ƏMMARIN IMAM (ə)-IN QOŞUNUNDA OLMASININ DÜŞMƏN TƏRƏFƏ QOYDUĞU TƏSIRI
Əmmarın şəxsiyyəti və inqilabi xidmətləri şamlılara gizli deyildi. Peyğəmbər (s)-in onun barəsində buyurduğu sözlər hər yerə yayılmışdı. Şamlılar üçün müəyyən qədər gizli qalan şey Əmmarın Imam (ə)-ın qoşununda olub-olmaması idi. Onun Imam (ə)-ın qoşununda iştirak etməsi xəbəri Şam ordusunun içərisində yayıldıqda Müaviyənin zəhərli təbliğatlarına aldananlar bu məsələni araşdırmağı qərara aldılar. Bu fikrə düşənlərdən biri Yəmənin tanınmış şəxsiyyəti Zulkəla idi ki, Hümeyr qəbilələrini Müaviyənin qoşununa səfərbər etməkdə böyük rol oynamışdı. Amma indi haqqın nuru onun qəlbinə saçılmışdı, həqiqəti tapmaq istəyirdi. O, bu məqsədlə Hümeyr qəbiləsinin başçılarından biri və Kufədə yaşayan Əbu Nuh ilə əlaqə yaratmağı qərara aldı (o, Imam (ə)-ın qoşununda idi). Zülkəla özünü cəbhənin ön sıralarına yetirdi və uca səslə dedi:–Hümeyr qəbiləsinin Kəla şaxəsindən olan Əbu Nuh ilə danışmaq istəyirəm!
Əbu Nuh bu sözləri eşidib irəli çıxdı və dedi:–Sən kimsən? Özünü təqdim et!
Zülkəla:–Mən Zulkəlayam. Xahiş edirəm ki, mənim yanıma gələsən.
Əbu Nuh:–Sizə tərəf təklikdə gəlməkdən Allaha sığınıram, amma öz dəstəmlə gələ bilərəm.
Zulkəla:–Sən Allahın və Onun Rəsulunun pənahındasan, Zulkəla da sənə aman vermişdir! Mən mühüm bir məsələ barəsində səninlə danışmaq istəyirəm. Gəl, iki qoşunun arasında danışaq.
Onların hər biri öz qoşunundan ayrılıb ortada müzakirəyə başladılar.
Zulkəla:–Mən keçmişdə (Ömər ibni Xəttabın hakimiyyəti dövründə) Əmr Asdan bir hədis eşitdiyimə görə səni çağırdım.
Əbu Nuh:–Hansı hədisi?
Zulkəla:–Əmr As o vaxt demişdi ki, Rəsulullahın belə buyurduğunu eşitdim: "Şam və Iraq əhli bir-biri ilə vuruşacaqdır, haqq rəhbərlik və hidayət bir tərəfdədir, Əmmar da elə onlarla birlikdə, həmin tərəfdədir."
Əbu Nuh:–Allaha and olsun ki, Əmmar bizimlədir!
Zulkəla:–Bizimlə vuruşmaqda tam ciddidirmi?
Əbu Nuh:–Bəli! Kəbənin Rəbbinə and olsun ki, o, sizinlə müharibəyə məndən də ciddi və qətiyyətlidir. Mən arzu edirəm ki, kaş sizin hamınız bir nəfər olaydınız və hamınızın başını da birdəfəyə kəsəydim, əmioğlum olduğun halda hamıdan əvvəl səndən başlayaydım!
Zulkəla:–Nə üçün belə arzu edirsən, halbuki mən qohumluq əlaqələrini kəsməmişəm! Səni öz yaxın qohumum hesab edir və səni öldürmək istəmirəm.
Əbu Nuh:–Allah islam sayəsində bir sıra qohumluq əlaqələrini kəsmiş, pərakəndə olan bəzi adamları bir-birinə qohum etmişdir. Sən və sənin yoldaşların bizimlə olan mənəvi bağlılıqlarınızı qırmısınız. Biz haqq, siz isə batilsiniz, çünki küfr və azğınların başçısına kömək edirsiniz.
