Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ



Yüklə 1,62 Mb.
səhifə4/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   2   3   4   5   6   7   8   9   ...   84
F. H. Kessidi

SOKRAT TAPMACASI
Sokratla bağlı konuların araşdırılmasında ən önəmli olanı, deyilənlərin bir yandan ilyazısının(tarixin) gerçəklərinə arxalanmasında, o biri yandan da bunların bacardıqca inandırıcı qaynaqlardan yararlanmasındadır. Bu deyilənlərə ən çox uyğun gələni, Platonla Ksenofontun Sokratla bağlı yazdıqlarıdır, onlar uzun illər boyunca(elə indinin özündə də), ən güvənilən qaynaqlar sanılmışlar. Yeri düşmüşkən deyim, bu işdə yersiz aşırılığa yol verən elə fəlsəfə araşdırııcıları da–A. Teylor, C. Bernet kimi–olmuşdur, onlar Platonun dialoqlarında, Ksenofonton “Sokratla keçən günlərimdə” yazdıqlarının hamısının ucdantutma, elə doğrudan-doğruya Sokratın dilindən yazıya alındığnı deməkdən belə çəkinməmişlər, habelə bir az da uzağa gedib, Platonun baxışlarının az qala hamısını Sokratın adına çıxmışlar. Ancaq fəlsəfə ilyazıçılarının böyük çoxluğu, Platonla Ksenofonta da, Aristotelə də(lap desən komedioqraf Aristofana da), onların yazılarını araşdırıb-ələşdirmədən güvənməyi yersiz saymışlar. İstər istəməz belə bir sorğu yaranır: görəsən bizə gəlib çatan qaynaqlar üzrə Sokratı olduğu kimi tanıya bilmək, onun özlüyündə kim olduğunu, nə öyrətdiyini sonacan anışdırmaq olarmı? Araşdırıcıların böyük çoxluğu, əlimizdə olan qaynaqlara arxalanmaqla, Sokratın doğruçu kimliyinin anlaşılası görkəmə salına bilinəcəyini demişlərsə də, ancaq onlar da qaynaqlara yanaşmada, onların birilərinə güvənmək, o birilərini danmaq yolunu tutduqlarından, ortaq bir düşüncəyə gəlib çıxa bilməmişlər. Burada isə, başlıca olaraq, Platonla Ksenofontun Sokrat üçün yazdıqlarının hansının o birindən üstün olduğu konusunda uzun-uzadı söz güləşdirmələri olmuşdur. Bəlli olduğu kimi, qaynaqları bu sayaq kəsinliklə biri-birinə qarşı qoymağın özü yanlışlıq sayılmalıdır. Bu çəkişmələrin sonucu olaraq, Sokratın adı anılan bütün qaynaqların üzərində çox gərgin araşdırmaların aparılmasına gərək duyulmağa başladı. Son yüz ildə bu yöndə çox böyük işlər görüldü. Ancaq bu işlər necə gərəkli olsalar da, onların bir çatışmazlığı vardı, o da qaynaqların araşdırılmasında, onların güvənli olub-olmamasını aydınlaşdırmaqda, yalnız filoloji tutuşdurmalara üstünlük verilməsi idi. Beləliklə də, bu araşdırmaların gedişində Sokratın yaşadığı toplumla ilişkiləri, ondan bilgi verən qaynaqların o çağların ilyazısı qaynaqları ilə uyğunluğunun araşdırılması, Sokratın uzun ömür yolunda keçdiyi yaradıcılıq dönəmlərinin ayırd edilməsi, onun yaşadığı çağlarda ayrı-ayrı fəlsəfə baxışlarının oturuşmuş durumlarının öyrənilməsi gözardı edilmişdir.

Ən başlıcası, bu sayaq biryönlü, dar çevrəyə qapanmış araşdırmalar gözlənilməz bir sonuca gətirib çıxarırdı: Sokratla bağlı bilgilər bir az da artıq qarışıq-dolaşıq biçimə düşür, Sokratın kimliyi isə bir tapmaca konusuna çevrilirdi. Bu azmış kimi, bir çox araşdırıcılar qaynaqların filoloji dəyərləndirmələrinə arxalanaraq, özlüyündə haçansa Sokrat adında birisinin olmadığı, yox birdən belə bir kimsə olubsa da, qaynaqlardakı Sokratla onun ayrı-ayrı adamlar olduğunu deməkdən çəkinməyərək, bizə tanıdılan Sokratın uydurma-mifik yaradıcılıqdan doğma bir kimsə olması düşüncəsini də ortaya atmışlar.

Bu araşdırıcılar Platonun, Ksenofontun, Aristotelin Sokrat üçün yazdıqlarını belə, yalana çıxarmaqdan çəkinməmişlər. Örnək üçün, adlı-sanlı isveçrəli bilimçi(alim) Olof Gigon yazırdı: “Baxmayaraq, əski çağlardan bizə Sokratla bağlı sayagəlməz qaynaqlar gəlib çıxmışdır, ancaq bunlara görə Sokratın doğruçu kimliyini aydınlaşdırmaq başa gələn bir iş deyildir, belə çıxır, bu əski çağların qaynaqlarının biri də, yarandığı çağlarda doğruçu Sokratı olduğu kimi göstərmək amacını güdməmişdir. Bu qaynaqlardakı Sokrat, o çağlarda yaşamış Sokratın özü deyildir. Bunların hamısı, o çağların şairlərinin poetik uydurmalarından doğmuşdur, gerçəkliyi götürüb onun adına bu sayaq poetik uydurmalar qoşmaq özgürlüyü isə şairlərin demək olar hamısında olur. Ona görə də, Sokratla bağlı günümüzə gəlib çatan qaynaqları ilyazısı bəlgələri(faktları) kimi yox, poetik uydurmalar kimi qavramaq, onları gözəl poetika örnəkləri kimi dəyərləndirmək düzgün sayılmalıdır.” Başqa sözlə desək, Olof Gigon Sokratı gerçək yox, poetik uyduruq bir kimsə olaraq tanımalı olduğumuzu irəli sürür, Sokratla bağlı olan qaynaqları da bir poetik yaradıcılıq örnəkləri olaraq dəyərləndirməyə çağırır. Bu sayaq araşdırıcıların yazdıqlarının çıxarı, ortalama götürsək belə səslənir: Sokratdan soraq verən qaynaqlardan bizə çatan bilgilər qarışıq-dolaşıq olduğuna, biri o birini dandığına görə, onları ilyazısı gerçəkliyi saymaq düzgün deyildir, bizə tanıdlılan Sokrat olsa-olsa bir poetik uydurma ola bilər, buna görə də Sokratı əski Yunan fəlsəfəsində tutduğu yerdən də götürüb qırağa qoymağa dəyər, bununla bu fəlsəfə özlüyündə böyük bir itkiyə də uğramaz.

Bu da hamıya bəllidir, Sokratın ömür yolu, öyrətməsi, gördüyü işlərlə bağlı olan konular qolayca incələnə biləsi deyillər, ona görə də burada biri-birindən seçilən baxışların olması qaçılmazdır. Sokratla bağlı ən çox güvənilən qaynaqlarda, yəni Platonla, Ksenofontun yazdıqlarında Sokratı olduğundan üstün göstərmək çabalarının olduğu da açıq-aydın gözə çarpır. Bundan başqa, Platonla Ksenofontun fəlsfəyə, etikaya, siyasətə baxışlarının biri-birindən büsbütün seçilib ayrılması da, Sokratla bağlı yazdıqlarına öz etkisini(təsirini) göstərmişdir.

Sokrat üçün qurulan bu “yeni məhkəmədə”, yasalara uyğun olaraq, “suçsuzluq keçərliyini”(günahsızlıq prezumpsiyasını) ortaya qoysaq, onda burada Sokratın özünü doğrultmasına gərək duyulmur, öncə onu uyduruq olmaqda suçlayanlar inandırıcı tutarqalarla dediklərinin doğruluğunu göstərməlidirlər, onlar bunu bacarmayana kimi Sokratın “özünü” doğrultmasına da gərək duyulmur. Buna görə də, Sokratın gerçək kimliyini doğruldan istənilən qaynaq, onun yanlışlığı sonacan aydınlaşmayana kimi, güvəncli sayılmalıdır.

Sözsüz, Sokratın “görkəminin” komedioqraf Aristofanın qarayaxmaları ilə “korlanması” bir yana qalsın, ancaq elə Platon da aşırılığa uyaraq, onu olduğundan üstün göstərməyə çalışmaqla, Sokratın “görkəminə” bəzək-düzək vurmaqla, onu bir yerlərdə tanınmaz biçimə salmışdır. Ancaq burada çıxış yolları sonacan bağlanıb qurtarmamışdır, bütün başqa konular üzrə hamının güvəndiyi, danılmaz bir qaynaq–Aristotelin Sokrat üçün dedikləri ortalıqdadır. Aristotel isə bəlli olduğu kimi, Aristofan təki Sokratı ələ salmaqdan da, Platonla Ksenofont sayağı onu öyməkdən də uzaq olmuşdur. Buradaca Aristotelin necə güclü məntiq yiyəsi, sınanmamış biliklərə önəm verməyən bir kimsə olduğunu ansaq; onun öyrətməninin Sokratın öyrəncisi olmuş Platon olduğunu da göz önündə tutsaq; bununla yanaşı onun yaşadığı çağın gələnəklərini pozaraq, öz öyrətməni Platonun baxışlarını belə danmaqdan çəkinmədiyini də bildiyimizdən, Aristotelin hansısa uydurmalara uyub yoldan çıxarıla bilən kimsə olmadığı da yetərincə bəlli olur.

Sokrat təki, öz öyrətmələrini yazıya köçürməyən bir filosofun kimliyinin doğru-düzgün ayırd olunması sonacan başa gələn bir iş ola da bilməz. O sıradan, hansısa nədəndən başqa bir görkəmli kimsənin elədiklərini birbaşa anladan yazılar bugünümüzə gəlib çıxmayıbsa, onları da belə bir uğraq(tale) gözləyir. Bu konuda görkəmli rus ədəbiyyatçısı Q. D. Qaçevin önəmli bir deyimini burada anmadan keçə bilmirəm: ”Çağdaş ilyazısı bilimi(tarix elmi) ancaq hansısa əldə olan yazılı qaynaqları düzgün saymaq yolunu tutmuşdur. Bu böyük bir yanlışlıq olmaqla ona bənzəyir: çağdaşımız olan bir insanın öz ömrü boyunca gördüyü milyardlarla işlərinin arasında, ancaq onun iş yerindənmi, ya hansısa başqa qurumdanmı gətirdiyi üstü tamğalı(möhürlü) arayışlarla doğruldulan işlərindən başqa, bütün yerdə qalan işlərini doğru saymayasan. Keçmişlərin gerçəklərinin bütöv görünüşlərini yarada bilmək üçün, Tolstoyun dediyi “gərəkli yalanlardan” yararlanmadan ötüşmək olmur. Ona qalsa, keçmişlərdən bizə gəlib çatan yazılı qaynaqların bir çoxunun da yanlışlarla dolu olduğu durumlar yetərincədir. Burada da Tolstoyun düşüncələri ilə Aristotelin bu dedikləri üst-üstə düşür: gerçəkliyin bütünlüyünü araşdıranda, gerçəkdən olanlarla, olması gərəkənləri birgələşdirmək gərəkliyi yaranır.”

Sokrata yanaşmada özünü göstərən ölçüyəgəlməz danıcılıq(skeptizm), L. Brunsviqin Sokratsayağı dediyi belə bir ironik sonuca gətirib çıxarır: “Sokratdan güvənlikliklə bildiyimiz nəsə varsa, o da ancaq ondan heç nə bilməyimizdir.”

Necə deyərlər, “gördüyün yuxu qorxuncdursa, yenə də Tanrıdan umuncunu üzmə”. Burası da var, yazılı qaynaqlarda tanıdılan Sokratın mif, poetik uyduruq bir kimsə olduğunu deyənlər, Yer üzündə haçansa Sokrat adında böyük bir insanın yaşadığını sonacan dana da bilmirlər. Ancaq bu araşdırıcıların əlləri yerdən-göydən üzüləndə, cırnayaraq, Sokratın məhkəməyə çəkilib öldürülməsinin, bununla da onun ad-sanının belə göylərə qaldırılmasının, yetərincə inandırıcı olmadığını deməklə ürəklərini soyutmağa çalışırlar. Gəlin görək, afinalılar Sokratı məhkəməyə çəkib öldürmək üçün nədən bu 399-cu ili seçmişdilər? Onları bu qanlı olaya yönəldən nə olmuşdu?

Doğrudan da görəsən, bizim çağdan qabaq 399-cu ildə, Afinada nə baş vermişdi? Sokratın çox ağır itki olan ölümünü saya salmasaq, bu il öz axarı ilə gedən o biri illərdən, üzdən görünüşünə görə, nə iləsə seçilmirdi. Ancaq bundan beş il öncə elə bir önəmli olay baş vermişdi, bunun çox uzun sürədə özünü göstərən sonuclarını saya salmamaq, dəyərləndirməmək olmaz. Bu olay Afinanı da, elə bütün Elladanı(Yunanıstanı) da özünün ağrı-acılılarla dolu, gələcək uğrağına yönəltmişdi. Elə bilirəm, oxucular çox uzun çəkən dağıdıcı, qanlı, Pelopennes savaşlarının qurtardığından danışmaq istədiyimi artıq sezmişlər.

Beləliklə də, Sokratın məhkəməyə çəkilməsinə beş ildən bir az qalmış, Pelopennes savaşı Afinanın bütünlüklə darmadağın olub yenilməsi ilə başa çatmışdı. İndi bizim bir neçə yerinə düşən sorğuların üstündə düşünməyimizə dəyər: afinalılar, onların dövlət görəvliləri, belə bir ağır sonluqla bitən savaşın sonuclarını götür-qoy edirdilərmi? Onlar bu savaşda nədən yenildiklərini düşünüb-daşınırdılarmı? Onlar bu savaşı uduzmaqda kimlərin suçlu olduğunu axtarırdılarmı? Onlar bir az öncələr Aristofanın, “Buludlar”, “Quşlar”, “Qurbağalar” adlı komediyalarında söylədiyi “öncəgörmələri” anırdılarmı?–Aristofan burada, afinalılara haçansa: sofistlərin, o sıradan onların “öndəri” olan Sokratın elədiklərinin, altını çəkəcəklərini dönə-dönə deməmişdimi? Afinalıların bir çoxları, doğma yurdlarının iki ən böyük yağıları olan Alkiviadla Kritiyin, haçansa Sokratın öyrənciləri olduğunu unutmamışdılarsa, onların bu alçaq işdəklərində Sokratın da suçu olduğunu düşünməli deyildilərmi?

Ona görə də, afinalıların çoxluğunun düşüncəsinə görə, Sokratı suçlamağa da, onu məhkəməyə çəkməyə də, yetərincə tutarqalar var idi. Platonun “Sokratın apologiyasında” yazdığı kimi, Sokrat da məhkəmədə ilk olaraq özünün keçmişdə olmuş qarayaxanlarını, o sıradan Aristofanı anır, uzun bir sürədə çoxlu dedi-qoduçuların onun adına olmazın qaralar yaxdıqlarını, onu xalqın gözündən salmağa çalışdıqlarını dilə gətirir.

Gördüyünüz kimi Platonun yazıya aldığı bu durum, o çağların Afinasının gerçək gündəminə bütünlüklə uyğundur. Platon Sokrata qarşı irəli sürülən suçlamaları bütün incəliyinə kimi anlaya bildiyinə görə, onların qaynaqlarını da yerli-yataqlı göstərə bilmişdir.

İndi də gəlin, Sokratla bağlı qaynaqların qarışıq-dolaşıq olduğunu, buna görə də onların, Sokratın gerçək kimliyini anlamaq üçün yetərli olmadığını irəli sürənlərin bir sıra tutarqalarını araşdırmağa çalışaq. Sokratın uyduruq, mifik bir kimsə olduğunu ortaya atanların deməsinə görə, onun gerçək kimliyini aydınlaşdırmaq üçün, əldə olan qaynaqların hamısında üst-üstə düşən bəlgələri götürərək, onları toparlayıb, bütünləşdirmək gərəkdir. Bu düşüncəyə qarşı A. Bonnarın dedikləri məncə çox yerinə düşür: “biri-birindən yaşlarına, iş-güclərinə, anlağına, qılığına görə seçilib ayrılan kimsələrin biri-biriylə tən gələn, oxşar olan sonuclara gəlib çıxması necə ola bilər? Biz ən çox bunun tərsinin baş verəcəyini gözləməli deyilikmi?”

Sokrat Elladanın(Yunanıstanın) öz uğrağında keçid dönəminə gəlib çıxdığı bir çağda yaşamışdı. Bu çağlarda artıq yunan demokratiyası dağılmağa sarı getməkdəydi. Ona görə də Sokratın bütün öyrətmələrinə, onun eləmək istədiklərinə, gündəmdə olan bu olayların içində baxmaq gərəkir. Bu da bəllidir, ilk olaraq sofistlər, ən çox da Sokrat, fəlsəfənin yönünü “fizikadan” antropologiyaya sarı döndərmişdilər–fəlsəfəni doğanı(təbiəti) öyrənməkdən ayırıb, onu insanı öyrənməyə yönəltmişdilər. Ancaq burada Sokratı sofistlərdən ayıran, Aristofanın da, Sokrata qarşı çıxanların çoxunun da anlaya bilmədiyi bir gerçəkliyi gözdən qaçırmaq olmaz, sofistlər öz baxışlarında relyativizmə, subyektivizmə arxalanırdılar, yəni etik dəyərlərin yerinə görə dəyişkənliyini, duruma uyğun gəlib-gəlməməsini, ayrı-ayrı kimsələrin bunlara baxışlarında, biri-birindən seçilən yanaşmaların ola biləcəyini irəli sürüdülər. (Örnək üçün, ünlü sofist Pratoqorun belə bir deyimi vardı: “Yerdə də, Göydə də nə varsa, hamısını dəyərləndirə bilməyin tək bir ölçüsü vardır, o da insandır”.) Sokrat isə etik dəyərlərə obyektiv-idealist yöndən yanaşmağa çalışırdı. Bunu Aristotel özünün “Metafizika” kitabında belə aydınlaşdırır: “Fəlsəfədə baş vermiş iki yeniıiyi, Sokratın adına yazmaq düzgün sayılmalıdır: induksiya yolu ilə qavramanı, bir də ayrı-ayrı gerçəklikləri bütünləşdirmək (ümumiləşdirmək) üçün, onların görsənişlərini anlayışlara çevirib adlandırmağı, ilkin olaraq Sokrat ortaya atmışdır.” Elə buradaca Aristotel, Sokratın Platon təki, ideyaların gerçəkdən var olmasını düşünmədiyini də deyir: “Ancaq Sokrat, nəsnələrin ortaq dəyərlərinin onlardan ayrıcalıqda, ideya kimi var olduğunu deməmişdir.” Bir sözlə, Platonun ideyalarla bağlı teorisi birdən-birə doğulmamış, Sokratın gerçəkliklərə anlayışların yardımı ilə bütünlük biçimi verməsinin ardınca gəlmişdir. Aristotelin yazdıqlarından o da çıxır, Sokratın fəlsəfəsi, sofistlərin fəlsəfəsi ilə Platonun fəlsəfəsi arasınada bir aralıq, keçid dönəmi olmuşdur. Beləliklə də, Aristotelin Sokrat üçün yazdıqları, Sokratın yaşadığı çağların gündəmini doğru-düzgün aydınlaşdırır, Yunan toplumunun keçid dönəmi ilə, Sokratın öyrətmələrinin uyğunluğunu açıqlaya bilir.

Ancaq Sokratın gerçək filosofluğunu danmaq istəyənlər, burada da özləri üçün tutacaq tapırlar, onlardan biri olan İ. D. Rojanski yazır: “Sokratın fəlsəfə ilyazısında birinci olaraq, gerçəklikləri anlayışlara arxalanıb bütünləşdirməyə çalışması ilə bağlı, Aristotelin yazdıqları inandırıcı görünmür. Onun özü, elə buradaca bu işi, “fizik” filosoflardan Demokritin, ondan öncə isə pifaqorçuların görməyə başladığını da yazır, bu da Aristotelin Sokratı gerçək filosof saymayıb, onun üçün yazılmış poetik uydurmalara görə belə dediyini göstərməkdədir”. Belələrinin arxalanmaq istədikləri çıxarışda(sitatda) Aristotel büsbütün başqa sözlər deyir: “Başqa yöndən, Sokrat ərdəmlik(mənəvi) dəyərlərinin araşdırılması üzrə çalışaraq, onlarla bağlı gerçəkləri bütünləşdirməyə ilk olaraq başlamışdır( bundan qabaq fiziklərdən Demokrit bu konuya azacıq toxunmuşdur)... Buna görə də Sokrat, düzgün olaraq nəsnələrin özlüyünü(şeylərin mahiyyətini) araşdırmağa çalışmış, məntiqə arxalanan qavrama sonuclarını axtarmışdır, qavramanın sonucları isə, qavranılan nəsnələrin özlüyündən(mahiyyətindən) qaynaqlanır.” (Aristotel. Metafizika.) Göründüyü kimi, yuxarıda Sokratın danıcıları, Aristotelin sözlərini yanlış yozmağa çalışmışlar. Aristotelin isə demək istədiyi budur: Sokrat fəlsəfədə ilk olaraq nəsnələrin özlüyünü(mahiyyətini), bənzəyişlərə(analoqlara) arxalanmaqla anlayışlara çevirib, ancaq bundan sonra onları qavramağa çalışmışdır. Qaldı Aristotelin Sokratla bağlı yanılmasına, Sokratın öyrəncisi olmuş Platonun fəlsəfi okulu(məktəbi) olan akademiyada 20 il oxuyub öyrənmiş Aristotelin, təkcə elə Platondan yox, Sokratı öz gözləri ilə görmüş çoxlu başqa kimsələrdən də Sokratla bağlı bilgilər ala biləcəyini necə danmaq olar? O da düzdür, Aristotelin Sokrat üçün dediklərini araşdırıb-ələşdirmədən, öpüb göz üstünə qoymağı da düzgün saymamalıyıq, ancaq bu artıq ayrı bir konudur.

Necə gözlənilməz görünsə də, Sokratın danıcıları, bütün əlimizdə olan qaynaqlarda Sokratın üzdən görünüşü ilə bağlı deyilənlərin, biri-birinə çox oxşadığını boyunlarına alırlar. Buyurun, görün İ. D. Rojanski nə yazır: “Sokratdan yazan çağdaşlarının hamısında onun üzdən görünüşü az qala dəyişməzdir. Onun öyrəncələri(vərdişləri), davranışı, danışıq sayağı(tərzi), ironiyası, öz çağının fəlsəfi öyrətmələrinə baxışları, bütün qaynaqlarda az qala büsbütün üst-üstə düşür”.

Bizim çağdan qabaq 399-cu ildə Sokratı məhkəməyə çəkib, ona ölüm kəsdilər. İndi də özgün(orijinal) görünmək üçün, Sokratı öz yazılarında bu sayaq məhkəməyə sürükləmək, onun adını fəlsəfə kitablarından qazıyıb atmaq, bir sözlə onun ad-sanına ölüm kəsmək istəyənlərin olması göz qabağındadır. Burada bircə onu demək qalır, Sokratın gerçək kimliyinin, qaynaqlarda belə biri-birindən seçilib ayrılan biçimlərdə ortaya çıxması, onun kimliyinin böyüklüyündən, tükənməzliyindən, ayrı-ayrı adamlardan ancaq birilərinin qavramına sığışmazlığından doğmuşdur.




Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin