Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


VI BAŞLIQ {Kritobulla, arxadaş seçmək konusunda danışıq}



Yüklə 1,62 Mb.
səhifə56/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   52   53   54   55   56   57   58   59   ...   84
VI BAŞLIQ
{Kritobulla, arxadaş seçmək konusunda danışıq}
Mənə elə gəlir, Sokrat kimləri arxadaş olaraq seçmək üçün də dəyərli öyüdlər verməyi bacarırdı, onun Kritobulla olmuş aşağıdakı danışığı da bunu göstərməkdədir.

-Kritobul, deyə bilərsənmi, birdən yaxşı bir arxadaş tapmaq istəsək, onu necə axtarardıq? Sənə elə gəlmirmi, beləsini: qarınqulu, içkiyə qurşanan, qadın düşkünü, yuxucul, ərincək olmayanların arasında axtarmalıyıq? Belə öyrəncələrə qapılmış kimsənin nə özünün, nə də arxadaşının işinə yaramayacağı hamıya bəllidir.

-And olsun Zevsə, düz deyirsən,- Kritobul dedi.

-Deməli belə düşkünlüklərə qapılanlardan uzaq gəzmək gərəkdir?

-Elədir.

-Birdən eləsi oldu, özünü dolandıra bilməyib, yan-yörəsindəkilərdən axça dilənir, alanda da qaytarmağa gücü çatmır, ala bilməyəndə isə verməyəni görməyə gözü olmur, beləsini arxadaş eləyib, özünə yük artırmağa dəyərmi?

-Yox, dəyməz.

-Demək beləsindən də uzaq gəzmək gərəkdir?

-Sözsüz, bacardıqca uzaq gəzmək yaxşıdır.

-Birdən eləsi oldu, axça qazanmağı, onu yığmağı bacarır, ancaq gərəyin üçün ağız açanda, verməyə əli gəlmir, almağı sevir, verməyi bacarmır, beləsinə necə baxırsan?

-Məncə beləsi, bundan qabaq dediklərindən də pisdir,- Kritobul dilləndi.

-Birdən elə bir axça düşkünü oldu, başında ancaq haradan, necə axça qazanmağı dolandırsın, bundan başqa bir düşüncəsi olmasın, buna nə deyirsən?

-Mənə elə gəlir, beləsinin yanından lap baş götürüb qaçmaq yaxşıdır, ondan tanış-bilişə yaxşılıq eləyəcəyini gözləməyə dəyməz.

-Birdən dalaşqan, arxadaşlarına bir yığın yağı qazandıran birisi oldu, onda necə?

-And olsun Zevsə, ondan da uzaq!

-Birdən birində bu yaramazlıqlardan birisi də yoxdur, özünə yaxşılıq eləyəndə bunu bəyənir, ancaq özünün başqasına yaxşılıq eləməklə arası yoxdur?

-Beləsi də arxadaşlığa yaramaz. Yaxşı, Sokrat, səncə arxadaşları hansı adamların arasında aramalıyıq?

-Düşünürəm, bayaqdan sadaladığım yaramazlıqları olan kimsələrdən yan keçib, bunlardan iraq olan adamların arasında, yəni iyrənc əyləncələrə uymayan, bununla yanaşı evyığan, qonaqsevər, yaxşılıq eləyənə neçə qat qarşılığını qaytarmağa çalışan, bir sözlə, əlindən yaxşılıq eləmək gələn kimsələri aramalıyıq.

-Onlarla yovuşmazdan qabaq, bunu necə sınayıb öyrənmək olar?

-Heykəl yonan kimsəyə iş buyuranda, biz onun nə danışdığına baxmırıq, buna kimi gördüyü işlərə baxırıq, indiyə kimi gördüyü işləri bəyənəriksə, bizim üçün görəcəyi işin də gözəl olacağına inanırıq.

-Sən demək istəyirsən, kimin qabaqkı arxadaşları ilə yaxşı davrandığı bəllidirsə, onun bundan sonrakılarla da yaxşı arxadaş olacağına güvənmək olar, eləmi?

