K r i t o n. Nədən bilirsən?
S o k r a t. İndi deyərəm. Axı məni gəmi gələndən bir gün sonra öldürəcəklər.
K r i t o n. Buyuruq yiyələrinin dediyindən belə çıxır.
S o k r a t. Belədirsə, onda məncə, gəmi bu gün yox, yarın gəlməlidir. Bunu bu gecə gördüyüm bir yuxuya görə deyirəm, yaxşı oldu məni oyatmadın, elə oyanmazdan azca qabaq yuxu görürdüm.
K r i t o n. Nə yuxu görmüsən?
S o k r a t. Yuxuda gördüm, çox gözəl, ucaboylu, başdan ayağa ağ geyinmiş bir qadın yaxınlaşdı, məni çağırıb dedi: “Sokrat, birisigün sən sözsüz, Fessalıiyanın dağlarına gedib çıxacaqsan”.
K r i t o n. Nə yaman anlaşılmaz bir yuxu görmüsən, Sokrat!
S o k r a t. Ancaq deyəsən bu yuxunun yozumu açıq-aydın bəllidir, Kriton.
K r i t o n. Mənə də elə gəlir. Ancaq istəkli arxadaşım Sokrat, indi qulaq as, gör nə deyirəm: mən də, bütün arxadaşların da istəyirik, sözümüzü yerə salmayasan, səni bu dustaqlıqdan qurtarmağımıza qol qoyasan. Sənin ölümün mənim üçün ancaq bir arxadaş itirmək deyil: mənim bir də haçansa sənin təki arxadaş tapa bilməyəcəyim bir yana qalsın, sənin ölümündən sonra bizi yaxından tanıyanların qınağı da məni yandırıb yaxacaqdır, onlar isə sözsüz,–mənim varlı olmağıma baxmayaraq, axçama qızırqanıb səni ölümdən qurtarmağa çalışmadığımı düşünəcəklər. Axçasını arxadaşından üstün tutan adam təki tanınmaqdan da artıq əskiklik olarmı? Bizim çalışıb-vuruşmağımıza baxmayaraq, sənin özünün buradan qurtulmaq istəmədiyinə, çoxları inanmayacaq.
S o k r a t. Bir məni başa sal görüm, biz nə üçün bu çoxlarının baxışlarından yana darıxmalıyıq, istəkli arxadaşım Kriton? Qanacaqlı adamlar onsuz da nə baş verdiyini düzgün anlayacaqlar.
K r i t o n. Kim də olmasa, sən gərək anlayasan, Sokrat, yeri gələndə çoxluğun da baxışlarını saya salmaq gərəkir. Bu elə sənin bugünündən də, açıq-aydın görünür, çoxluğun gözündən düşən kimsəyə, bu çoxluq kiçik yox, lap böyük yamanlıqlar eləyə bilir.
S o k r a t. Eh Kriton, Kriton, sən bilmirsənmi yəni, çoxluğun əlindən böyük yaxşılıqlar eləmək gəlmədiyi kimi, böyük yamanlıqlar da gəlmir! Bunu bacarsaydılar, mən ancaq sevinərdim! O nə bunu, nə də onu bacarır: çoxluq ona qatılanları öz içində itirib-batıra bilir, ancaq onları nə anlaqlı, nə də anlaqsız eləyə bilmir, bir sözlə çoxluğun özünün yetirdiyi nəsə olmur, o əlinə nə keçdisə, onu da süpürləyib aparır.
K r i t o n. Tutalım bu belədir, Sokrat, onda mənə bunu de görüm: yoxsa qorxursan, birdən səni buradan qaçırsaq, çuğullar bunu yerinə çatdırıb bizə korluq verərlər, bizim axçamız, ev-eşiyimiz əlimizdən çıxar, kim bilir, başımıza başqa nələr gələr? Bundan çəkinirsənsə, burax başını, axı ən düzgün iş o olardı, biz səni qurtarmaq üçün bu qorxulasılardan çəkinməyək, bundan da ağır durumlara dözə bilək. Ona görə də, sən gəl mənim sözümü yerə salma.
Dostları ilə paylaş: |