ON BEŞİNCİ FƏSİL
Kufənin Nüxeylə düşərgəsi könüllü mücahidlərlə dolub, oranı lərzəyə gətirmişdi. Hamısı şəhid olmağa hazır vəziyyətdə hərəkət əmrini gözləyirdilər. Nəhayət Imam (ə) 36-cı il şəvval ayının beşində, çərşənbə günü düşərgəyə daxil oldu, üzünü qoşuna tutub dedi: "Allaha həmd olsun, hər vaxt ki, gecə gəlir və dünya qaranlıqlaşır; Allaha həmd olsun hər vaxt ki, bir ulduz çıxır, yaxud batır; Allaha şükür olsun ki, Onun nemətlərinin sonu, Onun bəxşiş və mükafatlarının bərabəri yoxdur. Camaat! Ön cəbhənin qoşununu əvvəlcə göndərmişəm və onlara fərman vermişəm ki, mənim növbəti fərmanım çatana qədər Fəratın sahilində gözləsinlər. Indi çaydan keçib sizdən olan və Dəclə çayının ətrafında yaşayan bir dəstə müsəlmana tərəf hərəkət etməliyik. Onları da sizinlə birlikdə düşmənə tərəf hərəkət etdirəcəyik ki, sizə köməkçi olsunlar.78 Əqəbə ibni Xalidi Kufəyə sərkərdə təyin etmişəm. Nə özümü, nə də sizi tərk etməmişəm (özümlə sizin aranızda heç bir fərq qoymuram).79 Ehtiyatlı olun, bir nəfər belə, hərəkətdən geri qalmasın. Malik ibni Həbib Yərbuiyə əmr etmişəm ki, geri qalanları və qanunu pozanları nəzərdən qaçırmasın və hamını sizə qoşsun.80
Bu vaxt Müəqqəl ibni Qeys Riyahi ayağa durub dedi: Allaha and olsun, qanunu yalnız şübhəli adamlar pozar, geridə yalnız münafiqlər qalar! Yaxşı olardı ki, Malik ibni Həbibə əmr edəsiniz, qanunu pozanların boynunu vursun.
Imam buyurdu:–Mən ona lazım olan əmrləri vermişəm. O da Allahın köməyi ilə mənim əmrimdən çıxmaz.
Başqaları da danışmaq istədi, lakin Imam (ə) icazə vermədi və atının gətirilməsini istədi. Ayağını üzəngiyə qoyanda "Bismillah" dedi və yəhərin üstündə oturduqdan sonra "Zuxruf" surəsinin 13-14-cü ayələrini tilavət etdi: "Pak və münəzzəhdir o Allah ki, bu miniyi (atı) bizim üçün ram etdi, halbuki bizim ona gücümüz çatmazdı. Hamımız Allaha tərəf qayıdacağıq." Sonra belə dua etdi: Pərvərdigara, mən səfərin məşəqqətindən, qayıtmağın qəm-qüssəsindən, yəqinə yetişəndən sonra sərgərdançılıqdan, əhli-əyal və mal-dövlətdə xoşagəlməz hallardan Sənə pənah aparıram. Ilahi, Sən səfərdə yoldaş və müsahib, ailədə canişinsən və bu iki şey Səndən başqasında bir yerə yığışmaz, çünki, canişin olan şəxs yol yoldaşı olmaz, müsahib olan şəxs isə canişin olmaz."
Sonra öz atını sürdü, Hürr ibni Səhm Rəbii də onun qabağınca hərəkət edib rəcəz oxuyurdu. Imam (ə)-ın keşikçi dəstələrinin rəisi Malik ibni Həbib o həzrətin atının yüyəyindən tutub təəssüflə dedi: Ey Imam, heç rəvadırmı ki, müsəlmanlarla birlikdə cihada gedəsən, onlarla birlikdə Allah yolunda cihad savabına nail olasan, amma mənə qanun pozanları tutmaq barədə (belə bir sadə) iş tapşırasan?
Imam (ə) buyurdu: Bunlar hər nə qədər savab qazansalar, sən də onlarla şəriksən. Sənin burada qalmağın bizimlə getməkdən daha faydalıdır.
Ibni Həbib dedi: Sizin əmrinizə itaət edirəm, ey Əmirəl-möminin!81
Imam (ə) öz ordusu ilə birlikdə Kufəni tərk etdi. Kufə körpüsünü keçəndən sonra üzünü camaata tutub dedi: Müşayiət edənlər və burada qalanlar namazlarını tamam qılacaqlar. Lakin biz müsafirik. Hər kim bizimlə olsa, vacib oruclarını tutmamalıdır, namazı da qəsrdir.
Bunu deyib günorta namazını iki rəkət qıldı, sonra öz yoluna davam etdi. Kufənin iki ağaclığında olan Əbu Musa mənzilinə çatıb əsr namazını da iki rəkət qıldı. Namazdan sonra dua oxuyub dedi: "Qüdrət və kərəm sahibi olan Allahdan istəyirəm ki, məni Öz qəza-qədərinə razı, Öz itaətinə müvəffəq və (diqqətimi) Öz fərmanına cəlb etsin. O, duaları eşidəndir."
Sonra yola düşdü və axşam namazını qılmaq üçün, Fəratın böyük bir qolu olan Sərs çayının kənarında dayandı, axşam namazını qıldıqdan sonra dua edib dedi: "Həmd-səna yalnız o Allaha məxsusdur ki, gecəni gündüzə və gündüzü gecəyə çevirir. Allaha şükür olsun, gecə qaranlığının hər yeri tutduğu vaxt. Həmd olsun Allaha, hər bir ulduz çıxanda, yaxud batanda."
Sonra gecəni sübhə kimi orada dincəldi, sübh namazını qılandan sonra yoluna davam etdi. "Qübbətü-qübbəyn" adlı bir məntəqəyə çatdı, gözü çayın sahilindəki uca xurma ağaclarına sataşdıqda "Qaf" surəsinin 10-cu ayəsini oxudu: "Göydən nazil etdiyimiz suyun vasitəsi ilə münəzzəm və bir-birinə qarışmış çiçəkləri olan uca xurma ağaclarını göyərtdik." Öz atı ilə çaydan keçdi və yəhudilərə məxsus olan məbədin yanında dincəldi.82
Dostları ilə paylaş: |