Soqrat araz güNDÜz turuz-Tebriz-2011 GİRİŞ


IV BAŞLIQ {Hippiy ilə, düzgünlüyün nə demək olduğu üzrə danışıq}



Yüklə 1,62 Mb.
səhifə78/84
tarix03.01.2022
ölçüsü1,62 Mb.
#51660
1   ...   74   75   76   77   78   79   80   81   ...   84
IV BAŞLIQ
{Hippiy ilə, düzgünlüyün nə demək olduğu üzrə danışıq}
Düzgünlüyün nə demək olduğuna gəlincə, Sokrat bu konudakı düşüncələrini də açıqlayar, ancaq dediklərini ən çox, özünün yaşamında elədikləri ilə anlatmağa çalışardı: öz ömründə o, hamı ilə dözümlü davranar, hamının işinə yaramağa çalışardı; toplumla bağlı işlərində, yasaları bütün incəliklərinə kimi yerinə yetirməkdə,- istər şəhərdə görməli olduğu, istərsə də yağılarla savaşlarda olsun,- dövlətin buyuruqlarını yerinə yetirməkdə, elə çalışqanlıq göstərərdi, onun bu işlərdəki yorulmazlığı, qayğısı, istər-istəməz gözə çarpardı. Keçənlərdə Xalq yığıncağının başçısı olanda, o, çılğınlaşmış kütləni yasanı pozmağa qoymasın deyə, elə bərk dayanıb dura bilmişdi, yer üzündə başqa birisinin belə qara-qorxunun qabağında duruş gətirə biləcəyinə inanmağım gəlmir. Otuzların yönətim yığıncağının görəvlilərindən kim olur olsun, ona yasanı pozan buyuruqlar verərdisə, o bunları eləməkdən boyun qaçırardı: ona gənclərlə danışmağı yasaq eləyəndə də belə olmuşdu, sonra ona bir neçə adamla birgə, birisini öldürmək üçün tutub gətirməyi buyuranda, yalnız o, bunu eləməkdən boyun qaçırmış, buyuruğun yasaya uyğun olmadığını deməkdən qorxub çəkinməmişdi. Melet onu məhkəməyə verəndə də, o, yasalara uyğun olmayan nələrisə eləməkdən qaçınmışdı: öyrəncəyə görə məhkəməyə düşənlər, hakimlərin ürəyincə olan sözlər danışmağa, onlara yarınmağa, onlara yalvarmağa başlayırlar, bunlar hamısı yasanı pozmaq sayılsa belə, bu yolla çoxları, sudan quru çıxmağı bacarırlar; bu sayaq yarınarsa, hakimlərin ona ölüm kəsməyəcəklərini bilə-bilə, Sokrat bunu eləyib yasaları pozmaq istəmədi, o ölməyi, yasaları pozub yaşamaqdan üstün tutdu.

Yeri düşəndən düşənə, Sokratın çoxları ilə bu konuda öz düşüncələrini açıqlayan danışıqları olmuşdu; mən onun Elidalı Hippiy ilə, düzgünlüyün nə demək olması ilə bağlı danışığını eşitmişdim.

Uzun bir sürədə Afinada olmamış Hippiy, bura qayıdanda Sokratın danışığına qulaq asmaq üçün gəlmişdi, gəlib çatanda, Sokratın başına toplaşanlara aşağıdakı sözləri dediyini eşitmişdi: kimsə öz qulluqçusunamı, ya uşağınamı, doğramaçılığı(dülgərliyi), çəkməçiliyi, ya at minməyi öyrətmək üçün öyrətmən axtarırsa, çox da baş sındırmadan beləsini tapa bilir; (bir çoxunun deməsinə görə atı miniyə, kəli boyunduruğa öyrədə biləcək adamlar tapmaq, az qala su içmək kimi bir işdir); adama çöçün gələn isə budur: birdən kimsə, özümü düzgünlüyü öyrənmək istəsə, yoxsa oğlununmu, qulluqçusununmu düzgünlüyü öyrənməsini istəsə, bunu öyrədə biləcək adamı haradan tapacağını kəsdirə bilmir.

Bunu eşidən Hippiy qımışa-qımışa dilləndi:

-Sokrat, deyəsən elə yenə də, mənim səndən lap çoxdan eşitdiklərimi danışmaqla gününü keçirməkdəsən?

-Bu harasıdır, - Sokrat dedi, - mən lap çoxdan, ancaq bir konudan söz açıb, onu dönə-dönə danışıb, durmaqdayam; ancaq sən deyəsən, çox dərin, geniş, tükənməz biliyinə arxalanıb, danışıqlarında ancaq yeni-yeni konulardan söz açırsan, özü də bir dönə danışdığın konunu bir də yenələmirsən(təkrarlamırsan).

-Elədir, mən çalışıram, indiyəcən söyləmədiyim, büsbütün yeni olan konulardan danışam.

-Yəni, sən bütün incəliklərinəcən bildiyin bir konuda da, bu sayaq eləyirsən?- Sokrat soruşdu.- Birdən biri səndən soruşsa “Sokrat” sözündə neçə hərf var, sən öncə bir söz demişdinsə, indi ayrı sözmü deyirsən? Yoxsa biri səndən ikini ona vuranda nə alındığını soruşursa, sən bundan qabaq iyirmi alındığını demisənsə, indi başqamı sayılan(rəqəm) deyirsən?

-Belə sorğular üçün, Sokrat, mən də sənin kimi ancaq bir söz deyirəm; ancaq düzgünlüyün nə olduğuna gəlincə, mən buna arxayınam, bu konuda elə sözlər danışa bilərəm, nə sən, nə də bir başqası, dediklərimi dana bilməz.

-And olsun Heraya, sənin bu tapıntın insanları ağ günə çıxaracaq: hakimlər artıq biri-birinə oxşamayan buyuruqlar verməyəcəklər; yurddaşlar düzgünlüyün nə demək olduğu konusunda söz güləşdirməyəcəklər, məhkəmədə çəkişməyəcəklər, dövlətə qarşı çıxmayacaqlar; dövlətlər də düzgünlük uğrunda savaşmaqdan əl çəkəcəklər. Mənə gəlincə, bu böyük tapıntının nə demək olduğunu sonacan eşidib öyrənməyənə kimi, sənin yaxandan əl çəkməyəcəyəm.

-Yox, and olsun Zevsə,- Hippiy dedi,- sən özünün düzgünlüyü necə başa düşdüyünü danışmayınca, məndən bunu eşidə bilməyəcəksən: başqalarını ələ salıb oynatdığın yetər, sənin işin bu deyilmi?—kimdənsə nəsə soruşursan, sonra onu danışığa tutub yanıldırsan, ürəkdən inandıqlarını özünəcə dandırırsan, sonunda onu düşdüyü bu çaşqın durumda qoyub, özündən yeni bir söz demədən, aradan çıxırsan!

-Sən nə danışırsan, Hippiy?- Sokrat dilləndi.- Sən yəni, doğrudanmı görmürsən, mən ara vermədən adamlara, düzgünlüyün nə demək olduğunu necə anladığımı danışmaqdayam?

-Sən bunu hansı sözlərlə göstərirsən?

-Lap sözlə göstərməsəm belə, öz elədiklərimlə göstərirəm. Yoxsa sən adamın dediklərinə, onun elədiklərindən artıq önəm verirsən?

-Yox, mən adamın elədiyinə artıq inanıram, görürsən çoxunun dilindən düzgünlük düşmür, ancaq gördüyü işlər başdan ayağa əyridir; düzgün adamlar isə, əyrilik eləməyi bacarmayanlardır.

-Sən mənim yalandan kiminsə üzünə durduğumu, kimdənsə çuğulluq elədiyimi, arxadaşlarımla dilləşməyimi, habelə bunun kimi başqa bir əyri işimi görmüsənmi?

-Yox, görməmişəm.

-Düzgün olmayan işləri görməkdən çəkinmək, elə düzgünlük sayılmazmı?

-Sokrat, mən belə görürəm, sən yenə sözü yana atırsan, düzgünlüyün nə demək olduğunu necə anladığını danışmaqdan yayınırsan: sən düzgünlük sayılan işlərdən danışmırsan, düzgün olmayan işlərdən danışmaqla baş qatırsan.

-Mənsə düşünürəm, düzgün olmayan işlərə qoşulmamaq elə düzgün olmağın göstəricisidir. Sən belə düşünmürsənsə, onda bax, ola bilsin bu dediklərim döşünə yatdı: yasaya uyğun olan nə varsa, düzgünlük sayılmalıdır.

-Səncə, Sokrat, yasaya uyğun olanla, düzgünlük, ayırd olunmur?

-Yox, bunlar biri-birindən ayrı deyillər.

-Onda mən anlamıram, sən hansı adama yasaya uyğun yaşayan, hansına düzgün yaşayan deyirsən?

-Dövlət yasalarının nə demək olduğunu bilirsənmi?, - Sokrat soruşdu.

-Bilirəm.

-Səncə onlar nə deməkdir?

-Onlar,- yurddaşların yığışıb ellikcə anlaşdıqları, yazıya aldıqlarıdır, burada nələri eləmək, nələri eləməmək göstərilmişdir.

-Demək, yasaya uyan, öz yaşamında bunları gözləyir, ancaq yasaya uymayan gözləmir, eləmi?

-Elədir.

-Deməli, düzgün davrananlar yasanı gözləyir, düzgün olmayanlar isə onu pozur, eləmi?

-Sözsüz, elədir.

-Deməli, yasaya görə düzgün davrananlar, düzgün adamlardır, düzgün davranmayanlar isə əyrilərdir, eləmi?

-Başqa sayaq necə ola bilər?

-Belə çıxır, yasanı gözləyən kimsə düzgündür, gözləməyən düzgün deyil.

Burada Hippiy coşdu:

-Sokrat, yasalara, onları gözləməyə, belə böyük önəm verməyə dəyərmi, bunu hamı da bilir, yasaları yaradanlar onları sonradan dəyişirlər də, ola bilsin lap bütünlüklə qırağa da qoyurlar!

-Dövlət də görürsən, başqa dövlətlə savaşa başlayır, sonradan barışıb anlaşır.

-Düzdür.


-Sən, yasalar dəyişilə, ortadan götürülə bilər deyə, onları gözləyən kimsələri bəyənmirsən,- Sokrat dedi. Onda sən savaş çağlarında qoyulan yasaları gözləyən kimsələri də bəyənməzsən, axı savaş bitib, barış olanda bu yasaları gözləməyə gərək qalmır, deyilmi? Yoxsa savaş başlayanda bu yasaları gözləyib, yurdu yağıdan qoruyanlar, düzgün yolda deyillər, səncə?

-And olsun Zevsə, mən belə düşünmürəm.

-Bunu necə, düşünmüsənmi: spartalı Likurq*, yurddaşlarını,- qanlarına işləyənəcən yasaları gözləməyə alışdırmasa,- Spartanı başqa dövlətlərdən güclü eləyə bilməzdi! Dövlətə başçılıq eləyənlərin, -sanasan sən bunu bilmirsən?- ən yaxşısı, yurddaşlarını yasaları gözləməyə yönəldə bilənidir. Bir dövlətin yurddaşları, yasaları gözləməyi ilə seçilirsə, o dövlət dinc çağlarında çiçəklənir, savaşda yenilməz olur. Bundan başqa, yurddaşların hamılıqla anlaşdıqları dəyərlərə arxalanıb yaşaması, dövlətin gücünü artırır; belə dövlətlərdə ağsaqqalar yığıncağından tutmuş, ən adlı-sanlı kimsələrəcən, yurddaşlarını anlaşmağa çağırırlar, buna alışdırırlar; Elladadanın bütün dövlətlərində belə bir yasa var: gərək bütün yurddaşlar barış içində yaşayacaqlarına and içsinlər. Düşünürəm, bu düzəni ona görə qoymayıblar, yəni yurddaşların hamısı: ancaq bir xora ödül versinlər, ancaq bir fleytaçının çalğısını bəyənsinlər, ancaq bir şairin şeirlərini sevsinlər, hamı ancaq bir nəsnəni bəyənib, ancaq ondan yararlansın,–yox, bu düzəni hamının yasaları gözləməsi üçün qoyublar. Yurddaşlar hamılıqla anlaşıb yasaları gözləyirsə, dövlət çox güclü olur, xalqı da yaxşı dolandıra bilir; anlaşma olmadan, dövlət nədir, bir ev belə güclənə, çiçəklənə bilməz. Gəlin adamların gündəlik yaşamlarına baxaq: dövlət kimləri suçlayıb, görkoldu(cərimə) alır, kimləri bəyənib, ödüllər verir? Birincilər, yasaları pozanlar, ikincilər, onları gözləyənlərdir. Məhkəmələrə düşənlərdən kimlər işi uduzur, kimlər udur? Gərəkərsə, var-yatırını, oğlunu-qızını qorumağı kimə tapşırmaq olar? Dövlətin qulluğunda olanların içində hamıdan artıq güvəncli kim sayılır, yasaları gözləyənlər, deyilmi? Ürək qızdıdrıb saxlamaq üçün verdiyi nəsnəni: ata-analar, doğmalar, qulluqçular, arxadaşlar, yurddaşlar, yadellilər, - kimdən arın-arxayın geri ala bilirlər? Barış anlaşması bağlayanda, yağılar kimə artıq inanırlar? Kiminlə işbirliyinə, hamı ürəkdən qoşulur, yasaları gözləyənlərlə deyilmi? Savaşda işbirliyi qurmuş dövlətlər, savaşı kimin başçılığı ilə aparmağı istəyirlər, öz şəhərlərini qorumağı kimə ürək qızdırıb tapşırırlar? Kimdən elədiyin yaxşılığa görə, sayğı gözləməyə dəyər, yasaları gözləyənlərdən deyilmi? Kiminlə savaşmaq istəyənlər az olur, barış, anlaşma içində yaşamaq istəyənlər çox olur? Kiminlə arxadaşlıq eləmək, işbirliyində olmaq istəyənlər çox olur, yağılıq eləyib, üz-üzə gəlib döyüşmək istəyənlər az? Beləliklə də, Hippiy, mənim bildiyimə görə, yasanı gözləməklə düzgünlük, ikisi də bir anlamdadır; sən başqa sayaq düşünürsənsə, buyur de.

-Yox, and olsun Zevsə, Sokrat, mənim düzgünlük adına yazdıqlarım, sənin dediklərindən büsbütün ayrıdır.

-Yoxsa sən, yazılmamış, ancaq insanların çoxluğunun gözlədiyi yasalarımı demək istəyirsən, Hippiy?

-Elədir, bilirsən də, o yasaları ucdantutma bütün ölkələrdə gözləyirlər.

-Bu yasaları, insanların yaratdığını deyə bilərsənmi?

-İnsanlar, nə hamısı bir yerə toplaşa biləsi, toplaşsalar da biri-birilərinin dillərini anlamayası, onlar bunu necə eləyəsidilər?

-Onda, səncə, bu yasaları kim yaradası?

-Mənə elə gəlir, bu yasaları insanlar üçün tanrılar yaratmış, elə buna görə də bütün yer üzündə ən birinci yasa, tanrılara sayğı göstərmək olmuşdur.

-Ata-anaya sayğı göstərmək də, bütün insanların gözlədiyi yasa deyilmi?

-Elədir.


-Ata-anaların öz uşaqları ilə yatağa girib, yaxınlıq eləməyəsi də, bütün insanların gözlədiyi yasa deyilmi?

-Yox, Sokrat, mənə elə gəlir bu artıq tanrıların verdiyi yasa deyil.

-Nədən belə düşünürsən?

-Ona görə, bu yasanı pozanlar da olur.

-Elə başqa yasaları da pozurlar, - Sokrat dedi.- Ancaq inan mənə, kim tanrıların qoyduğu yasaları pozur, bunun altını çəkməkdən yaxasını qurtara bilmir, baxmayaraq, insanların qoyduğu yasaları pozanlar,- qaçıb aradan çıxmaqla, ya da qolugüclülüklə, suçlarının altını çəkməkdən yayına bilirlər.

-Yaxşı, sən deyən kimidirsə, onda de görək, tanrıların qoyduğu yasaları pozub, öz uşaqları ilə yaxınlıq eləyən ata-analar, habelə ata-anaları ilə yaxınlıq eləyən uşaqları, bunun altını necə çəkirlər?

-And olsun Zevsə, onlar bunun altını elə çəkirlər, gəl görəsən. Anadangəlmə saçmalıqla, türlü çatışmazlıqlarla uşaq doğmaqdan da ağrı-acılı bir iş olurmu?

-Əkib-doğanlar sağlamdırsa, onların uşaqları niyə də sağlam olmasın?

-And olsun Zevsə, uşaq əkib-doğanların sağlam olmasından başqa, onların ikisi də bu işə yarayan, çiçəklənən yaşlarında olmalıdırlar. Özlərinin çiçəklənən çağında doğub törəyənlərin uşaqlarını, nə bu yaşa çatmayan, nə də bu yaşı artıq keçmiş olanların törəmələri ilə yan-yana qoymaq olar, yoxsa bunu da bilmirsən?

-And olsun Zevsə, deyəsən düz deyirsən.

-De görək, hansıların uşaqları yaxşı doğulur?

-Sən deyən kimi, çiçəklənən çağında olanların.

-Demək, bu yaşda olmayanların uşaqları sağlam doğulmur?

-Elə bilirəm, yox.

-Deməli, bu yaşda uşaq doğurmaq düzgün deyil?

-Sözsüz, düzgün deyil.

-Deməli, bu yaşda uşaq əkib-doğanlar, yaramaz iş tuturlar?

-Düzdür.


-Onda bəlli olurmu, onların nədən, çatışmazlığı olan uşaqları doğulur?

-Bunu düz deyirsən,- Hippiy dilləndi.

-Onda səndən bir söz də soruşum: yaxşılığa qarşı yaxşılıq eləməyi, bütün insanların gözlədiyi yasa saymaq olarmı?

-Saymaq olar, ancaq bu yasanı pozanlar da az deyil.

-Kİm bu yasanı pozursa, bunun altını da çəkir, duymadınmı, buna görə bütün arxadaşları onu atıb gedir, o da çıxılmazlıqdan onu istəməyən adamların qoltuğuna sığınmağalı olur. Yan-yörəsindəkilərə yaxşılıq eləyənlər, yaxşı arxadaş sayılırlar, onun yaxşılığına dəyər verməyənlər, özlərini gözdən salır, ancaq bu yaxşılıq yiyəsi onların işinə yaradığından, ondan əl çəkmirlər də, necə olur-olsun özlərini ona sırımağa çalışırlar.

-And olsun Zevsə, Sokrat,- Hippiy dedi,- belə görünür, bunlar hamısı tanrıların buyuruğudur; bu yasaları tanrıların verdiyi bir də ondan görünür, onu pozanlar sonucda dara düşürlər, insanların yaratdığı yasalar belə bitkin olmur.

-Necə düşünürsən, Hippiy, tanrıların verdiyi yasalar düzgünlük yaratmaq üçündür, yoxsa düzgünlükdən başqa da, nəyəsə qulluq eləyir?

-And olsun Zevsə, ancaq düzgünlük yaratmağa yarayır, -Hippiy dilləndi.- Düzgünlüyə ən çox yarayan yasaları, tanrılardan başqasının yaratmasına inanmağım gəlmir.

-Demək, Hippiy, tanrılar istəyirlər, yasanı gözləməklə, düzgünlük elə bir iş sayılsın, deyilmi?

Sokrat, bax beləcə: sözlə də, işlə də,–ona yaxın olan kimsələrə də, onunla söz güləşdirmək istəyənlərə də, düzgünlüklə ömür sürməyi aşılamağı bacarırdı.




Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin