“Söküntü” Qaynar Xəttinin



Yüklə 21,98 Kb.
tarix26.06.2018
ölçüsü21,98 Kb.
#54896

12184089_933239353411174_6547060664154605157_o.jpg

“Söküntü” Qaynar Xəttinin

XƏBƏRNAMƏSİ

№2 ( 03.03.2016 )


Bakının mərkəz hissələrindən sayılan "Sovetski" adlanan ərazisində söküntü işləri davam etməkdədir. Cari ilin yanvarın sonlarından daha da intensivləşən söküntü işləri zamanı, bundan öncəki xəbərnamədə qeyd edilmiş bir sıra təhlükəsizlik tədbirləri ilə bağlı hər hansısa irəliləyişlər qeydə alınmamışdır. Belə ki, söküntü ərazisində calışan fəhlələrin təhlükəsizlik geyimləri və müvafiq alətlərlə təmini, əhalinin və işçilərin təhlükəsizliyi üçün qaz və elektrik xəttlərinin qəzalılığı, habelə söküntü işlərinin aparılmasındakı metodikaya düzəlişlər edilməmişdir.

Yerli əhali ilə söhbət zamanı hazırda Yasamal Rayonu Söküntü Komissiyasının mənzillərə kompensasiya verilişini dayandırdığını, vətəndaşlara "bir müddət gözləyin" cavabı verildiyini söyləmişlər. Azkvadratlı mənzillərin Nərimanov rayonu, Koroğlu Rəhimov 9 ünvanındakı binada mənzillərlə əvəzlənərək, bu haqda müvafiq müqavilələrin bağlanılması prosesi isə sürətlə davam etməkdədir. Müqavilə və mənzillərin təhvilinə dair müvafiq akta imza atan vətəndaşlara hər ay üçün 200 manat olmaqla, toplam 400 manat kirayə mənzillər üçün vəsait ayrılmışdır ( kirayə üçün vəsait 2 aylıq verilir; belə ki Nərimanov rayonunda inşa edilən binanın tamamlama işlərinin aprel ayında yekunlaşması plablanıb ). Qeyd olunan vəsait vətəndaşlara "Azərtürkbank"da hazırlanmış plastik kartların hesablarına yatırılmaqla ödənilir, vəsaiti ATM-dən çıxardıqda vətəndaşın hesabından hər hansısa əlavə komissiya haqqı tutulmur ( bu qayda ancaq "Azərtürkbank" və "Azərbaycan Beynəlxalq Bankı"nın ATM-ləri üçün nəzərdə tutulub ).

Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon Söküntü Komissiyasının sədri Səməd İslamov fevral ayında mətbuata verdiyi açıqlamada 8766 yaşayış və qeyri yaşayış obyektlərinin ölçü və qiymətləndirmə işlərinin yekunlaşdığını, 2320 yaşayış və qeyri yaşayış obyektlərinin söküntüsünün baş tutduğunu, ilkin mərhələ söküntüsü nəzərdə tutulan 3500 mülkiyyətdən 2868 ilə alqı satqının getdiyini, 700 obyektlə isə hələ də razılığın əldə olunmadığını demişdir. Səməd İslamov alqı satqı ilə bağlı vətəndaşlarla razılaşmanın əldə olunmamasını vətəndaşların qeyri real tələblər irəli sürməsi ilə əsaslandırmışdır ( vətəndaşların tələb və təkliflərini növbəti xəbərnaməmizdə işıqlandıracağıq ).

Komissiya sədri söküntü ərazisindəki arxitektur, tarixi və mədəni tikililərə dair açıqlama vermişdir. O, hazırda Mirzağa Əliyev 102 ünvanında yerləşən Abbas Mirzə Şərifzadənin* evinin tarixi və mədəni tikili olub olmaması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının ( AMEA ) və Mədəniyyət və Turizm Nazirliyinin müvafiq araşdırmalar apardığını vurğulamışdır. Sözügedən tikilidən əlavə daha 8 tikilinin də tarixi-mədəni əhəmiyyəti yoxlanılmaqdadır. Bundan başqa o, ərazidə 171 tarixi tikilinin olduğunu, bunlardan 76-sının Nazirlər Kabineti və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi əhəmiyyəti olmadığını müəyyənləşdirdiyini deyib.


403746639.jpg

İnsan Hüquqları İnstitutunun apardığı araşdırmalar isə bir sıra maraqlı faktları önə çəkməkdədir. Belə ki, xronoloji ardıcıllıqla "Sovetski" adlanan ərazidə söküntü işinə məsul şəxslərin və digər rəsmilərin açıqlamalarına nəzər yetirsək görərik ki, söküntü ərazisindəki tarixi-mədəni və arxitektur abidələrin saylarında sanki "qəsdən azaltma" baş verib. Buna misal olaraq: 1. 2014-cü ilin martında Mədəniyyət və Turizm Nazirinin mətbuat katibi İntiqam Hümbətov söküntü zonasında 230 tarixi və mədəni əhəmiyyətli binanın olduğunu söyləyib. 2. 2014-cü ilin aprel ayında Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov mətbuata açıqlamasında tarixi əhəmiyyətli evlərin sayının 168 olduğunu deyib. 3. 2014-cü ilin dekabrında Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev ərazidə ümumi sayı 118 tarixi evdən 30-a yaxın tarixi binanın sökülməyəcəyini deyib. Bundan başqa bir çox evlərin tarixi və mədəni əhəmiyyəti olmadığını bildirmişdir.

Ərazidə bir çox tarixi və mədəni əhəmiyyətli tikilər vardır. Bunlara misal olaraq Abdulla Şaiqin və Abbas Mirzə Şərifzadənin ev muzeyləri, 1920-ci ildə yaradılmış Əli Bayramov adına Qadınlar Klubu misal ola bilər. "Sovetski" ərazisində 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin tarixi-mədəni əhəmiyyətli paytaxt Bakı şəhərində tikililərin siyahısında 200-ə yaxın tikilinin olması qeyd olunsa da, yuxarıda qeyd olunmuş məsul vəzifəli şəxslərin dediyi rəqəmlər daha azdır.

12698377_1210465108981764_5953984693802619147_o.jpg

12697041_1210465088981766_7278660500041416946_o.jpg 12711118_1210460642315544_7962324544023853207_o.jpg

12733570_1103972506300511_7599276377173278305_n.jpg12741938_1103931159637979_8486126142792139534_n.jpg

Bundan başqa 2016-cı ilin yanvarında Azərbaycan Respublikası Nazirlər Kabineti Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları ərazisində də söküntü işlərinin aparılmasına qərar vermişdir. Söküntü işləri ilə bağlı hazırlıqlara yaxın vaxtlarda başlanacağı bildirilir.

Habelə paytaxtın Səbail rayonu ərazisində yerləşən, "20-ci sahə", Binəqədi rayonunda yerləşən "Xutor", Nəsimi və Yasamal rayonları ərazisində yerləşən "Kubinka" və Yasamal rayonu ərazisindəki "Beşmərtəbə" adlanan ərazisində də söküntü işlərinin gedəcəyi ilə bağlı rəsmi açıqlama verilmişdir. Açıqlamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir APA tv-yə müsahibəsində deyib. Sözügedən ərazilərdən başqa Bakının bir sıra rayonlarında yerləşən yaşayış və qeyri yaşayış obyektlərinin sökülməsinə, bir sıra infrastruktur layihələrinə start verilməsinə başlanacaqlar. Hazırda həmin ərazilərin dəqiq sahələri, statistik göstəriciləri və digər məlumatlar İnsan Hüquqları İnstitutu tərəfindən dəqiqləşdirilir. Dəqiqləşdirmə işləri başa çatdıqdan sonra, tam ətraflı son qərarlar və o qərarların əhatə etdiyi məsələlər növbəti xəbərnaməmizdə yayımlanacaqdır.

Habelə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir, Bakı şəhərində daha öncələr mövcud olmuş tramvay xəttinin və Bakı şəhərinin ətrafında yerləşən kənd/qəsəbələrə işləyən elektrik qatarlarının bərpa olunacağını qeyd edib ( Bakı şəhərinin nəqliyyat infrastrukturu və onun tarixi haqqında geniş araşdırmanı yaxın müddətdə dərc edəcəyik ).

Mövzuları diqqətdə saxlayacağıq.

abbas_mirzə_şərifzadə.jpg *Abbas Mirzə Şərifzadə ( Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə ) - Azərbaycanın tanınmış və görkəmli teatr xadimi olmuşdur. 1893-cü ildə Şamaxı şəhərində doğulan Abbas Mirzə aktyor olmaqla yanaşı, həm də teatr və kino rejissoru olmuş, 1928-ci ildə Azərbaycan SSR Əməkdar artisti, 1936-cı ildə isə Azərbaycan SSR Xalq Artisti mükafatına layiq görülmüşdür. 1937-ci ildə barəsində 6453 saylı cinayət işi açılmış, 1938-ci ildə "İran Şahlığının xeyrinə casusluq" və "əksinqilabi burjua millətçi təşkilatının üzvü" qondarma ittihamları ilə güllələnmiş, əmlakı dövlət tərəfindən müsadirə olunmuşdur. Əlavə məlumat üçün : http://abbasmirzasharifzade.info

________________________________________________________________________________________


12207446_763524953777165_939082155_o.jpg

Institute of Human Rights,

Mirza Fatali side street 14; Baku, Azerbaijan, AZ1009

https://www.facebook.com/ihr.azerbaijan



ihr.azerbaijan@gmail.com

+994519090925
Yüklə 21,98 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin