Maddə 7. Sosial sığorta haqqında qanunvericilik
Sosial sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
II fəsil. Sosial sığortanın iştirakçıları. Onların hüquq və vəzifələri
Maddə 8. Sosial sığortanın iştirakçıları
Sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığorta olunanlardır.
Sığortaçı — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta fondlarını idarə edən hüquqi şəxslərdir.
Sığortaedənlər — Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslərdir.
Sığorta olunanlar — xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir.
Sığorta olunanın sığorta stajı — sığorta olunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir.
Dostları ilə paylaş: |