dikildi. Şam ordusundan yalnız ürəkyandıran fəryad və şüarlar eşidilirdi. Hamılıqla deyirdilər: "Ey ərəblər, öz arvadlarınız və qızlarınız naminə Allaha baxın! Allahı, yalnız Allahı öz dininizdə nəzərdə tutun! Şamlılardan başqa kim onun sərhədlərinə keşik çəkəcək?! Iraq əhalisindən başqa kim Iraqın sərhədlərini qoruyacaq? Romalılarla, türklərlə və kafirlərlə cihad etmək üçün kim qalacaqdır?!"197
Quranların ruhoxşayan mənzərəsi, ürəkyandıran nalələr Imam (ə)-ın əsgərlərinin çoxunun ağlını əlindən alaraq, onları heyrətə və dəhşətə saldı. Bir neçə dəqiqə bundan əvvəl iftixarlı qələbənin astanasında yerləşən cəngavərlər ovsunlanmış kimi, öz yerlərində mıxlanıb qaldılar. Lakin Malik Əştər, Ədi ibni Hatəm, Əmr ibni Həmiq kimi igidlər hiylənin mahiyyətindən agah idilər və bilirdilər ki, düşmənin müqavimət göstərməyə qüdrəti olmadığına və məhv olma ərəfəsində qaldıqlarına görə özlərini yalnız bu yolla xilas etmək istəyirlər. Halbuki onlar heç vaxt Qurana baş əyməmişdilər və əymək də istəmirdilər. Buna görə də Ədi ibni Hatəm Imam (ə)-a dedi:–Batil ordusunun heç vaxt haqq ilə qarşılaşmaq qüdrəti yoxdur. Hər iki tərəfdən çoxlu ölüb-yaralananlar olmuşdur. Bizdə qalanlar onlardan qüvvətlidirlər. Şamlıların nalələrinə qulaq asma. Biz sənə tabeyik.
Malik Əştər dedi:–Müaviyənin canişini yoxdur, lakin sənin canişinin vardır. Onun əsgərləri varsa da, sənin əsgərlərində olan səbir onlarda yoxdur. Dəmiri dəmirlə döy və Allahdan kömək istə.
Üçüncüsü dedi:–Ya Əli, biz təəssüb üzündən deyil, Allah xatirinə sənə kömək edirik... Hal-hazırda haqq özünün son nöqtəsinə çatmışdır. Sən olan yerdə bizim sözümüz yoxdur.198
Lakin özünü Imam (ə)-ın dostları cərgəsinə salan və elə ilk gündən etibarən müəmmalı şəkildə hərəkət edən və Müaviyə ilə olan əlaqəsi müəyyən qədər aşkar olan Əşəs ibni Qeys Imam (ə)-a dedi:–Onların sözünə cavab ver, çünki sən onlara cavab verməkdə hamıdan layiqlisən. Camaat yaşamaq istəyir, müharibə yox!
Imam (ə) onun mənfur niyyətindən agah idi, buyurdu:–Bu barədə fikirləşmək lazımdır!199
Müaviyə Imam (ə)-ın əsgərlərinin dini hislərini təhrik etmək üçün Əmr Asın oğlu Əbdüllaha (o dövrdəki "müqəddəs"lərdən biri idi) fərman verdi ki, iki qoşunun arasında dayanıb onları Allahın Kitabının qəzavətinə dəvət etsin. O, iki qoşunun ortasında durub dedi:–"Camaat, bu müharibə din uğrundadırsa, onda hər iki tərəf öz müxalifinə höccəti tamam etmişdir; yox əgər dünya üçündürsə, onda yenə də hər iki tərəf həddi keçmişdir. Biz sizi Allahın Kitabının hökmünə dəvət edirik. Əgər siz dəvət etsəydiniz, biz hömkən qəbul edərdik. Fürsəti qənimət sayın!"
Bu şüarlar pərakəndə şəkildə olan şamlıları və sadəlövh iraqlıları aldatdı. Böyük bir dəstə Imam (ə)-ın yanına gəlib dedi ki, onların dəvətlərini qəbul etsin. Imam (ə) bu həssas anlarda aldananlara haqqı başa salmaq üçün dedi:–"Ey Allahın bəndələri! Allahın Kitabına dəvəti qəbul etməkdə mən hər kəsdən layiqliyəm, lakin Müaviyə, Əmr As, ibni Əbu-Müeyt, Həbib ibni Məsləmə və ibni Əbu-Sərh din əhli, Quran əhli deyildirlər. Mən onları sizdən yaxşı tanıyıram. Mən uşaqlıqdan indiyə qədər daim onlarla rastlaşmışam. Onlar uşaqlıqda uşaqların, böyüyəndə də kişilərin ən pisi idilər. Allaha and olsun, onlar Quranları tanıdıqları və onlara əməl etmək üçün qaldırmamışlar, bu iş sadəcə olaraq bir hiylə və məkrdir. Ey Allah bəndələri, başlarınızı və qollarınızı mənim ixtiyarımda qoyun; haqq qəti nəticəyə çatmış, zalımların kökünün kəsilməsinə bir şey qalmamışdır."
Sadiq köməkçilər Imam (ə)-ın tərəfini saxladıqları halda gözlənilmədən zirehli paltar geymiş, alınları səcdədən qabar bağlamış və əllərində qılınc tutmuş iyirmi min əsgər döyüş meydanını tərk edib sərkərdənin qərargahına gəldilər.200 Başda Müsər ibni Fədəki, Zeyd ibni Həsin və bəzi iraqlı qarilər rəhbərlik olmaqla (onlar sonralar xəvaricin başçıları oldular) gəlib Imam (ə)-ın qarşısında dayandılar və o həzrətə "Ya Əmirəl-möminin" deyil, "Ya Əli" deyə xitab edərək tam ədəbsizliklə dedilər: "Onların dəvətini qəbul et, əks halda Osman ibni Əffanı öldürdüyümüz kimi, səni də öldürəcəyik! Allaha and olsun, əgər onların dəvətini qəbul etməsən səni öldürərik!"
Dünənə qədər qeydsiz-şərtsiz itaət olunan bir rəhbərin işi bu gün o yerə çatmışdı ki, ona təslim olmağa və zorla sülh qəbul etməsinə dair əmr verirdilər! Imam (ə) onlara belə cavab verdi: "Allahın Kitabına dəvət edən, o kitabın dəvətini qəbul edən ilk şəxs mənəm. Sizi Allahın Kitabından başqa bir şeyə dəvət etmək mənə caiz deyildir. Mən onlarla ona görə vuruşuram ki, onlar Quranın hökmünə qulaq asmırlar. Onlar Allaha qarşı itaətsizlik etmiş, Onun əhdini pozmuş və kitabını kənara qoymuşlar. Bilin ki, onlar sizi aldatmışlar! Onlar Qurana əməl etmək istəmirlər."
Imam (ə)-ın məntiqi və dəlil əsasında olan sözləri onlara azacıq belə, təsir etmədi. Zamanın keçməsi də göstərdi ki, onlar tələsən, həqiqəti dərk etməyən və nadan adamlar idilər və şamlıların boş şüarlarına qapılmışdılar. Imam (ə) onlara nə qədər nəsihət verirdisə də, xeyri olmurdu; onlar öz inadkarlıqlardan əl çəkmir, israrla deyirdilər ki, gərək Malikin döyüşdən geri qayıtmasına əmr verəsən.
Döyüş çağında bir ordu üçün ikitirəlik və ixtilafdan daha ziyanlı bir şey yoxdur. Bundan da zərərli şey sadəlövh və siyasi məsələləri dərk etməyən adamların öz dərrakəli və bacarıqlı sərkərdələrinə qarşı qiyam etmələridir. Imam (ə) özünü qələbə astanasında görür, düşmənin bu hiyləsinin nə olduğunu bilirdi. Lakin təəssüflər olsun ki, bu ixtilaf Imam (ə)-ın qoşununun vəhdətini pozurdu. Imam (ə) səcdədən qabar bağlamış, başdan-ayağa silahlanmış iyirmi min "müqəddəs"in qarşısında müqavimət göstərməyi məsləhət görmədi, öz yaxın səhabələrindən olan Yəzid ibni Hanini çağırıb dedi:–Özünü Malikə çatdır və de ki, döyüşü dayandırıb təcili olaraq mənim yanıma gəlsin.
Yəzid ibni Hani özünü ön cəbhəyə çatdırdı, Malikə dedi:–Imam əmr edir ki, müharibəni dayandırıb mənim yanıma gəlsin.
Malik dedi:–Mənim salamımı Imama çatdır və de ki, indi məni meydandan geri çağırmağın vaxtı deyil. Inşallah, tezliklə qələbə islam ordusuna nəsib olacaq.
