ŞİRVANŞAHLAR DÖVLƏTİNİN HƏRBİ DƏNİZ DONANMASI
Azərbaycanın hərb və hərbi-dənizçilik tarixinin kökləri qədim dövrlərə gedib çıxır. Hələ orta əsrlərdə Xəzər sahillərini düşmən hücumlarından müdafiə etmək məqsədilə Şirvanşahlar dövləti tərəfindən hərbi dəniz donanması yaradılmış və müdafiə qalalarının tikilməsinə başlanılmışdır. Ruslar tərəfindən Xəzər dənizi ilə Şirvan ellərinə olan yürüşlərin dəf edilməsi ilə bağlı hərbi əməliyyatlar bu və digər tərəfin üstünlüyü ilə XII əsrin əvvəllərinədək davam edirdi. XII əsrin əvvəllərində şirvanşah III Mənuçöhr (1120-1160) Böyük Səlcuq İmperatorluğunun vassalı olmaqdan imtina etmiş və onlara ildə 40 min dinar məbləğində bac verməkdən boyun qaçırmışdır. Şirvanşah əlavə maliyyə vəsaitini ölkənin müdafiə qüdrətinin artırılmasına yönəltmişdir. Bütün Abşeronun sahil boyu uzanan işarə verici bürclərdən ibarət zəncirvari xəbərdarlıq sistemi yaradılmış, Bakı şəhəri güclü qala divarları, xəndək və hasarla əhatələnmişdir. Bakı buxtasında daimi hərbi-dəniz bazası inşa edilmiş, hərbi donanma gəmilərinin sayı artırılmış, donanma müstəqil əməliyyatlar keçirmək səlahiyyətlərini əldə etmişdir.
Şirvan hərbi donanmasının əsasını, atıcı qurğuları olan (çarx və mancanaqlar),tərkibində neft olan yandırıcı mərmilər ata bilən “Şəbəkə” tipli hərbi gəmilər təşkil edirdi. Azərbaycanda tətbiq edilmiş yandırıcı silahlar iki növə bölünürdü: yandırıcı nizələr (yandırıcı məhlulda isladılmış keçə ilə) və yandırıcı məhlul daşıyan atma qumbaralar (qarura an-naft).
Hərbi dəniz donanmasının daha da təkimilləşdirilməsində Şirvanşah I Axsitanın böyük rolu olmuşdur.1175-ci ildə Kür çayının Xəzərə qovuşduğu yerdə Sarı adasının yaxınlığındakı döyüşdə Şirvan hərbi donanması 75 gəmidən ibarət rus donanmasını ağır məğlubiyyətə uğratmış, düşmənin 73 gəmisini yandırmışdır. (Bu döyüşdə rusların məğlubiyyəti elə böyük olmuşdu ki, onların bir daha Azərbaycan ərazisinə yürüşləri baş verməmişdir) Şair Zahirəddin Fəryabinin yazdığı şerdən sonra şirvanşah I Axsitanı hamı “dəniz şahı” adlandırırdı. Qələbə yandırıcı mərmilərin geniş tətbiq edilməsi hesabına qazanıldığına görə, məşhur Azərbaycan şairi Xaqani Şirvanşahı peyğəmbər Xızıra bənzədirdi, çünki Xızır Şərqdə ilahi od saçan qüvvə hesab edilirdi və onu “əmir əl bəhr” dənizlərin əmiri adlandırırdı. Hərbi donanmanın gücləndirilməsinə, onun bazalarının yaradılmasına, sahilboyu ərazilərin möhkəmləndirilməsinə yönəldilən tədbirlər şirvanşahların qələbəsinə gətirib çıxarır və siyasətin düzgün olduğunu təsdiq edir.
Dostları ilə paylaş: |