HƏKƏMIYYƏT HIYLƏSININ SONU
Nümayəndələrin hərtərəfli şəkildə araşdıraraq hökmünü kitab və sünnədən çıxaracaqları, sonra nəticəni Imam (ə)-ın və Müaviyənin tərəfdarlarına xəbər verməli olduqları məsələlər aşağıdakılar idi:
1-Osmanın qətlə yetirilməsi səbəblərinin araşdırılması;
2-Imam (ə)-ın hökumətinin qanuni olması;
3-Müaviyənin Imam (ə)-ın qanuni hökuməti ilə müxalifət etməsinin səbəbi və onun haqlı olub-olmaması;
4-Hazırkı şəraitdə sülhə zəmanət verə biləcək səbəblər.
Amma təəssüflər olsun ki, onların araşdırmadıqları məsələ elə qeyd olunan bu dörd məsələ idi. Çünki, onların hər biri xas bir təcrübə ilə həkəmiyyət meydanına girişərək öz şəxsi rəylərini həyata keçirmək istəyirdilər.
Sanki, qeyd edilən bu dörd məsələ ümumiyyətlə onlara həvalə edilməmişdi. Qazilərin və nəzarətçi qrupların Dumətül-cəndəldə uzun müddət qalmaları islam cəmiyyətinə qorxu və təşvişin hakim olması ilə nəticələndi. Tələsənlər və səthi düşünənlər bir cür, dərinfikirlilər və dərrakəlilər isə başqa cür fikirləşirdilər. Birinci mövzu barəsindəki danışıqların mövzusu bu idi ki, üçüncü xəlifə və onun məmurlarının yaramaz işləri dəqiq sənədlərə istinadən araşdırılsın, sonra isə xəlifənin qətlində iştirak edən iraqlılar, misirlilər və səhabələr dəvət olunsun, məsələ diqqətlə araşdırılsın, qatillərin, yəni islam xilafət üsulunu ayaq altına salan, Peyğəmbər (s)-in, hətta şeyxeynin ənənəsindən çıxanların iddiaları bitərəf şəkildə araşdırılsın. Amma bu barədə heç bir ciddi iş görülmədi. Yalnız Əmr As öz məqsədinə çatmaq (yəni Imamı xilafətdən salmaq, Müaviyəni və ya öz oğlu Əbdüllahı xilafət kürsüsünə oturtmaq) üçün Əbu Musaya dedi:–Osmanın məzlum şəkildə öldürüldüyünü qəbul edirsənmi?233
O da bunu bir növ təsdiq edərək dedi:–Xəlifənin qatilləri onu tövbələtdikdən sonra öldürmüşlər. Halbuki günahkar tövbə etdikdə onun günahları bağışlanır.
Barəsində ümumiyyətlə heç bir söz açılmayan məsələ Imam (ə)-ın hakimiyyətinin qanuni olması idi. Halbuki bu hakimiyyət mühacir və ənsarın yekdil rəyi əsasında Əli (ə)-a qəbul etdirilmişdi. O həzrətin özü əvvəldə onu qəbul etməyə razılıq verməmiş, amma mühacir və ənsarın bir yerə yığışıb ondan qeyrisinə rəy verməyəcəklərinə israr etdiklərini görəndə məsuliyyət hiss edərək xilafəti qəbul etmişdi. Birinci xəlifə bir-iki nəfərin Səqifədə ona beyət etməsi ilə, ikinci xəlifə də Əbu Bəkrin təyin etməsi ilə "qanuni xəlifə" olmuşdu, amma Imam (ə)-ın xilafəti mühacir və ənsarın hamısının (beş nəfərdən başqa) beyət etməsi ilə tam rəsmi və qanuni idi, bu barədə şəkk-şübhəyə, tərəddüdə azacıq belə yer yox idi.
