Jurnalist Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2013-cü il qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi 09 yanvar 2014-cü il, Ali Məhkəmə 04 iyul 2014-cü il tarixində hökmü dəyişdirmədən qüvvədə saxlamışdır. Jurnalistin evində axtarış məhkəmə qərarı olmadan və özünün iştirakı təmin edilmədən aparılıb, axtarış zamanı hal şahidi kimi iştirak etmiş şəxslərin məhkəmədə verdiyi izahatlarla istintaqa verdiyi izahatlar arasında ciddi fərqlər olub, məhkəmə araşdırması zamanı məlum olub ki, hal şahidlərindən biri Şirəliyev Nahid nə oxumağı, nə də yazmağı bacarır (halbuki axtarış haqqında protokola imza atıb və qumbaranın aşkar edildiyini təsdiqləyib), o, işlədiyi fəhlə bazarından həmkarı ilə birgə hal şahidliyi etmək üçün polislər tərəfindən aparıldıqlarını və bunun əvəzində onların hər birinə 20 AZN verildiyini Şirvan Apellyasiya Məhkəməsində bildirib. Zərərçəkmiş kimi tanınan şəxslərin heç biri cənab Quliyevlə istintaq zamanı üzləşdirməyiblər, onların çoxu polis əməkdaşlarıdır və hamısı məhkəmədə eyni ifadəni verməklə kifayətləniblər, buna baxmayaraq, faktiki olaraq jurnalistin polislərə xəsarət yetirdiyini sübut edən heç bir dəlil ortaya çıxmayıb. Cırılaraq təhqir edildiyi iddia olunan dövlət bayrağı da maddi sübut kimi cinayət işinin materiallarında aşkarlanmayıb.
Cənab Quliyev onun barəsində Şirvan Apellyasiya Məhkəməsinin qərarından sonra 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib. 22 dekabr 2014-cü il tarixdə həmin CM-də olan məhkum Elşad Babayevin ölümünə etiraz olaraq məhkumlar öz etirazlarını bildiriblər. Belə ki, Babayevin işgəncələrə məruz qalaraq yeməksiz və susuz saxlanılaraq öldüyü barədə məlumatlar olub, onun bacısı Simuzər Babayeva qardaşının Lökbatan qəsəbəsində yerləşən morqda meyitinin şəkillərini çəkərək sosial şəbəkələr və mətbuat vasitəsilə yaymışdı, şəkillərdən də aydın şəkildə görünür ki, məhkumun üzərində zorakılıq izləri var. Açılmış cinayət işi nəticəsində 31 yaşlı Elşad Babayevin ürək çatışmamazlığından öldüyü iddia olunub.
Etiraz bildirən məhkumlar arasında jurnalist Araz Quliyev də olub və buna görə o karserə salınıb və işgəncələrə məruz qalıb, CM-nin rəhbərliyi jurnalistin daha ağır rejimli müəssisəyə köçürülməsi barədə vəsatətlə məhkəməyə müraciət edib və Qaradağ rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli qərarı ilə cənab Quliyev cəzasının 3 ilini Qobustan Qapalı həbsxanasında çəkməyə məhkum edilib.