Gəraylı. Misrası 8-hecalı, qafiyə quruluşu abab (bə-zən abcb) cccb, çççb və s. kimi olan, 3 və daha çox 4-misralı bəndlərdən ibarət şeir şəklidir (janrıdır). Bəzən birinci bəndin qafiyələnməsi sonrakı bəndlərlə eyni olur. Əsasən heca vəznində, bəzən də əruz vəznində yazılır. Klassik və müasir müəllif ədəbiyyatında, xüsusən də aşıq yaradıcılığında geniş yayılmışdır. Klassik aşıq havalarının xeyli hissəsi məhz bu şəkil üzərindədir.
Gəraylı şəklində, əruz vəznində (həzəc-3 qəlibində) yazılmış şeirə misal kimi S.Vurğunun M.Füzulinin “Usan-mazmı” qəzəlinə nəzirə yazdığı coxbəndli “Füzulinin dərdi” şeirini misal göstərmək olar:
Sən ey sevdalı sən’ətkar,
Səsində min sikayət var.
Duyanlar hər zaman ağlar,
Desəm, bir böhtan olmazmı?
…Xəyalə qərq olub hərdən,
Zəhərləndin küləklərdən...
O qansız, daş ürəklərdən
Könül rəncidə qalmazmı?
Nə odlar görmüsən bilsən,
Əzəldən aşiq oldun sən,
Böyük ruhunla bir türksən,
Muradın şəmi yanmazmı?
…Nədir Leyli, nədir Məcnun?
Nədir aşiq, nədir məftun?
Gəzirsən daima məhzun.
Sınıq qəlbin - sınıq sazmı?
Yıxılmış gördüyun dövran,
Dəyişmiş, başqadır insan,
Azərbaycan, Azərbaycan,
Böyük dahilərin azmı?...
S. Vurğun
Qoşma. Misrası 11-hecalı, qafiyə quruluşu abab (bəzən abcb) cccb, çççb və s. kimi olan, 3 və daha çox 4-misralı bəndlərdən ibarət şeir şəkidir (janrıdır). Bəzən birinci bəndin misralarının qafiyələnmə qaydası sonrakı bəndlərdəki kimi olur. Əsasən heca vəznində, bəzən də əruz vəznində yazılır. Klassik və müasir müəllif ədəbiyya-tında geniş yayılmışdır. Aşıq yaradıcılığında isə ən geniş yayılmış şeir şəklidir. Klassik aşıq havalarının böyük qismı məhz bu şəkil uzərindədir. Ümumiyyətlə, ritmik aşıq havaları əsasən qoşma və gəraylı üzərində olur.
Qoşma şəklində, əruz vəznində (həzəc-2 qəlibində) yazılmış şeirə misal:
Aya, Nəvvab(ı) valayi-süxəndan,
Yetişdi naməniz dilşad(ı) oldum.
Qəmü dərdim firavan idi, amma
Behəmdullah kenun azad(ı) oldum.
Sərasər şeriniz əzruyi-hikmət,
Qamu məzmunları mehrü-məhəbbət,
Möyübbə rəhmətü ədvanə zillət,
Bu şirin ləhcəyə mötad(ı) oldum.
Sizə lütfi-xuda olsun müraqib,
Əta qılsun dəxi əla məratib,
Yenə bədxahə gər əşhabi-saqib,
Xarab olsam da gər abad(ı) oldum.
Qəmi-əyyamidən çox natəvanəm
Əliləm, naxoşam, əfsurdə canəm,
Bu təsildən özüm də bədgümanəm
Məgər kuhi-qəmə Fərhad(ı) oldum.
Unutma sən duadan Natəvanı,
Əlilü naxoşu əfsurdə-canı,
Cənabından səva yoxdur gümanı,
Əgər yaddan çıxam bərbad(ı) oldum.
X.B.Nətavan
M.Ə.Sabirin məşhur “Tək səbir” şeirini də qoşma şəklində, əruz vəznində (səri-1 qəlibində) yazılmış şeirə misal göstərmək olar.
Qəzəl. Qafiyələnmə qaydası aa, ba, ca və s. şək-lində olan, 3 və daha artıq beytdən ibarət şeir şəklidir (janrıdır). Misraları adətən uzun (14÷16-hecalı) olur. Lakin 10–11-hecalı qəzəllərə də rast gəlmək olar. Əsa-sən əruz, bəzən də heca vəznində yazılır. Klassik ədəbiy-yatda çox geniş istifadə olunmuşdur.
Heca vəznində yazılmış qəzələ misal:
Dünyamızda nə qansız, nə nadan şöhrət tapar,
Nə tüfeyli, nə yaltaq, nə filan şöhrət tapar.
Zəhməti, məbəbbəti vətənə rövnəq verən
Könlü arzular dolu mərd insan şöhrət tapar.
Darda vətən yolunda, şirin canından keçən
Alnı açıq, üzü ağ qəhrəman şöhrət tapar.
Kim ki andını pozmaz, süngülər arasında,
Adı olar dillərdə bir dastan, şöhrət tapar.
Nə dükanda satılır şöhrət, nə də bazarda,
Millətinin qəlbinə yol tapan şöhrət tapar.
Yarı yolda qalmasa, qələmi kütləşməsə
Mahnısı al bayraqlı Süleyman şöhrət tapar.
S.Rüstəm
Qəsidə. Qafiyələnmə qaydası və misraların uzun-luğu qəzəldəki kimidir. Qəzəldən fərqi isə ondan ibarətdir ki, burada beytlərin sayı daha çox (adətən 15-dən yuxarı) olur. Həmçinin müxtəlif məzmunlarda ola bilir. Qəsidənin məzmununa görə müxtəlif növləri var: Minacat – Allahın tərifi, Nət – peyğəmbərin tərifi, Fəxriyyə – şairin özünütə-rifi, Mədhiyyə – dövlət xadimlərinin tərifi, Mərsiyə – faciəvi şəkildə həlak olmuş şəxslərə (din şəhidlərinə və s.) yazıl-mış matəm xarakteri qəsidədir. Janr kimi qəbul olunan bu şeir şəklindən klassik əruzvəznli ədəbiyyatda geniş isti-fadə olunmuşdur.
Qitə. Qafiyə quruluşu ab, cb, çb və s. şəklində olan, 3 və daha artıq beytdən ibarət, ictimai-siyasi məzmunlu şeir şəklidir (janrıdır). Misraları adətən uzun (14÷16-hecalı) olur. Bir qayda olaraq əruz vəznində yazılır.
Dostları ilə paylaş: |