HüCum ƏMRININ VERILMƏSI VƏ MANEƏNIN ARADAN QALDIRILMASI
Susuzluq Imam (ə)-ın əsgərlərini əldən salır, taqətlərini üzürdü. Imam (ə)-ı qəm-qüssə bürümüşdü. Məzhic qəbiləsindən olan əsgərlərin yanına gəldikdə onların uca fəryadlarını eşitdi. Onlar belə bir qəsidə oxuyurdular: "Biz nizə ilə yaraqlanıb zirehli paltar geydiyimiz halda şamlılar bizi Fərat suyuna həsrət qoyurlar?!"99
Kində qəbiləsinə tərəf getdikdə əsgərlərin öz sərkərdələri Əşəs ibni Qeysin xeyməsinin yanında belə bir şer oxuduqlarını gördü: "Əgər Əşəs bu gün əzab-əziyyət içində qovrulan insanların ölüm təhlükəsini aradan qaldırmasa, biz onun qılıncı ilə Fəratın suyundan içəcəyik. Ey Əşəs! Yaxşı olar ki, ölüm ayağında olanları bizim ixtiyarımıza verəsən."
Imam (ə) bu iki qəbilə əsgərlərinin öz xeymələrində uca səslə oxuduqları şerləri eşitdikdən sonra xeyməsinə qayıtdı. Əşəs gəlib dedi:–Şamlıların bizi Fəratın suyundan məhrum etmələri düz işdirmi?! Halbuki sən bizim içimizdəsən, qılınclarımız da özümüzlədir. Icazə ver, ya Fəratın yolunu açım, ya da bu yolda ölüm. Əştərə də fərman ver, öz əsgərləri ilə birlikdə harda desən, orda dayansın.
Imam (ə) buyurdu:–Ixtiyar sahibisiniz.
Sonra isə Imam (ə) Əştərin öz qoşunu ilə əlverişli mövqe tuta biləcəyi yeri müəyyənləşdirdi və qoşunu arasında qısa bir xütbə oxudu. Bu xütbə elə həyəcanlı idi ki, Imam (ə)-ın qoşununu həyəcana gətirdi, əsgərlər ildırım sürəti ilə hərəkət edib Müaviyənin qoşununu qovdu və çayı öz ixtiyarına keçirtdi. O xütbənin məzmunu belə idi: "Müaviyənin qoşunu bu əməli ilə (su yolunu bağlamaqla) sizi döyüşə dəvət etmişdir. Indi iki yol ayrıcındasınız: Ya zəlil olub öz yerinizdə oturun, ya da qılınclarınızı (onların qanı ilə) doyurub, susuzluğunuzu aradan qaldırın. Ölüm sizin məğlubiyyətlə yanaşı olan həyatınızda, həyat isə qələbə çaldığınız halda olan ölümünüzdür. Agah olun, Müaviyə özü ilə bir dəstə xəbərsiz və azğın adamı gətirmiş, haqqı bər-bəzək pərdəsi altında onlardan gizlətmişdir ki, özlərini (xəbərsiz olaraq) qılınc və oxların qurbanı etsinlər."100
Əşəs də həmin gecə öz tabeçiliyində olan əsgərlərə xəbərdarlıq edib, dedi:–Hər kəs su, yaxud ölüm istəyirsə, bizim onunla görüşümüz sübh vaxtıdır.101
Bir tərəfdən susuzluğun göstərdiyi təzyiq, digər tərəfdən də Imam (ə)-ın həyəcanlı xütbəsi və əsgərlərin ilhamverici şerləri nəticəsində Fəratı ələ keçirmək üçün on iki min nəfər öz hazırlığını bildirdilər. Əşəs və Əştər özlərinin ixtiyarında olan qoşun dəstələri ilə hücum edib suyun qarşısını alan və onlardan iki qat gücü olan qoşunu qovdular. Bu hücum zamanı yeddi nəfər Əştərin, beş nəfər də Əşəsin əli ilə öldürüldü. Bundan sonra müharibənin müvazinəti Imam (ə)-ın xeyrinə dəyişdi. Fərat Imam (ə)-ın qoşununun ixtiyarına keçdi. Elə bu vaxt Əmr As Müaviyəyə dedi:–Nə fikirləşirsən, əgər Əli əvəz çıxıb suyu sənin qoşununun üzünə bağlasa nə edəcəksən?
Əli (ə)-ın islami əxlaqından və insani ruhiyyəsindən, əzəmət və alicənablığından agah olan Müaviyə dedi:–Məncə, o, suyu bizim üzümüzə bağlamaz. Çünki o başqa bir məqsəd üçün gəlmişdir.102
Dostları ilə paylaş: |