Son günüm kimi



Yüklə 18,54 Kb.
tarix11.12.2022
ölçüsü18,54 Kb.
#120802
A.T.Aliyeva-Son günüm kimi


Son günüm kimi...

Sərin hava, boz buludlar, köç edən quşlar payızın ilk ayı olduğunu qulaqlara pıçıldayırdı. Küçədə qəlblərindən keçənləri bilmədiyim onlarla insan soyuq havaya nisbət edərək paltolarına sarılırdılar. Əynimə geyindiyim nazik və bir o qədər də isti hiss etdirməyən paltomu daha bərk qucaqladım. Özümü sakitcə vıyıldayan küləkdən belə gizləməyə çalışırdım.


Heç kim görməsin məni... Heç kim duymasın məni... Heç kim hiss etməsin məni... Heç kim nəsə deməsin... Görünməyən və ya görməzdən gəlinən biri üçün onsuzda belədir. Görünməz kimi yaşamaq daha xoş deyil mi?!
Qapısı şüşə çərçivədən ibarət olan bir çörək dükanının qarşısında durdum. Piştaxtanın qarşısında duran insanların kimisi çörək üçün verəcəyi pulu əllərində hesablayır, kimisi isə yanındakı uşağın əlini buraxmayıb əlində olan pulu satıcıya uzadırdı hesablaması üçün. Dükanın çöl qapısında durmuş iki uşaq əllərini ovuşduraraq isti nəfəsləri ilə soyuqdan qorumağa çalışırdılar balaca barmaqlarını. Mənimkindən çox da fərqlənməyən geyimləri ilə o dəqiqə hiss olunurdu onlara da bu dünyada yer olmadığı. Halbuki bir skamyada otursalar görünər ki, iki kvadrat metr belə yer tutmurlar. Gözləri növbənöv və isti olduğu uzaqdan bilinən çörəklərə baxırdılar. Ac olduqları hər hallarından bəlli idi. Satıcı ‘rədd olun buradan’ deyən baxışlarla uşaqları süzməyə başladı. Uşaqlar isə məsum və ümidli gözlərlə satıcıya baxdılar. Gözü ilə yanındakı və köməkçisi olduğunu düşündüyüm oğlana işarət etdi. Hər halda müştərilərinin içəri rahat girib çıxa bilməyəcəyini düşünmüşdü. Axı iki balaca oğlan uşağı çox yer tuturdu. Oğlan pişik kimi cəld hərəkətlə uşaqların yanına gəldi və yarı cırıq olan paltolarından dartaraq dükanın arxasına tərəf apardı. Arxalarınca getdim. Uşaqları döyməyindən qorxdum. Ancaq oğlan şəhadət barmağı ilə uşaqlara nəsə başa saldı sonra isə onları orada qoyub ustasının yanına getdi. Uşaqlara yaxınlaşıb məsum baxışlarını izlədim. Biri digərindən daha uzun oğlanın burnu qıpqırmızı olmuşdu soyuqdan əlləri isə göyərmişdi. Buna baxmayaraq özündən balaca olan oğlanı qucağına sıxmışdı. Əlimi cibimə uzadıb eşələdim bir az. Uşaqlar əlimi cibimə salanda qorxu ilə baxdılar mənə. Cibimdə bir neçə qəpik var idi. Ən azından çörək almağa yetəcək qədər idi. Onlara əmin edəcək baxışlarla baxıb əlimdəki qəpikləri onlara uzatdım. Gözlərimi ‘götürə bilərsən’ mənasını verəcək şəkildə yumub açdım. Böyük oğlan tərəddütlə olsa da pulları götürdü.
Gülümsədim... Gülümsədilər...
Çörəkçi dükanından iyirmi dəqiqə olardı ki, uzaqlaşmışdım. Böyük bir restoranın qarşısından keçərkən şən gülüşlər eşitdim. Sağıma çönüb restoranın buğlu şüşəsindən baxanda bir neçə uşağın masa ətrafında toplaşdığını gördüm. Təxminən iyirmi dəqiqə əvvəl gördüyüm uşaqların balacası ilə eyni yaşda olardı hamının başına toplaşdığı uşaq. Doğum günü şənliyi üçün yığışmışdılar görünənə görə. Uşaqlar əl çalır, balaca öz doğum günü tortunu kəsir, valideynləri uşağa hədiyələrini verir və hamı bir ağızdan gülürdü. Restoran işçiləri masaya tez-tez gəlib gedirdi nəyəsə ehtiyac var mı deyə. Görəsən, bu uşaq topluluğu digər iki uşaqdan daha mı az yer tuturdu?
Beş dəqiqə boyunca bu mənzərəni seyr etdikdən sonra başımı aşağı salıb yoluma davam etdim. Əllərimi bir-birinə sürtdüm isti hiss etmək üçün. Paltomun yaxalarının bütün boğazımı örtəcək vəziyyətə gəlməsi üçün çiyinlərimi çəkdim. Getmək istədiyim yerə çatmağı istəyirdim mi heç özüm də bilmirdim. Ancaq daha önəmli bir sual vardı: gedəcəyim bir yer var mı? Histerik bir gülüş qopdu dodaqlarımdan. Addımlarımı bir az sürətləndirdim.
