Əli (ə) şəhid olandan sonra Həsən ibni Əli (ə) bir xütbə söylədi. Əvvəlcə Allaha həmd-səna edib, Peyğəmbərə salavat göndərdikdən sonra buyurdu: "Bu gün elə bir insan ölmüşdür ki, əvvəlkilər onun həqiqətini dərk etməmişlər, gələcək nəsil də heç vaxt onun mislini görməyəcəkdir. O döyüşəndə Cəbrail onun sağ tərəfində, Mikail isə sol tərəfində dayanırdı. Allaha and olsun, o Musəbni Imranın vəfat etdiyi, Isəbni Məryəmin göylərə aparıldığı, Quranın nazil olduğu gecədə vəfat etmişdir. Bilin ki, o öz maaşından ehtiyat üçün yığdığı yeddi yüz dirhəmdən savayı heç bir şey qoymamışdır. Bu məbləği də yığmaqla öz ailəsi üçün xidmətçi tutmaq istəyirdi."349
Sonra Qəqa ibni Zürarə ayağa durub dedi: "Allahın rizvanı sənə olsun, ey Əmirəl-möminin! Allaha and olsun, sənin həyatın bütün xeyirlərin açarı idi; əgər səni qəbul etsəydilər, onda hər tərəfdən nazil olan nemətlərdən bəhrələnərdilər, Allahın neməti onları əhatə edərdi. Lakin onlar nankorluq etdilər və dünyanı tutub axirəti atdılar."350
Əbül-Əsvəd Düəli Əli (ə)-ın matəmində bir neçə beyt şer qoşmuşdu, onun bir hissəsinin tərcüməsi belədir:
"Müaviyə ibni Hərbə deyin ki, dil yarası vuranların gözləri heç vaxt aydın olmasın!
Ramazan ayında bizi bütün insanların ən yaxşısının matəmində oturdursunuzmu?
Ən yaxşı bir insanı öldürdünüz ki, o, heyvanlara minib onları ram edirdi.
Siz ayaqlarına bir cüt başmaq geyən ən yaxşı şəxsi,
Məsani ayələrini və Kitabi-mübini oxuyan ən yaxşı bir insanı öldürdünüz!
Əgər Həsənin atasının üzünə baxsanız, ondakı nuru görərsiniz, ki, o nur baxanların başlarının üstünə işıq saçmışdır.
Ey Əli, Qüreyş hər yerdə, hər məqamda olsa, bilmişdir ki, sən əsil-nəsəbdə və dində onların ən yaxşısısan."351
Əli (ə) barəsində mərsiyə şeri qoşanlardan biri də söz ustalığında məşhur olan Səsəə ibni Suhandır. O, Əmirəl-möminin (ə)-ın matəmində belə demişdir: "Atam-anam sənə fəda olsun, ey Əmirəl-möminin! Nuş olsun sənə (ilahi kəramətlər). Sən pak-pakizə bir mövlud, bəsirət sahibi və mücahid bir şəxs idin, öz arzuna çatdın və Allah ilə faydalı bir müamilə (al-ver) etdin, öz Pərvərdigarına tərəf tələsdin. O səni xoşluq və müjdə ilə qəbul etdi, mələklər sənin ətrafına yığışdılar və Mustəfanın qonşuluğunda sakin oldun. Allah sənə onun yanında yer verdi, sənə onun məqamı kimi bir məqam əta etdi və Öz camı ilə səni sirab etdi. Öz Allahımdan istəyirəm ki, bizi səninlə birlikdə məhşur etsin (diriltsin), çünki sən elə bir mərtəbəyə çatmısan ki, səndən qabaq heç kim ora çatmamışdır və elə bir məqama yetişmisən ki, səndən qabaq heç kim o məqamı əldə edə bilməmişdir. Sən Peyğəmbərlə birlikdə Allah yolunda gözəl şəkildə cihad etdin, Allah dinini və Peyğəmbərin sünnəsini möhkəmləndirdin, fitnə odunu söndürdün. Islam sənin vücudunla möhkimləndi, din sənin hesabına nizama düşdü. Səndə elə fəzilətlər cəm olmuşdu ki, o fəzilətlər səndən savayı heç kimdə yox idi. Hamıdan əvvəl Peyğəmbər (s)-in dəvətini qəbul etdin, ona itaət etməyi hər şeydən üstün tutdun, ona kömək etməkdə qabaqcıl oldun; öz canınla Allah yolunda fədakarlıq göstərdin; öz qılıncını Onun dininə kömək etmək üçün siyirdin. Hər bir inadkar zalım sənin əlinlə məğlub, hər kafir sənin əlinlə xar oldu. Küfrün, şirkin, zülmün kökü sənin əlinlə quruduldu, sən üsyankarları, zəlalətdə olanları həlak etdin. Ey Əmirəl-möminin, Allahın sənə verdiyi fəzilətlər sənə nuş olsun! Peyğəmbərə ən yaxın adam sən idin, hamıdan əvvəl iman gətirdin; elmdə, dərrakədə hamıdan üstün, yəqində hamıdan kamil, hamıdan şücaətli və qoçaq idin. Sənin islamdakı xidmətlərin hamıdan çox idi. Allah bizi sənin əcrindən məhrum etməsin, çünki sən xeyirləri üzümüzə açdın və pisliklərin qapısını üzümüzə bağladın. Amma sənin şəhadətə çatmağınla şər və pislik qapıları bizim üzümüzə açıldı, xeyir qapıları bağlandı. Əgər camaat sənin sözlərinə qulaq assaydı, bərəkət hər tərəfdən–yerdən və göydən–onlara nazil olardı, lakin çox əfsuslar olsun ki, onlar dünyanı axirətdən üstün tutdular."
Xəvaric və digər islam düşmənləri Ibni Mülcəmin bu dəhşətli cinayətindən sevinərək bu işi tərifləyirdilər. Xəvaricdən biri–Imran ibni Həttan Vəqqaşi Ibni Qəsəm (Ibni Mülcəm) barəsində bir şer demişdir ki, onun tərcüməsi belədir: "(Bu zərbə) necə bir zərbədir ki, Allahın rizvanına (razılığına) çatmaqdan savayı başqa bir məqsədi olmayan bir pərhizkardan (!) baş vermişdir. Mən onu yadıma salanda Allah yanında əməl tərəzisinin hamınınkından ağır olduğunu təsəvvür edirəm."
Qazi Əbu Təyyib Tahir ibni Əbdüllah Şafei də onun cavabında bir şer qoşmuşdur ki, onun tərcüməsi belədir: "Bu necə zərbədir ki, dinin əsaslarını viran etməkdən savayı bir məqsədi olmayan alçaq bir adamdan baş vermişdir! Mən onu yadıma salanda Imrana və Hittana bir dünya lənət göndərirəm. Həmişə–aşkarda və gizlində Allahın lənətləri ona olsun! Siz ikiniz (Imran və Hittan) cəhənnəm itlərindənsiniz ki, şəriətin aşkar dəlilləri ona şahid və sübutdur."352
Beləliklə də Kəbə evində doğulan, məsciddə şəhadətə çatan böyük və dahi bir şəxsiyyətin həyat nurunun şölələri söndü. Rəsuli-Əkrəm (s)-dən sonra dünya onun tayını görməmiş və heç vaxt da görməyəcəkdir. Nə cihad və fədakarlıqda onun misli vardı, nə varlıq dünyasının sirləri barədə olan elm və bilikdə, nə də digər fəzilətlərdə.
Müəllif elə buradaca üzr istəyərək sözü sona çatdırır, etiraf edir ki, Əmirəl-möminin Əli (ə)-ın gözəl və mənəvi simasının hətta kiçik bir hissəsini belə, lazımınca əks etdirə bilməmişdir. Lakin çox sevinir ki, öz vəzifəsinə əməl etmişdir. Inşallah, o həzrət bir gün (Qiyamətdə) onun şəfaətçisi olar!
Dostları ilə paylaş: |