Həmsəfərlərin bağına
Səslə məni.
Sənin səsin yaxşıdır.
Sənin səsin o qəribə otun yarpağıdır ki,
hüznün səmimiyyəti sonunda bitir.
Bu susqun əsrin fəzasında
mən bir küçənin qavrayış mətnindəki
nəğmə tamından da tənhayam.
Gəl, sənə deyim, mənim tənhalığım nə qədər böyükdür.
Və mənim tənhalığım
sənin vücudunun qəfil hücumunu gözləmirdi.
Sevginin xasiyyəti elə budur.
Kimsə yoxdur,
gəl, həyatı oğurlayaq və sonra da
iki görüş arasında bölək.
Gəl, birlikdə daşın halından nəsə anlayaq.
Gəl, şeyləri tezcə görək.
Bax, fəvvarənin əqrəbləri hovuzun saatı üzərində
zamanı tozcuqlara çevirir.
Gəl, suya dön sükutumun sətrindəki bir kəlmə kimi.
Gəl, ərit mənim ovcumda eşqin işıqlı günahını.
İsit məni!
(Bir dəfə Kaşan çölündə hava tutuldu
və güclü yağış yağmağa başladı.
Mən üşüdüm və onda bir daşın arxasında
lalənin ocağı məni isitdi).
Bu qaranlıq küçələrdə
mən tərəddüdlə kibritin vurulma hasilindən qorxuram.
Mən əsrin beton səthindən qorxuram.
Gəl qara torpağı qaldırıcı kranların otlağı olan
şəhərlərdən qorxmayım.
Məni bir qapı kimi aç
poladın meracı əsrində armud ağacının yıxılmasının üzünə.
Məni yatırt
filizlərin toqquşduğu gecədən uzaq bir budağın altında.
Səhər şaxtaçı gələndə məni çağır.
Və mən sənin barmaqların arxasından yasəmən doğanda
oyanacağam.
Və o zaman
mən yuxuda olarkən, yerə düşən bombalardan danış.
Mən yuxuda olarkən, islanan yanaqlardan danış.
De ki, dənizin üzərindən neçə ördək uçub getdi.
Zirehli maşın təkərlərinin
bir uşağın yuxusu üstündən keçdiyi o çatışmada
sarı bülbül öz nəğməsini hansı dinclik duyğusunun
ayağına bağladı.
De ki, limanlara hansı günahsız mallar gətirildi.
Barıt qoxusunun müsbət musiqisini hansı elm kəşf etdi.
Peyğəmbərliyin ağzında
çörəyin anlaşılmaz tamından hansı idrak süzüldü.
Və o zaman mən
ekvator Günəşinin hərarətindən doğan bir iman kimi,
səni bir bağın başlanğıcında əkəcəyəm.
Dostları ilə paylaş: |