Imam (ə) təqva, pərhizkarlıq, islam yolunda müşriklərə qarşı mübarizə kimi məsələlərdə xalq arasında misilsiz mövqeyə malik idi. Müaviyə xalq arasında hörmət qazanmaq üçün Peyğəmbər (s)-in bəzi səhabələrini və onların övladlarını öz ətrafına yığmağa çalışırdı. O, Übeydullah ibni Ömərin Əli (ə)-ın ədalətindən qaçaraq Şama gəlməsindən xəbər tutan kimi sevincindən yerə-göyə sığmırdı. (Übeydullah ibni Ömər Hürmüzanı öldürdüyünə görə Əli (ə) ondan qisas almaq istəyirdi).52 Buna görə də öz müşaviri Əmr As ilə əlaqə yaradıb, Übeydullahın gəlişini ona təbrik dedi və elə təsəvvür etdi ki, onun kimi adamları öz başına yığmaqla Şam mülkünü əlində saxlaya bilər.53
Hər ikisi qərara aldılar ki, Übeydullahı çağırsınlar, minbərə çıxıb Əli barəsində nalayiq sözlər deməsini ondan xahiş etsinlər. Übeydullah məscidə daxil olanda Müaviyə ona dedi:–Qardaşoğlu, sənin adın atan Ömər ibni Xəttabın adı ilə eynidir. Ayıq ol və var-gücünlə danış. Sən camaat arasında mötəbər bir şəxsiyyət sayılırsan. Minbərə çıxıb Əlini söy və camaata de ki, Osmanı Əli öldürmüşdür.
Əli (ə)-ın yüksək əzəmət və məqamını azaltmaq üçün hətta xəlifələrin oğlanlarını belə çirkin və yaramaz işlərə vadar edən, yaramaz əməl və fitnə əhli olanlar Şam əhalisini idarə edirdi. Lakin Imam (ə)-ın şəxsiyyəti elə böyük və əzəmətli idi ki, hətta düşmən də onu inkar edə bilmirdi.
Imam (ə)-ın ədalətindən qaçan Übeydullah Müaviyəyə dedi:–Əlini söyüb ona nalayiq söz deməyə mənim qüdrətim çatmaz. O, Əsəd ibni Haşimin qızı olan Fatimənin oğludur. Onun əsil-nəsəbi barəsində nə deyirsən?! Onun ruhi və cismi qüdrətini göstərməkdə bunu demək kifayətdir ki, o, islam yolunda sarsılmaz bir igiddir. Mən yalnız Osmanın qətlini onun boynuna ata bilərəm.
Əmr As yerindən qalxıb dedi:–Allaha and olsun! Əgər sən bunu minbərdə desən, camaat öz qəlblərində gizlətdikləri kin-küdurəti aşkar edəcəklər!
Übeydullah minbərə tərəf getdikdən sonra Müaviyə Əmr Asa dedi:–Əgər o Hürmüzanı öldürməsəydi, Əlinin qisas alacağından qorxmaz və bizə tərəf gəlməzdi. Əlini necə təriflədiyini görmədinmi?!
Nəhayət Übeydullah söhbətə başladı. Söz Əli (ə)-a çatanda sözünü kəsdi və onun barəsində bir söz belə demədi. Sonra minbərdən endi. Müaviyə ona dedi:–Qardaşoğlu, sənin Əli barəsində sükut etməyinin iki səbəbi ola bilər: ya bacarıqsızlıq, ya da xəyanət.
Übeydullah dedi:–Osmanın qətlində əli olmayan bir şəxs haqqında belə bir söz demərəm, halbuki, əgər bir söz desəydim, şübhəsiz camaat qəbul edəcəkdi.
Müaviyə onun sözündən narahat olub onu özündən uzaqlaşdırdı, heç bir vəzifəyə qoymamağı qərara aldı. Nəhayət Übeydullah öz sözlərini bir təhər dəyişdirib dedi:–Hərçənd Əli Osmanın qətlində bir rol ifa etməmişdi, lakin qatillər onun ətrafına yığışmışlar. Əli də onların işlərini pis yox, yaxşı hesab edir. Şahidlik edirəm ki, Osman öz əməllərindən tövbə etdiyi bir halda öldürüldü.54
Übeydullahın əvvəlki sözündən dönməsi Müaviyə üçün kifayət idi. Buna görə də onu öz sirdaşlarından biri kimi qəbul etdi.
Dostları ilə paylaş: |