Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


Ksenofontun Sokratdan yazdıqları



Yüklə 1,62 Mb.
səhifə6/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   2   3   4   5   6   7   8   9   ...   84
Ksenofontun Sokratdan yazdıqları
Ksenofontun “Sokratla bağlı yazılarım” adlanan kitabı da, Sokratla arxadaşlıq eləmiş, uzun bir sürədə Sokratın ən yaxın çevrəsində onun danışıqlarına qulaq asmış bir kimsənin yazdıqları olduğundan, yüksək dəyərləndirilməkdədir. Ksenofontun Sokratla arxadaşlığının 10-12 il də, 2-3 il də çəkdiyini deyənlər vardır. Ancaq kəsinliklə bəlli olan budur, Sokratın öldürülməsindən 3 il öncə, otuz yaşında olan Ksenofont Afinadan çıxıb getmiş, Persiya şahı Kirin yanında qulluğa girmişdir. Üstündən çox uzun illər keçəndən sonra, yşlı çağlarında, Ksenofont Sokratla bağlı bu kitabını yazmışdır.

Ksenofontun Sokratdan yazdıqlarının hamısına ucdantutma güvənmək olmur, bir yerlərdə Sokratın yaşam gerçəkləri ilə səsləşən, başqa yerlərdə inandırıcı görünməyən bəlgələr(faktlar) də gözə dəyməkdədir. Ksenofont da Platon təki, bu yazılarında kəsinliyi sonacan gözləmir, onun özünün düşüncələrini Sokratın adından demək aşırılığına yol verdiyi yerlər də gözə çarpır. Bunlar ən çox, onun “Ev tikməklik” kitabında, bir də Persiya, onun şahları ilə bağlı, Sokratın dili ilə dediklərində aydın duyulmaqdadır.

Ksenofontun yazdıqlarında inandırıcı görünməyən yerlərdən biri də, onun Sokratın yaşamı ilə bağlı dediklərinin, Sokratın məhkəməyə çəkilib öldürülməsi ilə uzlaşmamasıdır. Ksenofontun yazdıqlarından belə çıxır, Sokrat toplumda qıcıq doğura biləcək ən kiçik addımlar belə atmamış, necə deyərlər, “palaza bürünüb ellə sürünərək” yaşamışdır. Onda Sokratın nə üçün öldürüldüyü özü bir tapmacaya çevrilir, oxucu üçün anlaşılmaz olaraq qalır. Bütün bunlar, bir sıra araşdırıcıların yazdığı kimi, Ksenofontun yazıçılıq bacarığının olmamasından doğmamışdır, onun özünün baxışlarındakı qarışıq-dolaşıq durumla bağlı olmuşdur. Ksenofontun uzun illər yüksək dövlət görəvlərində işləməsi, o çağın savaşlarına qoşun böyüklərindən biri olaraq qatılması, bir siyasətçi, dirilikçi(təsərrüfatçı) olaraq yaşam gerçəklərini araşdırmağa, dəyərləndirməyə, fəlsəfə ilə bağlı amacların ardınca qoşmaqdan artıq önəm verməsinə gətirib çıxarmaya bilməzdi. Bu da onun, ilyazısından tutmuş, əkin-biçinlə, fəlsəfə ilə, at saxlamaqla, gimnastika ilə bağlı düşüncələrinin biri-birinə qatışıb, yayğınlaşmasında özünü göstərməkdədir. Bir sözlə, Ksenofont ideya adamı olmaqdan çox, gerçək durumları qavramağa, onlara uyğun yaşamağa yönəlik bir kimsə olmuşdur.

Ksenofontun, fəlsəfəni yaşamın(həyatın) qulluqçusuna çevirmək çabaları yanlış olsa da, ancaq Sokratla bağlı bu dedikləri gerçək Sokrata çox oxşayır: “Onun araşdırmalarında bunlar başlıca yer tutmaqdaydı: tanrıqanlıq(möminlik) nə, tanrıtanımazlıq nədir; gözəllik nə, suyumsuzluq(çirkinlik) nədir; düzgünlük nə, əyrilik nədir; anlaqlıq nə anlaqsızlıq nədir; igidlik nə, qorxaqlıq nədir; habelə bunun kimi.” Burada Tsiseronun dediyi kimi, “Sokratın fəlsəfəni göylərdən yerə endirməsini” Ksenofont düzgün dəyərləndirir, ancaq bunun ardınca o, bir az da uzağa gedib, fəlsəfəni yerin tozuna-torpağına bulaşdırır. Ksenofont oracan aşırılığa qapılır, Sokratın “gözəlliklə yararlılığı bir tutduğunu” deməkdən belə çəkinmir. Bir çox yerlərdə Ksenofontun bizə tanıtmaq istədiyi Sokrat, bezdirici götür-qoyçuluğu ilə ən kiçik cılızlıqlaracan varan, darıxdırıcı qanacaq öyrətməni kimi oxucununu yorur.

Ksenofontun tanıtdığı Sokratı, Platonun danışdığı Sokratla tutuşduranda, birincidə atmacanın(ironikliyin), gözlənilməzliyin(paradoksallığın) çox az olduğu gözə dəyir. İroniyasız, paradokssuz Sokrat isə, olduğundan çox sönük görünür, bildiyimiz kimi elə Sokratın məhkəməyə çəkliməsində onun bu ironiyalarının, paradoksallığının böyük etkisi(təsiri) olmuşdu. Ona görə də, çox yerlərdə Platonun tanıtdığı Sokrat, Ksenofontun tanıtdığından dolğun, güvəncli görünsə də, ancaq bu o demək deyil Ksenofontun yazdıqlarını, Sokratla bağlı bir qaynaq kimi gözardı etmək olar. Belə demək olarsa, Ksenofont haradasa Platonun baxışlarından yayınanları yazıya almaqla, Sokratın gerçək kimliyinin “ətə-qana dolub” bitkinləşməsinə yarayan bilgilər verməklə, Sokratı öyrənmək istəyənlərin işinə yaramaqdadır.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin