VIII BAŞLIQ
{“Yaxşılıq” ilə “gözəllik” anlayışları üzrə, Aristipplə olmuş danışıq}
Günlərin bir günü, sofist Aristipp yenə də Sokrata ilişib, onu yanıltmaq istədi, axı bundan öncə Sokrat dönə-dönə onun yanlışlarını açıb-ağartmış, yersiz davranışlarının gülünclüyünü üzünə vurmuşdu. Ancaq bu dönə Sokrat, bu danışığa qulaq asan dinləyicilərin də yararlana bilməsi üçün, onun sorğularını,- sözlərinin düzgün anlaşılmayacağından çəkinməyərək, dolayısı ilə yanıtlamağa başladı. Bu danışıq belə olmuşdu: öncə, Aristipp Sokratdan nəyi yaxşı saydığını soruşmuşdu. Sokrat birdən, yeməkmi, içkimi, axçamı, sağlamlıqmı, gücmü, qorxmazlıqmı, habelə bunun kimi başqa nələrinsə adlarını çəksəydi, Aristipp də, qabaqcadan düşündüyü kimi, sadalananların yerinə görə, yamanlıq da törədə biləcəyini deməklə, Sokratı çaşdırmaq istəyəcəkdi. Yaxşılığın, insan öpözünə ağırlıq gətirən nədənsə qurtulmaq, özü də bunun yerinə, ona yüngüllük gətirən nəyisə tapmaq demək olduğunu anaraq, Sokrat burada, çox tutarlı bir söz dedi:
-Sən məndən nəyin, qızdırıb-titrətmədən yaxşı olduğunumu soruşursan?
-Yox, onu soruşmuram.
-Yoxsa göz ağrısından yaxşı olanı?
-Onu da yox.
-Yoxsa aclıqdan yaxşısını?
-O da deyil.
-Sən məndən, nədən yaxşı olduğu bəlli olmayan bir nəsnə soruşursansa, mən eləsini bilmirəm, bilmək də istəmirəm.
Atmacası boşa çıxan Aristipp, bir başqa gün Sokratdan nələri gözəl saydığını soruşdu.
-Olduqca çoxlu, gözəl sayıla biləcək nəsnələr saya bilərəm,- Sokrat dilləndi.
-Onlar hamısı biri-birinə oxşayırmı?
-Yox, ancaq ola bilsin, azacıq oxşar olanları da var.
-Elə isə de görək, bu necə olur, hansısa nəsnə, gözəl sayılan başqa bir nəsnəyə oxşamır, ancaq buna baxmayaraq gözəl sayılır?
-Deyim necə, birisinin gözəl qaçmağı, o birinin gözəl güləşməyinə oxşamır; döyüşçünü ölümdən qorumaqla gözəl olan qalxan, çox iti uçub, yağını yenməklə gözəl olan süngüyə oxşamır.
-Sənin bu sözün də elə, mənim bundan qabaq soruşduğum, sənin isə, nəyin yaxşı oladuğunu deməkdən yayındığın, danışığına oxşadı.
-Yoxsa sən, yaxşılıqla gözəlliyin ayrı-ayrı nəsnələr olduğunu düşünürsən? Bunudamı bilmirsən, nəsnələri biri-biri ilə tutuşduranda, yaxşı olana elə gözəl də deyirlər? Götürək elə, könülə bağlı duyğularımızı, onların yaxşı bilib bağlandığı nəsə varsa, o elə gözəl də sayılır; adamları da hansısa bir duruma görə dəyərləndirəndə, onların ürəyəyatan işlərindən söz açanda, yaxşı deyilənə dönüb gözəl də, gözəl deyilənə durub yaxşı da deyirlər; insan bədənini dəyərləndirəndə də, yaxşı olana gözəl, gözəl olana yaxşı deyirlər; bir sözlə, adamların işinə yarayan nə varsa, gərəkli olduğu iş üzrə yaxşı da, gözəl də adlana bilər.
-Peyin daşımaq üçün işlədilən səbəti, gözəl saymaq olarmı?
-And olsun Zevsə, onu gözəl saymaq olar, eləcə də qızıldan düzəlmiş qalxanı gözəl saymamalıyıq, - birincisi, görməli olduğu işə gözəl yarayır, ikincisi isə görməli olduğu iş üçün yararsızdır.
-Sən demək istəyirsən, bir nəsnə yerinə görə gözəl də, syuymsuz da ola bilər?
-And olsun Zevsə, elədir, eləcə də bunun kimi, yerinə görə, yaxşı da, yaman da ola bilir: aclığı yatırmağa yaxşı olan, qızdırma üçün yararsız sayılır, tərsinə, qızma üçün yaxşı olan, aclıq üçün yararsız olur; qaçış üçün yaxşı sayılan öyrəncələr, güləş üçün yararsız olur, güləş üçün yaxşı olanların qaçış üçün yararsız olması da olur: ona görə də, gərək olduğu işə yarayan nə varsa, yaxşıdır da, gözəldir də, yaramayan isə, yamandır da, suyumsuzdur da.
Sonradan bu danışığının ardı kimi, Sokrat öz dinləyicilərinə, bir evin gözəl də, yaxşı da olması üçün, onu necə tikmək gərəkliyini öyrətmişdi. Onun bu dediklərinin özəti belə idi:
-Kimsə, ev adına bütünlüklə yarayacaq nəsə tikmək istəyirsə, onda çalışıb onu elə tikməlidir, bu evdə yaşamaq gözəl olduğu kimi, yaxşı da olsun.
Dinləyicilərin deyilən sözlərlə anlaşdığını görən, Sokrat soruşdu:
-Evlərin ən yaxşısı, yayda sərin, qışda isti olanı deyilmi?
Bu sözlərinin də dinləyicilərinin ürəyincə olduğunu görən Sokrat, ardınca dedi:
-Hamınız bilirsiniz də, üzü güneyə tikilmiş evlərdə, qışda günəş birbaşa eyvana düşüb, onu ışıqlı da eləyir, qızdırır da, yayda günəş ucadan ötüb keçdiyinə görə, onun işığı evin damına düşüb, evi kölgəlik eləyir. Demək, evi bu quruluşda tikmək gözəl sayılmalıdır, bir də onun güneyə baxan bölümünü hündür eləsək, qış günəşi onu yaxşı tutacaq, quzey bölümünü, soyuq küləklər evə dolmasın deyə, alçaq eləmək yaxşıdır. Sözün qısası, ev yiyəsinin ilin bütün çağlarında oturub-durması, ev avadanlığını yaxşı saxlaya bilməsi üçün yarayan ev, düzgün olaraq, ən gözəl, ən yaxşı yaşayış yeri sayılmalıdır. Evi şəkillərlə, başqa bu sayaq nəsnələrlə bəzəmək isə, onu yararlı eləməkdən çox, ev adamının dincliyini pozur.
-Tanrı evləri(məbədlər) də, Tanrıya qurban veriləsi üçün tikililər də, uzaqdan yaxşı görünən, ancaq adamların yolunun üstünə düşüb ayaqaltı olmayan təpəlikdə tikilsə yaxşıdır,- Tanrı evininin, yolüstündə olub, kirli-pasaqlı kimsələrin ayaqaltısı olmasındansa, ona uzaqdan baxıb dua eləmək gözəl sanılmalıdır, ona görə də Tanrı evinin, başdan ayağa arınıb-durulan adamların sayğı ilə yollandığı bir yer olması düzgün sayılmalıdır.
Dostları ilə paylaş: |