Gülüstanədə
Nə geniş çöllər!
Nə uca dağlar!
Gülüstanədə necə də otların ətri gəlirdi!
Mən bu kənddə bir şey dalınca düşmüşdüm:
Bəlkə bir yuxunun dalınca,
bir nurun, bir çınqılın, bir təbəssümün dalınca.
Qaraqovaqların arxasında
tam bir qayğısızlıq məni çağırırdı.
Bir qamışlıqda dayandım, külək əsirdi, dinlədim:
Kim idi mənimlə danışan?
Bir kərtənkələ sürünüb qaçdı.
Yola düşdüm.
Yolüstü bir yoncalıq,
sonra bir xiyar bostanı, gül açmış tağlar
və torpağın unudulması.
Bir su qırağında
Başmaqlarımı çıxarıb oturdum, ayaqlarım suda:
“Mən nə yaşılam bu gün
və bədənim nə qədər oyaq!
Allah eləməsin, dağın dalından bir kədər gəlsin.
Kim var ağacların arxasında?
Heç kim, bir inək otlayır çəmənlikdə.
Yay günü, günortadır.
Kölgələr bilir, nə yaydır.
Ləkəsiz kölgələr,
işıqlı, təmiz bir guşə.
Hisslərin uşaqları! Oynamaq yeri buradır.
Dünya xali deyil:
Mehribanlıq var, alma var, inam var.
Bəli,
lalələr durduqca, yaşamaq olar.
Bir şey var ürəyimdə, nur meşəsi kimi, səhər yuxusu kimi
və elə coşqunam ki, könlüm istəyir
qaçım düzənliyə kimi, gedim dağa kimi.
Uzaqlardan bir səs gəlir, məni səsləyir”.
Qürbət
Ay kəndin başı üstündədir,
kənd əhlisə yuxuda.
Bu Aylı gecədə qürbət kərpicini qoxlayıram.
Qonşu bağda çıraq yanır,
mənim çırağım sönüb.
Ay xiyar boşqabına, su kuzəsinin boğazına işıq salır.
Qurbağalar oxuyur.
Arabir bayquş da.
Dağ mənə yaxındır: ağcaqayınların, iydələrin arxasında.
Və düzənlik görünür.
Daşlar görünmür, çiçəklər görünmür.
Uzaqda kölgələr görünür – suyun tənhalığı kimi,
Tanrının avazı kimi.
Gecə yarısı olmalıdır.
Odur Böyük Ayı bürcü: damdan iki qarış yuxarı.
Səma mavi deyil, gündüz mavi idi.
Yadımda olsun ki, sabah gedib
Həsənin bağından alça və ərik alım.
Yadımda olsun ki, sabah sallaqxanada keçilərin şəklini çəkim.
Süpürgələrin, onların sudakı kölgəsinin şəklini.
Yadımda olsun ki, suya düşən kəpənəkləri tezcə sudan çıxarım.
Yadımda olsun ki, yerin qanununa zidd bir iş görməyim.
Yadımda olsun ki, sabah arx qırağında
qətfəmi sabunotuyla yuyum.
Yadımda olsun ki, tənhayam.
Ay tənhalığın başı üstündədir.
Dostları ilə paylaş: |