Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


{Lamproklla, ata-anaya sayğı bəsləməyə çağıran danışıq}



Yüklə 1,62 Mb.
səhifə52/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   48   49   50   51   52   53   54   55   ...   84
{Lamproklla, ata-anaya sayğı bəsləməyə çağıran danışıq}
Günlərin bir günü, Sokrat böyük oğlu Lamproklun öz anasına qarşı acıqlı olduğunu duyub, ondan soruşdu:

-Oğlum, mənə de görüm, bir çox adamlara yaxşılq itirən deyildiyini bilirsənmi?

-Bilirəm,- gənc dilləndi.

-Bilmirsən, hansı işlərinə görə adamları belə adlandırırlar?

-Bilirəm, - oğlu dedi,- başqasının elədiyi yaxşılığa qarşı yaxşılıq eləməyə gücü çatan, ancaq bunu eləməkdən boyun qaçıranlara belə deyirlər.

-Onda, sənin deməyinə görə, yaxşılıq itirənləri əyri adamların sırasına qatırlar, eləmi?

-Elədir.

-De görüm, haçansa belə bir konunu araşdırdığın olubmu: tutalım, arxadaşını qul eləyib satmaq yamanlıq, ancaq yağılarla belə davranmaq düzgünlük sayıldığı kimi, onda arxadaşların yaxşılığını itirmək yamanlıq, yağıların yaxşılığını itirmək isə düzgünlük sayıla bilərmi?

-Mən bunu düşünmüşəm,- Lamprokl dedi,- ancaq mənə elə gəlir, istər arxadaş, istərsə də yağı olsun, yaxşılıq eləyənə qarşı yaxşı davranmayan əyri adamdır.

-Bu belədirsə, onda yaxşılığı itirmək, sözə necə boyaq versən də, onu hara yozsan da, ancaq əyrilikmi sayılmalıdır?

Lamprokl bu sözlə anlaşdığını bildirdi.

-Elədirsə, onda birisi ona edilən çoxlu yaxşılıqların qarşısında bircə yaxşılıq belə eləməzsə, o, qat-qat artıq əyrilik eləmirmi?

Lamprokl bununla da anlaşdığını bildirdi.

-De görüm,-Sokrat sözünün ardını dedi,- kimsə birisinə onun ata-analarının elədiyindən artıq yaxşılıq eləyə bilərmi? Uşaqlarını bu yaşama ata-anaları gətirmiş, onları, bu yaşamda olan, tanrıların yaratdığı bütün gözəl, yaxşı olan nə varsa hamısından yarındırmağa çalışmışlar; onların bizi gətirdikləri bu yaşamda ömür sürmək necə gözəldirsə, bizim ömrümüzdə ən çox qorxduğumuz da, bizi ondan ayıra biləcək ölümdür; görürsən, dövlət də ən ağır suç işlədənlərə ölüm kəsir, bununla da ölüm qorxusunun suç işlətməyin qarşısını ala biləcək yamanlıq olduğunu gözə çarpdırır. Düşünürəm, ata-anaların uşaq doğurmasının, onların pozğun əyləncələrə uymasına görə olmadığını anlayırsan: belə əyləncələrə dalmaq üçün, bu istəklərini soyutmaq üçün, küçələrdə də, ellik evlərində(fahişəxanalarda) də, ürəyin istəyəni tapa bilərsən. Bunu hamı bilir, biz uşaqlarımızın yoldan keçən birisindən yox, hansı qadından sağlam doğula biləcəyinin belə qayğısına qalırıq; ancaq belə qadınlarla evlənib, uşaqlarımızı dünyaya gətiririk. Bunun üçün də kişi, onun gələcək uşaqlarının anası olacaq qadını öz qanadı altına alıb dolandırır, gələcək uşaqları üçün qabaqcadan, onların yaşamına yarayacaq nə varsa, bacardıqca çoxlu-çoxlu toplamağa çalışır. Qadın isə, boyuna düşən uşağın yükünü bədənində daşıyır, sağlamlığına qorxu yarada bilməsindən çəkinməyib, yediyi yeməyin bir payını uşağına ayırır, sonra doğuşun ağrı-acılarına qatlaşıb, onu bu ışıqlı yer üzünə gətirir, bundan sonra onu əmizdirir, gecə-gündüz qayğısını çəkir, baxmayaraq, öz uşağından hansısa yaxşılıq da görməyib; körpə bu yaxşılqları ona kimin elədiyini anlamasa da, özünə gərək olanı dil ilə deyə bilməsə də, ana onun gərəksələrini duya, onları ödəyə bilir; beləcə uzun illər onu əmizdirirərək, yolunda gecə-gündüz ağrı-acılara qatlaşaraq, bunun qarşılığında gələcəkdə uşağından nəsə bir yaxşılıq görəcəyini düşünmür də. Ancaq iş təkcə uşağı yedirib-içirməklə qurtarmır: ata-ana uşağın söz anladığını bilincə, yaşam üçün gərəkli olan nəyi bilirlərsə, ona öyrədirlər; bundan sonra onun gələcək ömür yolunda gərəyi olacaq bilikləri yaxşı öyrənməsi üçün, axçaya qızırğanmadan bilikli öyrətmənlərin yanına göndərirlər.

Burada Sokratın oğlu dilləndi:

-Anam mənim üçün bunları, başqa işləri artıqlaması ilə eləyibsə də, yer üzündə bir kimsənin onun bu dözülməz qılığına duruş gətirə biləcəyinə mən inanmıram.

Onda Sokrat belə dedi:

-Səncə, hansının acımazlığı(amansızlığı) artıq dözülməz olar: bir yırtıcıninmı, yoxsa ananınmı?

-Məncə, ana necə olsa da, bir yırtıcı kimi acımasız olmaz.

-Yaxşı, o səni incidəndə yırtıcıların elədiyi sayaq: səni qapır, yoxsa sənə şıllaq atır?

-Yox, belə bir iş tutmayıb, ancaq and olsun Zevsə, elə acıdildir, onun dediklərini eşitməkdənsə, mən ömrümü yelə verməyi üstün tutardım.

-Elə bilirsən, sən onu az incitmisən: körpəliyində gecə də, gündüz də qışqırıb ağlamağınla, uşaqlığında saysız şıltaqlarınla, ağrınanda onu günlərlə yuxusuz qoymağınla, ona nələr çəkdirdiyini düşündüyün olurmu?

-Axı, mən indiyəcən onu başıaşağı eləyəcək bir söz deməmişəm, bir iş tutmamışam.

-Bu nə deməkdir? - Sokrat dedi. - Onun sənə dediyi sözlər, teatrda gördüyün aktyorların yeri düşəndə, biri-birini acıladıqları sözlərdən də dözülməzdir, yəni?

-Yox, ancaq mənə elə gəlir, teatrda aktyorlar bilirlər, bu oyundur, yəni qarşısındakı onu yalandan söyür, acılayır, aşağılayır, qorxudur, özlüyündə isə onun sarıdan hansısa yamanlıq baş verməyəcək, ona görə də bu sözləri ürəklərinə almırlar.

-Sən isə gözəlcə bilə-bilə, anan səni söyüb yamanlayanda da, qarğış eləyəndə də, onun ürəyindən sənə qarşı azacıq da olsa pislik eləmək keçmir, onun ürəyində sənin yaxşılığını istəməkdən başqa bir dilək yoxdur, yenə də anana acığın tutur? Yoxsa sən düşünürsən, anan sənin yamanlığını istəyir?

-Yox, mən belə düşünmürəm.

Onda Sokrat dedi:

-Deməli, anan ancaq sənin yaxşılığını istəyir, sən ağrınanda sağalmağın üçün əlindən gələni eləyir, ürəyindən keçənləri bacardıqca yerinə yetirməyə çalışır, bundan başqa, tanrılara yalvarıb, onlardan səni uğura çatdırmağı diləyir, sənin işinin düz gətirməsi üçün qurbanlar boyun alır, bütün bunları bilə-bilə, yenə ananın dözülməz birisi olduğunu deyirsən? Mənə elə gəlir, sənin anana qarşı belə dözümsüzlüyün, bugünkü göydəndüşmə olan ağ günlərinə arxa çevirməyindir elə.

Mənə bir de görüm,- Sokrat sözünün ardını gətirdi,- sən bu yaşamda kiməsə sayğı göstərməyin gərəkliyini duyursanmı, yoxsa düşünürsən, yer üzündə sənin nə bəyənilmək, nə də bəyənmək deyilən bir qayğın olmamalıdır,- elə lap deyək, hansısa bir qoşun başçısını, habelə başqa bir yönətimçini bəyənməyi gərəkli saymırsanmı?

-Mənim sayğı duyduğum belə böyüklər var.

-Deməli, sən qonşunla ona görə yaxşı yola gedirsən, gərək olanda o sənə ocağını alışdırmaq üçün od versin, yeri gələndə işini qabağa salmaq üçün yardım göstərsin, birdən işin düz gətirməsə, yaxşı qonşu kimi əlindən tutsun, eləmi?

-Elədir.

-Yol yoldaşı necə, quruda, dənizdə olsun, yoxsa yaşamda üzləşdiyin başqa birisi olsun,- onların səninlə arxadaşmı, yağımı olmasının önəmi yoxdur,- yoxsa, çalışırsan onlarla aranda bir yaxınlıq olsun?

-Sözsüz, çalışıram aramız yaxşı olsun.

-Belələrinə sayğı göstərməyə gərək duyursan, ancaq səni bu yer üzündə hamıdan çox sevən ananı gözdən salırsan? Sən bilirsənmi, elə dövlət də başqalarının yaxşılığını itirənləri gözardı eləyir, düzdür, buna görə kimisə qaralayıb məhkəməyə göndərmir, eləcə bu yaxşılıq itirənləri saya salmır; ancaq ata-anasına saymazlıq göstərənləri dövlət suçlayıb, tutuqlayır, onları mənliksiz olduqları üçün dövlət qulluğuna götürmür, dövlətə elədiyi yardımları da, birdən bu tanrıların acığına gələr deyə, yaxın qoymurlar, bir də dövlətin başında duranlar, öz doğma ata-anasına sayğı göstərməyən adamın başqalarına ürəkdən yaxşılıq eləyə biləcəyinə də inanmırlar. Afinada, dövlət qulluğuna girmək istəyən kimsənin bu işə yararlığını öyrənmək üçün, ilk olaraq, onun ata-anasının sonevinin(məzarının) baş daşının nə gündə olduğunu yoxlamırlarmı? Beləliklə də, oğlum, sən özünü anlaqlı sayırsansa, onda anana göstərdiyin sayğısızlığa görə, tanrılardan suçundan keçmələrini dilə, qoy onlar səni yaxşılıq itirən kimi tanıyıb, ver əllərini üstündən əsirgəməsinlər, adamların da səni ata-anasına sayğısızlıq göstərən birisi kimi tanımalarından sakın, yoxsa hamı sənə yuxarıdan aşağı baxar, arxadaşsız, yoldaşsız qalarsan. Adamlar səni ata-anasına saymazlıq göstərən birisi kimi tanısalar, yaxşılıqitirən olduğunu düşünüb, sənə yaxşılıq eləməkdən də çəkinəcəklər.




Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin