Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


IX BAŞLIQ {“İgidlik”, “bilgəlik”(müdriklik), habelə başqa bir çox anlayışlara aydınlıq gətirilməsi}



Yüklə 1,62 Mb.
səhifə69/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   65   66   67   68   69   70   71   72   ...   84
IX BAŞLIQ
{“İgidlik”, “bilgəlik”(müdriklik), habelə başqa bir çox anlayışlara aydınlıq gətirilməsi}
Bir gün Sokratdan: igidlik nədir, igidliyi insana sonradan öyrətmək olarmı, yoxsa bu anadangəlmə olur?- deyə soruşdular. Sokrat bunları dedi:

-Birinin bədəni başqasına baxanda, öz doğuluşundan,- güclü, əməyə qatlaşmağa dözümlü olduğu kimi, düşünürəm, birinin öpözü(ruhu) də başqasına baxanda, doğuluşdan, güclü, qorxmaz olur: bunu ondan deyirəm, baxıb görürsən, yasaların, törələrin(adət-ənənələrin) bir olduğu toplumda böyüyüb boya-başa çatan adamlar, ürəkli omalarına görə biri-birindən seçilirlər. Ancaq mən belə də düşünürəm, anadan necə doğulmasından asılı olmayaraq, insan öyrənməklə, çalışmaqla da özünü igidliyə alışdıra bilər: belə olmasaydı, skiflərlə frakiyalılar böyük qalxanlarla, uzun nizələrlə yaraqlanmış spartalılarla döyüşməyə ürək eləməzdilər, eləcə də spartalılar, nə kiçik qalxanlarla, mızraqlarla yaraqlanmış frakiyalılarla, nə də ox-yayla yaraqlanmış skiflərlə vuruşmağa ürək eləyərdilər. Buna oxşar olaraq, mən bildiyimə görə, insanlar anadan doğulanda bir-birindən ayırd olunurlar, ancaq çalışıb-vuruşmaqla öz istədikləri yetkinliyə çata da bilirlər. Bu da onu göstərir, insanlar anadan necə doğulmaqlarına baxmayıb, ürəkləri istəyən işi yaxşı bacarmaq üçün, öyrənməli, çalışmalıdırlar.

Sokrat, bigəliklə, ərdəmlik(mənəvilik) arasında ayrı-seçkilik aparmırdı, “bilgəlik”, “ərdəmlik” anlayışlarının ikisinin də bir anlamı verdiyini deyirdi: insana anlaqlı deyilirsə, doğrudan da o belədirsə, deməli o elə ərdəmlidir də, insan,- gözəlliyin, yaxşılığın nə olduğunu anlayırsa, gördüyü işləri bu biliyinə uyğun tutursa, habelə o, arsızlığın nə demək olduğunu bilib ondan qaçınırsa, deməli ona bilgə də, ərdəmli də demək olar. Ondan soruşanda: nəyin yaxşı olduğunu bilən, ancaq öz işində bunu yürütməyən adamlarda ərdəmlik, bilgəlik olurmu? - Sokrat dedi:

-Az-maz olur, ancaq anlaqsız, yaramaz adamlarda olan ölçüdə: özünü insan sayan kimsə, ona verilən girəvələrdən ən yararlısını ceçib götürməlidir. Ona görə də, yaxşını yamandan ayıra bilib, ancaq buna baxmayaraq, düzgün yol tutmayan adamı mən nə bilgə, nə də ərdəmli sayıram.

Sokrat bunu da deyirdi: düzgünlük, habelə bunun kimi başqa yüksək insanlıq dəyərləri də, bilgəlik sayılmalıdır. Düzgün addım atmaq, yüksək dəyərlərə uyğun işlər görmək,- gözəldir də, yaxşıdır da. Ona görə də, bu işlərin yüksək dəyərini anlayan insanlar, başqa sayaq iş tutmazlar, bunu anlamayanlar isə, yaxşı iş tutmağı bacarmazlar, lap görmək istəsələr belə, yanlışlıqları ucbatından onu korlayarlar. Düzgünlük, habelə bütün başqa, ərdəmliyə uyğun işlər, gözəl də, yaxşı da, olduqlarından, onda düzgünlüyü də, onu doğuran ərdəmliyi də, elə bilgəlik saymaq olar.

Dəlilik,- Sokrat deyirdi,- büsbütün ərdəmliyin tərsinədir; ancaq anlamazlığı dəlilik saymaq olmaz; Sokrat–özünün kimliyini gərəyincə dəyərləndirə bilməməyin, habelə özünü bilmədiklərinin bilicisi kimi göstərməyin, dəliliyə çox yaxın olduğunu deyirdi. Loru dillə danışsaq, Sokratın dediklərindən bu çıxırdı: kütlə kiminsə ömrünü yanlış yaşamasından baş açmırsa, o adamlara dəli demir; yanlışı üzdə olan, onu çoxluqdan gizlətməyi bacarmayan adamları isə dəli sayır. Tutalım, birisi özünü elə azman sayır, qala qapısından keçəndə başı yarılmasın deyə əyilirsə, yoxsa özünü elə güclü sayır, evi təkbaşına yerindən qaldırıb apara biləcəyini düşünürsə, habelə bunun kimi gülünc görünən işlər tutursa, ona dəli deyirlər. Ancaq kimsə kiçik yanlışlıqlar eləyirsə, ona dəli demirlər, çılğın istəyə sevgi deyildiyi kimi, eləcə də böyük yanlışlığa da dəlilik deyirlər.

Gözügötürməzliyin(paxıllığın) nə olduğunu araşdıranda, Sokrat onun necəsə bir qüssə ilə bağlı olduğunu tapmışdı, ancaq bu qüssə, nə arxadaşların uğursuzluğundan, nə də yağının uğurundan törəyir: gözügötürməzlər,- arxadaşlarının uğurundan da yanıb yaxılanlardır. Dinləyiciləri, birinin başqası ilə arxadaşlıq eləyib, sonra da onun uğurlarına necə qüssələnə biləcəyini soruşanda, Sokrat örnək gətirərək, anladırdı: çoxlu elə admlar var, başqasının uğursuzluğuna acıyır, ona yardım eləməyə də çalışır, ancaq birisi uğur qazandımı, baxıb qüssələnir. Onu da deyərdi, anlağı olan adamda belə duyğular ola bilməz, anlaqsızların isə hamısında bu duyğu var.

Boşuna yaşamağı(asudəçiliyi) araşdırarkən, Sokrat bunu tapıb üzə çıxarmışdı: adamlar boşuna yaşayanda da nəsə eləyirlər, zər atıb qumar oynayanlar da, təlxəklər də nəsə eləyirlər; ancaq bu özlüyündə işləməmək deməkdir, onlar istəsəydilər, boş-boşuna gəzməkdənsə, gərəkli bir iş görə bilərdilər. Ancaq, öz işinə ürəkdən bağlı olan kimsənin, belə boşuna gəzməyə vaxtı olmur; beləsi tapılarsa da, bunu onun saçmalığı saymalı,–yaxşı, gərəkli işi olanın boş vaxtı nə gəzir!

Sokratın deməsinə görə, xaqanlar, dövlət başçıları, əlində ağalıq çomağı gəzdirənlər,- yanlış olaraq bu görəvə seçilənlər, habelə çöp atmaqla, güclə, yalanla ağalığı ələ keçirənlər yox,- dövləti düzgün yönətənlər sayılmalıdır. Dövlət başçısının ən böyük üstünlüyünü, onun düzgün buyuruqlar vermək bacarığında görən Sokrat, bunun ardınca deyərdi: baxın, gəmini bu işi dərindən bilən adam yönətir, gəmi yiyəsindən tutmuş, gəmidə olan bütün kimsələr də onun buyuruqlarına boyun əyirlər. Bunun kimi də, torpaq yiyəsi əkin-biçin işində, ağrınanlar sağalmaq üçün, gimnastika yarışına qatılanlar, gimnastika çalışmalarında, özlərindən üstün saydıqları adamların sözünə qulaq asırlar,–bir sözlə, kiməsə hansısa işini görmək üçün yardım gərəkirsə,–bu işi özləri bacarırlarsa, onda qollarını çırmayıb ona girişirlər, bilmirlərsə, bilənlərdən soruşur, bununla da qalmayıb, bu işi bacaran adamları işə götürüb, onların yönətiminə arxalanırlar. Əyiricilik işində, Sokrat deyirdi, qadınlar kişiləri yönətirlər, ona görə, kişilərin bu işdən yaxşı başı çıxmır, qadınlar isə bu işi incəliklərinəcən bilirlər.

Birdən kimsə, Sokratın sözləri ilə anlaşmayıb desəydi, tiranlar bilgin kimsələrin öyüdlərinə qulaq asmırlar, onda Sokrat deyərdi:

-Bilgin insanların yaxşı öyüdlərinə qulaq asmayan adam, sonucda bununla uduzursa, korluqlar çəkirsə, onda niyə belə eləməlidir? Bilgin adamların öyüdlərini qulaq ardına vuranlar, yanılırlar, anında-sonunda bu yanlışlarının altını çəkməkdən də qaçıb qurtula bilmirlər.

Birisi, tiranın bilgələri öldürtməkdən belə çəkinmədiyini göstərəndə, Sokrat deyərdi:

-Kiminsə, özünün gərəkli öyüdlər ala biləcəyi yardımçılarını öldürüb, bundan sonra sudan quru çıxa biləcəyini düşünürsünüzsə, bərk yanılırsınız, belələri anında-sonunda çox böyük itkilərlə üzləşirlər, sonucda, öz başlarını da çiyinləri üstündə saxlaya bilmirlər! Necə düşünürsünüz, özünü gərəkən öyüdlərdən aralı tutan kimsənin: qulağı dinc yaşaması, yoxsa başının qovğalarda olması, çox gözləniləndir?

Kimsə, Sokratdan necə yaşamağı, insan üçün ən yaxşı saydığını soruşanda, o demişdi:

-Yaxşı yaşamağı!

Onda bu adam qayıdıb Sokratdan, onun “yaxşı yaşamaq” ilə “günə çıxmaq” sözlərini birmi tutduğunu soruşdu. Sokrat dedi:

-Yox, mənim baxışıma görə, uğuru gətirməklə, əməksevərlik - büsbütün ayrı-ayrı anlayışlardır: insan gözlənilmədən uğura çatırsa, bunu, günə çıxmaq sayıram; ancaq kimsə öyrənməklə, çalışmaqla, bir sözlə əməksevərliklə özünə gərək olanı əldə eləyirsə, bu sayaq dolanan adamın yaxşı yaşadığını düşünürəm.

Ən yaxşı, o sıradan tanrıların da bəyəndiyi adamlar,- Sokrat deyərdi,- öz işini yaxşı görməyi bacaranlardır: əkinçidirsə- öz əkin-biçin işini, dövlət işindədirsə- öz dövlət qulluğunu, gərəyincə yoluna qoya bilən kimsələrdir; kiminsə əlindən yaxşı bir iş gəlmirsə, o, insanların yanında yarıtmaz, tanrıların qulluğunda yaramaz olan birisi sayılır.





Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin