Öz fikrini dəqiq çatdırmaq, ünsiyyət yaratmaq üçün müasir insan nitqdən istifadə edir. Belə kommunikasiya forması verbal (lat.”şifahi”) kommunikasiya adlanır və ənənəvi olaraq nitq kommunikasiyasının əsas forması sayılır. Ünsiyyətin bu növü bizim gündəlik danışığımız, dilimizidir. Mütəxəssislər qeyd edir ki, müasir insan gün ərzində təxminən 30 min söz tələffüz edir.
Dilin kəşfi ən böyük uğurdur. Lakin bununla belə tələffüz etdiyimiz sözlər hələ “tam” mənzərə yaratmır. Bir çox hallarda sözlərdən daha çox əl-qol, bədən hərəkəti, yəni qeyri-verbal kommunikasiya işarələrindən istifadə edir. Antropoloq Rey Bredvistelin tədqiqatları göstərir ki, ünsiyyət zamanı deyilənlərin 30-35%-i sözlə, 65-70%-i isə qeyri-verbal vasitələrin köməyi ilə çatdırılır.
ünsiyyət zamanı informasiya mübadiləsini həyata keçirmək üçün optiki-kinetik işarələr sistemi özünəməxsus yer tutur. Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müxtəlif dillərə malik olan insanların ünsiyyətində, informasiya mübadiləsində çətinliklər yaradır. Bu cür çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan insanların başa düşə biləcəyi simvollardan istifadə edilir. Bu məqsədlə o qədər də çətin olmayan görmə simvolları dünya miqyasında geniş yayılmışdır. Bu cür simvollara aeroportlarda, avtotraslarda daha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar dayanacaqlar, yeməkxanalar, yanacaq və təmir yerləri və s. Barədə məlumat əldə edirlər. Optiki-kinetik işarələr sisteminin qeyri-verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış vasitələrdən üzün və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd etmək lazım gəlir. Bunlardan diqqəti xüsusilə cəlb edəni üzün ifadəli hərəkətlərindən-mimikadan ibarətdir. Mimika (yunanca mimos, təqlid, sifətin dəyişilməsi deməkdir) sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş,göz,yanaq,dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələri hesab olunur. Sifətin həmin sahələrini müəyyən vəziyyətə gətirməklə ünsiyyətdə olduğumuz adama bu və ya digər cisim və hadisəyə nə kimi münasibət bəslədiyinizi çatdırırıq. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər. Məsələn, başımızı yuxarıdan aşağıya hərəkət etdirdikdə razılıq,təsdiq, yanlara hərəkət etdirdikdə narazılıq,inkar kimi başa düşülür,şərh olunur.
İnsanların müxtəlif birliyində,o cümlədən dərs zamanı qeyri-verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyalardan, bir anlığa danışığı dayandırmaqdan, öskürməkdən və s. dən istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu yüksəltməsi, alçaltması, bir anlığa danışığını dayandırması, öskürməsi tələblərin sakitləşməsinə, müəllimin nə demək istədiyini başa düşmələrinə səbəb olur. İnsanın geyimi, paltarı da onu əhatə edənlərə onun əhvalı , hissləri , nə demək istəməsi, ədası barədə məlumat verir.
İnformasiya mübadiləsində qeyriverbal ünsiyyət vasitələrinin rolu əvəzsizdir. Gözlərin təması, isti və ya soyuq baxışlar ünsiyyət məqamında nələri demir? İnsanın şəxsi məkanında da elə bu istilik və ya soyuqluq çalarları bilavasitə bərq vurur. Əllərin rəqsinin ünsiyyət məqamında öz əlifbası var. Dilin kəşfi ən böyük uğurudur. Lakin, bununla belə, bizim tələffüz etdiyimiz sözlər hələ “tam” mənzərə yaratmır. Qeyri-verbal kommunikasiya bir çox hallarda bizə sözlərə nisbətən daha çox məlumat verir. Bu, necə deyərlər, iki tərəfli prosesdir: insanlar, bir tərəfdən, özünün gündəlik həyatında sifətin ifadəsi, səsin tonu, jestlər,poza və bədən hərəkətləri, təças və baxışlar kimi qeyri-verbal ünsiyyət vasitələrindən istifadə edirlər. Digər tərəfdən, başqa adamların qeyri-verbal davranışını elə onların ölçüləri ilə qiymətləndirirlər.