ÖNSÖZ
Müasir dövr mühüm dəyişikliklər və sürətli inkişaf dövrüdür. Həmin dəyişikliklər və inkişaf fonunda həyatın bütün sahələrində yarışmanı ifadə edən və hər keçən gündə daha da şiddətlənən rəqabət bugün bütün istehsal sahələri və şirkətləri hədələməkdədir. Belə bir şəraitdə şirkətlərin öz varlıqlarını qoruyub saxlamaları üçün müxtəlif strateji planlar işləyib hazırlamaları, müəssisələrinin ömrünün uzun müddətli olmasına nail ola bilmələri üçün köhnəlmiş, standart metodlardan əl çəkib, daim inkişafda olan dövrün tələblərinə uyğun metod və yollar axtarmaları ən mühüm məsələ kimi qarşıda durur.
Bugün şirkətlər özləri də yeni rəqabət qarşısında davam gətirə bilməyəcəklərini başa düşürlər. Buna görə də onların rəqabət apara bilmələri, gələcəkdə rəqabət üstünlüyünü təmin etmələri üçün rəqabətin əsasının dəyişildiyini dərindən dərk etmələri və rəqabəti cilovlamaq üçün həmin istiqamərdə iş apararaq özlərinə yeni yol xəritələri hazırlamaları vacibdir.
Bu kitabda məhz şirkətlərə kömək məqsədi ilə günümüz üçün aktual sayılan bir sıra bu kimi problemlərə toxunulmuşdur. Əsərin aktuallığı ondadır ki, şirkətlərin sahib olduqları resurs və imkanlardan xarici mühitə uyğun şəkildə istifadə etmələri üçün yeni nəzəri fikirlər irəli sürülmüşdür. Azərbaycan şirkətlərinin dünya bazarına çıxa bilməsi və istehsalçı ölkələr arasında gedən rəqabətə qarşı davam gətirməsi, eləcə də rəqabət dünyasında uzun ömürlülüyünü təmin etmək üçün yeni fikirlər irəli sürülmüşdür.
Kitab həm şirkət rəhbərlərinə və çalışanlarına, ali təhsil qurumlarında iqtisadiyatla əlaqədar çalışanlara və tələbələrə, həm də bu mövzuya maraq göstərənlərə xitab edir.
Bu kitabın çap olunmasında öz köməkliklərini göstərən bütün təşkilat və şəxslərə dərin minnatdarlığımı bildirirəm.
Bakı, 2010
Dostları ilə paylaş: |