Hani geri qayıdıb dedi:–Malik geri qayıtmağı məsləhətə uyğun görmür və deyir ki, qələbənin bir addımlığındadır.
Qiyamçılar Imam (ə)-a dedilər: Malik sənin əmrinlə bu işdən boyun qaçırır. Ona sən demisən ki, döyüş meydanında müqavimət göstərsin!
Əli (ə) təmkinlə buyurdu: Mən heç vaxt öz məmurlarımla məxfi danışmamışam. Nə demişəmsə, hamısını eşitmisiniz. Nə cürətlə məni aşkarda dediyimin əksi ilə müttəhim edirsiniz?
Qiyamçılar: Tez ol, Malikə xəbər göndər, meydandan geri dönsün! Əks halda səni ya Osman kimi öldürəcəyik, ya da tutub Müaviyəyə təhvil verəcəyik!
Imam (ə) Haniyə dedi:–Gördüklərini Malikə çatdır.
Malik Imam (ə)-ın sözündən agah olub dedi:–Bu fitnə Quranların nizəyə vurulmasından irəli gəlmişdir. Bunların hamısı Əmr Asın hoqqalarıdır. Qələbəni görmürsən?! Heç rəvadırmı ki, belə bir şəraitdə döyüşü saxlayım?!
Hani: Heç rəvadırmı ki, sən burada olasan, Əmirəl-möminin də öldürülə, yaxud tutulub Müaviyəyə təhvil verilə?!
Malik bu sözləri eşidəndə bədəni əsdi, dərhal döyüşü saxlayıb özünü Imam (ə)-a çatdırdı. Gözü qiyamçıların bədbəxt üzlərinə sataşanda dedi:–Düşmənə üstünlük qazanıb qələbənin bir addımlığında olan bir vaxtda onlara aldandınızmı?! Allaha and olsun ki, onlar Allahın əmr və fərmanlarından boyun qaçırmış, Peyğəmbərin sünnəsini tərk etmişlər. Onlarla razılaşmayın və mənə azacıq möhlət verin, işi xətm edim.
Qiyamçılar:–Səninlə razılaşmaq, sənin törətdiyin xətada şərik olmaqdır.
Malik:–Çox heyf olsun ki, sizin igidləriniz öldürülmüş, alçaq və yaramazlarınız isə sağ qalmışdır. Deyin görüm siz nə vaxt haqlı olmusunuz?! Döyüşən vaxtda haqq idiniz, döyüşdən əl çəkdiyiniz vaxt batil, yoxsa döyüşəndə batil, döyüşdən əl çəkdiyiniz vaxt haqq?! Əgər belə güman edirsinizsə, onda sizin ölüləriniz imanlarını, təqvalarını və ixlaslarını etiraf etdiyiniz halda, gərək cəhənnəmdə olsunlar!
Qiyamçılar:–Allah yolunda vuruşduq, Allaha görə də döyüşdən əl çəkirik. Biz sənə qulaq asmırıq, bizdən uzaq ol!
Malik:–Aldanmış və döyüşü saxlamağa dəvət olunmusunuz. Ey üzüqara, alınları qabar bağlayanlar! Mən sizin namazlarınızı zahidliyin və şəhadətə eşq bəslədiyinizin nişanəsi hesab edirdim. Indi məlum oldu ki, sizin məqsədiniz ölümdən qaçmaq, dünyaya bağlanmaqdır. Vay olsun sizə! Ey nəcis yeyən heyvanlara oxşayanlar! Heç vaxt izzət və şərafət üzü görməyəcəksiniz! Zalımlar rədd olduğu kimi, siz də rədd olun!
Bundan sonra qiyamçılar bir tərəfdən, Malik isə digər tərəfdən bir-birinə nalayiq sözlər deməyə, atlarının başlarına qamçı vurmağa başladılar. Imam (ə)-ın gözü qarşısında baş verən bu xoşagəlməz mənzərə çox əzablı idi. Həzrət əmr etdi ki, bir-birindən aralansınlar. Elə bu zaman qiyamçılar Imam (ə)-ın gözləri önündə o həzrətin Quranın hakim olmasına razılıq verməsini tələb etməyə başladılar. Imam (ə) sükut edərək fikir dəryasına qərq olmuşdu.201
Dostları ilə paylaş: |