1-IMAM (ə) YAĞIŞ KIMI YAĞAN OXLAR ALTINDA
Imam (ə)-ın qoşununun sağ cinahının sərkərdəsi Əbdüllah ibni Bədilin öldürülməsi ilə bu cinahın vəziyyəti çox gərginləşdi və qoşunda çaxnaşma yarandı. Müaviyə Həbib ibni Məsləməni göndərdi ki, o cinahın sağ qalanlarını darmadağın etsin. Səhl ibni Hənif də Imam (ə)-ın qoşununun bu hissəsini nizama salmaq barədə o həzrətdən göstəriş aldı, lakin bu səylər heç bir müsbət nəticə vermədi. Sağ cinahın dağınıq vəziyyətdə olan dəstələri Imam (ə)-ın rəhbərlik etdiyi mərkəzi cinaha qoşuldular.
Tarix Rəbiə və Cübn qəbilələrinin bu ağır şəraitdə göstərdiyi igidlik, Müzər qəbiləsinin isə zəiflik və süstlüyündən xəbər verir. Imam (ə) belə bir ağır şəraitdə irəli çıxdı və şəxsən döyüşə girdi. Siffeyn müharibəsində xəbər aparıb-gətirən Zeyd ibni Vəhəb deyir: "Imam (ə)-ı yağış kimi yağan oxların altında görürdüm. Düşmənin yağdırdığı oxlar ona dəymir, çiyni ilə boynunun arasından uçub keçirdi. Imam (ə)-ın oğlanları düşmənin yağış kimi yağdırdığı oxlar altında o həzrətə zərər dəyəcəyindən qorxurdular. Buna görə də sipər kimi Imam (ə)-ın ətrafını tutdular. Lakin Imam (ə) onların istəklərinin əksinə olaraq irəliləyib düşməni geri qovurdu. Birdən Imam (ə)-ın qarşısında onun öz qulamı Kisan Əbu Süfyanın qulamı Əhmər ilə tutuşdu, bu çarpışmada Kisan qətlə yetirildi. Əbu Süfyanın qulamı öz qələbəsindən qürrələnərək qılıncını siyirib Imam (ə)-a tərəf gəldi. Lakin o həzrət bir göz qırpımında əllərini onun zirehinə atdı, onu özünə tərəf çəkdi, sonra göyə qaldırıb elə möhkəm yerə çırpdı ki, çiyni və qolları sındı. Sonra onu buraxdı. Bu vaxt Imam (ə)-ın oğlanları–Hüseyn və Məhəmməd Hənəfiyyə qılıncla onun nəfəsini kəsdilər, sonra Imam (ə)-ın yanına gəldilər. Imam (ə) üzünü öz sevimli oğlu Həsənə tutub dedi:–Nə üçün qardaşların kimi onun qətlində iştirak etmədin?
Imam Həsən (ə) cavab verdi: O iki qardaşım kifayət idi.
Zeyd ibni Vəhəb əlavə edir: Imam (ə) Şam ordusuna yaxınlaşdıqca, sürətini daha da artırırdı. Həzrət Müctəba (ə) Müaviyənin ordusunun Imam (ə)-ı mühasirəyə alaraq onun həyatını təhlükə altına salacaqlarından qorxaraq o həzrətə dedi:–Bir az dayan, Rəbiə qəbiləsindən olan fədakar dostların sənə çatsınlar.
Imam (ə) cavab verdi: Sənin atan üçün müəyyən olunmuş bir gün vardır ki, (ömrü) ondan o yana keçməz: nə dayanmaq onu gecikdirər, nə də düşmənə tərəf irəliləmək onu irəli atar. Özü ölümün pişvazına getməkdən, yaxud ölümün ona tərəf gəlməsindən atanın heç bir qorxusu yoxdur.179
Əbu Ishaq deyir: Siffeyn günlərindən birində Imam (ə) əlində balaca bir nizə tutmuşdu, öz sərkərdələrindən olan Səid ibni Qeysin yanından keçəndə o, Imam (ə)-a dedi:–"Qorxmursan?! Düşmənə bu qədər yaxınlaşdığın halda səni öldürə bilərlər!" Imam (ə) buyurdu: "Elə bir adam yoxdur ki, onun üçün Allah tərəfindən mühafizəçilər olmasın. (Bu mühafizəçilər) onu quyunun dibinə düşməkdən, divar altında qalmaqdan, yaxud ona bir zərər yetişməsindən qoruyurlar. Ilahi hökm gəlib çatdıqda onu buraxarlar və o, taleyin çox yaxınlığında qərar tutar."180
Dostları ilə paylaş: |