Şəkilçi qəbul etməmiş variant (yarımçıq qafiyələn-mə) az istifadə olunur. Daha çox əruzvəznli poeziyada, özü də uzanan saitlə olan variantına rast gəlinir. Məsələn, sevda-rəna, su-bu və s.
Misallar:
Demə məcnuna dəli, bəlkə də Leyla dəlidir,
Eşq olan yerdə bütün aqili dana dəlidir
Ə.Vahid
Gülü rüxsarına qarşu, gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
M.Füzuli
Yaxın səsli varianta misal:
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu!
Ki, hazıram yıxılıb xaki payinə hər gün
Öpüm ayağını icz ilə. Kimdir o, nədir o?
C.Cabbarlı
Az da olsa hecavəznli şeirlərdə, özü də uzanmayan saitli variantına da rast gəlinir:
Düşündülər, görəsən onun dərdi nə imiş.
...Özü nəhəng olsa da, kökü lap üzdə imiş.
T.Bayram
Tək sait dayağı ilə qafiyələnmənin şəkilçi qəbul etmiş variantından daha çox istifadə olunur. Çünki, tək saitlə qafiyələnən sözlərə şəkilçi əlavə olunduqda sait samitlə qapanır və sait-samit səs cütlüyü dayağında qafiyələnmə kimi səslənir, bir növ sait-samit səs cüt-lüyü dayağında qafiyələnməyə çevrilir. Ona görə də bu xüsusi haldan müasir poeziyada geniş istifadə olunur. Misallara baxaq.
Qafiyələnən sözün isim olduğu hala misal:
Bu yalan dünyanın tərs ayna+sı var,
Sevincə bənzəyən çox bəla+sı var...
N.Kəsəmənli
Qafiyələnən sözlərin feil olduğu hala misal:
Dağlara qar düşdü, qəribsə+yirəm,
Qəlbimə bir həmdəm qəlb istə+yirəm
M.Araz
Dostları ilə paylaş: |