ON YEDDİNCİ FƏSİL SIFFEYN MÜHARIBƏSININ MÜQƏDDƏRATININ HƏLL EDILMƏSI
Imam (ə) səbir və mətinlik nümunəsi idi. O, Müaviyənin müxalifətçiliyi qarşısında həmişə mülayim davranırdı. Amma vəzifə və rəyasət sevdası Müaviyəni özünə elə məftun edib aldatmışdı ki, nümayəndə göndərib ona öyüd-nəsihət verməyin nəinki faydası olmadı, üstəlik onu daha da inadkar etdi. Imam (ə) çarəsizlikdən qərara aldı ki, məsələni müharibə ilə həll etsin, öz qiymətli vaxtını daha bundan artıq hədər etməsin, bu "xərçəng virusunu" islam cəmiyyətinin orqanizmindən qoparıb atsın.
Islamda cihad qanunlarından biri də budur ki, əgər islam hökuməti bir qrupla dinc yanaşı yaşamaq barəsində müqavilə bağlasa, onda bu müqavilə möhtərəmdir. Əgər islam hakimi əldə olan məlumatlara əsasən, qarşı tərəfin müqaviləni pozmaq niyyətində olduğunu və xəyanət etmək istədiyini hiss etsə, onda cəld hərəkət edir, müqavilənin artıq ləğv olunduğunu bildirir və müharibəyə başlayır. Qurani-Kərim bu məsələyə toxunaraq buyurur: "Hər vaxt bir qövmün xəyanət edəcəyindən qorxsanız, onlarla olan müqaviləni ədalətli şəkildə ləğv edin, çünki Allah xainləri sevməz."122
Bu qanun göstərir ki, islam dini ədalətin və əxlaq normalarının qorunmasına xüsusi diqqət yetirir, düşmənin söz-söhbət və rəftarından xəyanət nişanələri görünsə belə, xəbərdarlıq etmədən düşmənə yürüş edilməsinə icazə vermir. Imam (ə) Siffeyndə bu qanunun göstərişindən də artıq diqqət yetirirdi. Çünki onunla Müaviyə arasında "dinc yanaşı yaşamaq" barədə bir müqavilənin bağlanmadığına, yalnız haram aylarda hərbi toqquşmanın qadağan olduğuna və nəticədə sakitliyin bir müddət Siffeynə hakim olmasına baxmayaraq, şamlıların bu sakitliyin Məhərrəm ayından sonra da qüvvədə qalacağını güman etməsinlər deyə, Imam (ə) Mərsəd ibni Harisə fərman verdi ki, Məhərrəm ayının axırıncı günü günbatan çağı Şam ordusunun qarşısında dayanıb uca səslə desin:–Ey Şam əhli, Əmirəl-möminin deyir: "Mən sizə möhlət verdim və müharibə işində səbir etdim ki, haqqa doğru qayıdasınız. Allahın Kitabından dəlil gətirib sizi ona tərəf dəvət etdim, lakin siz tüğyançılıqdan əl çəkmədiniz. Belə bir şəraitdə mən hər bir amanı qarşılıqlı şəkildə ardan götürdüm. Allah xainləri sevməz."123
Bu xəbər Müaviyənin qoşunu üçün oxunduqda hər iki tərəfdə canlanma yarandı və döyüşən tərəflər ordunu nizama salmağa başladılar. Cinahların sərkərdələri təyin edildi. Imam (ə) öz qoşununu aşağıdakı ardıcıllıqla tənzim etdi: Əmmar Yasir süvarilərin, Əbdüllah ibni Bədil Xəzai piyada qoşunlarının baş sərkərdəsi təyin edildi, ordunun ümumi bayrağı Haşim ibni Ütbəyə tapşırıldı. Sonra Imam (ə) qoşunu üç hissəyə–sağ cinah, sol cinah və mərkəzi cinaha böldü. Yəmənliləri ordunun sağ tərəfində, Rəbiə qəbiləsinin müxtəlif şaxələrini sol tərəfdə və əksəriyyəti kufəli və bəsrəli olan Müzər qəbiləsinin pəhləvanlarını ordunun mərkəzində yerləşdirdi. Bu üç bölmənin hər birini süvarilərə və piyadalara böldü. Sağ və sol cinahlara Əşəs ibni Qeyslə Əbdüllah Ibni Abbası, hər iki piyada qoşunu üçün də Süleyman ibni Sürəd ilə Haris ibni Mərrəni təyin etdi. Sonra hər bir qəbilənin bayrağını onun başçısına tapşırdı. Ibni Müzahim "Vəqətü-Siffeyn" kitabında hər biri bir qəbiləyə məxsus olan iyirmi altı bayraq olduğunu qeyd edir.124
Müaviyə də öz qoşununu həmin tərtiblə tənzim etməyə başladı, sərkərdələri və bayraqdarları təyin etdi. Sübh çağı həlledici döyüşün baş verməsi qəti oldu. Imam (ə) öz qoşununun içində ayağa qalxıb uca səslə dedi: "Onlar sizinlə müharibəyə başlamayınca siz döyüşə başlamayın. Allaha şükürlər olsun ki, sizin bu döyüşdə dəlil və sübutunuz vardır. Onlar döyüşü başlayana kimi sizin başlamamağınız əlinizdə başqa bir sübutdur. Onları məğlub etdiyiniz vaxt sizə arxa çevirib qaçanları və yaralıları öldürməyin. Düşmənin övrətini açmayın, öldürülənlərin burun-qulağını kəsməyin. Onların düşərgələrinə çatdığınız vaxt pərdələri yırtmayın, mənim icazəm olmadan heç kimin evinə girməyin, döyüş meydanında ələ keçirdiyiniz şeylərdən başqa düşmənin heç bir mal-dövlətinə əl vurmayın. Heç bir qadına, hərçənd sizin özünüzə, sizin böyüklərinizə, ağsaqqallarınıza nalayiq söz desə belə, əziyyət verməyin. Çünki onlar əql və qüdrət cəhətindən zəif olurlar. Onlar müşrik olan vaxtda da bizə əmr olunmuşdu ki, onlara əl vurmayaq. Əgər cahiliyyət dövründə bir kişi çəlik, yaxud dəmirlə bir arvada həmlə etsəydi, bu iş onun üçün ar sayılırdı və onların övladları sonralar bu işə görə məzəmmət olunurdular."125
Əmirəl-möminin Əli (ə) Cəməl, Siffeyn, Nəhrəvan döyüşlərində öz əsgərlərinə belə tövsiyə edirdi: "Ey Allah bəndələri, Allah ilə müxalifət etməkdən qorxun! Gözlərinizi aşağı salın və səsinizi alçaldın, az danışın. Özünüzü düşmənlə mübarizə edib əlbəyaxa olmağa, dişlə müdafiə olunmağa hazır edin. Mətin və möhkəm olun, Allahı yad edin ki, nicat tapasınız. Ixtilafdan və ikitirəlikdən uzaq olun ki, süstləşməyəsiniz və şövkətiniz, əzəmətiniz aradan getməsin. Səbirli olun, Allah səbir edənlərlədir."
Imam (ə)-ın sözləri sona çatdıqda on bir cərgə döyüşçü ilə birlikdə düşmənin qarşısında bayraq qaldırdı. Onun qoşun bilmələri elə tənzim olunmuşdu ki, bəziləri Iraqda, bəziləri isə Şamda yaşayan qəbilələrin üzvləri döyüşdə bir-birinin qarşısında qərarlaşırdılar. Ilk günlərdə döyüş çox yavaş gedirdi, hələ də döyüşün dayandırılması və barışıq siyasəti hər iki tərəfə ümid verirdi. Tərəflər günortaya qədər döyüşür, sonra döyüşü saxlayırdılar. Lakin sonralar döyüş şiddətləndikdə sübhdən gecəyə kimi, hətta gecənin bir vaxtına kimi davam edirdi.126
Dostları ilə paylaş: |