Zulkəla:–Istəyirsənsə, birlikdə şamlıların içinə gedək. Mən sənə aman verir və əmin edirəm ki, nə öldürüləcəksən, nə səndən bir şey əskiləcək, nə də beyət etməli olacaqsan. Əmmarın Əli (ə)-ın qoşununda olmasını Əmr Asa de, bəlkə Allah bu iki qoşunun arasında sülh bərqərar edə.
Əbu Nuh:–Mən sənin və dostlarının məkrli hiyləsindən qorxuram!
Zulkəla:–Mən öz sözlərimə zəmanət verirəm.
Əbu Nuh üzünü göyə tutub dedi:–Ilahi, Sən bilirsən ki, Zulkəla mənə necə aman verdi. Sən mənim qəlbimdə olanlardan xəbərdarsan. Məni hifz et!
Bunu deyib Zulkəla ilə Müaviyənin qoşununa tərəf yola düşdü. Müaviyənin və Əmr Asın qərargahına yaxınlaşanda gördü ki, hər ikisi camaatı müharibəyə təhrik edirlər. Zülkəla Əmr Asa dedi:–Istəyirsənmi ki, Əmmar Yasirin barəsində ağıllı və doğruçu bir adamla müzakirə edəsən?
Əmr As:–Dediyin o adam kimdir?
Zulkəla Əbu Nuhu göstərib dedi:–O, mənim əmioğlumdur, özü də Kufə əhlidir.
Əmr As üzünü Əbu Nuha tutub dedi:–Mən sənin üzündə Əbu Turabdan (Həzrət Əlinin ləqəbidir) bir nişanə görürəm!
Əbu Nuh:–Mənim üzümdə Məhəmməd (s) və onun dostlarının, sənin üzündə isə Əbu Cəhlin və Fironun nişanəsi var.
Bu vaxt Müaviyənin sərkərdələrindən biri–Əbül-Əvər qılıncını siyirib dedi:–Üzündə Əbu Turabın nişanəsi olan bu yalançını gərək öldürüm! O qədər cürətlənib ki, bizim içimizdə bizi söyür!
Zulkəla dedi:–Allaha and olsun, əgər ona toxunmaq istəsən, burnunu qılıncla kəsərəm! Bu mənim əmioğlumdur və mənim zəmanətimlə buraya gəlmişdir. Onu gətirmişəm ki, sizə Əmmardan xəbər versin, çünki siz həmişə onun barəsində mübahisə edirsiniz.
Əmr As:–Səni and verirəm Allaha, düzünü de görək Əmmar Yasir sizin içinizdədirmi?
Əbu Nuh:–Bu sualı nə üçün verməyini bilməsəm, cavab vermərəm. Halbuki Peyğəmbər (s)-in səhabələrindən bir qrupu bizimlədir və hamısı da sizinlə vuruşmaq barədə qəti qərara gəlmişlər.
Əmr As:–Peyğəmbər (s)-in belə buyurduğunu eşitmişəm: "Əmmarı zalımlar öldürəcək. Əmmarın haqdan ayrılması mümkün deyildir, cəhənnəm odu ona haramdır."
Əbu Nuh:–Yeganə olan Allaha and olsun ki, o bizimlədir və sizə qarşı vuruşmağa hazırdır.
Əmr As:–O bizimlə vuruşmağa hazırdır?!
Əbu Nuh:–Bəli! Allaha and olsun, o, Cəməl müharibəsində mənə demişdi ki, biz Cəməl əshabına qələbə çalacağıq. Dünən də dedi ki, əgər şamlılar bizə hücum etsələr və bizi Hicrə qovsalar, yenə də döyüşdən əl çəkməyəcəyik. Çünki bizim haqq, onların isə batil yolda, bizim öldürülənlərimizin cənnətdə, onlarınkının isə cəhənnəmdə olduğunu bilirik.
Əmr As:–Bir iş görə bilərsənmi ki, Əmmarla görüşüm?
Əbu Nuh:–Bilmirəm, lakin çalışaram ki, görüş baş tutsun.
Bu sözü deyib onlardan ayrıldı və Imam (ə)-ın qoşununa, Əmmarın olduğu yerə getdi, hadisəni əvvəldən-axıra kimi Əmmara söylədi. Sonra əlavə etdi ki, başda Əmr As olmaqla on iki nəfərlik bir dəstə onunla görüşmək istəyir. Əmmar görüş üçün hazırlığını bildirdi. Sonra hamısı süvaridən ibarət olan bir dəstə Imam (ə)-ın qoşununun axır tərəfinə hərəkət etdi. Ovf ibni Bişr Əmmarın dəstəsindən ayrıldı, şamlılara yaxınlaşıb "Əmr As haradadır?" - deyə ucadan səsləndi. Dedilər ki, buradadır. Ovf Əmmarın olduğu yeri göstərdi. Əmr As Əmmara dedi ki, Şam ordusuna tərəf hərəkət etsin. Ovf cavab verdi ki, o, sizin məkr və hiylələrinizdən amanda deyil! Axırda qərara aldılar ki, hər ikisi iki xəttin arasında müzakirəyə başlasınlar (hər ikisini də bir qrup döyüşçü müşayiət edirdi). Hər iki dəstə razılaşdıqları nöqtəyə çəkildilər, lakin ehtiyatı əldən vermədilər, atdan enən vaxt əllərini qılıncların dəstəyində saxladılar. Əmr As Əmmarı görəndə ucadan kəlmeyi-şəhadəti deməyə başladı. Bu yolla o, özünün islama məhəbbətini göstərmək istəyirdi. Lakin Əmmar onun bu işinə aldanmadı və nərə çəkib dedi:–Sus! Sən Peyğəmbər (s)-in sağlığında da, ondan sonra da onu tərk etdin, indi necə onun risalətinə şəhadət verirsən?!
Əmr As həyasızcasına dedi:–Əmmar, biz bu məsələ üçün gəlməmişik. Mən səni bu qoşun içində ən sadiq adam hesab edirəm. Hamımızın Allahımız, qibləmiz, kitabımız bir olduğu halda nə üçün bizimlə vuruşduğunuzu bilmək istəyirəm!
Əmmar qısa söhbətdən sonra dedi:–Peyğəmbər (s) mənə xəbər vermişdir ki, mən əhd-peyman pozanlarla və haqdan azanlarla döyüşəcəyəm. Əhd-peyman pozanlarla vuruşdum. Siz də haqdan azanlarsınız. Amma bilmirəm ki, dindən çıxanlarla görüşə biləcəyəm, ya yox. Ey qoca, sən Peyğəmbər (s)-in Əli barəsində belə buyurduğunu bilirsənmi: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Ilahi, onu sevəni sev, onunla düşmən olana düşmən ol!"
Bu müzakirələr Osmanın qətli ilə əlaqədar söhbətdən sonra yekunlaşdı. Sonra bir-birindən aralanıb öz yerlərinə qayıtdılar.177
Bu görüşdən aydın oldu ki, Əmr As Əmmarın Imam (ə)-ın qoşununda olub-olmamasını bilmək istəmirdi. Çünki o Əli (ə)-ın sərkərdələrini yaxşı tanıyırdı. Buna görə də Əmmarın məntiqi dəlilləri qarşısında təslim olmaq əvəzinə, yersiz mübahisələrə başlayıb hay-küy saldı, Osmanın qətli məsələsini ortaya atdı ki, bu işdə əli olduğunu onun da boynuna qoysun, beləliklə də xəbərsiz şamlıları qiyama vadar etsin. Əlbəttə, Müaviyə və Əmr Asın bəxti onda gətirdi ki, Zulkəla Əmmardan qabaq qətlə yetirildi. Çünki, əgər o Əmmardan sonra sağ qalsaydı, onda Əmr As puç və əsassız bəhanələrlə onu bir daha aldada bilməyəcək, bu da Müaviyə və Əmr As üçün böyük bir çətinlik törədəcəkdi. Buna görə də Zulkəlanın öldürülməsindən və Əmmarın şəhadətindən sonra Əmr As Müaviyəyə dedi:–Mən bilmirəm bunların hansının ölümünə sevinim: Zulkəlanın, yoxsa Əmmarın? Allaha and olsun, əgər Zulkəla qalsaydı, bütün Şam əhlini Əlinin tərəfinə qaytaracaqdı!178
Dostları ilə paylaş: |