Dəniz kənarına gəldikdən sonra dalğaları izləməyə başladım. Soyuq xəzri insanın iliyinə işləyirdi. Hələ payız ayı olmasına baxmayaraq qış soyuğu vardı havada. Dərin nəfəs alıb iyirmi dörd illik həyatımı gözlərimin qarşısına gətirdim. İyirmi dörd il bundan əvvəl dünyaya ağlayaraq gəlmiş, indi isə susaraq gedəcəkdim. Dünya hamıya ədalətli deyil. Bu gün gördüklərim də bunu bir daha sübut edirdi. Skamyalardan birinə oturdum. Yan tərəfdəki skamyada bir əsgər ailəsi oturmuşdu. Ailə başçısının bir ayağı dizdən aşağı yox idi. Balaca oğlunu sağ-salamat olan dizi üzərinə oturtmuştu. Balaca qız isə qağayılara çörək qırıntıları atırdı. Qazinin həyat yoldaşı sevdiyi adamın yanında oturub gülümsəyirdi. Xoşbəxt görünürdülər. Bir an özümü o Qazi Əsgərin yerinə qoydum. Səfil bir həyat yaşamış olsam da əlim ayağım yerində idi. O öz ayağını qurban vermişdi gələcək nəsillər üçün. İndi isə dizdən aşağı bir ayağı olmasa da üzü gülürdü. Çünki bilirdi ki, səyləri hədər getməyib. Eyni savaşdan yara almışdıq bəlkə də. Amma onun ürəyi sağlam idi, mənim ürəyim çoxdan həyata vəda etmiş, ona olan sevgisini itirmişdi.
Qazi üzünü mənə dönüb gülümsədi. Əsgər əsgəri baxışlarından tanıyarmış. ‘Hər şey yaxşı olacaq’ deyirmiş kimi baxırdı. Amma mən bilirdim... Balaca qız mənim yanıma qaçdı, gözümün içinə məsumca baxdı. Və əlindəki bulkunu mənə uzatdı. Gözlərim dolmuşdu. Uşaqlıq illərim yadıma düşdü. Böyümək çox acı bir şey deyil mi? Uşaqkən böyümək istərdik hər şeyi edə biləcəyimizi düşünərək, indi isə uşaq olmaq istəyirik dərdlərdən qaçmaq, ədalətsiz dünyanın qanunlarından uzaq olmaq üçün. Köks ötürdüm. Boğazım düyünlənmişdi sanki. Mavi gözləri ilə baxan və əlindəki bulkunu almağımı gözləyən balaca qızı çox gözlətmədim. Ac mədəm ‘son anda nə isə yeməyin nə mənası var?’ desə də qəlbim onu dinləmədi. Bulkunu gülümsəyərək və qızcığaza təşəkkür dolu baxışlarla baxaraq yedim. Bir müddət sonra Qazi və ailəsi sahil kənarını tərk etdilər. Qazinin son baxışlarını heç vaxt unutmayacaqdım. O baxışlar çox şey deyirdi. Bir atanın şəfqəti ilə, bir oğulun sevgisi ilə, bir əsgərin mərdliyi ilə baxmışdı mənə.
Boğazımda düyümlənən bulkunu yeyib qutarandan sonra ucsuz bucaqsız dənizə baxdım. Psixoloji alınmış yaralar, fiziki yaralardan daha mı ağrılı olur? Paltomun qolunu yuxarı qaldırıb qolumdakı qəlpə izlərinə baxdım. İndiyə qədər heç bir günü son günüm kimi yaşamamışdım. Həkimlər son anlarımın olduğunu deyəndə belə elə yaşamağı düşünməmişdim. Peşman oldum mu bilmirəm. Ölüm şərabını içmək vaxtı çatmışdı halbuki. Düşünmək üçün vaxt qalmamışdı. Sol yanımda incə bir sızıltı hiss etdim. Dodaqlarım yuxarı qıvrıldı. Paltonun qolunu yavaşca aşağı çəkdim. Orta məktəbdə dinləmədiyim dərslər gəldi ağlıma səbəbsizcə. Həyat bilgisinin nə ağır fənn olduğunu düşündüyüm günlər gözümün önündə canlandı. Gələcək üçün yararsız olduğumu düşünürdüm o zamanlar. Amma ən çox özüm üçün yararsızmışam. Əllərimi başımın altında qovuşdurub skamyada qıvrıldım. Ayaqlarım soyumağa başlamışdı. Ruhum bədənimi tərk edirdi deyəsən. Ayrılmaq vaxtı gəlmişdi. Son günüm idi. Artıq ağrı yox idi. Hissizlik var idi. Gözlərim təslim oldu sonsuzluğun yuxusuna. Mən burada ölümə təslim olarkən başqa bir yerdə gülüşlər yüksəlirdi bəlkə də. Bunu düşünərək son dəfə həfifcə gülümsədim.
Sabah xəbər programlarında göstərəcəklərdi. ‘Dəniz kənarında kimsəsiz bir şəxs soyuqdan donaraq ölmüşdür’. Həqiqətən donaraq mı? Bir ürək daha öz fəaliyyətini dayandırmışdı. Bir ürək daha soyumuşdu. Bir savaş daha can almışdı. Dünya isə olduğu kimi qalacaqdı. Bir üzü gülərkən digəri ağlayacaqdı. Bir az Mona Lisa tablosuna bənzəmir mi? Birinə həddindən artıq ədalətli və sevgi dolu ikən, digərindən gizlər bütün xoşbəxtlikləri...
Tələbə: Telli Əliyeva
Fakültə: Riyaziyyat
Qrup: RZM 1901B
Yüklə 18,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin