Əruz vəzni və Azərbaycan bəstəkarlığı. Azərbaycan bəstəkarlarının əruz vəznində olan şeirlərə bəstələdikləri musiqilər kifayət qədər çoxdur. Dahi bəstəkarımız Ü. Ha-cıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları, həmçinin, “Leyli və Məcnun”, “O olmasın, bu olsun” və b. operalarında bir çox parçalar birbaşa əruz şeirinə bəstələnmiş, əruz ritmləri üzərində olan musiqilərdir. Həmçinin, görkəmli bəstəkarımız Süleyman Ələsgərovun M. Füzulinin “Pəmbeyi daği cünun içrə nihandır bədənim” qəzəlinə bəstələdiyi romans, “Gözlə məni” və b. əsərləri əruz qəlibləri üstündə bəstələnmişdir. Bu misalların sayını artırmaq da olar.
Bundan başqa, muğam dəstgahlarında oxunan bir çox təsniflər də məhz əruz vəznində olan şeirlərə (əsasən qəzəllərə) ustad xanəndələr tərəfindən bəstələnmiş mahnılardır ki, onlar da tamamı ilə əruz ritmləri üzərindədir. Məsələn, “Gülşəndə fəda eylər ikən bülbülü-şeyda” şeirinə bəstələnmiş şur təsnifi, M. Füzulinin “Usanmazmı” qəzəli üstündə oxunan segah təsnifi və s.
Beləliklə, əruz vəzninin dilimizə və folklorumuza uyğun olması, bu vəznin bizə doğma olduğunu deməyə əsas verir. Deməli, bu vəzn şeirimizdə yaşadılmalı, dilimizin qanunlarına və musiqimizə uyğun olaraq inkişaf etdirilməlidir.
Dostları ilə paylaş: |