OTUZ YEDDINCI HICRI ILININ HADISƏLƏRI
Otuz yeddinci ilin məhərrəm ayı peyğam və nümayəndə göndərmə ayı idi. Imam (ə) bu ayda Ədi ibni Hatəm, Şibs ibni Ribi, Yəzid ibni Qeys, Ziyad ibni Həfs kimi böyük şəxsiyyətləri Müaviyənin yanına göndərdi ki, bəlkə bu imkandan istifadə edərək müharibəyə son qoya bilsin. Onlar Müaviyə ilə belə söhbət apardılar: Ədi ibni Hatəm dedi:–Səni elə bir şeyə dəvət etmək istəyirik ki, onun sayəsində Allah-təala bizim ümmətə birlik bəxş edər, müsəlmanların qanını hifz edər. Biz səni insanların ən fəzilətlisi, ən yaxşısı və əməli saleh olan şəxsinə tərəf çağırırıq. Camaat onun ətrafına yığışmış, Allah da onları hidayət etmişdir. Səndən və səninlə olanlardan başqa heç kim ona beyət etməkdən imtina etməmişdir. Səndən istəyirik ki, Cəməl əshabının başına gələnlər sənin başına gəlməmiş bu itaətsizliyə son qoyasan!
Müaviyə:–Deyəsən, sülh üçün yox, məni hədələmək üçün gəlmisən! Istədiyin şey çox-çox uzaqdır. Mən Hərbin oğluyam və heç vaxt boş tuluqların səsindən qorxmuram. (Ərəblər dəvələri qovmaq üçün boş tuluqları dınqıldadardılar.) Allaha and olsun, sən camaatı Osmanı qətlə yetirməyə təşviq edənlərdənsən, özün də onun qatillərindənsən. Yox! Ey Ədi, mən onu öz güclü qollarımla tutmuşam!
Şibs ibni Ribi və Ziyad ibni Həfsə dedilər:–Biz sülh yaratmaq üçün gəlmişik, sən isə bizim üçün məsəl çəkirsən. Lazımsız sözlərdən keç. Elə bir şey de ki, həm sənə, həm də bizə faydası olsun.
Yəzid ibni Qeys dedi:–Biz peyğam çatdırmaq və bir xəbər aparmaq üçün gəlmişik. Birliyə səbəb ola biləcək məsələləri söyləməkdən, öyüd-nəsihət verməkdən, dəlil-sübut deməkdən əsla çəkinmərik. Sən bizim imamımızı tanıyırsan. Müsəlmanlar da onun fəzilətini bilirlər. Bu iş heç sənin üçün də gizli deyildir. Dindar və fəzilətli şəxslər heç vaxt səni Əliyə tay-bərabər hesab etməzlər. Allahdan qorx və Əli ilə müxalifət etmə! And olsun Allaha, Əlidən daha təqvalı, zöhdlü və bütün fəzilətlərə malik olan bir kəs tanımıram!
Müaviyə dedi:–Siz məni iki şeyə dəvət etdiniz: Əliyə itaət etmək və birliyi qorumaq. Ikincini qəbul edirəm, lakin Əliyə itaət etməyi heç vaxt qəbul etmərəm. Sizin rəhbəriniz bizim xəlifəni öldürmüş, ümmətdə ixtilaf yaratmış və xəlifənin qatillərinə azadlıq vermişdir. Əgər o, xəlifəni öldürmədiyini fikirləşirsə, biz də onun bu fikrini rədd etmirik. Lakin xəlifənin qatillərinin onun dostlarından olmasını inkar etmək olarmı?! O, qatilləri bizə qaytarsın ki, qisas alaq. Bundan sonra sizin dediyiniz itaət və birliyə müsbət cavab verərik.117
Dostları ilə paylaş: |