Ikinci məsələdə olduğu kimi, üçüncü məsələ barəsində də əsaslı bir söz açılmadı, çünki hər iki həkəm Müaviyənin müxalifətinin səbəbinin Imam (ə)-ı, öz qanuni məqamından çıxarıb xilafəti ələ keçirmək fikrindən başqa bir şey olmadığını bilirdi. Müaviyənin yaşayış tərzi, danışığı və hərəkətləri–istər Osmanın qətlindən əvvəl, istərsə də ondan sonrakı dövrlərdə–göstərirdi ki, o, uzun müddət əməvi xilafəti təsis etmək, bununla da islam xilafəti adı ilə kəsra və qeysər üsul-idarəsini yenidən dirçəltmək fikrində idi. "Xəlifənin intiqamı", "qatillərdən qisas almaq" kimi məsələlər də onun qanun pozması və müxalifəti üçün sadəcə olaraq bir bəhanə idi. Əgər o, doğrudan da özünü "xəlifənin qəyyumu" hesab edirdisə, sair müsəlmanlar kimi Imam (ə)-ın qanuni hökumətinə tabe olaraq, dövrün xəlifəsindən Osmanın qatillərindən qisas almasını tələb etməli idi. Müaviyə müxalifətə başladığı ilk dövrlərdə Imam (ə) dəfələrlə xəlifənin müxaliflərinin əleyhinə şikayət etməyin qanuni yolunu ona göstərib xatırlatmışdı ki, onun ilk vəzifəsi ümmətin vəhdətini qoruyub hifz etmək, mühacir-ənsar şurasına hörmətlə yanaşmaq, sonra isə bu məsələni qaldırıb qisas alınmasını və s. kimi işləri tələb etməkdir, o, imamın hökumətini rəsmiyyətlə qəbul etməyincə, bu məsələni qaldıra bilməz.
Dördüncü məsələ barəsində də Əbu Musa Müaviyənin mühacir-ənsar şurasında təsdiq olunan qanuni bir hökumətə qarşı qiyamını məhkum etmək, yaxud Imam (ə)-ın xilafətinin əvvəllərində ona kömək etmədiyinə görə özünü təqsirləndirmək əvəzinə, tərəflərin hər ikisini xətakar hesab edərək, yalnız "ikinci xəlifənin oğlu" olmaq iftixarına nail olan və bu münaqişələrdən uzaqda qalan bir adamı–Ömərin oğlu Əbdüllahı xilafətə seçmək istəyirdi. Halbuki o, tədbir və işləri idarə etmək nöqteyi-nəzərindən o qədər zəif idi ki, hətta atası onun barəsində "oğlum o qədər huşsuzdur ki, hətta öz arvadına talaq verməkdən belə, acizdir" - deyirdi.
Əslində qazilər qeyd olunan dörd məsələ ətrafında bitərəf şəkildə danışıq aparmalı idilər. Təkcə Imam (ə)-ın hökumətinin qanuni olması və Müaviyənin mərkəzi hökumətə qarşı qiyam etməsi kimi məsələlərə diqqət yetirmək başqa işlər barəsində də düzgün qərar çıxarılmasına kifayət idi.
Əmr As Dumətül-cəndələ gəldiyi ilk gündən Əbu Musaya həm Peyğəmbər (s)-in səhabəsi, həm də özündən böyük bir adam kimi hörmət göstərir, danışmaq lazım gəldikdə onu irəli salırdı. Onlar Əlini və Müaviyəni xilafətdən götürmək barədə razılığa gələndə də Əmr As onu, öz rəyini bildirmək və öz rəhbərini işdən salmaq üçün irəli saldı. Buna görə də əvvəlcə Əbu Musa Əli (ə)-ı xilafətdən çıxartdı və işin əvvəlində dostlarının tövsiyələrinin heç birinə əhəmiyyət vermədi, lakin Əmr As dərhal Müaviyəni xilafətə seçdi. Əbu Musanın nadanlığı və sadəliyi bir daha bərpaolunmaz və böyük xəsarətlər vurdu.
Burada onların danışıqlarını əks etdiririk ki, "Həkəmiyyət oyunu"nun nə ilə nəticələnməsi və Imam (ə)-ın sadəlövh dostlarının inadkarlıqlarının islama necə ziyanlar vurması bir daha aydın olsun:
Əmr As:–Osmanın məzlumcasına öldürülməsini bilirsənmi?
Əbu Musa:–Bəli!
Əmr As:–Camaat! Siz şahid olun, Əlinin nümayəndəsi xəlifənin məzlumcasına öldürülməsini etiraf etdi. (Sonra üzünü Əbu Musaya tutub dedi:) Müaviyə Osmanın qəyyumu olduğu halda, nə üçün ondan üz döndərirsən?! Halbuki o, Qüreyşdəndir. Əgər camaatın "nə üçün islamda heç bir xidməti olmayan bir adamı xilafətə seçdin?!" - deyə etiraz edəcəklərindən qorxursansa, onlara belə cavab verə bilərsən ki, o, məzlum xəlifənin qəyyumudur və onun intiqamını almağa qadirdir, tədbir və siyasətdə də nümunə bir adamdır. Peyğəmbərlə qohumluğuna gəldikdə isə, o, Peyğəmbərin zövcəsinin (Ümmü Həbibənin) qardaşıdır. Bunlardan da əlavə, əgər o, xəlifə olsa, heç kim sənin qədər ehtirama layiq görülməyəcəkdir.
Əbu Musa:–Allahdan qorx! Xilafət dindarlara və fəzilətlilərə məxsusdur. Əgər xilafət üçün ailə şərafəti əsas götürülsə, onda Qüreyşdə ən şərafətli adam Əlidir. Mən heç vaxt ilk mühacirləri buraxıb Müaviyəni xilafətə seçmərəm! Hətta əgər Müaviyə mənim xeyrimə olaraq xilafətdən geri çəkilsə, yenə də onun xilafətinə rəy vermərəm. Əgər Ömər ibni Xəttabın adını dirçəltmək istəyirsənsə, onda gəl, Əbdüllah ibni Öməri xilafətə seçək.
Əmr As:–Əgər Əbdüllah ibni Ömərin xilafətini istəyirsənsə, onda nə üçün mənim oğlum Əbdüllaha rəy vermirsən? Halbuki mənim oğlumun heç nəyi ondan əskik deyildir və fəziləti, doğruçuluğu da gün kimi aydındır.
Əbu Musa:–Öz atası kimi, onun da bu fitnədə əli olmuşdur, daha xilafətə layiq ola bilməz!
Əmr As:–Xilafətdə elə bir qətiyyətli şəxs olmalıdır ki, o həm yesin, həm də yedizdirsin. Ömərin oğlunda belə bir bacarıq yoxdur. Indi ki, bu adamlar barəsində razılaşma hasil olmadı, gərək başqa bir nəzər verəsən, bəlkə o təklif ətrafında razılığa gələ bilək.
Bu vaxt gizli şəkildə məsləhətləşərək razılığa gəldilər. O razılaşmanı qeyd edirik:
Əbu Musa:–Mənim fikrim budur ki, həm Əlini, həm də Müaviyəni xilafətdən götürək, xilafət məsələsini müsəlmanların şurasına həvalə edək, onlar kimi istəsələr, onu da xəlifə seçsinlər.
Əmr As:–Razıyam. Gərək öz rəyimizi rəsmi şəkildə bildirək.
Nəzarətçilər və qazilərin rəyini gözləyənlər onların sözlərinə qulaq asmaq üçün bir yerə yığışmışdılar. Bu vaxt Əmr As Əbu Musanın sadəlövhlüyündən və nadanlığından istifadə edərək onu qabağa saldı ki, sözə başlayıb öz rəyini bildirsin. Əbu Musa da öz çıxışından sonra Əmr Asın məxfi şəkildə razılaşdıqları sözü təsdiq etməkdən boyun qaçıracağına ehtimal vermədən sözə başlayıb dedi:–Mən və Əmr As bir məsələ barəsində eyni fikrə gəlmişik, ümidvarıq ki, müsəlmanların məsləhəti onda olsun.
Əmr As:–Düzdür, öz sözünü davam etdir.
Bu vaxt Ibni Abbas özünü Əbu Musaya çatdırıb dedi:–Əgər bir məsələ barəsində razılığa gəlmisinizsə, qoy əvvəlcə Əmr As danışsın, sonra sən danış. Çünki, onun razılaşdığınızın əksinə danışması ehtimalı var.
Amma Əbu Musa onun etdiyi xəbərdarlığa əhəmiyyət vermədən dedi:–Əmin ol, hər ikimiz xilafət məsələsində bir fikrə gəlmişik. (Sonra ayağa durub dedi:) Biz ümmətin vəziyyətini araşdırdıq. Ixtilafları aradan qaldırmaq və vəhdəti bərpa etmək üçün Əlini və Müaviyəni xilafətdən çıxarıb xilafəti müsəlmanların şurasına həvalə etməkdən yaxşı bir yol görmədik. Qoy onlar hər kəsi istəsələr, xilafətə seçsinlər. Buna əsasən mən Əlini və Müaviyəni xilafətdən götürürəm!
Bunu deyib arxaya getdi və orada oturdu. Sonra Əmr As Əbu Musanın əvvəlki yerinə gəldi, Allaha həmd-səna edib dedi:–Camaat, Əbu Musanın sözlərini eşitdiniz. O öz imamını xilafətdən götürdü, mən də bu barədə onunla razıyam, mən də onu xilafətdən götürürəm, amma onun əksinə olaraq Müaviyəni xilafətdə saxlayıram. O, Osmanın qəyyumudur, onun intiqamını almaq istəyir. Xilafət üçün ən layiqli bir adamdır!
Əbu Musa üzünü ona tutub qəzəblə dedi:–Səni görüm nicat tapmayasan (ağ gün görməyəsən)! Hiylə işlətdin və günah etdin. Sən bir itə oxşayırsan ki, "əgər ona hücum etsələr, ağzını açıb dilini çölə çıxarar, buraxsalar da belə edər."234
Əmr As:–Sən də "kitab yükü daşıyan bir ulağa oxşayırsan!"235
Bu vaxt Əmr Asın məkrli hiyləsi aşkara çıxdı və məclis bir-birinə dəydi. Şüreyh ibni Hani ayağa qalxıb Əmr Asın kəlləsinə bir qamçı vurdu. Əmr Asın oğlu da atasının köməyinə gəlib Şüreyhə bir qamçı vurdu. Nəhayət camaat onları ayırdı. (Şüreyh ibni Hani sonralar deyirdi: "Çox peşmanam! Nə üçün qamçı yerinə onun başına qılınc endirmədim!)236
Ibni Abbas:–Allah Əbu Musanın üzünü qara eləsin! Mən onu Əmr Asın hiyləsindən agah etmişdim, amma o buna məhəl qoymadı.
Əbu Musa:–Düz deyir. Ibni Abbas mənə bu fasiqin hiyləsi barədə xəbərdarlıq vermişdi, lakin mən ona (Əmr Asa) arxayın oldum. Heç vaxt fikrimə gəlməzdi ki, o mənə xeyirxahlıqdan başqa bir şey desin.
Səid ibni Qeys hər iki qaziyə dedi:–Nəinki zəlalətdə fikir birliyinə çatmağınız, heç düzgün bir fikrə gəlməyiniz belə, bizim üçün fərq etməzdi! Sizin rəyinizi icra etmək bizim üçün vacib deyildir. Bu günkü vəziyyətimiz elə əvvəlki kimidir; qiyamçılarla müharibəni davam etdirəcəyik!237
Bu hadisələrdə hamıdan çox Əbu Musa və Əşəs ibni Qeys (həkəmiyyət səhnəsinin oyunçuları) məzəmmət olundu. Əbu Musa hey Əmr Ası söyürdü, lakin Əşəsin dili tutulmuşdu və heç nə demirdi. Axırda Əmr Asla Müaviyənin havadarları şələ-şülələrini yığışdırıb Şama yola düşdülər, hadisəni ətraflı şəkildə Müaviyəyə dedilər və ona, müsəlmanların xəlifəsi ünvanı ilə salam verdilər. Ibni Abbas və Şüreyh ibni Hani də Kufəyə qayıdaraq hadisəni nəql etdilər. Əbu Musa da yol verdiyi xətaya görə qorxudan qaçıb Məkkəyə sığındı.238
Nəhayət Siffeyn müharibəsi və həkəmiyyət hadisəsi 45 min nəfər (başqa bir rəvayətə görə 90 min) nəfər şamlının və 20-25 min iraqlının öldürülməsi ilə 38-ci ilin şəban ayında sona çatdı.239 Bu hadisə Əmirəl-möminin (ə)-ın hökuməti və islam xilafəti üçün çoxlu çətinliklər yaratdı ki, bunların çoxu hal-hazırda da davam etməkdədir.240
Dostları ilə paylaş: |