-Elədir, - bunu Sokrat dedi, - mən birisinin öz atına yaxşı baxdığını görmüşəmsə, onun sonradan alacağı atıyla da belə davranacağına inanıram.

-Yaxşı,- Kritobul soruşdu,- özümüzə arxadaş olmaq üçün seçdiyimiz adamla necə yovuşmalı?

-Öncə, tanrıların istəmini öyrənməli, onların bu arxadaşlığı alqışlayacağına inanmalıyıq.

-Yaxşı, tanrıların da bu arxadaşlığa qarşı olmadığını öyrəndiksə, onunla arxadaş olmaq üçün, sonra nə eləməliyik?

-And olsun Zevsə, onu dovşanı tutan kimi bərk qaçmaqla, quş kimi cələ qurmaqla, qaban kimi güclə ələ keçirmək olmaz. Kimisə onun könlü olmadan özünə arxadaş eləmək alınan iş deyil; onu ələ keçirib, qul kimi qandallayıb da yanında saxlaya bilməzsən, bu yolla qamarladığından arxadaş yox, yağı alınar.

-Onda desənə, adamlar necə arxadaş olurlar? - Kritobul soruşdu.

-Deyirlər bir şərqi var, onu oxuyanda adamlarda sənə qarşı sevgi oyadır, bilənlər onu oxumaqla istədiklərini özlərinə arxadaş eləyirlər; bir də deyirlər, tovlayıcı içki(eliksir) var, onu düzəldə bilənlər, kimə istəsələr içirib, özlərini sevdirirlər.

-Bu dediklərini haradan tapmaq olar?

-Sirenlərin* şərqiləri ilə Odisseyi necə bağladıqlarını(tilsimə saldıqlarını) Homerdən oxumusan; Belə başlayırlar:

Yanımıza gəlsənə, çox sayğılı, üzüağ, axeylərin başını, uca edən Odissey!

-Sokrat, Sirenlər bu şərqini bağladıqları bütün adamlar üçünmü oxuyurdular, kimliyindən asılı olmayaraq hamınımı tutub saxlayırdılar?

-Yox, onlar bu şərqini ancaq, yaxşılıqlarla adını ucaldan kimsələr üçün oxuyurdular.

-Sən demək istəyirsən, bu şərqini arxadaş olmaq istədiyimiz kimsəyə oxuyasıyıq, o da qulaq asıb bunu ələsalmaq yox, öyünc kimi anlayasıdır?

-Yox, bu sayaq eləsən, özünə çoxlu yağı qazanarsan, adamları özündən ürküdərsən, sən durub, boyca kiçik, suyumsuz, gücsüz kimsəyə: böyük, göycək, güclü desən, onu ələ saldığını düşünüb, sənə acığı tutar.

-Olmaya, sənin bildiyin başqa bir şərqi də var?

-Yox, ancaq eşitmişəm Perikl belə şərqilərdən çoxlu bilirmiş, onları oxuyub yurddaşlarında özünə qarşı sevgi duyğuları oyadırmış.

-Onda Femistokl*, yurddaşlarının sevgisini necə qazanmışdı?

-And olsun Zevsə, Femistokl bunun üçün şərqi oxumurdu, o eləcə yurddaşlarını ağ günə çıxarmaqla onların sevgisini qazanmışdı.

-Belə görünür, Sokrat, sən demək istəyirsən, hansısa yaxşı kimsəni özümüzə arxadaş tutmaq üçün, biz özümüz, sözdə də, işdə də yaxşı olmağa çalışmalıyıq, eləmi?

-Yoxsa sən düşünürsən, pis adam olub, yaxşı adamla arxadaş olmaq da olar?

-Mən çox görmüşəm, əlindən bir iş gəlməyən sözçülər(oratorlar) xalq yığıncağı başçıları ilə arxadaşlıq eləyirlər, bir də görürsən, kiçik bir qoşun bölüyünü yönətməyi bacarmayan birisi, qoşun başçısının sevimlisi olur.

-Beləsini necə, görmüsənmi: başqalarına yaxşılığı keçmir, ancaq ona yaxşılığı keçəsi adamlardan özünə arxadaşlar tuta bilir?

-And olsun Zevsə, beləsini görməmişəm,- Kritobul dedi.- Yaxşı, pis adam yaxşı adamı özünə arxadaş tuta bilməzsə, onda yaxşı adamlar necə biri-biriylə arxadaş olurlar?

-Səni çaşdıran bilirsənmi nədir, Kritobul?—bir çox ufutlu, başqasına yamanlıq eləməyən kimsələrin, öz aralarında yola getmədiklərini, biri-birilərinə pis üz göstərdiklərini görməyin!—adamı ağrıdan da odur, onlar biri-birinə qarşı bu elədiklərini, başqa alçaq kimsələrə qarşı eləmirlər.

-Təkcə ayrı-ayrı insanlar belə olsaydılar nə vardı, baxırsan, birdən dövlətlər də öz aralarında belə davranırlar; Görürsən, yüksək insanlıq dəyərlərindən dilboğaza qoymadan danışan dövlətlər də biri-biriylə didişirlər. Bunları gördükcə məndə yaxşı arxadaş tapmağa bir inamsızlıq yaranır. Pis adamların, birdən durub biri-birinə arxadaş deməsi də olur, ancaq mən buna inanmıram: yaxşılıq itirən, qayğı çəkməyi sevməyən, əldəgöz(təmənnalı), tanrıtanımaz, düşkün adamlar necə arxadaş ola bilərlər? Mənə elə gəlir, pis adamlar elə anadangəlmə, hamı ilə yağılıq eləmək üçün doğulurlar. Sənin də sözündən belə çıxır, yaxşı adamla da pislərin arxadaşlığı tutmur: arını yeyib, namusunu satan birisinin davranışını, ufutlu adam necə bəyənə bilər? İndi yaxşı adamlar da durub, dövlət qulluğunda birincilik qazanmaq üçün, biri-birindən üstün görünməkdən yana didişsələr, biri-birini gözləri götürməsə, yola getməsələr, onda hansı adamlar arxadaşlıq eləyəcəklər, kimlər bir-birinin yaxşılığına çalışacaq, biri-birinə güvənəcəklər?



-Düz deyirsən, Kritobul, bu çox çalpaşıq bir konudur. İnsanlarda anadangəlmə, biri-birinə yovuşma duyğusu vardır: onlar biri-birindən ayrı keçinə bilmirlər, biri-birinə acıyırlar, biri-birilərinə işlərində yardımçı olurlar, sonra bu qarşılıqlı yaxşılıqlardan duyğulanıb da doğmalaşırlar; ancaq insanların elə, anadangəlmə yağılıqları da olur: nəyisə bu da, o da bəyəndimi, onu ələ gətirmək üçün biri-birini qırırlar; sözləri düz gəlmədimi, acıqları tutdumu, tutaşırlar; əldəgözlükdən, acgözlükdən araları dəyir, gözügötürməzlikdən biri-birini aşağılayırlar. Ancaq təkcə arxadaşlıq, araya girib, adamları ayıran bu keçilməzlikləri adlayıb, yaxşılıqsevər kimsələri doğmalaşdıra bilir. Yaxşılıqsevərlər, özlərinin toxgözlüyünə görə, axça qazanmaqda ölçü gözləyirlər, var-yatırı özlərinə yük eləməkdən qaçınırlar, başqalarının varında gözləri olmur; aclıq, susuzluq olarsa, onlar əllərində olan az-azacıq nə varsa, başqaları ilə bölüşürlər; kimlə gəldi yatağa girib, adlarını batırmaqdan çəkinirlər. Onlar düzlüklə, gözütoxluqla, biri-birinə əl tutub, birgə işləyə də bilirlər; birdən sözləri düz gəlməsə, onu da qanqaraçılıq salmadan, birgə gördükləri işi korlamadan yoluna qoyurlar, acıqlarının yüyənini buraxıb, özlərini sonradan utanacaqları durumlara salmırlar. Gözügötürməzlikdən daşına bilirlər, öz axçalarını arxadaşlarından əsirgəmirlər, arxadaşlarının varına da özününkü kimi yanaşırlar. Gözləmək olar, belə yaxşılıqsevər kimsələr dövlət qulluğunda da kimin hansı yeri tutmasına görə savaşmayacaqlar, yeri gələndə biri-birini yola verəcəklər. Kimlər, dövlət qulluğuna xalqdan axça oğurlamaq üçün girəvə kimi baxırsa, adamları sıxıntılara salıb özünün əyləncələrinə qapılırsa, onların alçaq, onursuz biriləri olduğu da bəlli, arxadaşlığa yaramayacağı da bəlli! Yox, birisi dövlət qulluğuna toplumdakı əyriliklərə qarşı dayana bilmək, arxadaşlarının düzlüyə bağlı işlərinə yardımçı olmaq, yurdunun gəlişməsinə yarayayacaq işlər görə bilmək üçün girəvə kimi baxırsa, nəyə görə belə kimsələr öz aralarında arxadaşlıq eləməyə çalışmasınlar? Özü kimi yaxşılıqsevərlərlə işbirliyi, arxadaşlarının işinə bir az da artıq yaramaq deyilmi? Özünə uyğun kimsələrlə işbirliyinə qatılmaq, yurda qulluq göstərməkdə, yurddaşlarının işinə yarımaqda onların gücünü birə-beş artırmazmı? Bir gimnastika yarışlarına baxın, tutalım, orada güclülərlə, onlardan geri qalanlar, öz aralarında anlaşıb, biri-birini ötməsələr, onda bütün ödüllər də onların hamısına çatmazdımı? Bu, sözsüz, gimnastika yarışlarının düzəninə görə yol verilməzdir, ancaq dövlət qulluğunda yurdun, yurddaşların yararı üçün, kimin kimlə olur olsun, işbirliyinə girməsi yasaqlanmayıb: yəni dövlət adamının işinin irəli getməsi üçün, onun,- yaxşılıqsevər kimsələrin arxadaşlığına güvənməsimi yararlıdır, yoxsa, onunla didişən adamların çevrəsində olmağımı? Başqa bir dövlətlə savaşa başçılıq eləməli olan kimsəyə də, onunla işbirliyində olan çoxlu yardımçılar gərəkdir, birdən yağılar öz yaxşı, güclü adamlarını bir yerə toplaya biliblərsə, onda onlara qarşı savaşa - bacardıqca qat-qat artıq yaxşı adamların birliyi qarşı qoyulmalıdır. Kim belə bir iş birliyinə qoşulursa, onun yaxşılığını gözdə bilmək, qarşılığını verməyə çalışmaq gərəkdir, yoxsa o da özünə saymazlıq duyub, yaxasını qırağa çəkər. Ən düzgünü, azlıqda olan yaxşılarla işbirliyinə yönəlmək, onların işinə yaramağa çalışmaqdır, onlar yaxşılığı azlıq-çoxluq ölçüləri ilə dəyərləndirmirlər, onu unutmurlar da, yoxsa pislərin çox olmağına baxma, onlara olunan yaxşılığı az bir sürədə unudub, yenisini istəyirlər. Yox, Kritobul, sən bu işin ağırlığından qorxma, birincisi çalış, özün yaxşı adam olasan, bunu bacardınsa, onda özün kimiləri arxadaş olmaq üçün “ovlaya” bilərsən!

İstəsən, bu arxadaş “ovunda” mən sənin əlindən tuta bilərəm, bilməmiş olmazsan, mənim adamlarla doğmalaşmağa bir yanğım var: kiməsə bağlandımmı, var gücümlə çalışıram, özümə doğma sandığım adam da mənə eyni duyğular bəsləsin, kiminçün darıxırımsa, çalışıram o da mənim üçün darıxmağa başlasın, kiminlə oturub durmaq istəyirəmsə, onda da bu istəyi oyatmağa çalışıram. Bilirəm, bu işə başlayanda sən də, sadaladığım bu qarşılıqlı anlaşmalara gərəksəyəcəksən: gəl, məndən gizlətmə, kiminlə arxadaş olmaq istədiyini de, mən də bəyəndiyim kimsələrlə arxadaşlıq qurmaqdan qazandığım çoxillik öyrəncəmlə, sənə yardımçı olmağa çalışaram.

Kritobul qulaq asıb, dilləndi:

-Mən lap çoxdan, belə bir bilik qazanmaq istəyirəm, sonra bu biliklə də, istər gözəl könüllü, istərsə də gözəl bədənli kimsələrin ovuna çıxmaq istəyirəm.

Onda Sokrat dedi:

-Yox, Kritobul, mənim öyrətməmdə gözəl bədənli kimsələri ələ alıb, onlarla əylənməkdən danışılmır: Skilladan* da adamlar ona görə baş götürüb qaçırdılar, o qadın, pozğun istəkləriylə kişiləri bezdirirdi; Sirenlər isə kimsəyə pis gözlə baxmır, əl atmır, uzaqdan-uzağa özlərinin gözəl şərqilərini oxuyurdular, elə bu şərqilərlə də dinləyənlərin könlünü ovlayıb, onları öz yanlarında saxlaya bilirdilər.

Bu yerdə Kritobul Sokratın söylədikləri ilə anlaşaraq, dedi:

-Kiməsə əl atmayacağıma söz verirəm; ancaq sən mənə arxadaş olmaq yollarını öyrət.

-Kimsəni öpməyəcəyinə də, söz verirsənmi?

-Qorxma, mənim onsuz da gözəl olmayanlarla öpüşmək öyrəncəm yoxdur.

-Bax indi, Kritobul, sən bir az danışdığımız konuya yaxınlaşmağa başlayırsan, görkəmcə, könülcə gözəl olan kişi başqa kişi ilə öpüşmək kimi pozğunluğu özünə sığışdırmaz, gözəl olmayanların içində isə buna yol verənlər olsa da, sən onlardan uzaq gəzəcəyinə söz verirsən.

Bu yerdə Kritobul sözü gülməyə saldı:

-Yaxşı da, mən gözəlləri öpərəm, yaxşıları lap öpüşlərlə boğaram: ona görə də qorxma, mənə arxadaş ovlamağı öyrət.

Onda Sokrat dedi:

-Kritobul, gəl səninlə belə anlaşaq: birisiylə arxadaş olmaq istəsən, olarmı mən onun qulağını doldurub deyim, sən onun vurğunusan, onunla arxadaş olmaqdan yana əldən-ayaqdan gedirsən?

-Lap yaxşı, mən bilən, bu sayaq danışsan, elə mənim yaxşılığıma şalışarsan.

-Birdən mən sözarası desəm, sən onun da özünə vurğun olduğunu düşündüyündən ona yaxınlaşırsan, bununla sənin adına qara yaxmaram?

-Yox, qorxusu yoxdur, onsuz da mənə yovuşmaq istəməyən kimsəyə, mənim də qanım qaynamır.

-Demək sən, arxadaş olmaq istədiyin kimsələrlə bu sayaq danışmağıma qarşı deyilsən; yaxşı, birdən mən sənin adından danışıb desəm: sən yaxşı arxadaş yolunda əməyə qatlaşmaqdan duyduğun sevinci, başqa bir işdən duya bilmirsən, arxadaşlarının sənə elədiyi yaxşılıqla, özünün onlara elədiyindən çox öyünürsən, onların uğuruna, öz uğurundan az sevinmirsən, yorulmadan arxadaşlarına uğur gətirəcək yollar düşünürsən, insanın ərdəmliyini, arxadaşlarına—onların elədiyindən artıq yaxşılıq, yağılarına—onların əlindən gələndən çox yamanlıq eləməsində görürsən, belə eləyərəmsə, düşünürəm, sənə yaxşı arxadaş ovlamaqda yardımçı ola bilərəm, deyilmi?

-Sən bunları məndən niyə soruşursan, - Kritobul dilləndi,- yoxsa, məni öyməyinə, kimsə yasaq qoyub, nədir?

-And olsun Zevsə, yox, günlərin birində Aspasiya* mənə bir söz demişdi, indi onu sənə deyim, özün hamısını başa düşərsən. Onun deməsinə görə: yaxşı elçi odur, elçilik elədiyi adamı, yalandan şişirtməyə çalışmır, sözün düzünü deyir, bununla da adamların uğurla evlənə bilməsinə yol açır, yalançı öyünclər deyib, adamları biri-birinə doğmalaşdırmaqdan çəkinir, sonucda yalanın üstü açılıb, qudalar biri-biri ilə dalaşsalar, onların ikisinin də bu elçini görməyə gözləri olmayacağını anlayır. Məncə bu belədirsə, onda sənin üçün də kiməsə, sonradan düz çıxmayacaq söz deməyim yaxşı olmazdı.

-Ax, sən belə arxadaş imişsən, Sokrat!- Kretobul deyinməyə başladı.- Demək, məndə arxadaş olmağa yarayacaq dəyərlər varsa, sən mənə yardım edəcəksən, birdən bunlar məndə çatışmazsa, sən mənim yaxşılığım üçün, özündən nə isə qoşub deməyəcəksən?

-Mən sənə nə ilə artıq yaxşılıq eləmiş olaram, ay Kritobul: səni yalandan başqasına öyməkləmi, yoxsa sənə öyülməyə yaraşan birisi olmağı, aşılamaqlamı? Burada sənin üçün qaranlıq qalan nəsə varsa, onda səni anlatmaq üçün, deyəcəklərimə yaxşıca qulaq as. Bir anlıq düşün, mən səni hansısa gəmi yiyəsi ilə arxadaş eləmək üçün, ona yalandan deyirəm, sən yaxşı gəmi yönətimçisisən, o da mənə inanıb, öz gəmisini yönətməyi sənə tapşırır: belə olarsa, sən gəmini də, özünü də batırmazsanmı? Götürək elə dövlət işini, mən yurddaşların başını bişirib, onları yalandan inandırıram da, sən çox yaxşı qoşun başçısısan, onlar da yurdumuz dara düşəndə götürüb, səni qoşun başçısı qoyurlar: sən özünü də, dövləti də yaman günlərə salmazsanmı? Tutalım, mən adamları aldadıb deyirəm, sən ev-eşik işlərini yönətməyi yaxşı bacarırsan, onlar da buna aldanıb, götürüb ev-eşiklərini yönətməyi sənə tapşırırlar: onda sən əlindən iş gəlməyən birisi kimi, gülünc günlərə qalmazsannmı? Yox, Kritobul, ən kəsə, qorxusuz, düzgün yol - əməyə qatlaşıb, yaxşı bacarmaq istədiyin işi, bütün incəliklərinəcən öyrənməkdir. Sən adamların hansı dəyərlərinə görə ərdəmli sayıldıqlarını araşdırsan, onda görərsən, bu dəyərləri qazanmaq üçün, öncə onları öyrənmək, sonra da qan-tərə batıb özünü onlara öyrətmək, alışdırmaq üçün, gecə-gündüz çalışmaq gərəkdir. Mənim bildiyimə görə, Kritobul, biz özümüzdə yüksək insanlıq dəyərləri yetişdirmək üçün, bütün ömrümüz boyu çalışmalıyıq, yox, sən başqa bir yol bilirsənsə de, biz də bilək.

Bu yerdə Kritobul dedi:

-Yox, Sokrat, sənin bu sözlərini danmaq arsızlıq olardı: mən sənin bu sözlərinə qarşı çıxmaq istəsəm, pis üzünə salıb, düz sözü danmaq istəyən yaramazın birisi olardım.


Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin