Onların ikinci etirazları bu idi ki, nə üçün qəzavət üçün müddət təyin olunmuş və qərara alınmışdır ki, hər iki qazi bitərəf yerdə (Dumətül-cəndəldə), Ramazan ayının axırına qədər müzakirə edib iki dəstənin ixtilafı barədəki rəylərini bildirməlidirlər? Həmçinin nə üçün bu iş elə oradaca–Siffeyn səhrasında, Quranlar nizə ucunda qaldırılan vaxt yerinə yetirilmədi?
Doğrusu, görəsən belə yersiz iradlar tutmaq onların cəhalətinə dəlalət etmirmi?! Məgər hər iki tərəfin əlləri dirsəyə qədər qana batan bir halda belə bir böyük qəzavət işi o qədər də asan idimi ki, bir-iki gündə həll olunub qurtarsın və tərəflər də onu qəbul etsinlər? Bu işdə mümkün qədər səbirli olsaydılar, cahillər ayılar, ümmət arasında sülhün bərqərar olunmasına daha yaxşı şərait yaranardı.
Imam (ə) bu etirazın cavabında buyurdu: "Siz deyirsiniz ki, nə üçün sizinlə onların arasında müəyyən bir vaxt təyin etdim və qəzavət işini sürətləndirmədim. Mən ona görə belə etdim ki, xəbərsizlər agah olsunlar, xəbəri olanlar da (öz əqidələrində) daha möhkəmlənsinlər ki, bəlkə Allah bu müddətdə ümmətin işini islah edə."
Dostları ilə paylaş: |