IMAM (ə)-IN ALICƏNABLIĞI
Əli (ə)-ın yerinə hər bir qüdrət sahibi olsaydı, ölkə başçısını müşrik və kafir adlandıran bu ədəbsizləri tənbeh edərdi. Lakin Imam (ə) qüdrət sahiblərinin əksəriyyətinin əksinə olaraq onlara tam açıqürəklilik göstərir, onlarla alicənablıqla davranırdı. Bir gün Imam (ə) xitabə kürsüsündə oturub camaata nəsihət edirdi. Birdən xəvaricdən olan bir nəfər məscidin küncündən fəryad çəkib dedi:–"La hukmə illa lillah!" Onun sözü qurtaranda başqa birisi durub həmin şüarı təkrar elədi, sonra bir dəstə adam qalxıb xorla həmin şüarı təkrar etdilər. Imam (ə) onlara cavab verərək buyurdu:–Zahirdə haqq sözdür, amma onlar batili nəzərdə tuturlar (Sonra buyurdu:) Bizimlə olduğunuz vaxta qədər sizə üç hüquq verilir (nalayiq hərəkətləriniz bu hüquqları almağınıza mane olmayacaqdır):
1-Sizin namaz qılmaq üçün məscidə gəlməyinizə maneçilik törətmirik.
2-Bizimlə əlbir olduğunuz (və düşmənlərə qoşulmadığınız) vaxta qədər sizi beytül-maldan məhrum etmirik.
3-Nə qədər ki, müharibəyə başlamamısınız, sizinlə vuruşmayacağıq.264
Başqa bir gün Imam (ə) məsciddə nəsihət etməyə məşğul ikən, xəvaricdən bir nəfər şüar verdi və camaatın diqqətini özünə cəlb etdi. Imam (ə) buyurdu:–Haqq sözdür, lakin batil məqsədlə deyilir. (Sonra əlavə etdi:) Əgər sükut etsələr, onlarla başqaları kimi rəftar edəcəyik, yox əgər yenə danışsalar, cavablarını verəcəyik. Əgər qiyam etsələr, onlarla vuruşacağıq.
Sonra xəvaricdən olan Yəzid ibni Asim Müharibi ayağa durub Allaha həmd-səna etdi, dedi:–Allahın dinində zilləti qəbul etməkdən Ona pənah aparıram! Belə bir iş Allahın işində bir hiylə və bir zillətdir ki, onun sahibini ilahi qəzəbə düçar edəcək. Əli, bizi ölümlə qorxudursanmı?!
Imam (ə) onun cavabında sükut etdi.
Dostları ilə paylaş: |