Başlanğıcın sədası
Ayaqqabılarım hanı?
Kim idi məni çağıran: Söhrab?
Tanış səsdi – hava yarpağa tanış olan kimi.
Anam yatıb.
Mənuçöhr də, Pərvanə də, yəqin bütün şəhər əhli də.
İyun gecəsi bir mərsiyə sakitliyi ilə saniyələrin üzərindən keçir
və sərin bir meh ədyalın yaşıl qırağından yuxumu süpürür.
Ayrılıq qoxusu gəlir:
Balışım qaranquşların qanad səslərilə doludur.
Səhər açılacaq
və bu su kasasına
asiman köçəcək.
Bu gecə getməliyəm.
Mən bu diyarın insanlarıyla ən açıq pəncərədən danışdım –
zamana uyğun bir söz eşitmədim.
Heç bir göz sevgiylə torpağa dikilmədi.
Heç kəs bir bağçanı görəndə vəcdə gəlmədi.
Heç kəs əkinə qonmuş qarğa balasını ciddiyə almadı.
Mənim ürəyim bulud kimi dolur
pəncərədən görəndə ki, bir huri
– qonşunun yetkin qızı –
yer üzünün ən nadir qarağacının altında oturub
fiqh oxuyur.
Başqa şeylər də var, ülvi anlar
(məsələn, bir şairə gördüm
səmaya elə vurğunluqla baxdı ki,
asiman gözlərində yumurta qoydu.
Və gecələrin birində
bir kişi məndən soruşdu:
Üzümün doğması qədər neçə saat yoldur?)
Bu gecə getməliyəm.
Bu gecə yalnız mənim tənhalıq köynəyimin sığışdığı
çamadanımı götürüb
bir səmtə getməliyəm,
orada dastan ağacları görünür –
daim məni səsləyən sözsüz genişliyə doğru.
Kimsə yenə çağırdı: Söhrab!
Ayaqqabılarım hanı?
Dostları ilə paylaş: |